Страницы

26.10.2011

Müvazinət qanunu

Nisə Bəyim

Gün aydın…Çiçək çiçəyi, yarpaq yarpağı, su suyu, səs səsi Günəşlə salamlayır…Günün aydınlığında təbiət,həyat,kainat kimi ,insan qəlbinin hissləri, duyğuları ,niyyət və əməlləri ,arzu və istəkləri təmiz,pak, nurlu və xeyirli olur. Gün aydın olanda Yerin- Göyün cazibəsi , canlı və cansız kainatın əlaqəsi, bizim dərk etdiyimiz və dərk etmədiyimiz aləmin ,leqal və qeyri-leqal dünyanın tarazlığı tən olur ,gözə görünənlər və gözə görünməyənlər öz-özlüyündə güc və dayanaqlığını , müvazinətini saxlaya bilirlər.

Görünür, kainatın başqa fiziki və mənəvi qanunları kimi , Müvazinət qanunu da təbiətin və cəmiyyətin iç sütünlarından olub öz əsas mahiyyətini insan münasibətlərinin gerçəkliyində biruzə verir.Çox təəssüflər olsun ki, bu münasibətlər qanunu tez-tez pozulur. Baş verən müharibələr ,inqilablar,aqressiya və çəkiçmələr hər zaman cəmiyyə- tin deformasiyası,bütün insani münasibətlərin pozulması, tarazlığın və müvazinə- tin itməsi ,Şərin böyüyüb Xeyiri üstələməsi ilə nəticələnir.Bütün müharibələr bəşəriyyətə ölüm.qan,itki,sıxıntı,ruhi düşkünlüklə bərabər,eybəcərləşmiş əxlaq münasibətlərini daha qabarıq formada, insan xislətinin gizlinində mövcud olan naqisliyi bütün mürəkkəbliyi ilə üzə çıxardır.Ekstremal vəziyyətlərdə və nəzarət- siz şəraitdə insanın bütün duyğu və hissləri öz təbiliyini göstərərək,onun nəyə qadir olduğunu bir daha təsdiqləyir. Məlumatı olanlar artıq hiss elədilər ki, söhbət bu yaxınlarda Azərbaycan icti- maiyyətinə təqdim olunan yazıçı və rejissor Oktay Mirqasımın ,, Günaydın, mələyım…” filmindən gedir.Oktay Mirqasım artıq Azərbaycan kino sənətində öz sözünü demiş,maraqlı ekran əsərləri ilə insan mənəviyyatınin mürəkkəb və zəngin çalarlarını açan, müasir dünyanın xarakterini və mahiyyətini göstərən , öz orijinallığını və fərdiliyini yaradıcılığı ilə sübut etmiş sənətkardır.Xüsusən, onun son dövr yaradıcılığında tarixi gerçəklik ilə zaman mexanizmi,insanın dərin psixoloji gərginliyi və onun hər zaman sadiq qaldığı incə lirizm birləşərək baxımlı və seçilən sənət əsərlərinin meydana çıxmasına səbəb olur. Yaşadığımız son dövrün mürəkkəb,təzadlı, sarsıntılı və üzücü olaylarının bədii həlli ,,Günaydın, mələyim “ əsərində gənc bir qadın taleyində cəmlən- mişdir. Müharibənin gətirdiyi sərt gerçəkliklər,ağır,faciəvi hadisələrin yarat- dığı dağıdıcı dalğalar cəmiyyətin bütün qatlarına sirayət edərək mövcud olan mənəvi qanunları və dəyərləri uçurub yox edir,üzə çıxan iblisanə hərisliklər hökmranlıq edir.Xeyirlə Şər , İblislə Mələk, Haramla Halal, Haqla Nahaq üz-üzə dayanır. Bu qarşıdurma arasında isə həyat uğrunda, yaşamaq