O, əsgərlikdə başından aldığı travmadan sonra kor olmuşdu. Allah ona insana xas olan bütün gözəl keyfiyyətləri vermişdi. Hətta o, kor olduqdan sonra belə, həmişə Allaha şükr edər, bir an olsun belə, öz korluğuna üsyan etməzdi. Lakin, xəstə, arıq və sısqa olan, çəlimsiz ana özünün bircəcik balasının kor qalması ilə barışmır, hər gün boşluq tapan kimi göz yaşlarını saxlaya bilmir, iç vura-vura, oğlu eşitməsin deyə öz otağında hıçqıra-hıçqıra ağlamalı olurdu. Əslində oğlunun müalicəsi mümkün idi, lakin, özünün aldığı cüzi və oğluna əlilliyə görə verilən pensiyalarla bunu etmək qeyri-mümkün idi. Xədicə ana öz həyat yoldaşını itirdikdən sonra mərhum ərinin qohumlarıyla korlanmışdı. Gediş-gəlişləri demək olar kəsilmişdi. Öz doğmalarının günü-güzəranı isə həddindən çox ağır idi. Onlara ağız açmaq özü bir hörmətsizlik olardı.
Xədicə ana dövlətin yardımına arxalanıb, çox yerlərə müraciət etmişdi, hər yerdən ümidverici teleqramlar almışdı. Lakin...
Nə etməli? Bu tale idi. Adına tale, qismət deyilən bu yöndəmsiz həyat isə xəstə Xədicə ananı daha da bükmüşdü. Qəlbini bürüyən ağrıdan tezliklə öləcəyini də bilirdi. Deyirlər qəlbən təmiz olan insanların ölüm anları ürəklərinə dammış olur, mən buna inanıram. Xədicə ana az-çox dünya görmüş insan idi və nələr duyduğunu gözəl bilirdi.
Gözəlliyi dillər əzbəri olan oğlunun kor olması ilə heç cür barışa bilmirdi Xədicə ana. Onun fikrincə bu mükəmməlik heç vaxt pozulmamalı idi, oğlu Vüqar görməli idi. Bu gözəlliyi ilə qızları məftun etməli və bu ocağa yaraşan biri olardısa Xədicə anaya xəbər verib, toy-büsat haqqında düşünməliydi. Qəlbən təmiz olan analar öz oğlanlarına münasibətdə həmişə bu yolu seçirlər. Lakin korluq Vüqarı sanki, bütün dünyadan tədric etmiş, onun ailə, evlilik, xoşbəxtlik kimi hisslərinin üstündən xətt çəkmişdi. O, əsl xoşbəxtliyi Allahın insana olduğu münasibətində görürdü və öz korluğuna görə o qədər də peşmançılıq çəkmirdi.Lakin,ana ürəyi öz sevimli oğluna olan münasibətində həyat qədər qəddar deyildi.
Bir gün Xədicə ana oğlu Vüqarın otağına girib,yanında oturdu, saçlarını ana nəvazişi ilə oxşadı,boynunu qucaqlayıb,”oğul, artıq, anan yaman əldən düşüb”-dedi;”qocalıq öz işini görür, artıq,ev işləri məni yorur, elə bil hər şey çoxalıb gözlərimdə, mənə ağır gəlir.Bu evə halal süd əmmiş bir qız lazımdır,mənə gəlin olsun.” Xədicə ana bu sözləri deyərkən, bacardıqca təlaşını gizlədir,bu xəstə halını, oğlunun bilməməsi üçün öz təmkinini lazımınca saxlayırdı. Vüqar anasının bu sözlərindən sonra, üzündə zərrə qədər belə olsa, narazılıq ifadə edən cizgilər olmadan,”sən halal ailədən çıxan bir qız tap, mən razı. Anaların anası!”-dedi və Xədicə ananın arıq, ağır zəhmətdən damarları qat – qat kəsən əllərini ovclarına alıb, öpdü, sonra, alnına söykəyərək, “ana, sənin varlıqın o qədər şirindir ki, korluğum belə vecimə deyil”-dedi.
Günəş artıq öz ecazkar şüalarını lütfkarlıqla dünyanın üzərinə səpələyirdi. Bu gün daha da səmimi görünən günəş, sanki, dünənki istisinə görə hər kəsdən üzr istəyirdi. Havada xoş bir ətir var idi. Doğurdan da səhərlər körpə təbəssümü qədər gözəl və ürəkaçan olur. Bu, şübhəsiz belədir.
