Страницы

01.08.2011

Müxalifətin yay mövsümü


Və yaxud "altılar" nə üçün istirahətə getmir?

"Millətim" qəzetinin analizi

Deyəsən, müxalifət liderləri bu yay istirahət etmək fikrində deyillər. Əslində istirahət etmələrinə ehtiyac duyulmur da. Nə ediblər ki? Ara-sıra yığışır, dartışır, küsüşürlər. Əgər bunları gərgin fəaliyyət hesab etmək mümkünsə, onda müxalifət liderlərinə məzuniyyət vacibdir.
Son zamanlar cəmiyyətin müəyyən qədər diqqətini çəkə bilən İctimai Palatanın (İP) problemləri gün-gündən artmaqdadır. Təbii ki, əsas diqqət aprel mitinqləri zamanı həbs edilmiş müxalifətçilərin müdafiəsinə yönəlib. Ancaq bu işdə Müsavata, AXCP-yə dəstək vermələri vacib olan bir sıra özlərini müxalifət adlandıran partiyalar dəstək əvəzinə İP-nın üzərinə yerli-yersiz ittihamlar, yağdırır ki, bu da cəmiyyətin ikrahına səbəb olur.
Belə ki, ADP, Ümid, KXCP, ACP, VİP, AMİP liderləri guya müxalifəti bir araya gətirmək adı ilə toplaşaraq, növbəti dəfə Müsavat və AXCP-nın arxasınca bir xeyli qeybət qılaraq dağılışıblar. Sual doğur: nə istəyirlər bu müxalifətbazlar? Kimi aldatmaq istəyirlər? Azərbaycan cəmiyyətini bu qədərmi avam, kütbeyin hesab edirlər? Bunların məqsədi, məramı nədən ibarətdir?

Sərdar Cəlaloğlu siyasətçi kimi tekəndiyinin fərqindədirmi?

Nə üçün ADP sədrindən başladım? Səbəbsiz deyil... Çünki Cəlaloğlu son zamanlar yetənə-yetir, yetməyənə də bir atmaca atır. Ümumiyyətlə isə, ADP sədri siyasətin yalnız icəşkənlik bölümünü əsas meyar kimi qəbul etmiş görünür. Yerli-yersiz kinayəli atmacaları, qınaqları "fəlsəfi" fikirlərilə diqqət çəkmək istəsə də, bu yalnız onun iç üzünün aşkarlanmasına xidmət edir. Son 5-6 il ərzində mövqeyini dəfələrlə dəyişmiş ADP sədrinin özünü ciddi siyasətçi kimi təqdim etmək istəyi, əks effekt yaradır, daha doğrusu rəhbəri olduğu partiyanın siyasi səhnədən sürətlə uzaqlaşmasına xidmət göstərir.
ADP qərargahında gün ərzində 3-4 nəfərdən savayı kimsənin görünməməsini qeyd etdiklərimin təsdiqi hesab etmək mümkündür. S.Cəlaloğlunun bir çox illər ərzində lideri adlandırdığı Rəsul Quliyevdən şəxsi məqsədləri üçün geninə-boluna yararlanaraq, sonunda üzüdönüklük etməsi, əslində onun kimliyini, məqsədini, məramını ortaya qoymuşdu. Təbii ki, baş verənlər onun xeyrinə işləmədi. Sabiq spikerlə yollarının ayrılması ADP-nin kiçik özək halına düşməsilə nəticələndi ki, S.Cəlaloğlu bunu "kompensasiya" etmək naminə fəaliyyətinə yeni rənglər qatmağa çalışdı. Təəssüf ki, çıxış yolu kimi o, digər siyasi liderlərə qarayaxmaq, onların keçmişini təftiş etməyi seçdi. Bütün bunları elə ironik tərzdə edir ki, hər gün minlərlə insanın nifrət obyektinə çevrildiyinə özünün də şübhəsi qalmır. S.Cəlaloğlu bunu yaxşı bilir ki, ancaq başqa yolda görmür. Onun üçün vacib olanı siyasi karyerasını müəyyən qədər maddi imkanlara sahib çıxaraq bitirməkdir ki, bunun naminə istənilən sifarişi yerinə yetirməyə hazırdır. Buna şübhə etməmək üçün, ADP sədrinin son aylarda ayrı-ayrı qəzetlərə verdiyi müsahibələrə nəzər yetirmək kifayət edər.

