Страницы

06.10.2011

Lənkəran

Kişilik torpaqlarımız



Yerlilər bura sadə bir ifadə ilə Lenkon deyirlər. Lenkonda hər şey göz və könül oxşayır: təbiət, dəniz, mətbəx, insanlarla ünsiyyət. Şəhər xanlıq paytaxtına yaraşan çox sanballı ədasını indiyədək qoruyub. Talışinskilər, Səmədbəy Mehmandarov, Həzi Aslanov kimi I və II dünya müharibəsi generallarının və digər dahilərin vətənidir. Dünyanın ən istiqanlı, ən mehriban, ən qonaqpərvər, ən səmimi camaatıdır yerlilər. Əsl Lənkəranlılara onların səxavətinə, zadəganlığına və zəhmətsevərliyinə görə “Xan Lənkəranlı” deyirlər.
 • Arayış
Bakı – Lənkəran arası məsafə 268 km-dir. Lənkəran ölkədəki 5 təbii coğrafi vilayətdən biridir. Dağətəyi sahəsi 200 metr hündürdə, sahil qismi isə okean səviyyəsindən 28 metr aşağıda, Lənkəran ovalığında yerləşir. Havalar qışda mü-layim, yayda isti, payızı çox yağıntılı keçir. Ən böyük çaylar Lənkərançay və Boladıçaydır. Təbii ehtiyatları və termal, mineral su mənbələri ilə zəngindir. Yay mövsümündə rütubət nisbəti 88%-ə çatdığı üçün hava dözülməz olur. Rütubətli subtropik iqlim hakimdir. 29 min ha sahə meşələrlə örtülüdür.
• Separadi kəndi
Se üç hissə, di kənd demədkir. Toponimi üç hissəli kənd və yaxud üç yerdən gələn adamların yaşadığı kənd kimi izah edirlər. Mərkəzdən 15 km aralıda yerləşən kənd folkloru ilə məşhurdur. Daha doğrusu talış folklorunun ən populyar nümayəndələri bu kənddə yaşayır.
• Ləvəngi nədir?
Cənubda, əsasən də Lənkəran mətbəxinin vazkeçilməz dadıdır. Əslində ləvəngi, toyuq və balığın içərisinə qoyulan içə deyilir. Bir neçə cür olur: cücə ləvəngi, gəraf (çöl quşu) ləvəngi, badımcan ləvəngi, balıq ləvəngi və yay ləvəngisi. Sonuncusu isti aylarda alça və müxtəlif tərəvəzləri balığın içərisinə doldurulub bişirilir. Bol vitaminli, orijinal ləzzətli, az kalorili yeməkdir. Ən ləzzətli balıq ləvəngi yalnız Xəzərdə tapılan Kütüm (Ziyad) balığından bişirilir. Əgər balığın kürüsü varsa, atılmır, o da ləvəngiyə əlavə edilərək qarışdırılır və daha sonra balığın içərisinə doldurulur. Ləvəngi balığın yanında digər balıq yeməklərində olduğu kimi mütləq narşərab və ya alça turşusu verilir. Qalan¬larını isə qozdan hazırlayırlar.
• Cənub mətbəxi
Olduqca zəngindir. 23 növ ət yeməyi, 7 quş növündən, 20 növ un məhsulundan, 9 növ balıqdan hazırlanan yeməklər məlumdur. 8 növ aş, 5 növ kükü, 28 növ meyvə xörəyi, müxtəlif növ sıldaqlar məlumdur. Qoz küküsü kimi yüksək kolorili yeməklər burada sevilən delikateslərdəndir. Yeməkdə kolori hesabı aparılmır. Bölgədə təkcə düyüdən 21 növ xörək hazırlanır. Son illərdə plov festivalı keçirilir. Cənublular düyünü çox sevirlər. Lərgəplov, paxla plov, şü-yüdplov, boranılı plov, mərci plov, süd¬lü plov, döşəmə plov, fisincan plov kimi düyü yeməkləri mövsümə görə dəyişir. Məsələn, fisincan plov yeni il axşamlarının ənənəvi yeməyidir. Onun hazırlanması olduqca zəhmətli və bahalıdır. 24 saat bişən bir yemək olduğuna insanın inanmağı gəlmir. Kilolarla qoz, soğan, nar, toyuq və digər məhsullardan hazırlanan sous qazanlara doldurularaq soyuducuda saxlanır. Hazır yeməkdir. Gərəkdiyində düyü dəmlənir və bir az fisincan isidilərək servis olunur. Olduq¬ca yüksək kolorili, ağır yeməkdir. Bəzən qışdan bişən fisincanı Novruz bayramına qədər yeyirlər. Yanvar – mart aylarında lənkəranlılar qonaqlarına daha çox fisincanplov qonaqlığı verirlər. Bura qədimdən bəri diplomsuz, profesional aşpazların diyarıdır. Aşçılıq sənəti bəzən nəsildən nəslə keçirdi. İndi də ölkənin ən məşhur aşpazları əslən Lənkərandandırlar.
