Страницы

29.09.2011

Geydirmə araq


Akif Abbasov. Hekayə

Gün günorta yerinə qalxmışdı. Bibioğlu Nazimlə dayıoğlu Oqtay            tez özlərini üzərində «Qəlyanaltı» sözü yazılmış yeməkxanaya saldılar. Dayıoğlunun bu gün əli gətirmişdi. Bibioğluya yüngülvari qonaqlıq söz vermişdi. Burada ayaqüstü nahar edib hərəsi öz işinin ardınca gedəcəkdi.
Qohumlar iki şüşə pivə, iki stəkanda hərəsi iki yüz qram olan araq, dörd pay sosiska, göy-göyərti, pomidor-xiyar götürüb stola gətirdilər. Nazim kranta sarı gedib boş stəkanlardan birini su ilə doldurudu və onu da stolun üstünə qoydu. Oqtay əlini yumağa getdiyindən dayanıb onun gəlişini gözlədi. O qayıdan kimi süfrəyə əl uzatdılar. Oqtay, qabığı rahat soyulsun deyə, sosiskalardan bir neçəsini xışmarlayıb dolu stəkana saldı. Hər ikisi eyni zamanda öz stəkanını qaldırdı:
-Bibioğlu, sağ ol, sənin sağlığına.
-Dayıoğlu, sağ ol, sənin sağlığına, - deyib bir nəfəsə başlarına çəkdilər.
Nazim dərhal üz-gözünü turşutdu. Oqtay isə əlini yuxarı qaldırıb qeyzlə qışqırdı:
-Bibioğlu, bizə paçkə basıblar. Araq geydirmədir.
-Niyə, dayıoğlu?
-Görmürsən, su kimidir…
Nazim təəccüblə çiyinlərini çəkdi:
-Dayıoğlu, day ağ eləmə. Sənə də hər şeyi bəyəndirmək olmur. Hərəsinə bir qulp qoyursan. Araq qelə tünddür ki,  ağzım-burnumu əyib. Duzlu xiyarla pomidor dadıma çatdı.
Bunu eşidən dayıoğlu tez sosiska doldurulmuş stəkanı qamarlayıb burnuna apardı və iylədi. Arağın kəskin iyini alıb üz-gözünü turşutdu. Stəkanı geri çəkdi.
Demə, bayaq tələsdiyindən sosiskaları su ilə dolu stəkana yox, araq dolu stəkana salıbmış. İçdiyi isə Nazimin krantdan doldurduğu su imiş.
Bunu görən bibioğlu gülməkdən uğunub getdi. Pərt olmuş dayıoğlu tez sosiskaları çıxarıb boşqaba yığdı. Sosiskanın yağı hopmuş arağı başına çəkdi:
-Adamlar arağı içib onun acılığını öldürmək üçün üstündən su içirlər. Mən isə tərsinə etdim, - dedi və sonra düşdüyü vəziyyətə özünün də gülməyi tutdu.
Nazim əlini bir-birinə vurub:
-Oyunun olsun, dayıoğlu, - dedi. -  Həm qonaqlıq verdin, həm də konsert. Bax, buna deyərəm əsl qonaqlıq!

                                 Akif ABBASOV,
                  pedaqoji elmlər doktoru, professor,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
                   Azərbaycan Yazıçılar Birliyinin üzvü

Комментариев нет:

Отправить комментарий