Страницы

13.09.2011

“BU VAXTIN SAHİBİ”NƏ BİR KAÇ SÖZ


Kənan Hacı

Həyatın, situasiyanın poeziyası... Bir çox dünya nasirlərinin prozası məhz həyatın, situasiyaların poetik ovqatı üzərində köklənib. Qələm dostum, ədəbi nəsildaşım Oktay Hacımusalının  “Bu vaxtın sahibi” adlandırdığı roman-gündəliyini oxuyub bitirdikdən sonra ilk ağlıma gələn fikir bu oldu. Bizdə də nəsrin poeziyasını yaradan yazıçılar olub. Məsələn, Ənvər Məmmədxanlı. Nəsri şeir kimi oxunan yazıçılardan idi.
Oktayı  ədəbi sələfindən ayıran zaman məsafəsi fərqli şərtlər diktə edir və o, yeni çağın adamı olaraq ədəbi modaya uyğunlaşmır, əksinə, öz dəbini yaradır, lap belə deyək,öz şərtlərini diktə edir!  Və bir-birini əvəz edən izmlərin hamısını yaradıcılığında dişinə vurmuş Oktay zənn edirəm ki, nəhayət, öz üslubunu yarada bilib. Buna əyani sübut əlyazmasını təzəcə oxuduğum “Bu vaxtın sahibi” əsəridir.
Romanı oxuduqca içimi maraqlı, ifadə etməkdə çətinlik çəkdiyim bir ovqat, nisgil bürüdü. Bəlkə bu, müəlliflə aramızdakı tale oxşarlığından irəli gəlir. Biz Oktayla məhz bu vaxtın uşaqlarıyıq, hətta ayrı-ayrı vaxtda eyni hərbi hissədə qulluq etmişik. Bir anlıq mənə elə gəldi ki, bu əsəri elə özüm yazmışam. Və yaxud çoxdan itirdiyim əlyazmamı tapmışam.
Əsgərlik yaşantıları, uğursuz sevgi, insanların laqeydliyi, dostların vəfasızlığı, özündənqaçma cəhdləri, ruhi tarazlığın pozulması və yaşam uğrunda aramsız mübarizə, öz varlığını qoruyub-saxlamaq cəhdləri, daha nələr, nələr...
Bir də Oktayın ironiyası mənim xoşuma gəlir. Ekstremal şəraitlərdə ironiya ilə vəziyyəti yumşaltmaq bacarığı onun bu əsərində özünü qabarıq göstərir. Bu əslində dövrün insanının ruhi vəziyyətini ortaya qoyur. Əsərdə insanların necə yaşadıqlarını, necə başqalaşdıqlarını, necə yaşamalı olduqarını, nəyin naminə yaşadıqlarını və hər dəfə sərt reallıqla toqquşduqlarını və arzularının çilikləndiyini görə bilirsən. Müəllif müxtəlif fraqmentlər vasitəsilə bunları oxucuya göstərə bilir.
Doğurdan da şeirlə nəsrin sərhədləri itir. Məhz bu romanda şeirin nəsrlə necə doğmalaşdığını, bağrıbadaş, qolboyun olduğunu görürsən.
Oktay, əzizm! Sən bu əsəri  uzun zaman içində yetişdirmisən, sözlər, cümlələr ürəyinin qanını içə-içə ərsəyə gəlib, qol-budaq atıb, səhifələr boyu şaxələnib. Ürək qanıyla yazılan əsərlərə zaval yoxdu.
“Bu vaxtın sahibi” sarıdan qəti narahat olma. Qoy o, öz müstəqil həyatını yaşasın.

Комментариев нет:

Отправить комментарий