• Xan evi (1913-cü il)
Mirəhməd xanın evidir. Abidə 1913 – cü ildə Talış xanları nəslindən olan Mirəhməd xanın dəvəti ilə Avropadan dəvət edilmiş fransız və italyan memarlara inşa etdirilib. Üçmərtəbəli saray Lənkəranın ilk çoxmərtəbəli binası sayılır. Azərbaycanda inqilabdan əvvəl elektrik işıqlandırma sistemi olan, mərkəzi istilik sistemi qoşulmuş ilk malikanədir. Binanın inşa tarixi də olduqca maraqlıdır. Mirəhməd bəyin arvadı Tuğra xanım 1912 – ci ildə Zaqafqaziyada keçirilən gözəllik müsabiqəsinin qalibi olur. Bundan sonra titullu gözəl xan arvadı ərindən onun üçün elə bir ev tikdriməsini xahiş edir ki, tayı – bərabəri olmasın. Xanımın şərtlərinə görə bina elə hündür olmalıydı ki, üst qatından bütün şəhər görsənsin. Arvadını çox sevən xan onun bu sifarişini yerinə yetirir. Xaricən Avropasayağı görüntüsüylə digərlərindən tamamilə fərqlənən evin içərisinə tipik Lənkəran evi interyeri hakimdir. Divarlardan vurulan taxçaların üstündə milli mətbəxin əsas simvollarından olan müxtəlif ölçülü kasalar düzülüb. Xan evi hazırda tarix – diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Ümumiyyətlə, Lənkəranda memarlığı və tarixi ilə diqqət çəkən tikililər sayca çoxluq təşkil edir.
• Şeyx Zahid türbəsi (XV əsr)
Kənd qəbiristanlığı ərazisində yerləşən ziyarətgah Şeyx Zahid Ocağı kimi tanınır. Şah İsmayıl Xətainin ana babası olan Şeyx Zahid burada dəfn edilib. Şeyx Zahid İbn şeyx Rövşən Əmir (1215 – 1300) XIII əsrdə yaxın Şərqin tanınmış alimi, filosof və təriqət başçılarından olub. Atası Rövşən Əmir İranın Gilan vilayətindəndir. Sonradan Lənkəranın Siyavər kəndinə köçüb. Şeyx Zahid bu kənddə anadan olub. O, ilk təhsilini Lənkəranın Pensər kəndində Təbrizli Seyid Cəmaləddindən alıb. Şeyx Zahidə “Zahid” təxəllüsünü də müəllimi Seyid Cəmallədin verib. Zahid ibadət ilə məşğul olan “pəhrizkar” deməkdir. Müəllimi Cəmaləddinin vəfatından sonra Şeyx Zahid 20 il yaşayıb və əkinçilik ilə məşğul olub. Şeyx Zahid eyni zamanda təriqət başçısı olub. Məhz ona görə də kəndin adı Şıxəkəran yəni Şeyx evləri adlanıb.
• Qara xan
Qoşun təşkil edərək İran təhlükəsindən qorunmaq üçün paytaxtı Astaradan Lənkərana köçürdü. Mərkəzə tabe ol-mayan feodalların torpaqlarını müsadirə edib. Lənkəranda geniş abadlıq işləri aparıb. Onun dönəmində şəhərdə ticarət və mədəniyyət inkişaf etməyə başlayıb. Bu dövrdə Lənkəran Xəzər dənizi sahilində əhəmiyyətli liman şəhərinə çevrilib. Lənkərana kənardan gətirtdiyi ustalara qala divarlarını, xan sarayını, məscid, hamam, bazar, karvansaray inşa etdirən Qara xan Rusiyaya daha çox meyl göstərirdi. 1796-cı il martın 12-də Kərbəlayi Əsədulla bəy Talış xanlığının Rusiyanın himayəsinə qəbul edilməsi haqqinda Mir Mustafa xanın məktubunu II Yekaterinaya təqdim edir. Mir Mustafa xanın Rusiyanın himayəçiliyini qəbul etməsi , Xəzərdə üstünlüyü ələ keçirmək istəyən Rusiya üçün çox əhəmiyyətli idi. 1802-ci il dekabr ayının 26-da Georgiyevsk müqaviləsinə görə Talış xanı Rusiyanın ali himayəsinə qəbul olundu. 1813-cü il yanvarın 1-nə keçən gecə rus qoşunları Lənkərana daxil oldu. 1826-cı ildə isə Talış xanlığı ləğv edildi.
