Страницы

18.09.2011

KƏNAN HACININ “ÇƏHRAYI QAN”I

İlhamə Dağlı
BDU-nun elmi işçisi  

   Kənan Hacı şərti olaraq ikiminincilər adlandırdığımız ədəbi nəslin çox maraqlı və istedadlı nümayəndələrindən biridir. Onun şeirdə getdiyi yolun işığı nəsrinə də düşür, desəm, yanılmaram. Yenicə çapdan çıxmış  “Çəhrayı qan”  kitabını oxuduqdan sonra bu qənaətə gəldim ki, Kənan Hacı yaxşı mənada öz səmimiyyətini oxucuya yedizdirə bilir.
    “Çəhrayı qan”  povesti realist üslubda yazılmış lirik-psixoloji bir əsərdir. Əsərin baş qəhrəmanı Nabat adlı qız  Qarabağ müharibəsinin odundan-alovundan keçib dinc həyata qayıdır, lakin bu  “dinc həyatın”  ağrı-acıları önündə duruş gətirə bilmir. Atəşkəs dövrünün soyuq müharibəsi mərmilərin gurladığı ön cəbhədən də qorxunc fəlakətlər gətirir.Müharibədən çıxmış qızcığaz qədim peşənin yolçusuna çevrilir. Günahkar kimdir? Müharibə, cəmiyyət, yoxsa zaman? Müəllif  əsərdə bu suala cavab axtarır. Tapa bilirmi? Hər halda, povesti oxuyanlar özləri üçün müəyyən bir nəticəyə gələ biləcəklər.
    “Çəhrayı qan”da müəllif intim məqamlara bolluca yer ayırsa da, təsvirlərdə romantika və sentimentallıqdan əsər-əlamət yoxdur, əksinə, rasional baxış var. Yazıçı müəllifin dilindən deyir ki,  “...o vaxtdan mən ayrılığa faciə kimi baxmıram.” Nabat  sevdiyi oğlanı belə öz həyatına yaxın buraxmır, bilir ki, bu sevginin axırı yoxdur və sevgilisini tədricən ayrılığa hazırlayır. Məqsəd diqqəti bütün situasiyalardan yüksəkdə duran insan taleyinə cəlb etməkdən ibarətdir.
  İnsanın taleyinin puç olmasına əsas səbəb öncə müharibə, daha sonra isə dinc həyatdır. Yazıçı bu təzadı ustalıqla bədiiləşdirir, ədəbi materiala çevirə bilir. Bu povest baş vermiş hadisələr üzərində qurulub; poetikası etibarilə də sənədli reportajı xatırladır. Əsər ilk cümlədəncə oxucunu maraqlı bir əhvalata kökləyir: “...Olan olub, keçən keçmişdi.” Təhkiyədəki məzəli, əhlikef notlar oxucunun sonrakı hadisələrin psixoloji gərginliyinə tablaması üçündür.
    Bu əhvalatı nəql eləmək sizə elə də asan gəlməsin; burada ötüb keçmiş gerçək yaşantılara nöqtəbənöqtə qayıtmaq  çətinliyi var. Kənan Hacı buna nə dərəcədə nail ola bilib? Buna ən dürüst cavabı əsəri oxuyanlar verəcək.
      Kitabda cəmi üç hekayə yer alır; hər birinin də ayrıca mətləbi var.  “Quyu”  hekayəsi haqqında vaxtilə mərhum xalq yazıçımız Sabir Əhmədli öz dəyərli fikirlərini bildirib. Biz də həmin fikirlərlə həmrəy olduğumuzu bildirərək  “Quyu”  hekayəsinin müasir nəsrimizin son dərəcə maraqlı nümunələrindən biri olduğunu təsdiqləyirik. Hekayə məlum  “Məlikməmməd nağılı”nın postmodern variantıdır, yəni nağılın, indi dəbdə  olan terminlə desək, dekonstruksiyasıdır.
      “Boz ilan”  hekayəsi də insan taleyi haqqındadır, daha doğrusu, talesiz insanlardan biri haqqındadır. Ev-eşiyi əlindən çıxmış bir rəssam dənizin sahilində kimsəsiz bir daxmada yaşayır, doğmaları onu çoxdan unudub... O, hər gün yaşamaq uğrunda mənasız cəhdlər edir, tüfeyli həyat onu bir az da uçurumun kənarına yaxınlaşdırır. Zavallının başqa cür yaşaması da artıq mümkün deyil, o, hər gün, hər saat, hər dəqiqə öldüyünü hiss edir. Bir gecə daxmasına qayıdarkən yatağında ilanla rastlaşır və ilanı öldürmək istəsə də ilan qəfildən qeybə çəkilir. Bu ilan onun öz ölümü idi; rəssam ölümünü bircə anlıq öz gözüylə görür. Və... özünü həyətdəki quyuya atır.
     Bu balaca hekayədə təsvirlərin bolluğu adamı heyrətləndirir və valeh edir: süpürgə təpələr, süləngi itlər, rəngi, dadı bilinməyən payız yağışları, gecənin dibi və sair və ilaxır. Situasiyanın koloritli, natural, psixoloji nüans səhihliyi ilə işlənməsi diqqəti cəlb edir.
     “Xeyir-dua”  hekayəsi  haqqında Rafiq Tağı demişdi ki, bu hekayə məni əməlli-başlı kövrəltdi, artıq Kənanın qələmi kamilləşib. Fikrin sərrastlığı, mətləbin konkretliyi, üslub rahatlığı oxucunu qətiyyən  yormur. Hekayənin süjeti olduqca sadə və həm də kədərlidir: yenicə nişanlanmış oğlan toy ərəfəsində sevgilisini kəndə- atasıyla anasının məzarlarını ziyarət edib onların ruhundan xeyir-dua almağa aparır. Anasının qəbrini  imkansızlıq üzündən  hələ də düzəltdirə bilməyən oğlan əzab çəkir, qız isə hər şeydən xəbərsizdir. Onlar qəbirləri ziyarət edib şəhərə qayıdırlar, qız oğlana təsəlli verir. Gecə oğlanın anası gəlininin yuxusuna gəlir və xeyir-duasını verir.
     K. Hacının nəsrini beyin süzgəcindən keçirdikdən sonra məlum olur ki, yazar hekayələrində və povestində mətləbi detallarla və bunun arxasında gizlənən həssas məqamlara toxunmaqla bildirir. Zənnimcə, “Çəhrayı qan”  nəsr kitabı ilə Kənan Hacı özünün nasir potensialını tam şəkildə ortaya qoya bilib.

Комментариев нет:

Отправить комментарий