Страницы

26.10.2011

Səlim Babullaoğlu: “Kimyagər”in 4 variantı kimə lazımdır?!”

“Tərcümələrin redaktəsi bərbaddır”

Oktyabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda 2005-2011-ci illərdə tərcümə işinin vəziyyəti mövzusunda “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlunun qurultayqabağı məruzəsi dinlənilib.

Bu günlərdə Səlim Babullaoğlu Azərbaycanda tərcümə işinin vəziyyəti ilə bağlı eksklüziv müsahibə verib.


- Qısaca da olsa məruzəniz haqqında məlumat verərdiniz.. 

- Bu məruzə AYB-də növbəti qurultayqabağı dinlənilən, ədəbiyyatın, tərcümə işinin mənzərəsini əks etdirirdi. Məruzə 43 dəqiqə dinlənildi. Oxumadan, yəni şifahi. Oxusaydım, yəqin, çox olardı. Mümkün qədər auditoriyanı nəzərə alıb az danışmağa çalışdım.


Məruzəmdə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Slavyan Universitetinin bazasında nəşrə hazırlanan, dövrün ən ciddi və əhəmiyyətli mədəniyyət və ədəbiyyat hadisəsi olan 150 cildlik kitab seriyası, AYB-nin nəşrləri - “Azərbaycan” jurnalı, “Ulduz” jurnalı, “Ədəbiyyat” qəzeti, “Xəzər” jurnalı, “Alatoran” jurnalı, “Kaspi” qəzeti, vaxtilə nəşr olunan “Sənət” qəzeti, elektron resurslar (Kultaz.com, Lit.az, Kulis.az, Azadlıq radiosunun “Oxu zalı” proyekti) və tərcümə ədəbiyyatına aid nəşrlərin fəaliyyətinə yer verdim. Ancaq tərcümə olunan ədəbiyyat vahidləri o qədər çoxdur ki, hamısı haqqında məruzədə danışmaq mümkün deyildi. Digər tərcümələr haqqında danışmağa çalışdım. 2004-cü ildə əsasını qoyduğumuz “Dünya ədəbiyyatından books” seriyasından 20 kitab çap olunub, “525-ci kitab” seriyasından çap olunan 22 kitabın 9-u dünya ədəbiyyatındandır, “Qanun” nəşriyyatının “Ən yeni tərcümə” və “Klassiklər” seriyası, Slavyan Universitetində əsası Kamal Abdulla tərəfindən qoyulmuş “Filoloqun kitabxanası-100” layihəsindən kitablar çap olunub, “Fəlsəfi fikir ensiklopediyası” seriyası var, “Mahmud Kaşğarlı fondu” ilə “Rəsul Rza fondu”nun birgə çap etdirdiyi kitablar var ki, bunlar haqqında da danışdım. Gözümə dəyən, əhəmiyyətli kitablar haqqında danışdım. Bütün məlum tərcümə ədəbiyyatı haqqında ən azı informativ məlumat verdim. Ümumilikdə 2005-2011-ci illərdəki tərcümə işi, bu mənada ədəbiyyatının vəziyyəti müstəqillik dövründə ən yaxşı nəticədir.

Məruzənin işi qiymətləndirmək deyil, düşünürəm zaman-zaman bu kitablar haqqında ədəbi tənqid fəal olacaq. Çap olunan tərcümə kitablarıyla onlar haqqında yazılan məqalələr arasındakı fərq dənizlə damla kimidir. Ədəbi tənqid tərcümə ədəbiyyatına qarşı diqqətli deyil. Reaksiya yoxdur ədəbi tərcüməyə. Bu laqeydlikdir. Bu peşəkarların bir-birinə laqeydliyidir. Ən çox tənqid olunan “Dünya ədəbiyyatı” dərgisi, xüsusən mən olmuşam bu illər ərzində, qəribədir, 10 yazı yazılıbsa, 5-i bizim haqqımızda olub. Doğrusu, bu məni çox təəccübləndirdi. Orda da təşəkkürümü bildirmişəm həmin adamlara, indi də təşəkkürümü bildirirəm. Ancaq belə məlum oldu ki, biz tənqiddə də, təqdirdə də kompaniya sevirik.

- Konkret bu ilin mənzərəsi necədir ədəbi tərcümə sahəsində? 

- 2005-i ili çıxsaq, bu ilin birinci yarım ilinə qədər olan dövrü pik hesab eləmək olar. Bu il izlənilən yüksəliş xətti qalır. İndi yeni layihələr yoxdur. İnersiya ilə tərcümə işi qazandığı uğuru davam etdirir. Bu il əvvəlki illərdən geri qalmır.

- Ədəbi tərcümə işinin problemləri çoxdur. Ancaq ən üzdə olan, gözlə görünən problemlərdən danışaq. 

- Tərcümə olunan kitabların redaktəsi çox biabırçı vəziyyətdədir. Tərcüməçilərə yaxşı qonorar verilmir. Tərcüməçiyə verilən qonorar çox gülüncdür. Söhbət dövlət xətti ilə çap olunan ədəbiyyatdan getmir. Dövlət xətti ilə olunan tərcümələrdə qonorar yüksəkdir... Məhz buna görə tərcüməçi tərcümə elədiyi əsərə tam olaraq aludə ola bilmir. Tərcümə işi belədir ki, gərək başladınsa, yarımçıq qoymayasan. Rusiyada və digər ölkələrdə tərcüməçi bir müəllifi götürür və onun tərcüməçisi kimi ixtisaslaşır. Bu ilk növbədə sənətə peşəkar münasibətdir. Sonra naşirlər bilir ki, hansı müəllifə görə hansı tərcüməçiyə müraciət etmək lazımdır, ona hansı məbləğdə qonorar verilməlidir. Ən önəmlisi isə işə peşəkar münasibət yaranır. Bizdə bu yoxdur.

Ən böyük problemlərdən biri bir əsərə dəfələrlə müraciət edilməsidir. Məsələn, Paulo Koelyonun “Kimyagər” əsəri 4 müxtəlif variantda tərcümə olunub dilimizə. Mən hesab eləmirəm ki, Paulo Koelyo dörd dəfə müraciət olunmalı müəllifdir. Bu əsər bestsellerdir. Bu əsər bir damla pritça, bir vedrə “su” dan ibarətdir. Bu bir qədər təəccüblüdür. Bizdə tendensiyaçılıq var. Koelyo, Markes heyranlığı var. Markes yaxşı yazıçıdır. Ancaq o artıq gözəl əsərlərini yazmış yazıçıdır. Dünya ədəbiyyatı yenilənir, hər gün yeni müəlliflər yetişir ki, onlardan bizim xəbərimiz yoxdur. Üstəgəl, unutduğumuz o qədər vacib müəlliflər var ki. Digər ən ciddi problem poeziyadadır. Xüsusən də ölçülü-biçili poeziyada. Müasir tərcüməçilər tərcümə etdikləri poetik nümunəni azərbaycanlaşdırmağa çalışır və poeziyanın səs hadisəsi olduğunu unudurlar. Hər bir poetik mətnin yalnız o dilə aid unikal səs hadisəsi olduğunu unuduruq. Hər bir mətni səlis, anlaşıqlı Azərbaycanca olmasını, daha doğrusu milli poeziya nümunələrinə oxşamasına çalışırıq. Bu yaxşı şeydir orijinala xələl gəlməyəndə. Poetik mətnin yarandığı dildə səs sırası necədirsə onu imitasiya eləmək lazımdır. Ya bunu etməyə çalışmaq lazımdır, ya da ənənəvi fransız metodu var. Poetik mətni filoloji tərcümədə verirsən, altından da şeir haqqında məlumat yazırsan. Əsas ciddi problemlər bunlardır.

- Tərcümə Mərkəzinin fəaliyyəti hansı səviyyədədir? 

- Onlar da çox böyük fədakarlıq edirlər. “Xəzər” jurnalının sayları çıxır. 2004-cü ilin ikinci yarım ilindən təkrar fəaliyyətə başlayıblar. “Xəzər” jurnalını deyirlər. Həmin il iki, sonrada hər il dörd nömrə nəşr ediblər. Bu mərkəzin fəaliyyəti qənaətbəxşdir. Çox yaxşı və lazımlı işlər görür, keyfiyyətli tərcüməçilər yetişdirirlər. Düzdür, görünür maliyyə problemləri üzündən son saylarının yalnız elektron versiyalarını hazırlaya biliblər. “Xəzər” jurnalının bazasında Ülkər Nəsibbəyli kimi savadlı tərcüməçi yetişib. O qız çox məhsuldar və iz qoyan bir tərcüməçi olacaq. Rövşən Ramizoğlu da bu bazada yetişən ən yaxşı tərcüməçilərdəndir.