uğrunda, var olmaq urunda mübarizə aparan,Nəfslə üz-üzə,göz-gözə dayanan Sevgidir. Mən bu Sevgini vətən,torpaq,yurd sevgisi,ata-ana,ailə sevgisi deyərək müx- təlif hissələrə bölüb kiçiltmək niyyətində deyiləm. Sevgi duyğusu vahid və tam bir məfhumdur. O, bəşər övladının qəlbində,mayasında,iliyində,canında , qanında ,ruhunda,kökündə və çiçəyində ya var, ya yoxdur…Sevgisi olan hər bir şeyi sevir ,sevgisi olmayan heç nəyi sevə bilməz. Sevmək anadangəlmə bir istedaddır və bu istedad heç vaxt bölünmür və itmir…,,Günaydın, mələyim…” filmi məhz belə insanlara ithaf olunub.Dünyada nə baş verirsə-versin,insan hansı vəziyyətə,hansı şəraitə düşürsə-düşsün,öz-özünə xəyanət etməməlidir, öz bəşəriliyini itirməməlidir. Filmin ilk epizodundan biz ədalətsiz gerçəkliklə üz-üzə qalırıq.Dünyanın ən müasir hərb maşını qarşısında əliyalın dayanmış Azərbaycan əsgəri… Onun döyüşmək və məğlub olmaq imkanı da yoxdur.Onun bu acizanə vəziyyətlə barışmaqdan,ölümün gözlərinə dik baxmaqdan,kimlərin və nələrin qarşısında öz borcunu yerinə yetirə bilmək məsuliyyətindən məhrum olunduğundan üzr istəməkdən savayı bir əlacı qalmır.İnsanın öz gücsüzlüyünü dərk etməsi çox ağrıdıcı və sarsıdıcı bir vəziyyətdir.Dağıdıcı dəhşətlərin zərbindən göy də titrəyir, yer də titrəyir,şəhərlər,kəndlər,binalar titrəyir,cəmiyyətin sütunları,divarlar, tavanlar,çilçıraqların şüşələri,ürəklər,qəlblər,talelər titrəyir,müvazinətini itirənlər yıxılır,sınır,müvazinətini saxlayanlar öz içlərindən tuta-tuta,öz içlərinə söykənə-söykənə qalxmağı bacarırlar.Onlar əsil fədakarlardır,.onlar əsil qəhrəmanlardır. Müvazinətini saxlayanlar…Mədinə kimilər… Əsırin əsas obrazı Mədinə aktrisadır.O,teatrda çalışır.Məncə,müəllifin öz ideya və düşüncələrini reallaşdırmaq üçün məhz qəhrəmanını bu sahə ilə bağlamağı çox düşünülmüş ,uğurlu bir versiyadır.Müəllif cəmiyyətin iki qütb əksliyini qarşı-qarşıya qoyur.Müharibə və incənət.Müharibə-nadanlığın ,cahil- liyin dağıdıcı,məhvedici təzahürü, incəsənət isə bəşəriyyətin nail olduğu, bədii təfəkkürün ən ali yaradıcılıq məqamı… Cahillik və kamillik. Ədəbiyyatın və incəsənətin əbədi və tükənməz mövzusu. Bəşəriyyətin bütün uğuru və uğursuzluğu bu mövzuya çoxcəhətli münasibət göstərməyə hər bir yaradı- ciya böyük imkanlar yaradır.Müəllif yaşadığımız siyasi və iqtisadi böhran nəticəsində incəsənətimizin necə dağılıb məhv olduğunu,xüsusən də teatrların ümidsiz bir vəziyyətdə olduğunu göstərir .,,Teatr sevgi və gözəllik məbədidir”. Müasir dövrümüzdə bu fraza nə qədər ironik və gülünc bir assosasiya doğu- rur.Bir zamanlar,həqiqətən,tərbiyə ,maarif, mədəniyyət missiyası daşıyan teatr indi