• Sığon qəbirstanlığı
Qala ətrafında, həmin kəndin ərazisində yerləşir. Son tunc və ilk dəmir dövrünə aiddir. Sığon daş deməkdir. Daş qəbirlər o qədər böyükdür ki, buraya “Divlər qəbirstanlığı” da deyilir. Burada daş qəbirlər mədəniyyəti tam olaraq araşdırılmayıb. Sığon eyni zamanda “ruhların sığındığı yer” kimi də izah edilir.
• Turizm
1980 – ci ildə burda təşkil edilən səyahət və ekskursiyalar bürosu cənubdakı 7 rayon üzrə 15 istiqamətdə turist marşrut¬ları təşkil edirdi. Lənkəran 3 turizm zonasına ayrılıb.
• Sahilyanı zona
Xəzər dənizi sahilini tamamilə əhatə edir. Müalicəvi əhəmiyyətli qara qumla zəngin olan sahil boyunca meşəlik ərazidə restoran və otellər fəaliyyət göstərir. Şəhərdəki ən zövqlü istirahət növlərindən biri sahilə enib orda çay içmək və dənizi seyr etməkdir. Lənkəranda Xəzərdən xoş dəniz qoxusu gəlir. Hər tərəfdə dənizə atılmış balıqçı torları və düz sahildən keçən dəmiryoluyla hərəkət edən qatarlar, dənizkənarı park özünəməxsus aura yaradır. Vel kəndi də sahilyanı zonaya aiddir. Vel qıj bitkisinin talışca adıdır. Çoxlu qıj bitkisi bitdiyinə görə vel deyilir. Vel kəndində nəzərdə tutulan dəniz limanı turizm üçün yaxşı perspektiv vəd edir.
• Sanatoriya
Lənkəran İstisu Sanatoriyası 1980 – ci illərdə açılıb. Talış dağlarının ətəyində, şəhərin 12 km-də meşənin içərisində yerləşir. Burada suyun müalicəsinə təbiətin gözəlliyi, sakit meşə də sakinlərə dinclik və rahatlıq gətirir. İstisuda dayaq – hərəkət sistemi orqanlarının, sinir sistemi xəstəlikləri müalicə edilir. Sanatoriya mövsümi fəaliyyət göstərir, may – avqust ayları çalışır.
• Balıq
Cənub mətbəxində balığın ayrıca yeri var. “R” hərfi olmayan aylar balıq sezonu sayılmır. Sentyabrdan aprelə qədər mövsümə görə balıqlar dəyişir. Bunlardan müxtəlif növ yeməklər hazırlanır. Qovurma balıq, təndirdə balıq, tavada balıq, balıq kürüsü, soyutma balıq, girdəbic balıq (ləvəngili ziyad), balıq kababı, şor (duzlu) balıq, balıq sıldaq – bunlardan bəziləridir. Balığı yağda qızardır, təndirdə, közdə bişirir, balığın şorbasını hazırlayır və ya tərəvəz və səbzələrlə birlikdə bişirirlər. “Sıldağ” deyilən tərəvəzli balıq yeməyi talış mətbəxinin spesifik, bol vitaminli, diyetik yeməklərindəndir. Bəzən balığın içərisinə alça, soğan, göyərti, pomidor və bibər doldurub incir yarpağına və qəzetə bükür, onu isladır və külün içərisində bişirirlər. Bu üsulla bişən balıq həm tam yağsız olur, həm də balığın və içindəkilərinin diri qalmasına və vitaminlərinin saxlanmasına səbəb olur. Bura Xəzərin ləzzəti sayılan nərə balığının da vətənidir. Hər nə qədər leqal satışı qadağan olunsa da brokonyerlər yaxşı qazanc mənbəyi olan bu balığı tutur və yol boyunca satışa çıxarırlar.
• “Ninzya”lar 
Yaz fəslindən payızın sonunadək burada qızğın təsərrüfat işləri gedir. Torpaq sahələrində kişi və qadın işləri ayrıdır. Məsələn, torpağı şumlamaq kişilərin işidirsə, alaq etmək və məhsulu toplamaq qadınların öhdəsinə düşür. Qızmar günəşin altında çalışan xanımlar yapon ninzyalarını xatırladırlar. Bədənlərinin hər tərəfini örtən paltar geyinirlər. Başlarını da elə örtürlər ki, yalnız gözləri işıldayır. Gün vurub yandırmasın deyə bu metoda baş vururlar.
