Страницы

26.10.2011

Cobs, Qəddafi... Bağırov...


Svetlana Quliyeva

İnsanların qəribə, izaholunmaz xüsusiyyətləri çoxdur. Onlardan da biri axına düşmək. “Qonşudan qalma dala” prinsipinə kor-koranə tabe olmaq istəyi. İllah da ki, biz – azərbaycanlılarda.

Hamının etdiyini etməliyik mütləq. İnsanların ümumi, milli “dərdinə” şərik çıxmasaq, yaşaya bilmərik.

Əlinə həyatı boyunca bir dənə də olsun “Apple” məhsulu almayan, “Apple” sözünün “alma” anlamından qeyrisini indiyədək heç tanımayan, Stiv Cobsun adını nə evdə, nə qonşuda eşidənlərin hamısı bir ağızdan ağı deyib ağladılar onun ölümünə. Özü də elə ağladılar ki, Cobsu qəbirə aparan xərçəng belə etdiyi əmələ peşman oldu.

Sonra da sıra gəldi Qəddafiyə...

Bir ara bütün şəhər “modabaz” gənclərimiz tərəfindən adamın gözünü ağrıdan sarı rəngə boyanantək, Facebookun xəbər lenti də Qəddafinin ölüm videolarına bələndi...

Olarmı heç?! O boyda şəxsiyyət, lider, nə bilim, diktatoru qətlə yetiriblər! Paylaşmamaq olarmı?!

Hə... bir də ki, yay aylarında camaatımıza birdən-birə agah oldu ki, Eduard Bağırov adlı bestseller müəllifi var imiş, özü də azərbaycanlı imiş, özü də ki AYB üzvü! İşə bir bax! Özü də həbs olunub!

Bağırov söz-söhbəti Cobsla Qəddafinin ölüm vay-şüvənindən bir az əvvəl ortaya çıxdı, hələ davam edəcək də. Amma əsas olan bu deyil. Əsas olan odur ki, heç Bağırovu da tanımadan, bir əsərini belə oxumadan, ha tərəfdən azərbaycanlı, ha tərəfdən rus olduğunu heç bilmədən hamı “AYB üzvünün Moldovadakı həbsindən” yazdı...

Cobsla Qəddafiyə mən də acıyıram, amma hamının bu ölümləri aktual problemə çevirməsi məndə ikrah hissi doğurur. Hər gün minlərlə günahsız insan qırılır, heç onları yada salan yoxdur...

Bağırova gəlincə, mən məşhur “Qastarbayter”i 2009-cu ildə oxumuşdum, bestseller olduğu tarixdən iki il sonra.

Ona görə də bu qədər təəssüflə oxuyuram onun haqqında yayılan həbs-qaçış xəbərlərini.

Heç 2007-ci ildə, Bağırov bütün Rusiyanı öz əsəri ilə fəth edəndə onun haqqında azərbaycanlıdır deyib yazan olmadı...

Bu gün Eduard Bağırovun ad günüdür.

Azərbaycanlıların çox az tanıdığı, əsərlərini, demək olar ki, heç oxumadığı, lakin buna baxmayaraq, özünü azərbaycanlı hesab edən Eduard Bağırovun ad günü... Təbriklər, həmvətənlimiz...



kulis.az

Комментариев нет:

Отправить комментарий