Страницы

24.09.2011

İSTİ, RAHƏT

Oqtay Salamov
Allah İnternet çıxardanın atasına rəhmət eləsin. Lap ölməyibsə də eləsin, onun elə dirisinə də rəhmət düşür. Türkiyəli bir tanışımla pulsuz əlaqə yarada bilmişəm. Pulsuz deyəndə ki, onsuz da İnternetin abunə pulunu verirəm. Deməli, əlaqə mənə pulsuz başa gəlir. Hə, bu tanışımla bizim ləhcədə zarafatımız, onların ləhcəsində şakamız var; mən onların bəzi sözlərinə "ilişirəm" o da bizim sözlərə. Arkadaşımın belə cəhdlərindən biri də "istirahət" sözünün mənası idi.

   - Abi, isti sıcak anlamındamı?

   - Elədi.

   - Rahet də kolaymı?

   - Hə, elə də demək olar.

   -Bəs sıcak kolay, ya da kolay sıcak ne olan şeqdi?

   Mən də turklərin istirahətə nə dediklərini bilmirəm axı, gah "tatil" deyirəm, piknik, kurort, Antaliya... başa düşmək istəmir. Bu dəfə də soruşdu ki, "abi, istirahətin nasıl keçiyor"? İstədim deyəm ki, "keçi" yox, "qoyun"uyor, bildim başa düşməyəcək. Dedim istim lap çoxdu, rahət məsələsi qəlizdi. Və sonra da düşündüm ki, aya, dünyanın 11 iqlimindən 9-u bizdə, dəniz bizdə, dağ bizdə, şəlalə, mənzərə bizdə, Allahın hər bir neməti bizdə, müalicə sularımız, palçığımız, otlarımız... bəs niyə istirahətimiz demək olar ki, yoxdur...

   Hə, aktual sualdı. Bəziləri deyəcək ki, nəyi aktualdı, istirahətimizə nə gəlib ki? Burada ANSPRESS. com-un xəbərində turist Sübhan İsmayılovun sözlərini misal gətimək istəyirəm: "Qiymətlər əksər camaatı qane eləmir. Bir balaca imkanı olanlar dincələ bilər". "Bir balaca imkan" deyəndə nəyi başa düşürsünüz? Göygölün (rayon) Toğana, Gəncənin Hacıkənd qəsəbəsində

   koteclərdə bir günlük qalmaq haqqı 80 -100 manatadırsa və sən də özünü adam balası hiss eləmək üçün 10-ca gün qalmaq arzusundasansa, sənin imkanın "bir balaca"ya uyğun gəlirmi?

    Dünyanın bir neçə adlı-sanlı ölkəsinin büdcəsinin əsasını turizmdən gələn gəlirlər təşkil edir. Sabah neftimiz tükənsə, alternativ kimi bizim turizm sahəmiz büdcəmizin hansı hissəsini dolduracaq? Bütün tərfilərə, inkişaf sürətinə baxmayaraq, bu sahədə görülməli işlər çox, həddən artıq çoxdur. Özü də məncə burada qulluq mədəniyyətinin yüksəldilməsi, əhali arasında maarifləndirmə işinin parılması, tarixi-etnoqrafik məlumatların geniş təbliği ilə bərabər məcburi inzibiti tədbirlərin görülmüsi də lazımdır. O dəqiqə demokratik dəyərlər, insan hüquqlarının pozulması, bazar iqtisadiyyatı, azad rəqabət... kimi sözlərlə manipulyasiya etməyək, bəzən qadağaların olması, sərt tədbirlərin görülməsi də zəruridir.

