Страницы

05.09.2011

Qaranlıqdan çıxan dəhşət

Mir Bağır. Hekayə

O, əsgərlikdə  başından  aldığı  travmadan  sonra  kor  olmuşdu. Allah   ona  insana  xas  olan  bütün  gözəl  keyfiyyətləri  vermişdi.  Hətta  o,  kor  olduqdan  sonra  belə,  həmişə   Allaha  şükr  edər,  bir  an  olsun  belə,  öz  korluğuna  üsyan  etməzdi. Lakin,  xəstə,   arıq  və sısqa  olan, çəlimsiz  ana  özünün  bircəcik  balasının  kor  qalması  ilə  barışmır,  hər  gün  boşluq  tapan  kimi  göz  yaşlarını  saxlaya  bilmir,  iç  vura-vura,  oğlu  eşitməsin  deyə  öz  otağında  hıçqıra-hıçqıra  ağlamalı  olurdu. Əslində  oğlunun  müalicəsi mümkün  idi, lakin,  özünün  aldığı  cüzi  və  oğluna  əlilliyə  görə  verilən  pensiyalarla  bunu  etmək  qeyri-mümkün  idi.  Xədicə  ana  öz  həyat  yoldaşını  itirdikdən sonra  mərhum  ərinin  qohumlarıyla  korlanmışdı. Gediş-gəlişləri  demək  olar  kəsilmişdi.  Öz  doğmalarının  günü-güzəranı  isə  həddindən  çox  ağır  idi.  Onlara  ağız  açmaq  özü  bir  hörmətsizlik  olardı.
Xədicə  ana  dövlətin  yardımına   arxalanıb, çox  yerlərə  müraciət  etmişdi, hər  yerdən  ümidverici  teleqramlar  almışdı.  Lakin...
Nə  etməli?  Bu   tale  idi.  Adına  tale, qismət  deyilən  bu  yöndəmsiz  həyat  isə  xəstə  Xədicə  ananı  daha  da  bükmüşdü. Qəlbini  bürüyən  ağrıdan  tezliklə  öləcəyini  də  bilirdi.  Deyirlər  qəlbən  təmiz olan  insanların  ölüm  anları  ürəklərinə  dammış  olur, mən  buna  inanıram. Xədicə  ana  az-çox  dünya  görmüş  insan  idi  və  nələr  duyduğunu  gözəl  bilirdi.
Gözəlliyi  dillər  əzbəri  olan  oğlunun  kor  olması  ilə  heç  cür  barışa  bilmirdi  Xədicə  ana. Onun   fikrincə  bu  mükəmməlik  heç  vaxt  pozulmamalı  idi, oğlu  Vüqar  görməli  idi.  Bu  gözəlliyi  ilə  qızları  məftun  etməli  və  bu  ocağa  yaraşan  biri  olardısa  Xədicə  anaya  xəbər  verib, toy-büsat  haqqında  düşünməliydi. Qəlbən  təmiz  olan  analar  öz  oğlanlarına  münasibətdə  həmişə  bu  yolu  seçirlər. Lakin  korluq  Vüqarı  sanki, bütün  dünyadan  tədric  etmiş, onun  ailə,  evlilik, xoşbəxtlik  kimi  hisslərinin  üstündən  xətt  çəkmişdi.  O,  əsl  xoşbəxtliyi  Allahın  insana   olduğu  münasibətində  görürdü  və  öz  korluğuna  görə  o  qədər  də  peşmançılıq   çəkmirdi.Lakin,ana ürəyi öz sevimli oğluna olan münasibətində  həyat  qədər qəddar deyildi.
Bir  gün   Xədicə  ana  oğlu  Vüqarın  otağına  girib,yanında  oturdu, saçlarını  ana  nəvazişi  ilə  oxşadı,boynunu  qucaqlayıb,”oğul, artıq, anan  yaman  əldən  düşüb”-dedi;”qocalıq  öz  işini  görür, artıq,ev  işləri  məni  yorur, elə  bil  hər  şey  çoxalıb  gözlərimdə, mənə  ağır  gəlir.Bu  evə  halal  süd  əmmiş  bir  qız  lazımdır,mənə  gəlin  olsun.”   Xədicə  ana  bu  sözləri  deyərkən, bacardıqca  təlaşını  gizlədir,bu  xəstə  halını, oğlunun  bilməməsi  üçün  öz  təmkinini  lazımınca  saxlayırdı. Vüqar  anasının  bu  sözlərindən  sonra, üzündə  zərrə  qədər  belə  olsa, narazılıq  ifadə  edən  cizgilər  olmadan,”sən  halal ailədən  çıxan  bir  qız  tap, mən  razı. Anaların  anası!”-dedi  və  Xədicə  ananın  arıq, ağır  zəhmətdən  damarları  qat – qat   kəsən  əllərini  ovclarına  alıb, öpdü, sonra, alnına  söykəyərək, “ana, sənin  varlıqın  o  qədər  şirindir  ki, korluğum  belə  vecimə  deyil”-dedi.