Xədicə ana səhər erkən oyanmışdı, harasa tələsirdi. Vüqarın otağına keçdi, alnından öpdü “darıxma oğlum, sən görəcəksən” deyə qışqırmaq istədi. Lakin, gücü çatmadı. O, hər şeyə qadir olan Allah deyildi, ürək çırpıntılarıyla qovrulan, əlləri tir-tir əsən, yalqız və bədbəxt, xəstə bir ana idi. Oğlunu canından artıq sevən, lakin, çarəsiz və miskin, dünyada oğlundan başqa heç kimi olmayan, tənha bir qadın idi.
O, yatmış oğlunu oyatmaq istəyirdi, bu da səbəbsiz deyildi. Oğluna səhər yeməyi verib harasa getməli idi. “oyan,oyan artıq tənbəlin biri, dur ayağa həmişəki kimi süfrə səni gözləyir deyib, qapıya tərəf addımladı. Vüqar alnını ovxalaya-ovxalaya asta səslə “ ana, axı hardan bilim gecədir yoxsa gündüz” dedi. Artıq o, bu sözləri deyəndə Xədicə ana otaqdan çıxırdı və yaxşı ki, bu qəlbparçalayan sözləri eşitmədi.
Xədicə ana həmin gün, oğlu üçün gözaltı etdiyi qızın ailəsinin ağzını aradı.hamısı razı idi, son söz kimi qızın özündən soruşduqda da qız heç bir söz demədən, razılıq əlaməti olaraq başını aşağı saldı. Kim nə deyir desin, həyatda belə qızlar o qədər də asan tapılmır. Öz ömrünü kor bir insana qurban verəsən, onunla ömür sürəsən həqiqətən də belə insanlar ən xoş sözlərə layiqdir. Bu ailə Xədicə ananın uzaq qohumlarından idi. Qızın 18 yaşı olmasına baxmayaraq, yetkin bir qadın təsiri bağışlayırdı, adı da Cəmilə idi. Onun alnı təmiz və şəffaf, dodaqları xoş və təravətli, təbəssümü cazibədar,dişləri göz qamaşdıracaq qədər parlaq idi. Bu sözlər onun göz oxşayan gözəlliyini tam ifadə edə bilməsə də, hər alda bənzətməyə çalışdım. Lakin, insanda onu ən çox valeh edən gözlərindəki mərhəmət və həyat dolu qaynar təbəssüm idi.o həqiqətən mələyə oxşayırdı. Qadında olan ən gözəl xüsusiyyət nəfəsinin bulaq suyu kimi təravətli olmasıdır. Bu, onda açıq – aydın hiss olunurdu.
Xədicə ananın isə sevincinin həddi-hüdudu yox idi. O, qızın atasından ümidverici təklif almışdı. əlində böyük bir işin olduğunu, onu qurtardıqdan sonra çoxlu pul alacağını demişdi. Bu şəxs şəhərdə yeni tikilən binalarda usta işləyirdi. Necə olursa olsun öz kürəkəninə əlindən gələn köməyi edəcəyini bildirmişdi. Bu sözlər Xədicə ananı öz sehrli qanadlarında sanki, ucsuz-bucaqsız sonu görünməyən ümidlər kəşkəşanına qaldırmışdı. Hələ bundan əvvəl, Xədicə ana gələcək gəlini olan Cəmilə ilə çox uzun söhbət etmişdi.çətin ailə şəraitinin ağırlığına, Vüqarın bu vəziyyətinə onun dözüb-dözməyəcəyi barədə sual-cavab etmişdi. Cəmilə hər bir sınaqdan üzüağ,alnıaçıq çıxmışdı.
O, Vüqarı qismən tanbıyırdı. Cəmilənin Vüqar haqda uşaqlıq illərindən qalma kiçik və alatoran xatirələrindən başqa bir şeyi yox idi. Böyüdükdən sonra Vüqarı demək olar görməmişdi. Lakin, Xədicə ananın gətirdiyi şəkildə Vüqarın məğrur duruşunu, insan qəlbini dəlib keçən,dərin baxışlarını görüb, yerində ərimişdi.
Şirin xəyallar qurub, öz xoşbəxtliyini doya-doya yaşarkən, birdən, indi bu məsum gözlərin kor olduğunu anlayıb nəfəsi qaralmışdı. Buna baxmayaraq, Vüqardan aldığı ilk təəsürat onun xoşuna gəlmiş, bunu açıq ifadə etməkdən belə çəkinməmişdir.