   Başlayaq elə lisenziyaların verilməsindən. Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin bir məsul nümayəndəsi televiziya ilə çıxışında deyir ki, filan, filan və filan otellərə, restoranlara, obyektlərə lisenziya verilməyib, ona görə də onların xidmətindən istifadə eləmək məqsədəuyğun deyil. Cözəl söz yığınından başqa bunun başqa hansı adı var? Bəhanə gətitirisiniz ki, həmin müəssisələr lisenziya üçün müraciət eləməyiblər. Bir onlaraın özündən soruşmusunuzmu ki, atam balası, niyə lisenziya almırsan? Axı onda o da soruşacaq ki, bu lisenziyaya bir ətək pulu mən nəyə görə verməliyəm, həmin lisenziya mənə formal icazədən başqa nə verir? Bu lisenziya üçün mən "sanepid"dən, yanğından mühafizədən, ekologiya komitəsindən, sahə müvəkkilndən, yerli icra hakimiyyətindən, sizin müfəttişlərdən.., rəsmi "razılıq" almalı, sonra da hər birinin əlavə "haqqı"nı verməliyimsə, dəliyəm ki, öz başıma beş qapaz vurdurum? Belə də hamının haqqını verib işləyirəm ki... Bəlkə düz demir? Bax, mənə elə gəlir ki, lisenziya obyekt sahibini bir çox artıq yoxlamalardan, təftişlərdən, birbaşa desək haqqödəmələrdən azad etməlidir. Edirmi?

   Ötən il Qubanın İkinci Nügədi kəndinə bir tanışa qonaq getmişdim. Kəndin gözəl mənzərəsi, havası, bulaqları, restoranları və ən əsası Bakıya, Sumqayıta yaxınlığı buraya çoxlu sayda adamın istirahətə gəlməsinə, ən çoxu da həftə sonunu keçirməsinə səbəb olur. Kəndlərimizdə adamların şəhərdəkilərə nisbətən daha qonaqpərvər oluğu heç kimə sirr deyil. Tanışımdan evlərdə gecələmə qiymətlərini soruşdum. Ancaq yatmaq üçün gecəsi 30-40 manatdan danışdı. Səbəbini də çox maraqlı izah elədi: -Çoxları aşnaları ilə gəlirlər. Evlərimizi bir növ "əxlaqsızlıq yuvası"na çeviririk. Elə bilirsən bizdən pul almırlar? Deyirlər ki, rəqabət qiymətləri aşağı salır. Bizdə rəqabət başqa şey üstündə gedir; hamımız çalışırıq ki, qonaq üçün otağı əsas binadan qıraqda tikək, hamamı, tualeti olsun, kompotu (yəqin ki, komfort demək istəyirdi) olsun. Belə olduqca da qiymət qalxır. Otellərdə, mortellərdə daha bahadı axı, həm də orada kameralar var, kopramant (yəqin komramat demək istəyirdi) yığıb şantaj eləyə bilərlər...

   Haşiyə: Fikir vermişəm, turist zonalarında, vağzal ətrafında, sanatroiya rayonlarında yaşayan və bu yerlərdən pul qazanan kişilərin çoxu müftə yemək üçün sinov gedənlər olur. Bir də bazar alverçiləri üçün tanış-qohum anlayışı olmur, qazanc üçün kimi istəsən aldadarlar. Turist zonalarında yerli əhalinin leksikonundan, hətta artıq anlayışından insaf, mərhəmət, qonaqpərvərlik sözləri yox olub. Çünki buraya "istirahətə" gələnlərin buna ehtiyacı yoxdur. Bir az rahatlıq tapmaq istəyənlər isə... pulları yoxdursa rahatlığı bu dünyada tapa bilməyəcəklər..

   ANS turizm obyektləri haqda reportaj hazırlayarkən otellərdən birinin inzibatçısı Əli Rüstəmov turistləri qəbul etmək üçün çox rahat koteclərinin olduğunu dedi: "Ailəvi dincəlmək üçün yaxşı şəraitimiz var. Restoran xidmətimiz ləziz milli mətbəximizdən ibarətdir. Turistlərin istifadə edə biləcəyi futbol meydançamız var. At yürüşləri təşkil edirik. Qiymətlər barədə danışmaq istəməzdim".