Günəş  artıq  öz  ecazkar  şüalarını  lütfkarlıqla  dünyanın  üzərinə  səpələyirdi. Bu  gün  daha da  səmimi  görünən  günəş, sanki, dünənki  istisinə  görə  hər  kəsdən  üzr  istəyirdi. Havada xoş   bir  ətir  var  idi. Doğurdan  da  səhərlər  körpə  təbəssümü  qədər  gözəl  və  ürəkaçan  olur.  Bu,  şübhəsiz belədir.
Xədicə  ana  səhər  erkən  oyanmışdı, harasa  tələsirdi.  Vüqarın  otağına  keçdi, alnından  öpdü “darıxma  oğlum, sən  görəcəksən” deyə  qışqırmaq  istədi. Lakin, gücü  çatmadı. O, hər  şeyə  qadir  olan  Allah  deyildi,  ürək  çırpıntılarıyla   qovrulan, əlləri  tir-tir  əsən,  yalqız  və  bədbəxt, xəstə  bir  ana  idi. Oğlunu  canından  artıq  sevən, lakin,  çarəsiz  və  miskin, dünyada  oğlundan  başqa  heç  kimi   olmayan,  tənha  bir  qadın  idi.
O, yatmış  oğlunu  oyatmaq  istəyirdi,  bu  da  səbəbsiz  deyildi. Oğluna  səhər  yeməyi  verib  harasa  getməli  idi. “oyan,oyan  artıq tənbəlin  biri,  dur  ayağa həmişəki  kimi  süfrə  səni  gözləyir  deyib, qapıya  tərəf  addımladı. Vüqar   alnını  ovxalaya-ovxalaya asta  səslə “ ana,  axı  hardan  bilim  gecədir  yoxsa  gündüz”  dedi. Artıq   o, bu  sözləri  deyəndə  Xədicə  ana  otaqdan  çıxırdı  və  yaxşı  ki,  bu  qəlbparçalayan  sözləri  eşitmədi.
Xədicə  ana  həmin  gün, oğlu  üçün  gözaltı  etdiyi  qızın  ailəsinin  ağzını  aradı.hamısı  razı  idi, son  söz  kimi  qızın  özündən  soruşduqda  da  qız  heç bir  söz  demədən, razılıq  əlaməti  olaraq  başını  aşağı  saldı. Kim  nə  deyir  desin,  həyatda  belə  qızlar  o  qədər  də  asan  tapılmır.  Öz  ömrünü  kor  bir  insana  qurban  verəsən, onunla  ömür  sürəsən  həqiqətən  də  belə  insanlar  ən  xoş  sözlərə  layiqdir. Bu  ailə  Xədicə  ananın  uzaq  qohumlarından  idi.  Qızın  18  yaşı  olmasına  baxmayaraq, yetkin  bir  qadın  təsiri  bağışlayırdı,  adı  da  Cəmilə  idi. Onun  alnı  təmiz  və  şəffaf, dodaqları  xoş  və  təravətli, təbəssümü  cazibədar,dişləri  göz  qamaşdıracaq  qədər  parlaq  idi.  Bu  sözlər  onun  göz  oxşayan  gözəlliyini  tam  ifadə  edə  bilməsə  də, hər  alda bənzətməyə  çalışdım. Lakin, insanda  onu  ən  çox  valeh  edən  gözlərindəki  mərhəmət  və  həyat  dolu  qaynar  təbəssüm  idi.o  həqiqətən  mələyə  oxşayırdı. Qadında  olan  ən  gözəl  xüsusiyyət  nəfəsinin  bulaq  suyu  kimi  təravətli  olmasıdır.  Bu, onda  açıq – aydın hiss  olunurdu.