qəzəb,kin,hərc-mərclik,qarşıdurma,bədbinlik,nifaq,əxlaqsızlıq mə-kanına dönüb.Mən nə ocaq,nə də yuva kimi isti emosiya doğuran sözlər içlədə bilmədim .Filmdə belə bir səhnə var: küçədən əllərində müxtəlif qurumların bayraqlarını yellədib,qışqıra-qışqıra qaçışan insanlar keçir ,teatrın səhnəsində isə bir-birinə qarışan,bir-birini söyən, vuran ,yoluşan aktyorlar göstərilir.Bu epizod- da küçə ilə səhnə arasında heç bir sədd yoxdur.Həm küçədə,həm də səhnədə bütün mizanlar itib,yox olub.Səhnə ilə küçənin heç bir fərqi yoxdur.Səhnədə də, küçə- də də eyni oyunlar oynanılır.Həyat da,müharibə də, hətta qəribə olsa da ,ölüm də bu oyunun bir hissəsidir.Teatrın ,,aparıcı” aktrisası, heç kimə imkan vermə- yən , daim qəzəb və kin püskürən ,,primadonnası” iflic olur.Bu , teatrın simvo- ludur.Sanki bu iflicdən sonra teatrın,yəni onun obrazının əsil miskin və acına- caqlı siması ortaya çıxır.Üzdə ,,mənəm-mənəm”iddiası ilə öyünən yalançı sənət ,əslində dibsiz uçurum üzərində atılıb-düşən təlxəyə çevrilir.Saxta qü- rur,süni dekorasiyalar ,uydurulmuş mizanlar uçub-töküləndə,quraşdırılmış gö- rüntü ilə əsil gerçəklik arasındakı Fərq ölçüləri meydana çıxan zaman,bu uçurumun miqyası tamaşaçını heyrətə gətirir. Yeri gəlmişkən,bu obrazın ifaçısı Bəsti Cəfərova öz emosional və maraqlı oyunu ilə diqqəti cəlb edir. Teatrın bütün yaşam tərzi,gizli qalan məqamları, məhrumiyyətləri və itkiləri,naqisliyi və eybəcərliyi bütün çılpaqlığı ilə açılıb göstərilir.Saxta pafos və qəlp təntənə tüstüsü dağılandan sonra,biz bütün ömrünü sənətə həsr eləmiş,arzuları puça çıxmış, mənliyi və heysiyyəti çeynənib eybəcər hala düşmüş,fiziki və mənəvi dayaqlarını itimiş bir insan taleyi ilə üz-üzə qalırıq. Tənha və kimsəsiz,imkansız və köməksiz,heç kimə və heç nəyə lazım olmayan bir insan taleyi cəmiyyətin dağıdıcı və məhvedi- ci durumundan xəbər verir.Həyatdan aldığı ağır zərbələr,keçdiyi məhrumiy- yətlər ,təminatsızlıq və qorxu hissi bu aktrisanı əzə-əzə dözülməz bir məxlu- qa çevirmişdir.Belə bir tale ,belə bir vəziyyət ,çox təəssüflər olsun ki,bizim dövrümüzün mədəni və intellektual sferasına daha böyük ziyan vurmuşdur. Sanki hər şeyin dağılıb parçalandığı bir mühitdə sağ və toxunulmaz ,insani duyğularını saxlayaraq bütöv qalmağın özü belə əsil möcüzədir. Əri şəhid olmuş,südəmər körpəsi ilə tək və köməksiz qalmış gənc qadının taleyi məhz bu uçqunun altından keçir.