Страницы

13.08.2011

Əsl yazıçı


Rövşən Yerfi                                        

Əlibala Hacızadənin xatirəsinə

Nə yaxşı ki, yazıçı Əlibala Hacızadəni yalnız televizorda yox, həyatda da görmək, dinləmək mənə nəsib oldu. Onu kitabxanada gənc bir yazıçının kitab təqdimatında gördüm. Sadə,  pafossuz, həssas, səmimi, adi bir insan... Müdrik, nurani baxışları vardı. Tədbirin sonunadək oturdu, hamıya qulaq asdı, sözünü dedi. Ürəyimdə istəsəm də, tanış olmağa içimdə həya etdim. Nə deyəcəkdim ona? Əsərlərini oxumuşdum, çıxışlarini dinləmişdim, barəsində məlumatlı idim. Mənim tərifimə də yəqin ki, onun ehtiyacı yox idi, şübhəsiz, yersiz çıxardı, təvazökarlığını bilirdim.
Amma, indi bu insanı xatırlayarkən haqqında söz deməyi özümə borc hesab edirəm. Çünki, o, öz şərəfli ömrü və yaradıcılığı ilə daim düşündüyüm, axtardığım əsl yazıçı məfhumunu mənim üçün həyatda yarada bildiyinə görə... Ədəbiyyata ondan əvvəl, ondan sonra gələnlərin əksəriyyəti əyildilər-düzəldilər, dəstələrə bölündülər, vəzifə, fəxri ad, deputatlıq üstündə mübarizə apardılar. O, xaiqın sevgisindən savayı heç nə istəmədi. Sanki, başqa cəmiyyətdən idi, ətrafındakı adamlardan deyildi. Kimsəyə əyilmədi, çoxları sayaq nəfsinin quluna çevrilmədi, qürurunu sındırmadı, gözə soxulmadı, dəyərini qorudu. Yazıçı adını dünyasında hər şeydən uca tutdu. Sözü ilə əməli düz gəlməyənlərdən olmadı, yaradıcılığı və şəxsiyyəti ilə özündən sonra qalanlara bir örnək, nümunə miras qoydu. Nümunə oldu ki, yalanlar, haqsızlıqlar haqqın yerini tutmasın. Göstərdi ki, əzablı olsa da, vicdanlı, ləyaqətli, yazıçı ömrünü yaşamaq mümkündür və lazımdır!..
Nə yaxşı ki, ömrünün son gününədək “xalq yazıçısı” yox, xalqın yazıçısı oldu. Bütün fəxri adlardan yüksək olan Yazıçı adına şərəf verdi. Ona heç bir titulun verilməməsi, bəlkə də, Allahımızdandı... Ondan sonrakılara – bizə, heç olmasa bir “etalonun” yaranması üçün...
Nəhayət ki, əsl yazıçılardan söz düşəndə, daha dağı – aranı gəzib “mogikan xadim” axtarışına çıxmayacayıq. Ən azından, onlardan biri kimi YAZIÇI  Əlibala Hacızadəni hörmətlə düşünəcəyik... Yeri behişt olsun.

Комментариев нет:

Отправить комментарий