Xədicə  ananın  isə  sevincinin  həddi-hüdudu  yox  idi. O,  qızın  atasından  ümidverici  təklif  almışdı. əlində  böyük  bir  işin  olduğunu, onu  qurtardıqdan  sonra   çoxlu    pul  alacağını  demişdi.  Bu  şəxs   şəhərdə  yeni  tikilən  binalarda  usta   işləyirdi.  Necə  olursa  olsun  öz  kürəkəninə  əlindən  gələn  köməyi  edəcəyini  bildirmişdi.  Bu  sözlər  Xədicə  ananı  öz  sehrli  qanadlarında sanki,  ucsuz-bucaqsız  sonu  görünməyən  ümidlər  kəşkəşanına  qaldırmışdı. Hələ  bundan  əvvəl, Xədicə   ana  gələcək  gəlini  olan  Cəmilə  ilə  çox  uzun  söhbət  etmişdi.çətin  ailə  şəraitinin  ağırlığına, Vüqarın  bu  vəziyyətinə  onun  dözüb-dözməyəcəyi  barədə  sual-cavab  etmişdi.  Cəmilə  hər  bir  sınaqdan   üzüağ,alnıaçıq   çıxmışdı.
O, Vüqarı  qismən  tanbıyırdı.  Cəmilənin  Vüqar  haqda  uşaqlıq  illərindən  qalma  kiçik  və  alatoran  xatirələrindən  başqa  bir  şeyi yox  idi. Böyüdükdən  sonra  Vüqarı  demək  olar  görməmişdi. Lakin, Xədicə  ananın  gətirdiyi  şəkildə  Vüqarın  məğrur  duruşunu, insan  qəlbini  dəlib  keçən,dərin  baxışlarını  görüb, yerində  ərimişdi.
Şirin  xəyallar  qurub,  öz  xoşbəxtliyini  doya-doya  yaşarkən,  birdən, indi  bu  məsum  gözlərin  kor  olduğunu  anlayıb  nəfəsi  qaralmışdı. Buna  baxmayaraq,  Vüqardan  aldığı  ilk  təəsürat  onun  xoşuna  gəlmiş, bunu  açıq  ifadə  etməkdən  belə  çəkinməmişdir.
Nəhayət  hər  iki  toy  oldu. Cəmilə  Vüqargilə  gəlin  göçdü. Xədicə  ananın  bircə  uçmağa  qanadları  yox  idi. Elə  Vüqar  da  sanki  zülmətdən  qurtulmuşdu.qəlbinin  dərinliklərində  özünü  xoşbəxt  hesab  edirdi.  Mümkün  olmayan  heç  bir  şey  yoxdur deyib,  hər  cürə  coşqun  xəyallar  quran  adamlar  kimi  xoşbəxt...
Xədicə  ana  oğlunun  tezliklə  görəcəyinə  çox  inanırdı.  Nə  qədər  olmasa  belə  qudası  onu  bu  xəyala  inandırmışdı. Lakin  Rafiq(qudasının  adı  belə  idi)  şəhərdən  qayıdıb,  onun  da  işlədiyi  tikinti  şirkətinin  dələduzluqda  günahlandırılıb, məhkəməyə  verilməsini  və hələdə  pullarını  ala  bilmədiklərini  deyəndə  Xədicə  ananın  ümidləri  alt-üst  olmuş,  həyata  olan  marağı  tamam  sönmüşdü.
Günlər  ötdü, bir  gün  səhər  Xədicə  ananın  otağından  yanıqlı  hıçqırıq  səsləri  eşidildi.  Bu  hıçqırtı  getdikcə  sürətlənib, hönkürtü  oldu. Cəmilə  ən  bədbəxt  hadisə  baş  vermiş  kimi  ağlayırdı,  doğurdan  da  bu  belə  idi.  Xədicə  ana  vəfat  etmişdi. Cəmilə  qırıq – qırıq  səslər  çıxarır “ ana, ana, bizi qoyub  hara  getdin  axı?” deyərək  hönkürürdü. Bu  xəbəri  Vüqar  eşidəndə  sanki, başqapağı  havaya  uçdu, elə  bil   qulaqlarının  dibində  bomba  partladı.  əvvəlcə  udqundu,  ağır-ağır  nəfəs  aldı, sonra  avtomat  kimi  açılmağa, ağlamağa, qışqırmağa  başladı.əlləriylə  özünü  yumruqlayıb,”hər şeyə  bais  olan  mənəm”-dedi. Bu  qara  xəbər  ildırım  sürəti  ilə  qonşulara, qohumlara  yayılmağa  başladı. 3  saatdan  sonra, artıq, dəfn  üçün  lazım  olan  hər  şey  hazır  idi. Yeganə  oğlunun  düşdüyü  zülmətə  dözməyib, həyatdan  köçən  ananın  dəfn  mərasimində  Vüqar, əlindən  heçnə  gəlməyən  körpə  bir  uşaq  kimi  kənarda  durub  ağlayır,qarmaqarışıq  uğultulu  səslərin  doğurduğu  dəhşətli  kədərdən  nəfəsi  kəsilirdi.