• Bacılar
Lənkəranın ən məşhur bacılarını bütün ölkə tanıyır. Bütün bayramlara, musiqi festivallarına dəvət edilirlər. Məmmədova bacılarından ibarət folklor qrupundakı heç kəsin musiqi təhsili yoxdur. Repertuar talış xalq mahnılarından ibarətdir. Hərdən bir bacılardan birinin həyətində oturub məşq edirlər. Ən başda və ən sonda oturan iki bacının əlində dəf olur. Başqa musiqi alətindən istifadə edilmir. Dəflə ritm tutan iki bacı növbə ilə misra¬ları deyir, digərləri əl çalaraq təkrarlayır, xorla oxuyurlar. Bacıların adları da diqqət çəkir: Gülbacı, Gülçöhrə, Gülbəzək, Gülbacı, Güldəstə, Xanbacı, Qızbəst.
Talış ailələri çoxuşaqlı olur. Qız uşaqları çox arzulanmır. Bu istəksizlik bəzən qızlara verilən adlarda özünü əks etdirir. Məsələn, Yetər, Kifayət, Bəsti və Qızbəst kimi adlar buna nümunədir. Çox uşağı zarafatla yüksək kolorili talış yeməklərinə bağlayırlar. Yeri gəlmişkən, talış mətbəxindən xüsusi olaraq söz açmaq lazımdır. Lənkəran deyən kimi hamının ağlına əvvəlcə gələn ilk şey ləvəngidir.
• Sənətkarlıq
Lənkəranlılar tarixən həm də yaxşı sənətkar olublar. XIX əsrdə şəhər iqtisadiyyatının əsas sahəsini sənətkarlıq təşkil edib. Təbii xammal olan meşə ma¬teriallarının bolluğu burada bəzi sənət və peşələrin inkişafına təkan verib. 1877 – ci il statistikasına görə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9 çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və məişət alətləri hazırlayan, 2 misgər, 5 bənna fəaliyyət göstərirdi. Get – gedə balıqçılıq, çəltikçilik, narınciyə, yaşıllıq-botanika, çayçılıq, taxılçılıq da inkişaf etməyə başladı. Naxışatma, dulusçuluq, həsir və yun toxumaçılığı, zərgərlik bu günədək populyarlığını qoruyur. Ağacda naxışatma xüsusilə diqqəti çəkir. Bu, ağac kötükləri üzərində kəskin alətlərlə müxtəlif motivli şəkillər oyulmasından ibarət dekorativ sənət növüdür. Adətən taxta məişət əşyalarını da bəzəyirlər.
• İsa Bəyin yaşayış evi (1900 – cü il)
İnqilabdan əvvəl Lənkəranda tikilmiş çoxmərtəbəli tikililər siyahısındadır. Avropa üslubunda tikilən binada indi Lənkəran Dövlət Universiteti yerləşir. Əslən bakılı olan İsa bəy xan qızlarından birinə aşiq olur. Həkim və zəngin olmasına baxmayaraq Lənkəranda heç bir mülk sahibi olamdığı üçün qızı ona vermirlər. Bu səbəblə İsa bəy xaricdən mütəxəssislər gətirərək şəhər mərkəzində bu mülkü tikdirir və özü də Lənkərana yerləşir. Yalnız bundan sonra xan qızı ilə evlənir. Isa bəy Lənkəranda ilk diplomlu həkim olub. Stalin repressiyası illərində sürgün edilib.
• Dairəvi qala (1747-ci il)
Lənkəran qalası kimi də tanınır. Şəhərin mərkəzində yerləşir. 3 mərtəbədən ibarət qalanın hündürlüyü 20 metr, divarlarının qalınlığı 1 metrdən çoxdur. Tikintisində qırmızı kərpic, yumurta və əhəng – qum qarışığından istifadə olunub.
