Страницы

29.10.2011

Qardaşım


Rafiq Tağı.Hekayə

Bizim məktəb heç kəsin adına deyil; elə-belə “kənd orta məktəbi” adlanır. Qonşu kənddəkinəsə qardaşımın dostu Sadıq Hüseynovun adını veriblər. Əfqanıstandan tabutu gəlmişdi.
Ali Sovet lütfkarlıq göstərib – bundan sonra yaşayacağının əvəzini çıxırmış kimi qəhrəman adı verməklə, həm də sanki cəza çəkməyə gəldiyi bu dünyadan onu amnistiyaya saldı.

Yarışırmışlar. Qardaşımın deməsinə görə, artıq dostu onu udub. Sadıq ölməklə qalib gəldi.
Atam qardaşıma hey məsləhət görür – onun övladlarına məhəbbəti məsləhət və nəsihətlərlə özünü büruzə verir – tez ev-eşik olsun, inkişafda camaata çatsın. Palaza bürün, elnən sürün. Hampa ol, hampalara qoşul. Hamı necə, sən də elə, deyir.
Altdan-altdan eyham vurur: adam dirilərlə bəhsə girər.
Anam gücü göz yaşına verirdi.
Bacılarım da böyük qardaşımız üçün evlənməkdən üstün xoşbəxtlik tanımır, ona qız tapmaqdan ötrü ölürdülər. Əvvəli “h, ə” hərfləri ilə başlayan bir söz demək istədisə, bunlar elə bilir o, “hə” deyir. Ancaq bu barədə ağızlarını açan saat oğlan üz-gözünü turşudur, ağızlarından vurur.
Qardaşımın həyatda artmaqla arası yox; şəxsən özünə dair işlərdən darıxır. Xeyrindən qaçır. Cibində maaşdan artıq pul olmaz, nə olsun, həmişə göynən gedəcək: kənddə hamam, körpü tikdirmək könlündən keçir.
Əsgərliyə çağırılanda, qarşıda qəhrəmanlıq imkanı görüb, bərk sevinmişdi. Əfsus, gedib iki ilini tikinti batalyonunda – donuz damları tikməklə çürüdəsi oldu. Əvvəlcədən qəhrəman olmaq istəyini komandirlərə çatdıranda, onlar bu “qarabala”nı səfeh sanmış, acıqca onu “tikinti”yə basmışdılar.
Qardaşımın qəhrəmanlıq istəyi, nədənsə, onlara təhlükəli görünmüşdü.
Əsgərliyi qurtarmağına bircə ay qalmış, Çernobıla yaxın yerdə onu da radiasiya tutdu.
Qayıtmağına guya salamat qayıtdı, bəxtə-taleyə bax, bircə il keçməmiş rəng-ruyu ağarmağa başladı. Hərdən adama elə gəlrdi ki, dəlidi-nədi, üzünə un çəkib. Daim arxaya daradığı, sürətlə ağarmağa üz qoymuş gur şəvə saçları hər başını yuyanda çəngə-çəngə qopurdu. Analizləri pisdi. Əsgərlikdə qəhrəmanlıq arzusu puça çıxmışdısa da, deyəsən, bu “ümumxalq” sayılan, həm də dövlətlə bağlı işə düçar olmağından razı idi.
Get-gedə ölgünləşən gözlərinin dərin qatlarında daim sevinc közərirdi.
Qəhrəmanlıq əsas hərb sistemində olduğundan, bir gün yenə komissarlığa gedib xahiş edəsi ki, onu ölmək lazım gələn bir yerə göndərsinlər, onsuz tezliklə öləcək. Amanın günüdür, gümanım bir sizə gəlir.
“Təkcə başdanxarabımız əskikdi, o da böyürdən çıxdı”.
- Ağır xəstəsən ki?
- Əlbəttə, - qardaşım əvvəl çaşıb.
- Ay sağ ol, bax, özün dedin. Biz xəstəni heç yerə göndərə bilmərik.
- Xəstə deyəndə ki...
- Atamızı dalımıza sarıyarlar!
- Siz sağlam yazın. Burda nə var. Bəlkə də heç xəstə deyiləm.
- Əsgərliyindi – çəkibsən, sən deyən müharibəmiz də yox.
- Heç gizlisi də yoxdur?.. Axı, bizdə gizlisi həmişə olur. Noolar, birini təşkil edin dəə. Xəstəliyiməsə hörmət qoyun! İnsafınız olsun! Axı, mən həyatda bir iz qoymadan ölüb gedirəm...
Qardaşımın fikrincə, adsız-sansız ölərsə, bu günah dövlətin boynunda qalacaq. Bir gün mənim adıma etimadnamə yazıb qoyası: “Qəhrəman kimi ölməsəm, hökumət rəhbərlərini məhkəməyə verməyi sənə həvalə edirəm. Vətəndaş qəhrəmanlıq etmək istədi, bunlar qoymadı...”
Qardaşım həyatın faniliyini sanki anadangəlmə əxz eləmişdi. Gördükcə də ki, faniliyə uyğun boş işlər görür, bağrı çatlayırdı.
Onun atkeçməz yolları var. Bakıda mitinq və nümayişlər tüğyan edəndə, xəstə-xəstə gedib tankın qabağına uzanıbmış. Bu işi bizdən xəbərsiz tutub. Hərbçi də ya insaflı çıxıb, ya da üstündən keçməyə qorxub. İnsafına, ya lap kimdənsə qorxduğuna görə də, sağ olsun. Ola da bilər, onu xəstə görüb, basıb üstündən keçməyə vicdanı yol verməyib. Buna görə ona beşqat “sağol” düşür.
Bir iş də var ki, hərbçi onu sağlam görsəymiş, xurd-xəşil edəcəkmiş.
...Ölkəni sağlam qəhrəmanlar bürüyüb.
Qardaşımın qisməti yalnız ölməklə qəhrəmanlıqdır.
Hərdən yenə gözümüzdən harasa itir. Onda canımızı qorxu alır, sorağını alanacan bizimki bizə gəlir, ondan bir xəbər tutanacan yüz yol ölüb-dirilirik.
Axı, bizdə ölməklə qəhrəmanlıq şansları hələ durur.
Mən onun güllədən-atəşdən ölməyinə heç cür razı deyiləm. Ərkyana özünə dönə-dönə tapşırmışam da: xəstə-xəstə qəhrəmanlıq etməzlər.
Kaş o, dünyasını rahat dəyişənəcən ölkədə təzə bir inqilab-müharibə qopmaya!
Qardaşım günbəgün çıraq kimi öləziyir...
Məktəbimiz hələlik heç kəsin adına deyil.

2.X.1989 – 17.I.1990;
yenidən işlənib: 28 oktyabr 2011-ci il

Комментариев нет:

Отправить комментарий