- Sizi təəccübləndirən şeylər oldumu dövrü təhlil edəndə? 

- Bəzən birbaşa Avropa dillərindən tərcümə olunan əsərlər var ki, çox ciddi qüsurlarla dolu olur. Amma Əkrəm Əylisli üçüncü dildən tərcümə etsə də, yüksək peşəkarlıqla edib tərcümələrini. Məsələn, Markesi. Ya da, məsələn, yazıçı əsəri almanca yazıb, tərcüməçi əsəri fransız dilindən edib, və ya ingilis dilindən, amma altına yazılıb ki, orijinaldan tərcümə. Belə gülməli hallar da vardı.

- Belə çıxmır ki, tərcüməçi həm də yaxşı yazıçı olmalıdır... 

- Tərcüməçi yaxşı yazıçı olsa, tərcümə sənəti qazanar. Yazıçı olmayan yaxşı tərcüməçilər də var. Məncə yaxşı tərcüməçi, yaxşı yazıçı qədər peşəkar olmalıdır.

- Dilin imkanlarını bilmədən, dili səlis qavramadan tərcüməçi olmaq mümkündürmü? Ən az tərcüməçi dili yazıçı səviyyəsində duymalıdır. 

- Əlbəttə, tərcümə sənəti bu şərtlər olduğu təqdirdə mümkündür.

- Bu günə nəzər salıb, təhlil edib tərcümə ədəbiyyatının gələcəyi ilə bağlı proqnoz vermək olarmı? 

- Əvvəl biz rus dilinin vasitəsi ilə, icazə ilə tərcümə edirdik. İndi müstəqilik. Şans və şərait var işləməyə. Ancaq bizim naşirlər, tərcüməçilər müasir ədəbiyyatla yaxından maraqlanmalı, Avropanın bukmeker kontorları ilə əlaqə yaratmalıdırlar. Nəbzi zamanında tutmalıdırlar. Biz dünya ilə 20-30 il fərqlə işləməməliyik. Bu ikinci bir şans yaradır. Azərbaycan ədəbiyyatının dünya dillərinə çevrilməsi imkanı yaranır.

- Azərbaycan ədəbiyyatının dünya dillərinə tərcüməsində vəziyyət necədir? 

- Sistemli şəkildə biz məşğul olmuşuq. Məsələn, bu illər ərzində Füzulinin “Şikayətnamə”sindən Pərviz Yusifin “Qum kəndir”inə qədər 51 Azərbaycan müəllifini əhatə edən, ingiliscə “Azərbaycan nəsri antologiyası” çap etdirmişik. Polşada 17 Azərbaycan müəllifinin əsərlərindən ibarət “Qırmızı limuzin” adlı Azərbaycan nəsri antologiyası çap olunub. Ukraynada “Kiyevski rus” jurnalının bir nömrəsi bütövlükdə Azərbaycan ədəbiyyatına həsr olunub. O jurnalda 80-ə yaxın müəllifin əsəri var idi. Gürcücə, özbəkcə, rusca, türkcə və s. və i.a. Bu cür işə dövlətin dəstəyi lazımdır. Bunun üçün xüsusi fond, təşkilat və ya qurumun olması vacibdir. Ölkəni tanıtmaq üçün musiqidən də, teatrdan da, kinodan da vacib olan ədəbiyyatdır. Bu olmasa, dünyadakı Azərbaycan obrazı yarımçıq olacaq. Bu mütləq həllini tapmalıdır. Naşirlərin dünyadakı prosesi izləməsi də faydalı olacaq. Çağdaş ədəbiyyatın tərcüməsi bütün dünyada mübadilə formasında olur. Biz bu təcrübədən də faydalanmışıq.

- Ümumi mənada nikbinsiniz? 

- Əlbəttə, nikbin yanaşmaq lazımdır. Azərbaycanın inkişafı, iqtisadi vəziyyətin yaxşılaşması bu sahəyə təkan verəcək. Eyni zamanda kitab mağazaları arasında sağlam rəqabət bu inkişafda mühüm rol oynayır. Kitab satışında rəqabətin olması çox yaxşıdır. Məncə bu inkişafa xidmət edəcək.

Söhbətləşdi: Cəlil Cavanşir                       kulis.az

Комментариев нет:

Отправить комментарий