Anasının  qəfil  ölümündən  sonra, o, öz  korluğunun  qaranlıqından  əlavə, daxili  bir  zülmət  də  hiss  etdi. Anası, indi  onu  soyuq, sonsuz  zülmət  içərisində, bir  söz  demədən, qorxunc  bir  boşluqda  tənha  qoyub, yoxa  çıxmışdı. Dəfn  mərasimi  qurtardıqdan  sonra, bir  həftə  Xədicə  ana  üçün  yas  mərasimi  saxlanıldı, ehsan  verildi. Bütün  bu  işlərdə  qohumlardan  daha  çox, qonşular  can  yandırdı. Bu, onun  haqqı  idi. Xəstəliyinin  ağır  vaxtlarında  belə, qonşularında  olan  xeyir, şərdən  qalmaz, əlindən  gələni  edərdi. Bir  həftə  keçdikdən  sonra  hər  kəs  evinə  dağlışdı. Indi  bu  evdə  həyatının  ən  gözəl  çağlarını  kor  bir  ərə  qurban  vermiş  gənc  bir  xanım, bir  də  daxili  zülmətdən  başqa, həm də  özündə  mənəvi  tənhalıq  hiss  eliyən, içini  titrədən  itgi  ilə  tək – tənha  qalan, kor  bir  oğlan  qalırdı.
Günlər  beləcə  keçir, Xədicə  ananın  40  mərasimi  də  qurtarır. Indi  Vüqarı  yalnız, dostu  Elçin  tez – tez  yoxlayır, dərdinə  şərik  çıxır, ona  təsəlli  olmağa  çox  çalışırdı. Cəmilə  də  əlindən  gələn  yardımı  əsirgəmirdi. Vüqarı  çox  darıxmağa  qoymurdu. Hətta, Elçin  gəldikdə  ona  qoşulub, müxtəlif  zarafatlar  edərək, Vüqarı  güldürməyə  çalışır, onu  bu  dərin  böhrandan  çıxarmağa  can  atırdı. Lakin, Vüqar  anasını  itirdikdən  sonra, sanki, hər  şeyi  itirmiş, öz  həyat  yoldaşına  belə, biganə  olmuşdu. Düşdüyü  bu  izaholunmaz  vəziyyət  ona  o  qədər  ağır  gəlirdi ki, hətta, ölümünü  arzulayırdı. Dinmir, danışmır, uzun – uzadı  susur, yorucu  bir  ifadə  alırdı. Az – az  yeyir, daha  çox  düşünürdü. Anasını son  anında  görə  bilməmək  onun  içini  didib – dağıdırdı. Artıq, öz  korluğuna  üsyan  edir, Allahdan  cavab  istəyirdi.”axı, niyə  belə  oldu  Allahım? Indi  mən  necə  səbr  etməliyəm, nəyə  səbr  etməliyəm, bütün  bu  dəhşətlər  yalnız  mənim  səbrli  olub,olmamağımı  öyrənməkmi  üçündür,yoxsa, mənim  bu  cəhənnəm  həyatım  başqalarına  göz  dağı  olmaqmı  üçündür, onları  qorxutmaqmı  üçündür, axı  nədir, hə?”-deyə.