"Ümidi" puç olmuş Ümid

"Altılığ"ın öndə gedəni, əsas təşəbbüskarı Ümid partiyasının olduğunu siyasi dairələrdə bilməyən yoxdur. Ümid sədri İqbal Ağazadənin missiyası Müsavatı darmadağın etmək, AXCP sədri Əli Kərimlini isə sona qədər "bitirməkdir".
Etiraf etmək lazımdır ki, o, tapşırılmış vəzifənin bir qismini artıq yerinə yetirə bilib. Müsavat partiyası üçün böyük önəm kəsb edən "Yeni Müsavat" qəzeti demək olar ki, İ.Ağazadənin nəzarətindədir. Yəqin ki, buna da kimsənin etiraz etməsi mümkün deyil. Çünki "Yeni Müsavat"ın son bir neçə ilə ərzində toplanmış arxivinə nəzər yetirməyi məsləhət biləcəyik. Hələ bir ara "Yeni Müsavat"ın internet saytında Ümid Partiyasının reklam edilməsindən söhbət açmıram. Bunu Müsavatın böyük itkisi kimi qəbul etmək mümkündürsə, Ümidin qələbəsini də qeyd etmək yerinə düşər. Ancaq İ.Ağazadənin sevinci çox uzun çəkmədi. Belə ki, sadiq müsavatçılar "Demokrat" adlanan həftəlik qəzet təsis etməklə, "Yeni Müsavat"ın çoxsaylı oxucularının diqqətini özlərinə yönəldə bildilər. Çox güman ki, ilk imkandaca "Demokrat" gündəlik işıq üzü görəcək ki, bu da "Yeni Müsavat"ın iflasına səbəb olacaq.
İ.Ağazadənin AXCP sədri Əli Kərimlinin sııxışdırılmasına yönəlmiş fəaliyyəti isə tam fiaskoya uğramış kimi görünür. Ümid sədrinin Ə.Kərimliyə qarşı apardığı təbliğatın, AXCP sədrinə əlavə dividentlər gətirdiyini görməmək mümkün deyil. Ümidin qərargahında da vəziyyət ADP-dən fərqli deyil. Gün ərzində həmin qərargaha yalnız 2-3 "ştatnı" işçidən savayı kimsənin girib-çıxdığını müşahidə etmək mümkün deyil. Belə görünür ki, Ümidin onsuzda barmaqla sayılacaq üzvlərinin əksəriyyəti gələcək fəaliyyətlərini İP-da davam etdirməkdə maraqlıdırlar. Onların Müsavata və yaxud AXCP-yə üzv olacaqları da artıq müzakirə mövzusudur. Necə deyərlər "müxalifətçi müxalifətdə olmalıdır" prinsipi əsas götürüləcək. Ümidin də ADP kimi bu gün müxalifətə aid olmamasınısübut etmək üçün uzun-uzadı söhbət açmağa ehtiyac duyulmur. Görünən kəndə bələdçilik etmək fikrindən məndə çox uzağam.

"VİP" Əli nə istəyir?

Mətbuat ara-sıra VİP-in adını qeyd etməsə, düşünürəm ki, belə bir partiyanın varlığı-yoxluğu kimsəni ilgiləndirməz. Varmı, VİP adlıpartiya? Təbii ki, adı var. Sədri də var-Əli Əliyev. Keçmiş AMİP-çi...İndi Əli müəllim yenidən AMİP-lə bir "çətir"in altında "fəaliyyət" göstərmək arzusuna düşüb. Qəribədir, elə deyilmi? Hərlənib-fırlanıb, bir məqsəd-mərama xidmət edəcəkdilərsə, onda o boyda həngaməylə AMİP-dən ayrılmaq nəyə və kimə lazım idi? Demək, bu ayrılıq nə AMİP-ə, nədə ki Əli Əliyevə lazım deyilmiş. Demişdilər, ayrıldılar, dedilər yaxınlaşırlar. Belə ayrılamalar bir çox ölkələrdə, hətta qardaş Türkiyə Cümhuriyyətində də baş verib. Ancaq oralarda ayrılanlar öz yolunu tutub gedir, geriyə baxmadan. Çünki müstəqil seçim edirlər. Oralarda özünü müxalifət hesab edənlər sifarişlə küsüb-barışmırlar. Ən azı özlərinə hörmət edirlər.
Əli Əliyevin nə istədiyini müəyyən etmək çox çətin məsələdir, çünki VİP sədrinin özünün bunu müəyyən etməsinə şübhəm var. Qatıldığı bütün tədbirlərdə Ə.Əliyevin VİP adından tək özünün görünməsi söyləməyə əsas verir ki, partiya sədri üzvlər sarıdan ciddi korluq çəkir.

