Страницы

29.10.2011

Feyziyyə: “Bizdə çox şeyin adı var, özü yoxdur”


Ədəbiyyatımızda yeni imzaların görünməsi sevindirici haldır. Istedadlı yazarların əsərlərini oxuduqca düşünürsənki, nə yaxşı ki, başqa sahələrdə olduğu kimi ədəbiyyatımızda çəkilmələr yox, qabarmalar hiss olunmaqdadır. Təbiət hadisələri ilə başladığım bənzətmələr sozsüz ki, ədəbiyyatımızın inkişaf etməsinə işarədir. Yeni imzalardan bəhs etməkdə olduğum məqamda istedalı yazar Feyziyyədən söz açmamaq düzgün olmazdı. Maraqlı və diqqətçəkən hekayələri və oxucunu öz aurasında saxlayan şeirləri ilə ətrafa mesaj yollayan xanım yazar, bu günlərdə “Mesaj adlı kitabını oxucularına təqdim etdi. Elə Feyziyyənin Mesajnın sevinci dostlarını və ədəbi ictimaiyyəti tərk etməmiş onunla görüşdüm. Ilk sualım:


- Feyziyyə kimdir?- oldu.

- Nədənsə müsahibə üçün mənə ünvanlanan suallar məhz bu cür başlanır. Deyirlər, o, hərdən nəsə yazır.(gülür)

- Tez-tez yuxular görürsən? Yuxularının yaradıcılığına təsiri olurmu?

- Yuxu görürəm. Məncə yuxular istənilən yaradıcı insanın fəaliyyətinə müəyyən təsiri olur. Adam var şeirini oxuyub bitirəndən sonra gözəl bir yuxu gördüyünü düşünürsən, adam var şeirini oxuyanda bilirsən ki, onu yuxulu yazıb.(gülür)

- Sözlə yola gedə bilirsənmi? Səni çox incitmir ki?

- Mənim adım və “yola getmək” - düzü heç yanaşı qoyulası sözlər deyil. Amma təbii ki, buna çalışıram. Həyatda hər şeylə və hamıyla yola getmək çətindi. Yer üzündə millətlərin dilindən başqa hər adamın, hər əşyanın dili var, bu yeni fikir deyil. Onu tapa bilmədinsə, yaxud heç əvvəldən yox imişsə, məsələn, lalların dili kimi, sənə də çətin olur onlara da. Böyüdüyün ailənin üzvləri, illərlə çörək yediyin dostların birdən nəsə danışırlar və sən onların, onlar da sənin nə dediyindən baş aça bilmirsə, yaxud arxanı söykəyib güvəndiyin divarlar da bir gün ayaq açıb barmaqlarının ucunda yavaşca harasa, məsələn, özünü yanında daha güvənli hiss edə biləcəyi birinin yanına gedirsə, sonra çox çətin olur adamlarla yola getmək, kimisə və nəyisə incitməmək...   

- Bu mesajı kimə ünvanlanıb? Niyə kitabının adı “Mesaj” qoyulub?

- Şeirlərimə izah verə bilmədiyim kimi, çox güman ki, bir il oturub fikirləşsəm də buna sizi və özümü qane edəcək cavab tapa bilmərəm. Amma bir məqamı qeyd edə bilərəm. Mənim bircə şerimin adı var, o da “Mesaj” adlanır. Bəlkə də oxuyanlar şeirin onun adına heç bir aidiyyatı olmadığını düşünərlər. Ola bilsin ki, şeirdə olduğu kimi elə kitabın adına da təsadüfən verilib.

-Ədəbiyyatımızda gedən proseslərə münasibətiniz necədir?

- Məncə elə bu cür də olmalıdır. İqliminə, yerləşdiyi coğrafi məkanına uyğundur proseslər. Qanuna uyğunsuzluq görmürəm(gülür).

-Yaradıcılığa şeirlə gəlmisiniz, ama nəsrdədə özünüzü sınayırsız. Hansı zərurətdən yarandı bu, şeirdə özünüzü tam ifadə etmək qorxusu yoxdur ki?

- Məncə buna nəsrdə özünü sınamaq demək olmaz. Cəmi bir neçə hekayəm var, onun da ikisi çap olunub. Nəsrdə özümü sınamağı hələ düşünürəm. İfadə etmək qorxusu isə heç vaxt olmayıb. Qarşında pilləkən varsa, çıxmaq istəyi məncə çox normaldır.

- Posmodernizmdən çox bəhs olunur. Elələri də var ki, bu cəryanın mahiyyətinə varmadan özünü bu sırada görür. Siz necə, hansısa sırada dayanmağı xoşlayırsız? Ədəbiyyatımızda başqa hansı cərəyanlar var?

- Bizdə çox şeyin adı var, özü yoxdur(gülür). Mən bir yerdə dayanmağı bacarsaydım, məmnuniyytlə özüm üçün dediyiniz sıranı seçərdim. İldə bir-iki nəsə yazan müəllif kimi mənə kənardan baxmaq daha münasib görünür.

- Buna bənzər suallar çox verilsədə, mənə çox marağlıdır, AYO AYB- dən nəyi ala bilmir? Yaxud AYB-yi Ayo-ya nə verməlidir vermir və çəkişmələr davam etməkdədir?

- Məncə alacaq və veriləcək bir şey yoxdur, son vaxtlar heç çəkişmə təəssüratı da bağışlamır. Hər iki tərəfin üzvləri, Qulu Ağsəs demişkən, çayxanada otura bilirlərsə, məncə şərik heç nə yoxdur ortada. İki balaca uşaq qısqanclığı, bir də aşiq- məşuq sevgisi var arada. Məncə bunların biri olmasa, yaxud, allah eləməmiş, iki qurum birləşsə, ümumi mənzərə maraqsız olar.

- “AYO deyilən bir şey yoxdur” – deyənlər də var, doğrudanmı bu belədir, bu ifadə ilə bağlı nə deyə bilərsiz?

- Mən eşitməmişəm. Necə yoxdur? Bəs AYB öz-özü ilə çəkişir?(gülür)

- Niyə teatrlarımızda bu günün yazarlarının əsərlərinə rast gəlinmir? Teatırlarımızı bəyənmirlər, yoxsa köhnə yazarları bəyənməyənlər, bu janırda özlərini doğrulda bilmirlər?

- Bu çox zaman alacaq mövzudur. Belə mövzular diskusiyalarda çözüləcək mövzudur.

- Müasir ədəbiyyatımızda kimləri güclü yazar hesab edirsiz?

- Hesab edirəm ki, yazıların keyfiyyətindən asılı olmayaraq iddiası olan, sözü olan və sözündə cəsarətli olan yazarları güclü hesab etmək olar. Yazının hansı çəkidə olması isə sonranın işidir.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?

- Hər şeyə elə əvvəlindən “yox” deyirəm ki, xoş olmayan sonluqlara hazır olum.

- Sonda bəlkə nəyi isə deyəcəkdiniz o məsələyə toxunmadıq?

- Uşaqlıqdan sual verməyi daha çox xoşlamışam, nəyinki cavablandırmağı. Məncə kifayət qədər məsələyə toxuna bildik, ilk dəfədir bir gündə bu qədər suala cavab veririəm. Belə də maraqlıymış.

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий