Страницы

14.10.2011

Arabaçı-şair, “Leyli və Məcnun” müəllifi Dədəkişi ilə müsahibə

Sonuncu “Leyli və Məcnun”u yazan şair haqqında yazımdan sonra çoxlu zənglər, mesajlar gəldi. Çoxu belə bir şairin varlığına inanmırdı, onu müəllifin uydurması sanırdılar. Axı bu necə ola bilər? Bu cür istedadlı şair vağzalda yer süpürsün, arabanın üstündə yatsın?!

Dədəkişini axtarıb tapmaq və ondan müsahibə götürmək qərarına gəldim. Elə oldu ki, özü zəng vurdu və mənimlə görüşmək istədiyini bildirdi. Səməd Vurğun bağının yaxınlığındakı çayxanalardan birində oturub söhbətləşdik.



Sən demə, Dədəkişi xeyli vaxt imiş ki, vağzaldakı işindən ayrılıb Cəlilabada qayıdıbmış.



- Oxucular səni müəllifin uydurması hesab edirlər. Bir az özün haqda danış. 

- Bizim xalq onsuz da hər zaman şairi mifləşdirməyə meylli olub. Şairi gerçək bir insan kimi qavramağa bizdə həmişə çətinlik çəkiblər. Sanki şair elə ömür boyu zillət içində yaşamalıdır. Şairin it günündə yaşamasından qəribə şəkildə ləzzət alanlar var. Bu, acı bir gerçəklikdir. Amma o inanmayanlar ki, var ha, guya bunu bilmirlər?

- Sən uzun müddət vağzalda yükdaşıyan işləyibsən, yük daşımaqla şeir yazmaq səninçün çətin olmurdumu? 

- Özün yaxşı bilirsən ki, bu cəmiyyətdə yazı-pozuyla ailə saxlamaq müşkül məsələdir. Mütləq başqa bir işlə məşğul olmalısan ki, ailəni saxlaya biləsən. Mənim başıma o qədər müsibətlər gəlib ki! Bax, bu Vurğun bağında uzun müddət ağacların dibində yatmışam. Ailəm ac-susuz qalıb. Sonra kartof alıb satmaqla məşğul olmuşam ki, acından ölməyək. O vaxt “Qaraçı qız” şeirini yazmışdım.

Nə mənası, qaraçı qız, əzməyin,
Çox dərdi var dərə, təpə, kəsəyin.
Sənin məndən təmənnasız istəyin
Köhnə qaloş, cırıq şalsa, nə dərdim!.. 


Uzun əzab-əziyyətlərdən sonra 1998-ci ildə bu vağzalda işə düzəldim, 2002-ci ilə qədər burda işlədim. Ondan sonra gördülər ki, yaxşı işləyirəm, məni qanuni şəkildə işə götürdülər. Amma yazılarımdan xəbərləri yox idi. Orda arabaçıların öz otaqları olur, sən özün də bir neçə dəfə yanıma gəlibsən, görmüşdün, mən şeirlərimi həmin o otaqda yazırdım. O otağı da mənə çox gördülər və mən məcbur olub işdən çıxası oldum.

- Rayona getmək qərarını verəndən sonra işdən çıxdın? 

- Yox, mən heç bir qərar vermədim, məni sadəcə, məcbur elədilər. Təsəvvür et, altı nəfərlik ailəni 75 manat maaşla saxlamaq olarmı? Özü də ailədə işləyən təkcə mən idim. Mən bu qəpik-quruşla bu boyda şəhərdə neyləyə bilərdim? Mən yazılarımı kompüterdə yığdırıram, bir şeiri bir manata yığırlar, həftədə üç şeir yazıb yığdırsam, bu üç manat eləyir, sonra diskə pul ver, kağıza pul ver. Çatdıra bilmirdim, özüm də siqaret çəkən adamam. Mən orda yer süpürəndə utanırdım, amma ailəmi düşünürdüm, kişi hər iş olsa işləyər, təki onun ailəsi ac qalmasın. Təsəvvür et ki, mənim o qəpik-quruş qazancımda da gözü olan adamlar var idi. Axırda məni o fəhlə otağından da qovdular.

İndi bir kitab hazırlayıram. “Qulaqsız eşşək”. O kitabı oxuyanlardan hər kəs öz payını götürəcək. Mənə irad tutan olsa deyəcəyəm ki, sən suyu bulandırırsan, bəs biz hardan su götürək? Axı biz də sənin qabağına yem atanlardan olmuşuq?!

Sənə bir şey danışım. Təzə işləyən vaxtlarda arabam yox idi, dedilər ki, özünə təzə araba götürmək istəyirsənsə, 50 manat verməlisən. A kişi, hambaldan da bunlar pul istəyirdilər, arabaçı hambal sayılır də, hambalda 50 manat nə gəzir? Mən qəti etiraz elədim və arabamı da aldım.

- Nə vaxt hiss etdin ki, səndə bu istedad var? 