Nəhayət hər iki toy oldu. Cəmilə Vüqargilə gəlin göçdü. Xədicə ananın bircə uçmağa qanadları yox idi. Elə Vüqar da sanki zülmətdən qurtulmuşdu.qəlbinin dərinliklərində özünü xoşbəxt hesab edirdi. Mümkün olmayan heç bir şey yoxdur deyib, hər cürə coşqun xəyallar quran adamlar kimi xoşbəxt...
Xədicə ana oğlunun tezliklə görəcəyinə çox inanırdı. Nə qədər olmasa belə qudası onu bu xəyala inandırmışdı. Lakin Rafiq(qudasının adı belə idi) şəhərdən qayıdıb, onun da işlədiyi tikinti şirkətinin dələduzluqda günahlandırılıb, məhkəməyə verilməsini və hələdə pullarını ala bilmədiklərini deyəndə Xədicə ananın ümidləri alt-üst olmuş, həyata olan marağı tamam sönmüşdü.
Günlər ötdü, bir gün səhər Xədicə ananın otağından yanıqlı hıçqırıq səsləri eşidildi. Bu hıçqırtı getdikcə sürətlənib, hönkürtü oldu. Cəmilə ən bədbəxt hadisə baş vermiş kimi ağlayırdı, doğurdan da bu belə idi. Xədicə ana vəfat etmişdi. Cəmilə qırıq – qırıq səslər çıxarır “ ana, ana, bizi qoyub hara getdin axı?” deyərək hönkürürdü. Bu xəbəri Vüqar eşidəndə sanki, başqapağı havaya uçdu, elə bil qulaqlarının dibində bomba partladı. əvvəlcə udqundu, ağır-ağır nəfəs aldı, sonra avtomat kimi açılmağa, ağlamağa, qışqırmağa başladı.əlləriylə özünü yumruqlayıb,”hər şeyə bais olan mənəm”-dedi. Bu qara xəbər ildırım sürəti ilə qonşulara, qohumlara yayılmağa başladı. 3 saatdan sonra, artıq, dəfn üçün lazım olan hər şey hazır idi. Yeganə oğlunun düşdüyü zülmətə dözməyib, həyatdan köçən ananın dəfn mərasimində Vüqar, əlindən heçnə gəlməyən körpə bir uşaq kimi kənarda durub ağlayır,qarmaqarışıq uğultulu səslərin doğurduğu dəhşətli kədərdən nəfəsi kəsilirdi.
Anasının qəfil ölümündən sonra, o, öz korluğunun qaranlıqından əlavə, daxili bir zülmət də hiss etdi. Anası, indi onu soyuq, sonsuz zülmət içərisində, bir söz demədən, qorxunc bir boşluqda tənha qoyub, yoxa çıxmışdı. Dəfn mərasimi qurtardıqdan sonra, bir həftə Xədicə ana üçün yas mərasimi saxlanıldı, ehsan verildi. Bütün bu işlərdə qohumlardan daha çox, qonşular can yandırdı. Bu, onun haqqı idi. Xəstəliyinin ağır vaxtlarında belə, qonşularında olan xeyir, şərdən qalmaz, əlindən gələni edərdi. Bir həftə keçdikdən sonra hər kəs evinə dağlışdı. Indi bu evdə həyatının ən gözəl çağlarını kor bir ərə qurban vermiş gənc bir xanım, bir də daxili zülmətdən başqa, həm də özündə mənəvi tənhalıq hiss eliyən, içini titrədən itgi ilə tək – tənha qalan, kor bir oğlan qalırdı.
Günlər beləcə keçir, Xədicə ananın 40 mərasimi də qurtarır. Indi Vüqarı yalnız, dostu Elçin tez – tez yoxlayır, dərdinə şərik çıxır, ona təsəlli olmağa çox çalışırdı. Cəmilə də əlindən gələn yardımı əsirgəmirdi. Vüqarı çox darıxmağa qoymurdu. Hətta, Elçin gəldikdə ona qoşulub, müxtəlif zarafatlar edərək, Vüqarı güldürməyə çalışır, onu bu dərin böhrandan çıxarmağa can atırdı. Lakin, Vüqar anasını itirdikdən sonra, sanki, hər şeyi itirmiş, öz həyat yoldaşına belə, biganə olmuşdu. Düşdüyü bu izaholunmaz vəziyyət ona o qədər ağır gəlirdi ki, hətta, ölümünü arzulayırdı. Dinmir, danışmır, uzun – uzadı susur, yorucu bir ifadə alırdı. Az – az yeyir, daha çox düşünürdü. Anasını son anında görə bilməmək onun içini didib – dağıdırdı. Artıq, öz korluğuna üsyan edir, Allahdan cavab istəyirdi.”axı, niyə belə oldu Allahım? Indi mən necə səbr etməliyəm, nəyə səbr etməliyəm, bütün bu dəhşətlər yalnız mənim səbrli olub,olmamağımı öyrənməkmi üçündür,yoxsa, mənim bu cəhənnəm həyatım başqalarına göz dağı olmaqmı üçündür, onları qorxutmaqmı üçündür, axı nədir, hə?”-deyə.
