Страницы

15.09.2011

Şeirlərimə şeir

Gunay Umid
Günay Ümid

Məni rəfə qaldırın

Bəlkə  bir  gün
Kitabım  olsa
açmayın!
Səyfələrin  arasında
Tökülməsin  dərdlərim…
Bəxtsiz  şerlərimi
Sıxışdırıb   boğun  öz nəfəsində
Onlar   mənim
Qaranlığa açılan  gözlərim  idi.
Toxunmayın  qoy  qovrulsun
Öz  səsində…
Bir  nöqtə  işığım  var
Sizdə  barmağ  tıxayın…
Toxunmayın  kitabıma
Saralsın  misraları
Ürəyimin  sarı  simi  kimi
Öz  səsini  özü duysun
Özü  yansın  öz  oduna…
Toxunmayın  kitabıma
Toz  bassın  səyfələri
Basdırsın  bəxtsiz  şerlərimi
Öz  tozu,  öz  torpağı..
Mənim  bu  “şou”   dünyasında
Tanınmağa  üzüm  gəlmir
Dönə-dönə  mən  şairəm
Deməyimə  sözüm  gəlmir
Mənim  “sənət  dəblərinə”
Uyuşmağa  dəbim  keçib
Şeyirlərim bir  qırağda
Yerin  seçib…
Şair  deyib  öz  adıma
Meydan  alıb  çoşmamışam…
Tərif  edib
Tərifləri  sevənləri
Misra-misra  daşmamışam
Mənə  şair deməyin…
Mənim  şənə  deyiləsi
Şeirim  yox!
Vərəqlərin  sinəsini
Qoy  yandırsın  nakam  olan
arzularım…
Ümidini  itirmiş
ümidlərim  kimə  lazımdır  axı?
Qara  hərflərə  boyanmış
öyüdlərim  kimə  lazımdır  axı?
Şerlərim  mən  özüməm…
Ruhumdakı  bu ilhamı
Sinəmdəki  bu ürəyi
Etinasız  aldırın…
Oxumayın  kitabımı
Məni  rəfə  qaldırı

Təslim oldum

Deyəsən mən təslim oldum!
Daşa dönüb
Gözlərimdən axan göz yaşı,
Qəddarlaşıb ümidlərimin
Arzu yağışı…

Hisslərim qamçılayıb
Varlığımı,
Duyğularım tanımır
Heç kimi,
Kökdən düşüb ürəyimin
Sarı simi.
Deyəsən
Mən təslim oldum!!!

Şerimin ruhu

Qələmin ucunda
Ölən duyğularım şerə dönür!
Bir gün yad edəndə insanlar
Məzarı vərəq olan şerlərimi
Hiss adlanan ruhum
Dolaşacaq ətraflarında
Gülə-gülə
Ağlaşacaq ətraflarında!

***
Şerlərimin
Əlindən tutub
Gün üzünə
Çıxarmaq istədim!
Günəş
Gülmədi gözümə
Bir kəs cəsarət edib
Baxa bilmədi üzümə…

Комментариев нет:

Отправить комментарий