Cəmilə, artıq, Vüqarın  bu  cansıxıcı  halından  darıxmağa  başlamışdı. Çox  vaxt, məhz ,belə  olur: insan  öz  içinə  qapanıb, faciəsini  ruhuna  gömüb,səssiz – səmirsiz  yaşamağa  davam  edəndə, kürəyinin  ortasından  vurulur. Bu  dəfə  nə  düşmən  nə  şeytan  nə də  Tanrı  tərəfindən, sadəcə, öz  doğmaların  tərəfindən...Cəmilə,yalnız, Elçin  bu  evə  gələndə  az – cox  qapalılıqdan  çıxa  bilir, Vüqarı  güldürməyə  çalışan  Elçinin  zarafatlarına  qoşulur, Vüqar  gülməsə  də  onlar  deyib – gülürdü.hətta  bir  dəfə  o,  Elçini  qapıdan  ötürərkən,  ondan  xahiş  etdi  ki,  tez-tez  gəlsin. “sən  gələndə  hər  ikimiz  şad  oluruq, sanki,  bizim  ən  doğma  ailə  üzvümüzsən. Vüqarın  bu  halı  məni  çox  narahat  edir, sən  gəlməyəndə  daha  qorxulu  olur” dedi. Elçin  də  bunu  gözləyirmiş  kimi “ əlbəttə,  necə  istəyirsən elə  də  edərəm, təki  Vüqar  darıxmasın” deyə  yaltaqlandı. Artıq  Cəmilə  Elçinin  söhbətlərinə,  zarafatlarına  öyrəşmişdi.  Indi  Cəmilə  Vüqarla  bir  yerdə  olanda  dəhşət  darıxır, özünə  yer  tapa  bilmirdi. Evli  qadın  kimi  ona  ərinin  nəvazişləri, soyuq  gecələrdə  bədənini  başdan – başa  qərq  edən   ehtiraslı  öpüşləri  lazım  idi. Lakin  o, bütün  bunlar, ona  yasaq  edilmiş  rahibə  kimi  yapa  yalnız  qalmışdı. Gənc  yaşında  alovlanıb  yetim  qalmış  ehtirasına  sığınacaq  axtarmağa  başlayanda,  bunu  Elçində  tapdı. Həqiqətən  də  Elçin  onda  izaholunmaz  bir  maraq  oyatmışdı. Gecələr  öz  yatağında  Elçini  daha  çox  düşünür, yanında  onu  görmək  istəyirdi. Vüqarın  korluğu  onun  üçün  əsl  fürsət  ola  bilərdi. Cəmilənin  xahişindən  sonra  Elçinin  o  evə  gəlişləri  daha  da  çoxaldı. Elçin  artıq  öz  şikarını  ovlamaq  üzrə  idi. Zatən,   lap  əvvəldən  Elçinin  Vüqara  etdiyi  xeyirxah   təsəllilərin  içərisində  gizlənmiş  mənfur  niyyət  məhz, bunlardan  ibarət  idi. Vüqarın  bu  dəhşətli  faciəsi  onların  asan  və  iyrənc  hisslərini  həyata  keçirmək  üçün  bir  fürsətə  çevrildi  və  beləcə  onlar  gizli-gizli  görüşməyə  başladı.  Vüqar  saatlarla  öz  otağında,  dəhşətli  zülmət  içərsində  çıxış  yolları  axtararkən, Cəmilə  ilə  Elçin  gah  hamamda,  gah  mərhum  Xədicə  ananın  otağında,  gah  da  Cəmlənin  öz  otağında  olmazın  oyunlarından  çıxırdılar.  Hətta  bu  azmış  kimi, Elçin  Vüqarın  korluğundan  irəli  gələn  sakit  görkəmini  və  faciəsini  təhqir  edir, onun  yanında  əlləri  ilə Cəmilənin  baldırlarını  ovxalayır, sinəsinə  əl  atırdı.  Beləcə  onlar  öz  “ şirin” məhəbbətlərini yaşayırdılar.  Lakin  Vüqar  yaşadığı  bu  dəhşətli  faciədən  daha  ağır, daha  miskin  bir  xəyanətin  qurbanı  olduğunu  yavaş-yavaş  dərk  edir,  Cəmilənin  münasibətlərində  yaranan  açıq  soyuqluğun  səbəbini  anlayırdı.
Bir  gün  səhər  tezdən  Vüqar  yuxudan  oyanmışdı.  Susuzluqdan  ciyərləri  yanırdı.  Deyəsən  qorxulu  yuxu  görmüşdü, tövşüyürdü,  tənginəfəs  olmuşdu.  əvvəlcə  Cəmiləni  çağırıb   oyatmaq  istəsə  də  sonra  fikirindən  daşındı.  Özü  astaca  qalxdı,  divara  tərəf  addımlayıb, ondan  tuta-tuta  irəliləmək  istədi. Lakin, ağzı üstə  yerə  çırpıldı.  Zərbənin  qüvvəsi  nə  qədər  ağır  olsa  da  Cəmilə  bunu  hiss  etmədi. Elə  bil  fil  yuxusuna  getmişdi.  Vüqar  bir  anlığa  huşunu  itirdi,  heç  nə  hiss  etmədi. Lakin,  getdikcə  özünə  gəlir,  başını  tərpədirdi.  Yavaş-yavaş  onu  əhatə  edən  zülmətdən  xilas  olurdu.  Gözlərinin  önündən  qatı  qaranlıq  dumanı  çəkilirdi. Gözlərinə  nur  gəlir,  işığı  hiss  edirdi.  Deyəsən  gözləri  açılırdı,deyəsən  korluqdan, zülmətdən  qurtulurdu.  Bu  həqiqətən  də  belə  idi.  Lakin  o, bu  sevinci  qışqıraraq  biruzə  vermədi,  çox  adi  qarşıladı, sanki  heç  nə  olmamışdı. Elə  bil  o, yenə  də  əvvəlki  kimi  kor  idi. Çox  asta  hərəkətlə  qalxıb, öz  yerinə  uzandı.
