Страницы

29.10.2011

Çox xoşbəxt görünürsən; Can verirsən deyəsən…

Mətləb Ağa

1975-ci  ildə Salyanın Beşdəli kəndində doğulub. 1997-ci ildə BDU-nun hüquq fakultəsini bitirib. Hazırda Respublika Prokurorluğunda çalışır. Erkən yaşlarından ədəbi yaradıcılıqla məşğul olur. 90-cı illərin əvvəllərindən mətbuatda şeirləri ilə çıxış edir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Füzuliyə

Söndürüb odu, çırağı,
Batmışıq şam işığına.
Özümüzü dəli kimi,
Atmışıq şam işığına

Əlimiz eşqin əlində,
Bir ilahi din əlində.
Qurtulub düşmən əlindən
Çatmışıq şam işığına…


Bir özgə kimsə bilmədi,
Bu hücrə, bu işıq nədi?
Özümüzü  didim-didim,
Didmişik şam işığına

Sönən şamlara ağlayıb,
Gecə-gündüz yas saxlayıb,
Yatanda da yuxulayıb
Yatmışıq şam işığına.

Gün gəldi, bayıra vardıq,
Boylanıb Günəşi gördük,
“Allah”-dedik- “nə oxşardı
Bu işıq şam işığına…”

Adam

Görürsənmi, yağış yağır,
Dur yuyun, günahkar adam.
Ah, nə gözəl, nə xoş yağır,
Dur yuyun, günahkar adam.

Allah insaflı Allahdı,
Hamıdan haqlı Allahdı.
Bu yolun axrı Allahdı,
Dur yuyun, günahkar adam.

Burda yağar, orda yağmaz,
Bir də yağar, bir də yağmaz?
Haqq quzuya, qurda baxmaz,
Dur yuyun, günahkar adam.

Unut                                                                                             

Gələr eşqin payızı
Sən də çıxıb gedərsən.
Qurtararıq hər şeyi
Sonda çıxıb gedərsən.

Hər şey, hər şey yox kimi,
Məktublar yarpaq kimi.
Elə bil bir ah kimi
Candan çıxıb gedərsən.

Unut, heç nəyi anma,
günahsa da arınma
Tanrıtək gəldin, amma,
bəndə çıxıb gedərsən.

Sevməz məni

Məni sevməz bu adam,
neynim, ölsəm də sevməz.
Hey pıçıldar, pıçıldar:
“nə olur sən də sevmə”…

Çıxıb getsəm dünyadan,
Sonra dönsəm bir daha,
Məni sevməz bu şeytan,
And versəm də Allaha.

Hər şey ötər, dəyişər,
Yenə tək qalaram, tək.
Şeytan olsam da sevməz,
Sevməz məni bu mələk…

 Deyəsən

Ölməkmi istəyirsən
Bu vaxtında gecənin?
Gecdi, qalsın sabaha,
Düşün olub keçəni.
Nə olsun ki, qaranlıq
Xatırladır ölümü.
Tabuta oxşayırsan,
Çək üzündən əlini…

Gecdi, sabah ölərsən,
Hər şey yaxşı olacaq.
Güldandakı çiçəklər,
Qorxma, sənə qalacaq.

…kipriklərin yumuldu,
eşitməzsən, nə desəm.
Çox xoşbəxt görünürsən;
Can verirsən deyəsən…

Комментариев нет:

Отправить комментарий