Cəmilə, artıq, Vüqarın bu cansıxıcı halından darıxmağa başlamışdı. Çox vaxt, məhz ,belə olur: insan öz içinə qapanıb, faciəsini ruhuna gömüb,səssiz – səmirsiz yaşamağa davam edəndə, kürəyinin ortasından vurulur. Bu dəfə nə düşmən nə şeytan nə də Tanrı tərəfindən, sadəcə, öz doğmaların tərəfindən...Cəmilə,yalnız, Elçin bu evə gələndə az – cox qapalılıqdan çıxa bilir, Vüqarı güldürməyə çalışan Elçinin zarafatlarına qoşulur, Vüqar gülməsə də onlar deyib – gülürdü.hətta bir dəfə o, Elçini qapıdan ötürərkən, ondan xahiş etdi ki, tez-tez gəlsin. “sən gələndə hər ikimiz şad oluruq, sanki, bizim ən doğma ailə üzvümüzsən. Vüqarın bu halı məni çox narahat edir, sən gəlməyəndə daha qorxulu olur” dedi. Elçin də bunu gözləyirmiş kimi “ əlbəttə, necə istəyirsən elə də edərəm, təki Vüqar darıxmasın” deyə yaltaqlandı. Artıq Cəmilə Elçinin söhbətlərinə, zarafatlarına öyrəşmişdi. Indi Cəmilə Vüqarla bir yerdə olanda dəhşət darıxır, özünə yer tapa bilmirdi. Evli qadın kimi ona ərinin nəvazişləri, soyuq gecələrdə bədənini başdan – başa qərq edən ehtiraslı öpüşləri lazım idi. Lakin o, bütün bunlar, ona yasaq edilmiş rahibə kimi yapa yalnız qalmışdı. Gənc yaşında alovlanıb yetim qalmış ehtirasına sığınacaq axtarmağa başlayanda, bunu Elçində tapdı. Həqiqətən də Elçin onda izaholunmaz bir maraq oyatmışdı. Gecələr öz yatağında Elçini daha çox düşünür, yanında onu görmək istəyirdi. Vüqarın korluğu onun üçün əsl fürsət ola bilərdi. Cəmilənin xahişindən sonra Elçinin o evə gəlişləri daha da çoxaldı. Elçin artıq öz şikarını ovlamaq üzrə idi. Zatən, lap əvvəldən Elçinin Vüqara etdiyi xeyirxah təsəllilərin içərisində gizlənmiş mənfur niyyət məhz, bunlardan ibarət idi. Vüqarın bu dəhşətli faciəsi onların asan və iyrənc hisslərini həyata keçirmək üçün bir fürsətə çevrildi və beləcə onlar gizli-gizli görüşməyə başladı. Vüqar saatlarla öz otağında, dəhşətli zülmət içərsində çıxış yolları axtararkən, Cəmilə ilə Elçin gah hamamda, gah mərhum Xədicə ananın otağında, gah da Cəmlənin öz otağında olmazın oyunlarından çıxırdılar. Hətta bu azmış kimi, Elçin Vüqarın korluğundan irəli gələn sakit görkəmini və faciəsini təhqir edir, onun yanında əlləri ilə Cəmilənin baldırlarını ovxalayır, sinəsinə əl atırdı. Beləcə onlar öz “ şirin” məhəbbətlərini yaşayırdılar. Lakin Vüqar yaşadığı bu dəhşətli faciədən daha ağır, daha miskin bir xəyanətin qurbanı olduğunu yavaş-yavaş dərk edir, Cəmilənin münasibətlərində yaranan açıq soyuqluğun səbəbini anlayırdı.