Artıq  günortadan  keçmişdi  amma, Vüqar  bir  kəlmə  olsun  belə  Cəmiləyə  görməyi  barədə  heç  bir  söz  deməmişdi.  Günortadan  sonra  Elçin  də  gəlib  çıxmışdı.  Onlar  qapıda  oturmuşdular. İndi  Vüqar   onların  iblis  sifətlərini  görür, ehtimallarında  yanılmadığı  qənaətinə  gəlirdi.  Lakin  öz  təmkinini  pozmur,  səbr  eləyib  dözürdü. Elçin  Cəmiləyə  göz  vurur, söhbət  arası  əlləriylə  döşlərini  sıxır,  sükut  olan  kimi  sakit  tərzdə  dili  ilə  qulaqlarına  toxunurdu.  Bu  nə  qədər  iyrənc  olsa  da   vüqar  sanki  bir  Budda  heykəli  kimi  dinməz  söyləməz  susurdu. Elçin  getmək  istədiyini  bildirdikdə  Cəmilə  də  ayağa  qalxdı,  üzünü  Vüqara  sarı  tutub “qonağı  yola  salıb  gəliirəm” dedi. Hər  ikisi  çöl qapısına  tərəf  addımlamağa  başladı. Sonra  Elçin  köhnə  taktikanı  işə  salıb  geriyə  döndü,  ayaqlarının  ucunda  evə  sivişdi.  Cəmilə  isə  Vüqarın  yanına  qayıdıb  “Vüqar, mən  nəsə  özümü  pis  hiss  edirəm,  gedib  biraz  uzanım” deyib,  evin  qapısından  içəri  girdi. Bütün  bu  olanları  Vüqar  bir  filmə  baxırmış  kimi izləyir,  düşünürdü. Bu  an  onun  gözlərində  iki  damla  yaş  əmələ  gəldi,  lakin,  yanağına  süzülmədi.  Qəzəbin  şiddətindən  elə  gözlərindəcə  quruyub  qaldı.  Sonra  heç nə  olmamış  kimi  ayağa  qalxdı.  Səs  salmadan  zirzəmidə  atasından  qalma  köhnə  tüfəngi(təklülə)  götürüb  doldurdu,  bir  güllə  də  artıq  götürdü.  Və  cəld  hərəkətlə  evə  girib, inilti  səsləri  gələn  otağa  tərəf  sakit  tərzdə  addımlamağa  başladı.qapını  açdı, Cəmilə  və  Elçin  heyrət  içində  donub  qaldılar.  Hər  ikisi  çılpaq  halda  necə  də  iyrənc  görünürdü. Vüqar  əvvəlcə Elçini  nişan  alıb  düz  sinəsindən  vurdu. Sonra   Cəmilənin  tükürpədici  yalvarışlarına  baxmayıb,  heç  tərəddüd  etmədən  ikinci  gülləni  qoyaraq, onu  dayerə  sərdi.  Sonra  iti  bir  bıçaq  gətirib  hər  ikisinin  başını  kəsdi.  Bir  müddət  hər  iki  başa  soyuqqanlılıqla  baxıb  üstlərinə  tüpürdü. Əlini  telefon  dəstəyinə  atıb, polis  bölməsinə  zəng  etdi.
Rayonda   hər  kəs  bu  dəhşətli  hadisədən  danışırdı. Axı  necə  ola  bilərdi  ki  kor  bir  insan  iki  nəfəri  qətlə  yetirsin,  heç  kim  Vüqarın  korluğuna  inanmırdı. Onu  özünü  korluğa  vurub  vətənə  xidməti  yarımçıq  buraxan,  əsgərlikdən  qorxan, yalançı  və  vicdansız  adlandırırdılar. Onun  kor  olmadığı  haqda  mübahisələr  edirdilər.

Комментариев нет:

Отправить комментарий