Liberal partiyasının liberallığından əsər-əlamət qalmayıb

Əslində ALP sədri Əvəz Temirxan Milli Birlik Hərəkatının lideri Lalə Şövkət xanımın nüfuzunu sağa-sola "xərc"ləməklə məşğuldur. Siyasi proseslərə hədsiz həssas yanaşan Lalə xanımdan fərqli olaraq, Ə.Temirxan sanki harasa tələsir, hər yerdə görünməyə çalışır. Təbii ki, onun tələskənliyinin yalnız siyasi gündəmdə qalmağa hesablandığını sezməmək mümkün deyil. Ə.Temirxanın xarakterik xüsusiyyətləri də liberal yönümlü partiyaya rəhbərlik etməyə uyğun gəlmir. Yerli-yersiz mübahisələrə baş vurmasıdaha çox qeyri-ciddi siyasətçi imici formalaşdırıb. Maraqlıdır, görəsən Əvəz bəy atdığı addımları Lalə Şövkət xanımla məsləhətləşdikdən sonramı atır?
ALP sədrinin ətrafında da kimsəni görmək olmur. Bu gün Ə.Temirxanın 5-10 nəfərlik piket təşkil edə biləcəyinə inanmaq çox çətindir. Ancaq nə etməli, Əvəz bəy çox iddialı görünür. Müsavat və AXCP kimi çoxsaylı tərəfdarları olan partiyalara meydan oxumaqdan da çəkinmir. Anlamaq olmur, bunların problemi iqtidarladır, yoxsa İP-la?

Mirmahmud Mirəlioğlu siyasətdən çəkilsə, az da olsa nüfuzunu qoruyub saxlaya bilər

KXCP sədrinə daima böyük hörmət bəsləmişəm, güclü siyasətçi hesab etməsəm də belə... Ancaq zaman onun üçün də dəyişib, deyəsən. Müsavatla yarımçıq müttəfiqlik, yaxud yarı yolda buraxılan Demokratiya Uğrunda İttifaq (DUİ) bəzi qaranlıq mətləblərdən xəbər verir.
Sual doğur: Mirmahmud bəyin bu gün müttəfiq kimi görmək istədiyi ADP, Ümid, ALP, AMİP, VİP, DUİ-də təmsil olunan Azadlıq, Böyük Azərbaycan, Milli Qurtuluş Hərəkatı partiyalarından çoxmu sanballıdırlar. Birmənalı olaraq söyləyə bilərəm ki, Əhməd Oruc, Eldar Musayev, Vüqar Bəyturan müstəqil, azadfikirli, millətsevər siyasətçilərdir. Təbii ki, maliyyə imkanları onlara istənilən səviyyədə fəaliyyət göstərməyə imkan vermir. Ancaq düşünürəm ki, Ə.Oruc, E.Musayev, V.Bəyturanın İP-da təmsil olunmaları, həmin quruma yeni nəfəs gətirə bilər.
Mirmahmud bəyin yenidən İP-nın sıralarına qayıtması, bəlkə də onun siyasi nüfzunun qorunması baxımındann son şansı kimi qiymətləndirmək olar. İndi zaman başqadır, təkcə pafoslu, odlu-alovlu nitqlərlə siyasi uğur qazanmaq çox çətinləşib. Az-çox tanınmış siyasətçilərin hər addımı müzakirə olunur, gizli heç nə qalmır. "Altılıq"da təmsil olunanları anlamaq doğrudan da çox çətindir. Bir halda ki, İP açıq qapı elan ebilibsə, bu qapını açmaq çoxmu çətindir?

