Страницы

11.09.2011

DÖYÜŞKƏN ŞAİR


Zaur Qəriboğlu

“Şairlər və qəhrəmanlar bir tayfadandır. Onların arasında fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər”. A.Lamartin

 Bu fikirlərlə hardasa, mən də razıyam. Amma bu gün haqqında söz açdığım şair kənardan seyr edənlərdən yox, döyüşün içindən çıxanlardandı və bu gün də döyüşənlərdəndi.
 Quzey Azərbaycanda Güney Azərbaycanın ədəbiyyatının irəliləməsi son günlər hər birimizin gözü önündədi. Yaxınlarda birdən-birə DAYAQ-nın dəstəyi ilə Güney Azərbaycan yazarlarının on iki kitabı çıxdı və xeyli də marağa səbəb oldu. Mən də bu kitabları oxumaq həvəsinə düşdüm və kitabları əldə etmək üçün AYB-nin Güney şöbəsinə - Sayman Aruza müraciət etdim. Sağ olsun ki, elə səhərisi kitabları mənə çatdırdı. İlk olaraq, elə Saymanın öz kitabını – “Paltarlarım adamsızdı”nı oxumağa başladım. Şirin Güney Azərbaycan ləhcəsində yazılan şeirlərində azca redaktəyə ehtiyyac olduğu təbidi. Amma mən bu kitabın texniki qüsurları haqqında yox, ümumiyyətlə, Sayman Aruzun sözü haqqında öz fikirlərimi bildirmək istəyirəm. Necə ki, Sədi Şirazi deyirdi:

Xoşuna gəlsə də min beytdən biri,
Onun xatirinə pisləmə şeiri

 Belə bir xüsusiyyətim var ki, heç bir kitabı qeydiyyat dəftərim yanımda olmasa, oxumuram. Çünki oxuduqca,  hər bir kitabdan maraqlı qeydləri yazıram. Hansı ki, Saymanın da kitabı haqqında yazdığım qeydlərdən bu yazımda da istifadə edəcəyəm.
 Sayman Aruz bu gün Güney Azərbaycan ədəbiyyatının bu tayda tanınmasında və təbliğatında danılmaz rolu olan insandı. Onu tanıyan biri kimi deyə bilərəm ki, bu adam təkcə şeirlərində döyüşkən şair deyil. Həm də Güney Azərbaycanın Sulduz şəhərində yaşadığı vaxtlarda belə bir vətəndaş kimi öz türklüyü və azadlığı uğrunda kifayət qədər mübarizə aparmışdı. Buna onun orada yaşayarkən düşmənlər tərəfindən kəsilən əli və bədənindəki bıçaq izləri sübutdur. Hansı ki, bu adamın əlini belə kəsməyə cəhd göstərsələr də, Saymanın içindəki mübarizə ruhunu, dilindəki sözünü kəsə bilməyiblər.  Çünki bu şair – bəli, şair, təpədən dırnağa kimi inqilabçı yox, inqilabın elə özüdür. Bunu onun yazdığı “Dar ağacı” şeirindən də duymaq olur.

Dur ayağa dar ağacı,
Səndən asılmağım gəlir.
Yarım açıq qonça kimi –
Səndə açılmağım gəlir.

Mən damlayam, mən dənizəm,
Aşıb-daşan seləm, suyam,
Amandır, qoyma özümdə
İtəm,
Batam,
Yatam,
Uyam!..

Halqan olum, ölün olum,
Taxtan olum, ipin olum,
Keşkə səndən kəc getməsin,
Azadlığa gedən yolum!..

Qonça olub, gül olmamaq,
Acıdır, inan ki, acı...
Dur, inqilab eyləyəlim,
DAR AĞACI,
DAR AĞACI!

 Bu şeirdə qəfəsdə çırpınan bir bül-bülün azadlıq hayqırtısı var. Sayman Aruzun yaradıcılığı ilə tanış olduqda neçə-neçə bu tipli, azadlıq hayqıran şeirlərini görərik. Hətta “Paltarlarım adamsızdı” kitabında məni kövrəldən bir şeir də oldu ki, gerçəkdən mən bu şeiri oxuyanda, özümü içimdə zorla tutdum.