İş yerində baç verən ağlasığmaz qeyri-insani münasibətlər, üz tutduğu rəsmi orqanlardakı bürökratizm və süründürməçilik,acgöz qonşuların onun evinə tuşlanmış həris niyyətləri, düşkün qardaşının çəkilməz dərdi,sanki bu dünyada hər şey bu zərif, köməksiz məxluqun əleyhinə çevrilmişdir.O,şəhid olmuş sevgisinə belə layiqincə yas tutmağa imkan və vaxt tapa bilmlr.Bu zəif vücüd özündən qat- qat böyük və güclü yırtıcılarla mübarizə aparmalıdır.Hər tərəfdən ona qıcan- mış nəfsləri dəf etməlidir.Taleyin bu qədər zərbəsindən sonra o ,müvazinətini saxlaya biləcəkmi? Mədinə rolunun ifaçısı tanınmış və sevimli aktrisamız Ayan Mirqasımdır. Azərbaycan kinosunda ,,Ötən ilin son gecəsi” , ,,Otel otağı” ,,,Yuxu” və sair filmlərindən Ayanın məsum siması bizə tanışdır.Amma o öz istedadını və yaradıcılıq potensialını ,,Özgə vaxt “ , ,,Ovsunçu” ,,,Günaydın,mələyim” bədii kino-filmlərində daha aydın və qabarıq şəkildə göstərməyə nail olmuşdur. O,qəhrəmanlarının daxili aləmləridə baş verən təbəddülatları,emosiya və sarsıntıları.gərgin və dramatik məqamları özünəməxsus bir üslubla tamaşaçıya çatdırır.Onun ifasında təbilik və səmimilik əsas keyfiyyətdir. İçinə çəkilmiş baxışlar,dartılmlş üz əzələləri,gərilmiş dodaqlar onu lüzumsuz mimikalardan, jest və hərəkətlərdən xilas edir.Əvəzində biz ciddi,yığılıb cəmlənmiş,möhkəm bir xarakter görürük.Sakit,zərif və çox təbii görüntü müqabilində seyrçi onun hər hərəkətində daxili bir güc, gərginlik ,təmkin və inam hiss edir. Ayan dramatik aktrisadır. O.Moskva məktəbini keçmişdir və bu ,onun bütün ifasında özünü biruzə verir.Dünya kinosu,məşhur sənət ustaları ilə tanışlıq ,Azər- baycan elminin və incəsənətinin ən layaqətli ailələlərindən birində böyüyüb,tər-biyə alması,əhatəsində olduğu mühitin intellektual səviyyəsinin genişliyi, şübhəsiz ki, onun bir yaradıcı kimi püxtələşməsinə təsirsiz deyildir. Hər əsərdən-əsərə, filmdən-filmə ,roldan- rola böyüyərək kamilləşməsi onun yaradıcılıq imkanlarının və istedadınin geniş olduğuna layiqli sübutdur. Komik və dramatik rollara eyni ciddiyyətlə yanaşan aktrisa özünü teatrdan çox,kinoda təsdiq etmişdir.Bəlkə də,bunun əsas səbəbini işlədiyi S. Vurğun adına rus dram teatrının Azərbaycanda məhdud imkanlara malik olmasında görmək lazımdır.Hər bir yaradıcı insanın öz istedadını geniş miqyasda, hərtə- rəfli gəstəməsi üçün mütləq şərait və imkan lazımdır. ,,Günaydın,mələyim” filmində onun yaratdığı obrazın peşəsi ilə öz ixtisası üst-üstə düşdüyündən malik olduğu üstünlükləri göstərməyə müvəffəq olmuşdur. Məsələn,onun çox gözəl plastikası vardır.Ayan nəinki milli rəqslərimizi,o cümlədən dünya xalqlarının mədəniyyətini,folklorunu mənimsədiyi üçün,filmdə bir aktrisa kimi bir necə rəqs nümunələrini peşəkarlıqla və uğurla ifa edir. Filmln əhatə etdiyi mövzu və qəhrəmanın düşdüyü vəziyyət sərt ,amansız gerçəkliklə bağlı olsa da, ifa etdiyi obrazın qəlbinin dərinliyində, şüurunun gizli qatlarında ,ruhunda yaşayan əsil