Lənkəran strateji əhəmiyyətinə görə tarixən İran və Rusiyanın diqqət mərkəzində olub. Nadir xan Əfşar 1725 – ci ildə 30 ha ərazini qala divarları ilə əhatəyə aldırır və Lənkəranı qala – şəhərə çevirir. 1747 – ci ildə şəhərin müdafiəsi məqsədilə qala divarlarının əhatəsində 2 ədəd belə qala inşa edilməyə başlanır. Nadir şah öldürülməsinə baxmayaraq onların inşaatı davam edir və 1786 – cı ildə tamamlanır.Qala 1812 – ci il dekab¬rın 31 – dən 1 yanvara keçən gecə Mir Mustafa xanın dəvəti ilə çağırılan çar Rusiyası qoşunları tərəfindən darmadağın edilir. Bu zaman 17 min dinc əhali, 4 min əsgər həlak olur. 1869 – cu ildə ruslar cənub bölgəsini tamamilə işğal edib bitirdikdən sonra şəhərin qala divarlarını söksələr də, qalalara toxun-murlar. O tarixə qədər hərbi müdafiə məqsədi daşıyan Dairəvi qala zindana çevrilir və təxminən 100 il, 1970 – ci ilə qədər həbsxana kimi fəaliyyət göstərir. Burada dustaq yatmış məşhurlardan biri, sosialist inqilabına qədər Koba ləqəbi ilə tanınan İ.V.Stalin olub. 1970 – ci illərdə həbsxana ləğv edilir.
Bu bürclərin olduğu ərazini yerli əhali indiyədək “Qala” adlandırır. Məhz Lənkəran qalasının süqutu, Azərbaycanın Rusiya ilə İran arasında iki yerə bölünməsinə gətirib çıxaran ilk səbəb hesab edilir.
• Tarixi
Yunan tarixçisi Herodot göstərirdi ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı kənd var. Strabon öz əsərində Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq olması haqqında məlumat verib. İlk dəfə bu ada 1409 – cu ildə ərəb dilində yazılmış Fərruxnameyi – cəmali” əsərinin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkəranidə və həmin kitabı 1594 – cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləqəbində təsadüf edilir. XVI əsr İngiltərə – Moskva ticarət kompaniya¬sının müvəkkili Larens Çepmen 1568 – 1569 – cu illərdə öz səyahəti zamanı Xəzər sahilindəki Layqon şəhərində olduğunu bildirir. Alman impertoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lankon kəndinin adı çəkilir. XVII əsrdə Azərbaycan torpaqlarına səyahət etmiş alman səyyahı Adam Oleari bu yeri Lənkərkünan adlandırıb. 1614 – cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638 – ci ildə rus səyyahı və diplomatı A.Suxanov, 1670 – ci ildə Hollandiya dənizçisi Yan Streys müxtəlif muzeylərə və səfirliklərə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını çəkib.
• Qızlar qalası
Yuxarı Nüvədi kəndi yaxınlığındadır. IX əsrdə Xürrəmilər hərəkatının yayıldığı dövrdə, dövlət adamlarının ailələrini, əsasən də xanımları mühafizə etmək üçün bu qalada saxlayıblar. Kənd ağsaqqallarının rəvayətlərinə görə, qalada toplanan qızlara yemək vermək üçün dağdan 5 km aralıda yerləşən Səpnəkəran kəndindən həmin qalaya qədər adamlar sıra ilə düzülər və xörəklər də bir – birinə ötürmək vasitəsilə qızlara çatdırılarmış. Gil və saxsı qab qalıqları indiyədək ərazidə durur.
• Toponim
Fars və talış dilində izah edilir. XV əsrdən əvvəl işlədilmiş Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bu günkü Lənkəran sözünün ilkin formaları hesab edilir.Ləngərkünan – fars dilində “lövbər salınan yer”, “gəmilərin yan aldığı” sahil deməkdir.Bu adın yaranmasının səbəbi dünyanın müxtəlif yerlərindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə,diplomatik işlərə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanması olub.
Ləngkəran farsca “ləngiyən yer” mənasını verir. Bu adın yaranmasının səbəbi isə yağışların çox yağması səbəbilə buraya gələnlərin ləngiməsi, gecikməsi faktı olub.Lənkon talışca qamış evlər deməkdir. Yuvaya bənzər evlər mənasında işlədilib. O dövrdə, hətta XX əsrin əvvəllərinə kimi buradakı evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün belə adlanıb. Bu ad Almaniyanın Hamburq səfarətxanasında saxlanılan hesabatlarda da var. Bu söz 1603 – cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən almanca yazılmış Lankon sözüdür. Indiki Lənkəran böyüdükcə həmin kənd şəhərə qarışıb
• Ibadi bulağı
Ləc kəndi, kiçik dağ massivində İbadi su mənbəyi var. Ibadi və Sumax dağlarının yamaclarından müxtəlif temperaturlu sular qaynayır. Lənkəranın qərbində, Lerik yolunun üstündə, mərkəzdən 17 km aralıda yerləşir. Vulkandan əmələ gəlmiş hidrogenli bulaqlar olduğunu deyirlər. Suyu içməlidir. Mədə, öd kisəsi, osteoxondroz və digər sümük xəstəlikləri üçün yaxşı dərman hesab olunur. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskən salıb və şəfa tapıb. O vaxtdan da İbadi bulağı kimi ad – san qazanıb.