    Aparıcı şərh verdi: Sonradan öyrənə bildik ki, burada koteclərdə bir günlük qalmaq haqqı 80 -100 manat arasındadır. Bölgənin mərkəzi sayılan Gəncədə bir günlük gecələmək turistə minimum 30 - 40 manata başa gəlir. Məhz otel qiymətlərinin baha olması səbəbindən bölgəyə gələn əksər turistlər burada uzun müddət qala bilmir.

   Nə deyirsiniz, "bir balaca" imkanı olmayanlar ayaqlarını uzadıb ölməlidi, yoxsa payızda yenidən işləyə bilmək üçün haradasa isti ilə bərabər "rahət" də olmalıdı, yoxsa yox? Belə olanda qiymətlərin bizə nisbətən ucuz, bəzən isə dəfələrlə ucuz olduğu Gürcüstana, Türkiyəyə üz tutmasın, bəs neynəsin fağır? Həm qayıdandan sonra "tripaçlanır" ki, Türkiyədə , Batumda istirahət elədim, həm də pulu az çıxır, canı rahat olur. Odey, elə rəyi soruşulan turist Səbuhi Məmmədov Azərbaycanda qiymətlər baha olduğundan bir çoxlarının Gürcüstana üz tutduğunu deyir: "Hər halda burada qiymətlər ucuz olsa, heç kim Gürcüstana getməz. Təbii ki, qiymətlər aşağı olsa, daha çox ucuz olar, obyektlər da daha çox qazanar".

   Nə bilim vallah, bizim adamlar nəsə dünyada qəbul olunanlarla yaşamırlar ey... Bizdə turist çoxaldıqca onları saxlayanların iştahı da çoxalır, deyir onsuz da gəlirlər, qiyməti niyə azaldım ki?... Otellərində bir gecəsi bir nəfər üçün 30-40 manat olan Gəncənin sakinlərindən biri, Vüsal Məmmədov burada, yəni gözəlim Azərbaycanda istirahətin baha başa gəldiyini söyləyir: "Respublikamızda səfalı yerlər çoxdur, demək olar ki, dəniz qırağından ucqar dağ rayonlarınadək səfalı yerlər var. Lakin burada istirahət etmək külli miqdarda pul tələb edir. Azərbaycanda xərclənən pula Gürcüstanda üç dəfə artıq dincəlmək olar. Qara dənizin sahillərində dincəlmək də ucuz başa gəlir. Belə qərara gəlmişəm ki, bu il yaxın dostlarımla bir yerdə Qara dənizin sahilində dincəlim və bu mənim üçün çox sərfəlidir".

   Bir məqama diqqət yetirin ki, sözləri misal gətirilənlər "bir balaca imkanı olan"lardır. Həmin balaca imkandan da məhrum olan və adının çəkilməsini istəməyən ("Adını demirəm, eldən ayıbdı"- Molla Cümə.) biri mənə sual verdi: - Müəllim, sən bilərsən, rəhmətlik Süleyman Rəstəm "Cənnət görmək istəyən Azərbaycana gəlsin" yazanda bu cənnətin neçəyə olduğunu niyə yazmamışdı?... Əslində ev buzovundan öküz olmadığını söyləyirlər, cənnət Azərbaycandırsa, bəs niyə adamları istirahətə Gürcüstana gedir?

   Elə diplomatik susdum ki... Heç yazının davamını da yazmadım, istifadə etdiyitm materiallardan birinin son iki cümləsini köçürməklə sonluq verdim: "Hazırda il ərzində Gürcüstana istirahətə gedən həmyerlilərimizin konkret sayı məlum olmasa da, bu rəqəmin ildən ilə artdığı dəqiqdir. Bunu Azərbaycanda turizm sahəsində çalışan iş adamları üçün kifayət qədər ciddi siqnal hesab etmək olar".

Комментариев нет:

Отправить комментарий