xarakterik keyfiyyətləri Ayan bircə rəqslə nə qədər zərifliklə,incə duyğularla canlandırmağı bacarır. Gərilmiş ağ qanadları,sinəsi,uzun boynu ilə o ,arzularının,ümidlərinin, sevgisinin arxasınca uçur…uçur…uçur… qu quşu kimi… o öz ürəyinin işığında yalnız özünü, öz varlığını duyur,öz səsini eşidir, öz taleyini yaşayır…bu ürəyin işığında dünya nə qədər gözəl,yaşamaq nə qədər gözəldir…işıq…gözəllik…sevgi dolu həyat…fəqət,bu aldanış… nə qədər ədalətsiz…nə qədər amansızdır… ,,Günaydın,mələyim”də o,tearda çalışan aktrisaların çox çətin,məşəqqətli, fədakar həyatını canlandırır.Maddi ehtiyaclarını ödəmək üçün əlavə iş yerləri axtaran,səhərdən axşamadək ora-bura vurnuxaraq müqabilində qəpik-quruş qazanan bu insanlar o qədər əldən-dildən düşürlər ki, ən adi insani münasibətləri belə unudurlar.Çox qəribədir,yüz-yüz əlli il bundan qabaq bizim Həsən bəy Zər- dabi,M.F.Axundov,N.Vəzirov,Ə,Haqverdiyev,Ü.Hacıbəyli,H.Cavid,C.Cabbarlı kimi böyük mənəviyyat ,əqidə və məslək sahiblərimiz,milli-mənəvi dəyərlər, tarixi yaddaş,müasirlik və tərəqqi daşıyıcılarımız teatrın xalqın ,cəmiyyətin savadlanmasında, mədəniyyətinin,dünyagörüşünün inkişafında müstəsna əhəmiyyətini dərk edərək ,onun yaranmasına və inkişafıa bilavasitə rəvac ve- miş,yeri gəldikdə,bu fədakar ziyalılar səhnəyə çıxıb rol oynamaqdan belə çəkinməmişlər.Milləti cəhalət və xurafatdan xilas etməkdən ötrü həyatlarını belə təhlükəyə ataraq,təqib və təhqirlərə məruz qalmışlar.Bu gün isə,iyirmi birinci əsrin mədəni və texniki inqilablar dövründə teatra,incəsənətə,damla-damla topladığımız mənəvi dəyərlərə laqeyd və hörmətsiz münasibət ən azı nadan- lığın göstəricisidir. Doğrudanmı bəşəriyytin əqli və mənəvi tərəqqisi bu qədər ləng və ağrılı bir prosesdir? Doğrudanmı insanın bütün əqli və mənəvi imkanları yalnız onun bioloji təla- batlarını ödəmək üçün yönəlmişdir? Gücsüz və zəif olanı əzmək, kimsəsizi və arxasızı təhqir eləmək,imkansızın və əlacsızın son ümidini əlindən almaq doğrudanmı bu qədər zövqgətirici bir üstünlükdür? Mədinə dünyaya gətirdiyi körpəsini sənədləşdirmək və rəsmiləşdirmək üçün hökumət idarələrinin qapılarını döyür,qarşılaşdığı məmurların yalan və saxta vədlərini eşitməkdən bezir,dini nikah kağızını almaqdan ötrü ruhani idarəsinə belə gedir. Heç kim ona kömək etmək iqtidarında deyil. Elə bil insanlar şəf- qət və acıma hissindən məhrum olublar.Harınlaşmış güclülər bu gənc və gözəl qadına yalnız zövq mənbəyi kimi baxırlar. Ürəyi yanan gücsüzlərin isə əllərin- dən bir şey gəlmir.Zahirən zərif,zəif ,köməksiz görünən ,təcrübəsiz gənc bir qadın həyatın sərt girdabından baş çıxara biləcəkmi, Ona dəyən zərbələrin qarşısında duruş