• Sarı adası
1956 – cı ildə Sarı adası Liman şəhəri ilə torpaq yolla, bəndlə birləşdirildikdən sonra yarımada şəklini alıb. Yarımadanın dəniz sahillərində suyu və qumu şəffaf, təmiz çimərliklər iştah qabardır. Torpağı və qumu sarı rəngdə olduğu üçün bu ad verildiyi güman edilir. “Sara” şəxs adı və ya rəng mənalarında da izah edilir. Talışca “Səri” adlanır. “Sə” və “ru” sözlərindən yaranıb. Qırmızı çay, çayın başlanğıcı kimi anlaşılır. Mənası tam açılmayıb.



• Şal 
Əslində tarixən talış xanımlarının obrazı fərqli olub. Geyim komponentlərini təşkil edən tuman, arxalıq, köynək artıq gündəlik geyim tərzi olmaqdan çıxsa da, məişətdə şal faktoru hələ də qalmaqdadır. Burada orta və ixtiyar yaşlı qadınlar ilin bütün fəsillərində şaldan istifadə edirlər. Böyük ölçülü və uzun saçaqlı bu şalları belə və başa bağlayırlar. Xüsusi qayda ilə bağlanan bu şallar bəzən məişət işlərində xanımların işinə də yarayır. Məsələn, körpə uşağı bu şal ilə belə bağlayırlar yaxud beldəki şal bəzən çanta işinə də yaradığını bütün talış kəndlərində müşahidə etmək olar.
• Ləvəngi
Lənkəranda küçə adıdır. Şəhərə gələn qonaqlar bu küçədən mütləq keçirlər. Çünki avtovağzal burdadır. Buraya qədər gəlmişkən, mütləq ləvəngi – çörək almağı özlərinə borc bilirlər. Ləvəngi küçəsi başdan – başa təndirxanalarla doludur. Ənənəvi cənub təndirxanalarına xas görüntülər kompleks halında burada birləşir. Səhər saat 7 – dən axşam hava qaralıncayadək açıq olan təndirxanalarda çörək və ləvəngi bişirilir. Cənub zonasının operitiv yaxud “fast food” tərzində yeməyi sayılır. Təndirxanalarda alver hər zaman qızğın gedir. Burada ləvəngi yeməkdən nə yerlilər, nə də qonaqlar doymurlar.
• Hazırlanma qaydası
Əvvəlcə qoz, soğan, alça turşusu və ya lavaşanadan iç hazırlanır. Təxminən yarım kilo qoz ləpəsi xırdalanır. Soğandan çiy və ya qovrulmuş halda istifadə etmək olar. Soğanı xırdalayıb tənzifdə (marlya) sıxmaq və suyunu tamamən çıxarmaq, istəyə görə doğranmış soğanı tavada qızarıncayadək qovurmaq və soyutmaq lazımdır. Lavaşananı isti suya qoyub yumşaldırlar. Quru lavaşana yerinə alça turşusundan istifadə etmək olar. Sonra qoz – soğan – turşu – duz – istiotu bir – birinə qatıb qarışdırırlar. Əmələ gələn turşməzə – duzlu – acı dadı olan iç ləvəngi adlanır. Hazır iç təmizlənmiş bütöv toyuğun içərisinə doldurulur. Sonra iynə sapla yarıqlar tikilir. Əgər artıq ləvəngi qalıbsa toyuğun bud hissəsində deşik açılır, oraya dürtülür. Bişərkən üstü yaxşıca qızarsın deyə toyuğun üstünə alça turşusu sürtür və bişməsi üçün təndirə qoyurlar. Bunu adətən kişmişli – zəfəranlı plov və ya təndir çörəyi ilə servis edirlər.
• Memarlığı
Yerlilərin ustalığı yerli memarlıqda da özünü göstərir. Lənkəran tipik – möhtəşəm evləri və şəhər quruluşu ilə çox xoş görüntü yaradır. Gəncə, Şəki, Qubadan sonra Lənkəran evlərinin də əsas özəlliyi qırmızı kərpiclər, qırmızı kirəmitli dam örtüklərdir. Digər yerlərdən fərqli olaraq lənkəranlılar indiyədək tarixi memarlıq ənənələrinə sadiqdirlər. Lənkəran evləri əsasən ikimərtəbəli olur, memarlığı ilə seçilən möhtəşəm evlər şəhərə başqa gözəllik qatır.