Bir gün səhər tezdən Vüqar yuxudan oyanmışdı. Susuzluqdan ciyərləri yanırdı. Deyəsən qorxulu yuxu görmüşdü, tövşüyürdü, tənginəfəs olmuşdu. əvvəlcə Cəmiləni çağırıb oyatmaq istəsə də sonra fikirindən daşındı. Özü astaca qalxdı, divara tərəf addımlayıb, ondan tuta-tuta irəliləmək istədi. Lakin, ağzı üstə yerə çırpıldı. Zərbənin qüvvəsi nə qədər ağır olsa da Cəmilə bunu hiss etmədi. Elə bil fil yuxusuna getmişdi. Vüqar bir anlığa huşunu itirdi, heç nə hiss etmədi. Lakin, getdikcə özünə gəlir, başını tərpədirdi. Yavaş-yavaş onu əhatə edən zülmətdən xilas olurdu. Gözlərinin önündən qatı qaranlıq dumanı çəkilirdi. Gözlərinə nur gəlir, işığı hiss edirdi. Deyəsən gözləri açılırdı,deyəsən korluqdan, zülmətdən qurtulurdu. Bu həqiqətən də belə idi. Lakin o, bu sevinci qışqıraraq biruzə vermədi, çox adi qarşıladı, sanki heç nə olmamışdı. Elə bil o, yenə də əvvəlki kimi kor idi. Çox asta hərəkətlə qalxıb, öz yerinə uzandı.
Artıq günortadan keçmişdi amma, Vüqar bir kəlmə olsun belə Cəmiləyə görməyi barədə heç bir söz deməmişdi. Günortadan sonra Elçin də gəlib çıxmışdı. Onlar qapıda oturmuşdular. İndi Vüqar onların iblis sifətlərini görür, ehtimallarında yanılmadığı qənaətinə gəlirdi. Lakin öz təmkinini pozmur, səbr eləyib dözürdü. Elçin Cəmiləyə göz vurur, söhbət arası əlləriylə döşlərini sıxır, sükut olan kimi sakit tərzdə dili ilə qulaqlarına toxunurdu. Bu nə qədər iyrənc olsa da vüqar sanki bir Budda heykəli kimi dinməz söyləməz susurdu. Elçin getmək istədiyini bildirdikdə Cəmilə də ayağa qalxdı, üzünü Vüqara sarı tutub “qonağı yola salıb gəliirəm” dedi. Hər ikisi çöl qapısına tərəf addımlamağa başladı. Sonra Elçin köhnə taktikanı işə salıb geriyə döndü, ayaqlarının ucunda evə sivişdi. Cəmilə isə Vüqarın yanına qayıdıb “Vüqar, mən nəsə özümü pis hiss edirəm, gedib biraz uzanım” deyib, evin qapısından içəri girdi. Bütün bu olanları Vüqar bir filmə baxırmış kimi izləyir, düşünürdü. Bu an onun gözlərində iki damla yaş əmələ gəldi, lakin, yanağına süzülmədi. Qəzəbin şiddətindən elə gözlərindəcə quruyub qaldı. Sonra heç nə olmamış kimi ayağa qalxdı. Səs salmadan zirzəmidə atasından qalma köhnə tüfəngi(təklülə) götürüb doldurdu, bir güllə də artıq götürdü. Və cəld hərəkətlə evə girib, inilti səsləri gələn otağa tərəf sakit tərzdə addımlamağa başladı.qapını açdı, Cəmilə və Elçin heyrət içində donub qaldılar. Hər ikisi çılpaq halda necə də iyrənc görünürdü. Vüqar əvvəlcə Elçini nişan alıb düz sinəsindən vurdu. Sonra Cəmilənin tükürpədici yalvarışlarına baxmayıb, heç tərəddüd etmədən ikinci gülləni qoyaraq, onu dayerə sərdi. Sonra iti bir bıçaq gətirib hər ikisinin başını kəsdi. Bir müddət hər iki başa soyuqqanlılıqla baxıb üstlərinə tüpürdü. Əlini telefon dəstəyinə atıb, polis bölməsinə zəng etdi.
Rayonda hər kəs bu dəhşətli hadisədən danışırdı. Axı necə ola bilərdi ki kor bir insan iki nəfəri qətlə yetirsin, heç kim Vüqarın korluğuna inanmırdı. Onu özünü korluğa vurub vətənə xidməti yarımçıq buraxan, əsgərlikdən qorxan, yalançı və vicdansız adlandırırdılar. Onun kor olmadığı haqda mübahisələr edirdilər.
Комментариев нет:
Отправить комментарий