Страницы

14.10.2011

20 illik müstəqillik


Aqşin Rafiqoğlu

20 ildir ki, müstəqilik. Azərbaycan özünün dövlət müstəqilliyinin iyirminci ildönümünü qeyd edir. Kimisi sözdə müstəqildir, kimisi də əməldə. Mən isə bu 20 il ərzində hələ də özümü hansı kateqoriyaya aid olduğumu aydınlaşdıra bilməmişəm.


Ancaq, fakt budur ki, bu müstəqilliyin ildönümünü hamımızla birgə müstəqil dövlət olaraq təntənə ilə qeyd etməyə başlamışıq. Deyirlər, bu dəfə də atəş-fəşanlıq olacaq. Siftəsini sərgi ilə başladıq. 20 ildə əldə etdikrimizi elə özümüzə göstərməklə...
Bütün bunlar bir yana, amma məni bu gün daha çox bir sual düşündürür: görəsən, bu müstəqilliyi Azərbaycanımız üçün əldə edənlər və Müstəqillik Aktına səs verən insanlar haradadırlar? Niyə onlar dövlət tərəfindən yad olunmurlar, onlar haqqında heç danışan belə yoxdur?
Bu günlərdə dövlət başçısı Yaşar Əliyevi “Şöhrət” ordeni ilə təltif edib. Həmin o Yaşar Əliyevi ki, bu gün Azərbaycanın ABŞ-dakı səfiri işləyir və 1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının əleyhinə, yəni Azərbaycanın müstəqil olmasının əleyhinə səs vermişdi. Bu gün həmin cənab Əliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə ölkənin ali ordeni olan “Şöhrət” ordeni ilə mükafatlandırılır...
Əvəzində Azərbaycanın ilk istiqlalçı deputatlarından biri olan, İstiqlal üçün çalışan və ona səs verən, tarixə İstiqlalçı deputat kimi düşən Arif Hacılıya isə Azərbayan hakimiyyəti qondarma ittihamla 3 il iş kəsir. Onu 3 il müddətinə həbs edir, azadlıqdan məhrum edir...
Paradoks deyilmi? Nə qədər paradoks olsa da, amma bu həqiqətdir, acı həqiqət. Mən hələ ölkəmizin müstəqil olması üçün Müstəqillik Aktının lehinə səs verən fədakarları demirəm. SSRİ-nin süqutuna səbəb olan Azərbaycan Xalq Cəbhəsinin yönətilməsində fədakarlıq etmiş insanlar bu gün diqqətən də kənarda qalıb? Yoxsa, onlara qarşı arzuolunmaz münasibət var? Bunun cavabını yalnız Allah bilər, bir də aidiyyatlı qurumlar..
Bu gün müstəqilliyinin 20-ci ildönümünü böyük təntənə və vüqarla qeyd edən hakimiyyət bir yana, ölkə vətəndaşı özünə heç sual verirmi ki, görəsən İsa Qəmbər, Pənah Hüseyn, Hacıbaba Əzimov, Tofiq Qasımov, Mirmahmud Mirəlioğlu, Sabir Rüstəmxanlı, Tahir Kərimli, İsgəndər Həmidov və adlarını qeyd edə bilmədiyim digər şəxslər hanı bu gün?..
n hələ layiqli dəyərini almayaraq dünyadan köçmüş böyük şəxsiyyətlər olan Əbülfəz Elçibəyi, Mürşüd Məmmədlini, Ədalət Rəhimlini demirəm...
Niyə bu gün bu insanlar hakimiyyət tərəfindən yad edilmir? Niyə bu gün onlar heç olmasa ən azından Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı keçirilən dövlət səviyyəli tədbirlərə dəvət olunmurlar?. Bu barədə danışmağa onlara imkan yaradılmır?..
Deyəsən, suallarımla oxucumu çox yoruram. Məni qınamasınlar, amma bir zamanlar Azərbaycanın Müstəqillik Aktının əleyhinə səs vermiş insanların adları olan siyahıya baxdıqda, içimdə başqa suallar yaranır: Siz buna görə mi müstəqil olurdunuz? Yaxud da ki, budur mu dövlətimiz üçün əldə etdiyiniz müstəqilliyin mükafatı?
Amma Azərbaycanımızın müstəqilliyinin əleyhinə səs vermiş və ölkəmizin müstəqil olmamasını istəyən və buna çalışan Arif Rəhimzadə uzun illər deputat, Milli Məclisdə komitə sədr olub. Eldar İbrahimov hal-hazırda da Milli Məclisin Aqrar Siyasət komitəsinin sədridir, hələ də Azərbaycan dilini bilməyən və bilmək istəməyən Mixail Zabelin YAP-ın Siyasi Şurasının üzvü, deputatdır, iş adamı Madər Musayev isə Binəqədi rayonunun “əbədi” deputatı seçilib. Mən hələ xalq artisti, deputat Zeynəb Xanlarovanı demirəm...
Bu siyahını davam etdirmək olar. Keçmiş baş nazir, hazırda Azərbaycanın Macarıstandakı səfiri sən Həsənov, Baş nazirin müavini,"Qaçkınkom"un sədri və qaşqınların düşməni olan Əli Həsənov, Su və Meliorasiya Komitəsinin sədri Əhməd Əhmədzadə və digərləri...
Sadəcə qəzetin mənə ayırdığı bir köşəlik yer bu insanların hamısının adlarını və onlar haqqında bildiklərimi yazmağa imkan vermir. Bir də onsuz da dəyərli oxucum bu adların kim olduğunu məndən qat-qat yaxşı tanıyır və bilir. 
sonda! Bütün bunalara baxmayaraq, bu gün biz sevinməliyik ki, müstəqilik. Bu müstəqilliyi bizə kimin tərəfindən, nər və hansı yollarla əldə olunmasına baxmayaraq, sevinməliyik. Hətta kimlərinsə Müstəqillik Aktına səs verib-verməməsindən asılı olmayaraq. Çünki başlıcası olaraq biz müstəqilik. Çünki bu gün hələ də bu müstəqillik uğrunda döyüşən və müstəqilliyi əldə etmək istəyən çox dövlətlər və çox insanlar var. Olacaq da. Buna görə də onlara təşəkkür etməyə dəyər.  Ən əsası isə odur ki, gərək müstəqilliyimizi heç vaxt itirməyək...

Комментариев нет:

Отправить комментарий