Şəhərsalma burada XIX əsrin əvvəllərində başlayıb. 1833 – cü ildə tərtib və təsdiq olunmuş Lənkəran qalası istehkamlarının baş planı şəhərsalmada mühüm mərhələ oldu. Şəhər mərkəzində planlaşmanın təşkiledici elementi kimi məscid və 117 dükanlı iki bazar yerləşirdi. XIX əsrin sonunda şəhər artıq 4 hissəyə bölünmüşdü. Bunlar Qala, Böyük Bazar, Kiçik Bazar, Sütəmurdov səmtləri idi. Şəhərin mərkəzi hissəsinə – tarixi qala ərazisinə lənkəranlılar elə indi də Qala deyirlər. Dəniz sahili boyunca ərazi bu günə qədər Sütəmurdov adlanır. O vaxtlar burada əsasən gəlmələr, vəzifəli ruslar və türklər yaşayırdı.
• Mayak (1747-ci il)
Dairəvi qalanın ekizi, dayaq məntəqələrindən biri olub. Şəhərin şimal – şərq hissəsindəki ikinci qala Lənkəran mayakı kimi tanınır və dəniz fənəri kimi fəaliyyət göstərir. Deyilənə görə vaxtilə dəniz, qalanın lap dibində imiş. Hərbi – müdafiə məqsədli obyekt olsa da, şəxsi həyətlərdən birində yerləşir və qorunur. Deyilənlərə görə vaxtilə hər iki qalaya gediş – gəliş gizli yeraltı tunel vasitəsilə aparılıb. Görünüş dairəsi 16 mildən artıq olan Mayakın hündürlüyü fənərlə birlikdə 33.4 metr, binanın divarlarının qalınlığı 2 metrdir.
Rus işğalından sonra cənubda 1856 – cı ildə ilk modern məktəb burada açılıb. Ölkədəki ilk teatrlardan biri 1850 – ci illərdə burada fəaliyyətə başlayıb. Xanlıqlar ləğv edilsə də Çar Talış xanlarının tituluna toxunmayıb. 1906 – 1910 – cu illərdə xan ailəsinin dəvəti ilə buraya gələn məşhur bəstəkar Müslüm Maqomayev burada xan uşaqlarına musiqi dərsi deyib, çevrə folklorunu toplayıb, milli xor qurub. Bununla belə Lənkəran dini inancların güclü olduğu, dini adət – ənənələrin qorunduğu yer kimi tanınıb. Bütün Qafqazın Şeyxinin də məhz Lənkərandan çıxması faktı təbii qar-şılanır. Lənkəranda çox sayda məscid, türbə, ziyarətgahlar var. Bunlardan ən məşhuru Şıxakəran kəndindədir.
• Talış xanlığı
Ərazisi Azərbaycanın cənub – şərq hissəsini əhatə edən xanlığın paytaxtı Lənkəran idi. Talış xanları sülaləsinin banisi Səfəvi nəslinə mənsub Seyid Abbas olub. Azərbaycanın ən böyük aristokrat nəsillərindən olan Talışinskilər şəcərəsinin kökü Məhəmməd peyğəmbərin sülaləsinə gedib çıxdığından seyid nəsli hesab edilir. 1736 – cı ildə İranda baş verən qarışıqlıqlar zamanı Talışa gələn Seyid Abbas yerli feodallarla yaxınlıq edib, Nadir şahın hakimiyyətini tanıyıb və hətta oğlu Cəmaləddini onun xidmətinə göndərib. Nadir şah da rəsmi fərmanla Seyid Abbası Talışın nəsli hakimi elan edib. 1747 – ci ildə Seyid Abbas öldükdən sonra yerinə oğlu Qara xan ləqəbli Cəmaləddin keçir.
• Bəlləbur qalası
Mərkəzdən 9 km cənub – qərbdə, Bəlləbur kəndi ərazisində sıx meşəliyin içərisindəki dağın zirvəsində yerləşir. Bu ərazi nadir dəmirağac meşəliyindən ibarətdir. Meşənin içərisində qalanın kərpicdən hörülmüş izləri qalıb. Yarım saatda qalxmaq olur. B.e. IV əsrində İran hökmdarı Şapurun Balabur adlı bir sərkərdəyə tikdirdiyi iddia edilir. Lənkəran çayından ayrılan qolun kənarında kərpic və daşdan inşa olunub.
• Bəlləbur nə deməkdir?
