Страницы

29.09.2011

Bizə qan verin


Rövşən Yerfi                        

Bizə qan gərəkdir, qan verin, qan...
Belə ömür sürməklə çox çəkmərik,
Öləsiyik ayaq üstə, quruca adımız qalıb.
Hələ ki, nə öləndənik, nə də qalandan,
Qansızlaşmışıq, neçə vaxtdır yaşayırıq yalandan.
Keçmiş  “ibn“ləri bu gün “ov”, “yev”, “yeviç” anırıq,
Anasız keçinərik,
“Dədə”siz yaşamağı qeyri-mümkün sanırıq.
İlahi, sən demə, yüz illərdir,
Yurda xəyanətdən qanımız yoxmuş,
Tamam qansızıq…
Bizə qan verin, qan…-
Farslara satılmış şahlarımızın,
Ruslara əyilmiş xanlarımızın qul qanından yox...
Cavanşirin qanından,
Uzun Həsən qanından…
Korşalmayan qeyrət gəlsin qanımıza.
Bizə qan verin, qan…-
Babəkin qanından,
Nəsiminin qanından…
Əməlində dönməzlik yazılsın alnımıza.
Bizə qan verin, qan…-
Xiyabani qanından,
Məhəmmədəmin qanından…
Ziya, nur yayılsın ağlımıza.
Bizə qan verin…!
Qanlanaq, canlanaq,
Mənliyimizə, kökümüzə qayıdaq…
Bəsdir yaşadıq belə,
Olan - qalan qanımız gör dönüb nəyə!..
Çıxartmaq! Boşaltmaq! Dəyişmək!
Bu qul qanından qurtulmaq gərək!..
E-hey!!!
E-he-hey!!!
Eşidirsiz?..Ulu Tanrı,..kömək edin!..
Millət gedir əldən…
Bizə qan verin!!!

                           04.1991

Комментариев нет:

Отправить комментарий