gətirə biləcəkmi? Kadrlar ötdükcə,biz Mədinənin daxili gücü- nə,inamına,sevgisinə,dözümünə və insanpərvərliyinə heyran oluruq.Biz bu gənc qadının sınmamasına sevinirik,onun dəyanətinə qürurlanırıq. Bu filmdə adamı təsirləndirən və kövrəldən səhnələr çoxdur. Amma bir epi- zodda Mədinə bütün ürəyi və duyğuları ilə üsyan edərək deyir: ,,Mən yiyəsiz deyiləm,mən şəhid arvadıyam!” Bu sözlər ,əslində,insana çox mətləblərdən xəbər verir.Sanki keyləşmiş və kütləşən sürüyə çevrilən cəmiyyətdə daha vətənpərvərlik ,şəhidlik,sədaqət, sevgi kimi ali duyğuları ehtiva edən məhvumlara ucuz bir populist alver mənbə- yi kimi baxırlar.Sanki insanlar müqəddəslikdən və alicənablıqdan uzaqlaşmışlar. Amma onu ürəkdən sevib qorumaq istəyən insanlar da mövcuddur.Amma bu adamlar bir şeyi unudurlar ki, Mədinənin özü demiş,onun əri var. Bu ər onu atmayıb və ölməyib, o ,şəhid olub.Şəhid arvadı olmaq da Mədinənin taleyidir. Mədinə də təzyiq və təqiblərdən,onu qarşıda gözləyən daha ağır vəziyyətlərdən usanaraq,çarəsizlikdən ətrafın diqtəsi ilə uyğunlaşmaq ,güclü və qüvvətli ,onun hər bir problemini həll edəcək ,arxa və dayaq duracaq,gözlənilən hücümlardan qoruyacaq bir insanın evlilik təklifini qəbul etmək istəyir,amma məlum olur ki, bütün çətinliklərə,məhrumiyyətlərə və əzablara dözmək özünə xəyanətdən qat-qat asandır. Vaxt keçir…Mədinə öz tarazlığını və müvazinətini düzəldir .Onun daxili gücü və inamı artır. Sanki o gücləndikcə başının üstünü almış qara buludlar da dağılmağa başlayır.Onun mənəvi gücü ətrafında dolanan qorxulara ,naqislik- lərə qalib gəlməyə başlayır.Mədinə dərk edir ki,o yalnız özünə və Allaha arxalan- malıdır.Heysiyyatını itirmiş,bədbin bir durumda olan qardaşı cəmiyyətin çürümüş mənəvi bağlarını ehtiva edir. Sanki onun da mövcudluğu Mədinə- dən,onun iqtidarından asılıdır. Müəllif cəmiyyətin çox ciddi problemlərini müzakirə arenasına çıxardır.Mə- dinə kimi doğma admlarını itirmiş yüzlərlə insan taleyi ilə biz hər gün ətra- fımızda qarşılaşırıq.Müharibənin gətirdiyi ağrılar və itkilər bizim bu günkü reallığımızdır. Məhz bu səbəbdəndir ki,biz filmin qəhrəmanının düşdüyü hər bir vəziyyəti həyəcanla izləyir,onun bütün iztirab və sıxıntılara şərik olub, bütün qəlbimizlə qorumaq,dərdlərinə şərik olmaq istəyirik. Yenə də əsas olan ümid və inamdır.Yenə də əsas olan gələcəyimizin təminatı , tariximizə və yaddaşımıza qurban kimi,şəhid kimi daxil olan real incan talelə- ridir. Həqiqət,gerçəklik nə qədər acı və sarsıdıcı olsa da ,hər bir cəmiyyətin inkişafı və sağlamlaşması üçün göstərilməli,dərk edilməli və aradan qaldırılma- lıdır. Əsərin sonluğu da belə bir arzunun və ümidin gerçəkləşməsinə