“Palıdlı, tikanlı yer”; “Balabur” – “uca qala”; Boza yaxud Bəzz qalası, yəni Qızıl quş – Şahin qala variantlarından hansının dəqiq olduğu bilinmir. Rəvayətə görə, Talış vilayətinin canişini Hilal Baburun adı ilə bağlıdır. Qalada Bizans dövrünə aid qızıl və mis pullar tapılıb. Bu da həmin dövrdə IX – XI əsrlərdə Bizansla ticarət əlaqələrini göstərir.“Bəlləbur qalası dağda zirvədə yerləşir. Qalanın ən yüksək hissəsində üç dairəli qüllədə otaqlar yerləşdirilib. Birinci dairənin divarında ağ daşdan yonulmuş qoç fiquru var. İkinci dairənin divarında relyef formasında kaman, ox, siyirmə qılınc, xəncər şəkilləri çəkilib. Yuxarı dairənin sonunda dağıdılmış otaq, divarlarda gipsdən düzəldilmiş quş və gül-çiçək fiqurları diqqəti cəlb edir. Bundan başqa orada əlavə otaqlar da var: onlar tünd qırmızı və açıq qırmızı kərpicdən tikilib. Qalanın tapıntıları orta əsr şirli saxsı məmulatı, mis və qızıl Bizans pullarından ibarətdir.”
Arxeoloq İsa Əzimbəyov “Drevnosti Lenkoranskoqo kraya”, 1926 – cı ilBir sıra tədqiqatçılar Bəzz qalasının Lənkəran, Ərdəbil və ya Savalan (İran) dağları və yaxud Xəzər sahillərindəki Talış dağları yaxınlığında olduğunu bildirirdilər. Ziya Bünyadov Bəzz qalasının İran Azərbaycanının Qaradağ vilayətində, Arazın sağ qolu olan Qırxsu çayının vadisində yerləşdiyini elmi dəlillərlə sübut edib. Beləliklə, ərəb işğalçılarına qarşı mübarizə illərində Xürrəmilərin sığındığı Bəlləbur qalası babəkilər hərəkatının əsas mərkəzlərindən və dayaq məntəqələrindən biri olub.
• Haftoni zonası
Haftoni talışca yeddi bulaq demədkir. Ekoturizmin inkişafı üçün müvafiq şərait var. Müalicəvi əhəmiyyətli sularla zəngin ərazidəki ən məşhur obyektlər Lənkəran İstisu sanatoriyası və İbadi istisuyudur.
Nərimanabad zonası
Nərimanabad qəsəbəsi, Sarı adasının daxil olduğu Qızılağac dövlət qoruğunun ərazisi rayon mərkəzindən 17 km şimalda yerləşir.
• Port – İliç
Nərimanabad qəsəbəsinin keçmiş adıdır. Bura 1922 – ci ilədək Pereval adlanıb. Mənası aşırımlı keçid deməkdir. Sonra isə Sovet dövlətinin banisi V.İ.Leninin şərəfinə “Port İliç”, yəni İliçin limanı adlanıdırlıb. Nərimanabada “balqçı-lar qəsəbəsi” də deyirlər. Əhalinin əsas məşğuliyyətidir. Balıq almaq istəyənlər yolunu buraya salır. Su, sahil,qumsal tərtəmiz və saysız – hesabsız balıqçı təknələri ilə yadda qalır. Ən təmiz, təzə, çeşidli, ləziz balıqlar burada olur. Adaya gedənləri də balıq qonaqlığı gözləyir.
• Qızılağac dövlət təbiət qoruğu
1913 – cü ildə bir qrup rus alimi burada qoruq yaradılması təşəbbüsü ilə çıxış etsə də, I Dünya müharibəsinin başlan¬ması buna mane olub. 1929 – cu ildə Xəzərin cənub – qərbində, 88.4 min ha sahədə təşkil edilib. Köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılıb. Respublikanın Qırmızı kitabına düşən quşların əksəriyyəti qoruqda müşahidə olunur. Qoruq köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Sibirdən Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan çox sayda quşlar qışlamaq üçün buraya köçür. Qoruqda 270 növ quş var. Odur ki, quş yerli mətbəxin əsas elementlərindən sayılır.Bu çoxluğa görə “Quşlar evi” də deyirlər. Payız – qış ayları ov mövsümü başlayır. Qoruq ərazisinin 73 % su akvatoriyası¬dır. Motorlu qayıqla Böyük Qızılağac və Kiçik Qızılağac körfəzlərində səyahətə çıxmaq olar. Qızılağac bitki adıdır. Meşə və su kənarında bitən enliyarpaqlı qır¬mızımtıl ağacdır. Çox sayda qızılağac bitdiyindən ərazinin adı belə qalıb.

http://discoverazerbaijan.az

Комментариев нет:

Отправить комментарий