- Şeir yazmağa səkkizinci sinifdə oxuyandan başlamışam, onda heç bilmirdim ki, şeir nə deməkdir. Amma uşaqların hamısına demişdim ki, mən böyüyəndə şair olacağam. Bu, bir Allah vergisidir, hər adamda olmur. Amma indi millətin səksən faizi şeir yazır, istedadı oldu-olmadı, hamı yazır. Belə olmaz axı. Düzdür, mən Səməd Vurğun ola bilmərəm, amma bu boyda poemanı ortaya qoya bilmişəmsə, deməli, məndə bu istedad var da.

- Yaxşı, bəs bu “Leyli və Məcnun”u yazmaq ideyası hardan ağlına gəldi? 

- Bir dəfə Şahsuvarın çayxanasında oturmuşduq, Eyvaz Kamranoğlunu sən tanıyırsan də, hə, onun əlində “Leyli və Məcnun” kitabını gördüm. Kitabı ondan alıb bir xeyli hissəsini elə ordaca oxudum.

- Nizaminin, yoxsa Füzulinin “Leyli və Məcnun”u? 

- Nizaminin. Oxudum və mənim çox xoşuma gəldi. Səməd Vurğunun tərcüməsində o əsər çox gözəl səslənir. Düşündüm ki, bəlkə mən də belə bir dastan yazım? Çoxu dedi ki, a kişi, bu sənlik deyil, amma Nazim Əlioğlu var, şairdir, o dedi ki, mənə elə gəlir sən bunu yaza bilərsən, mənə bir az ürək-dirək verdi. Mən də qarşıma məqsəd qoydum və yazdım. 2006-cı ildə başladım, 2009-cu ildə bitirdim. Nizami Kərbəlanı təsvir edirsə, mən hadisələri Azərbaycan ərazisinə köçürdüm, yəni bütün hadisələr Azərbaycanda baş verir. Nizamiyə sifariş verilmişdi ki, bu əsəri farsca yaz. Mənə ki, sifariş verən yox idi, tam sərbəst idim və istədim bu əsəri azəri türkcəsində yazım.

- O əsəri çap etdirə bildin? 

- Bəli, kitab şəklində çap olundu.

- Son vaxtlar satirik şeirlər, həcvlər yazırsan. 

- Satirik şeirlər əvvəllər də yazırdım. Amma son bir ildə mən ardıcılı olaraq satiralar yazmağa başladım. Sənin də, mənim də yaxın dostumuz olan şərqşünas alimimiz İbrahim Quliyev məni həvəsləndirdi, istiqamət verdi ki, səndə satirik üslub çox yaxşı alınır. Mən son vaxtlar əruzu əməlli-başlı öyrənməyə başladım. Əruzda fikir aydınlığını, axıcılığı qorumaq şərtilə bölgülərə də ciddi əməl olunmalıdır. Mən bir az özümə tənqidi nöqteyi-nəzərdən yanaşdım, öz üzərimdə daha ciddi işlədim.

- Yeri gəlmişkən, satiradan söz düşdü, yəqin xəbərin var, Rafiq Tağının Sabir haqda bir yazısı dərc olundu, o belə düşünür ki, Sabir bir çox şeirləri ilə milləti təhqir edib. Sən nə düşünürsən? 

- Bilirsən, guya o vaxt bütün millət yatıbmış, təkcə Sabir oyaq imiş. Digər şairlər qoyun otarmağa gedibmiş. “Molla Nəsrəddin”çi şairləri yadına sal. Əliqulu Qəmküsar, Ordubadinin, Abdulla Şaiqin başqa imza ilə “Molla Nəsrəddin”də nə qədər satiraları çıxıb. Onları xatırlamaq lazımdır. Düzdür, Sabir öz “Hophopnamə”siylə onların hamısını üstələdi. Amma Sabir bir yerdə çox dəhşətli bir səhv buraxıb, deyir “cin görür, şeytan görürəm, qorxmuram, harda müsəlman görürəm, qorxuram!” Müsəlmanı şeytandan da qorxunc bir məxluq kimi qələmə verib, şeytanı müsəlmandan üstün tutub. Düzdür, o vaxt müsəlman adına ləkə gətirən adamlar çox olub, amma Sabir yaza bilərdi ki, bəzi müsəlman görürəm, qorxuram. Axı bunu bütün müsəlmanlara şamil eləmək olmaz. O dövrdə ləyaqətli, savadlı, mütərəqqi düşüncəli müsəlmanlar da olub. Bax, burda Sabir səhvə yol verib.

İndi neyləyək, Çin malı kimi alnımızı etiket vurulub ki, sən müsəlmansan.

- Dədəkişi, indi rayonda nə işlə məşğul olursan? 

- Ocaqlı kəndi mənim doğulduğum yerdir. Orda ailəmi yığmışam başıma, öz təsərrüfatımı yaratmışam. İnək almışam, at almışam, kotan almışam, torpağı əkib-becərməklə məşğulam. İnsan hara getsə də axırda torpağa üz tutur. Bütün mənalarda.

Kənan HACI             kulis.az




Комментариев нет:

Отправить комментарий