Yusif Bağırzadə AMİP-i hara çəkir?

AMİP-in birdən-birə İP-dan çəkilməsi müəmmalı olaraq qalır. Düzdür, AMİP yetkililəri müəyyən arqumentlər söyləsələr də, bunlar inandırıcı görünmür. Uzun müddət siyasi proseslərdən kənar düşmüş sabiq millət vəkili, ADP-nın tanınmış simalarından olmuşYusif Bağırzadənin AMİP-ə sədr gətirilməsini sensasiya hesab edənlər də az deyil. Belə ki, AMİP-də daha fəal siyasi fiqurların olduğunu kimsə inkar edə bilməz. Söz yox ki, istənilən halda AMİP-i "altılığa" daxil olan digər partiyalarla müqayisə etmək insafsızlıqdır. Ancaq qəbul edilən də az deyil.

İctiami Palata yola davam edə biləcəkmi?

Bütün hallarda İP-nın vəziyyəti çətin olacaq. İqtidarın basqısı azmış kimi, müxalifətçiliyi alver predmetinə çevirmişlər də İP-ya sərt ittihamlar yağdırmaqda maraqlı görünürlər. Əlbəttə, bu İP-nın daha çox xeyrinədir. S.Cəlaloğlunun, İ.Ağazadənin İP-a yönəlik hər tənqidindən sonra, həmin qurumun sıralarında yeni simalar çoxalır. İP-nın əsas problemini kənarda deyil, öz daxilində axtarmaq lazımdır.
Əvvəla, bu qurumda kifayət qədər KXCP, ADP, Ümid, AMİP üzvü var ki, istənilən an İP-nın fəaliyyətini iflic edə bilərlər. İkinci, Müsavatla AXCP öz aralarında ənənəvi mübarizələrini davam etdirməkdədirlər. Onların müttəfiqliyi o qədər də möhkəm təməl üzərində qurulmayıb. Böyük iddiasını gizləyə bilməyən AXCP sədri ilə müsavatçıların yola davam edə bilmələri cüzidir.
Üçüncü, AXP lideri Pənah Hüseyn Kordinasiya Şurasından istefa versə də, İP-a təsir gücünü itirməyib. Ümid sədri İ.Ağazadənin təsir dairəsində olması açıq-aşkar görünən P.Hüseynin istənilən an "altılığa" üz tutması mümkün olan variantdır. Daha öncə AXP liderinin DUİ-yə gözlənilməz gedişi kimi... İP-nın daxilində P.Hüseynin ən böyük problem olduğunu İsa Qəmbər, Əli Kərimli də bilməmiş deyillər.
Bəzən səsləndirilən "yeni müxalifət yaranmalıdır" çağırışları ilə qətiyyən razılaşmamışam. Müxalifət var, demişəm. Ancaq indiki situasiyada başqa yol da görünmür. Ölkədə müxalifətin olması labüddür. Bu demokratik cəmiyyətin inkişafında böyük önəm kəsb edir. Görünən budur ki, nə İP-nı, nədə ki "altılığı" ölkənin durumu qətiyyən maraqlandırmır. Onları daha çox şəxsi maraqlarıilgiləndirir ki, bunun naminə şəkildən-şəkilə, formadan-formaya düşməyə daima hazır olublar. Kimi "siyasi fəlsəfəylə", kimisi "elmi siyasətlə", kimisi "mitinqli siyasətlə", kimisi isə "siyasi qeybətlə" hələ ki gündəmdə qalmağı bacarır. İtirən isə siyasi cəmiyyətdir, demokratiyanı şirin yuxu tək arzulayanlardı. Bu müxalifətlə isə demokratiya arzularımızın çin olacağına şəxsən mən inanmıram.
Söz sizindir, oyunbaz müxalifətçilərə uzun illər siyasi arena verərək, müşahidəçilik edən siyasi partiyalar. Fəallaşmağın zamanıdeyilmi?

Murad

Комментариев нет:

Отправить комментарий