Səni axtarmıram ehey Azadlıq!
Nə var gizlənirsən belə qəmzəli?!
Təsəlli verməyə Bəzz qalasından,
Uzanır üstümə Babəkin əli.

Güney güllələnir şeirlərimdə,
Saat Qabağında yıxılır, ölür...
Səməd ehey deyir, İmamiyyədən,
Amandır, qoymayın, Güney bölünür...

 Burada bir şairin içinin yanğısı, ağrısı, dərdi var. Bu dərdi yalnız içində yaşadanlar duya bilər.
 İnsanların saxtası olduğu kimi duyğuların da saxtası olur. Bəzən, elə bir şeir və ya yazı oxuyuruq ki, təpədən dırnağa saxta, boğazdan yuxarı hisslərlə yazıldığını aydın görürük. Bu da bu sətirləri yazan insanın hələ şəxsiyyətinin bütövləşməməsindən və yaradıcılığı ilə vəhdət təşkil etməməsindən xəbər verir. Bu arada deyim ki, şəxsiyyətlə sənətin vəhdəti çox önəmli bir məsələdir. Saymanın yaradıcılığında bir dənə də olsun, saxta hiss tapa bilməzsən.  Məlum məsələdir ki, hər bir kitab,  müəllifinin kimliyindən asılı olmayaraq, birinci səhifəsindən, sonuncu səhifəsinə qədər mükəmməl ola bilməz. Sadəcə, bu bizim xüsusiyyətimizdir ki, ədəbiyyatda sözünü deyən yazarlarımız nə yazırlarsa, yazsınlar, həmin əsəri mükəmməl adlandırırıq. Fəqət, hələ körpə addımlarını atan (Bu Saymana aid deyil) hansısa bir yazar kifayət qədər maraqlı bir əsər yazsa da, dərhal onu baltalamağa çalışırıq. Gücü çatan, mübarizə aparır, daha da mükəmməl əsərlər ortalığa çıxarıb, özünü təsdiq edir, əzmi çatmayanlar isə elə bir balta zərbəsindən sonra da sıradan çıxır. Təbidir ki, Saymanın da bu kitabı qüsursuz deyil. Yuxarıda da qeyd etdiyim ki, bu qüsurların demək olar ki, əksəriyyəti texniki – redaktə qüsurlarıdır ki, bu kitabın çıxmazdan öncə redaktəyə ehtiyyacı vardı. Fəqət, mən tam əminliklə deyə bilərəm ki, bir çox redaktəyə ehtiyyacı olmayan kitablardan fərqli olaraq, bu kitabda bir dənə də olsun, saxta hissə rast ola bilməzsən. Hər bir misrasında ürək yanğısı, vətən həsrəti var... Həm də bu həssrət təkcə Güney və ya Qüzey Azərbaycan həsrəti deyil, bu həsrət Bütöv Azərbaycan həsrətidir. Şairin yaradıcılığında Güneylə paralel olaraq, Qarabağ dərdimizə də yer verilib. Bu şeirlərdən birini qeyd etmək istəyirəm. Hansı ki, bu şeir “Paltarlarım adamsızdı” kitabında “4lüklər” silsiləsinə daxil olan şeirlərdən biridi.

Qarabağı dələcəyik, Qarabağ,
Bağında dincələcəyik, Qarabağ,
İndi hələ danışmağa məşğuluq –
Səbrli ol, gələcəyik, Qarabağ!!!

 Kitabda müəllifin vətənpərvərlik mövzusu ilə yanaşı gözəl, insanın ruhunu oxaşayan sevgi şeirləri də az deyildir. Bu hislərdə də tam səmimilik və digər sevgi şeirlərindən fərqliliklər var.  Yəni bu sevgi şeirlərinin də içində hardasa, bir inqilab ruhunu hiss edirsən.
 Son olaraq, simasından sakit birinə bənzəyən, sözlərindən alov, mücadilə  püskürən Sayman Aruzu döyüşkən şair adlandırsam, zənnimcə, heç kim sözümdən inciməz. Vətəninin azadlığı, onun ədəbiyyatının irəliləməsi uğrunda mühacir həyatı yaşayan bir şairə bundan artıq ad vermək olmaz.

Комментариев нет:

Отправить комментарий