yönəlmişdir. Filmin son kadrlarında Mədinənin itirdiyi işıq və təbəssüm yenidən onun çöhrəsinə qayıdır.Onun simasına yenidən aydınlıq doğur.Bu aydınlıq onun keçmiş və gələcək sevgisinin işığıdır. Qəlbində yaşatdığı, qoruyub saxlaya bil- diyi inamın,müqəddəsliyin,insaniliyin aydınlığıdır.Onun bəxtinə,taleyinə doğan aydınlq bir daha sübut edir ki, pisliklər,eybəcərliklər,şər qüvvələr nə qədər bədxahlıq etsələr də,insan inamını qırmağa qadir deyillər. Mədinənin evindəki çilçırağın şüşələri cingildəyir Bu dəfə onu səsləndirən bəd qüvvələr yox,xeyirxah mələklərdir. Onun evinə yenidən Xeyir Ruh qayı- dır .Filmin son kadrlarının belə nikbin və işıqlı ovqatla bitməsi hər kəsin qəlbində ümid və inam yaradaraq ,düşünməyə əsas verir ki,hər şey bizim özü- müzdən asılıdır.Biz mübariz və güclü olmalıyıq. Biz qalib olmağı bacarma- lıyıq.Bizim hər birimiz müvazinətimizi qoruyub saxlasaq, o zaman cəmiyyə- tin də müvazinəti pozulmaz. ,,Günaydın,mələyim” filminin cəmiyyətə etdiyi diktənin biri də budur ki,vətən və xalq uğrunda canlarından keçib qurban olanlar unudulmamalıdır.Onlar hər zaman bizim qəlbimizdə və yaddaşımızda hiss olunmalı və yaşamalıdırlar . Necə ki , Mədinə və minlərlə mədinə kimilər yaşadır…Film boyu şəhid ərin ruhu onu tərk eləmir,onu hər an salamlayır, ona güc və qüvvət verir ,tək qalmağa qoymur,elə bil ona ikinci nəfəs verir…və pıçıldayır: ,,Günaydın,mələyim…” Film müasir həyatımız və cəmiyyətimiz üçün çox mühüm olan mənəvi problem- lərə toxunduğu və uğurlu ekran həllini tapdığı üçün mədəni mühitə təqdim edildiyi vaxtdan böyük maraq doğurmuşdur. Bu ekran əsərinin sənət aləmində belə razılıq və heyranlıqla qarşılanmasında filmin bütün yaradıcı heyətinin fədakar əməyi danılmazdır.Biz Ayan Mirqasımla bərabər,Azərbaycanın məşhur sənət ustalarının: Fuad Poladovun,Bəsti Cəfərovanın ,Həmidə Ömərova- nın,Telman Adıgözəlovun,Gülşad Baxşıyevanın,Ramiz Məlikin,Abbas Qəhrəma- novun,Qurban İsmayılovun və digər aktyorların,filmin baş operatoru Rafiq Quliyevin,ümumilikdə bütün yaradıcı heyətin fədakar,çətin əməyini qiymətlən- dirir,uğurlu işlərini alqışlayırıq .Mən film boyu bizi müşayət edən musiqini xüsusilə vurğulamaq istərdim.Bu əsrarəngiz və ahəngdar melodiyanın mü- əllifi Elmar Feldir .Filmin kadrları ilə musiqinin həmahəng yaratdığı assosasiya o qədər güclüdür ki, insan aldığı təəssüratdan uzun zaman ayrıla bilmir. Məhz belə fədakar zəhmətin və uğurun nəticəsidir ki, ,,Günaydın,mələyim” filminin bütün yaradıcı heyəti 2009- cu ilin mayında ,,Humay” mükafatına layiq görülmüşdür. Biz də filmin bütün yaradıcı heyətinə yeni yaradıcılıq uğurları arzulayır və Azərbaycan xalqının bu gözəl əsərin qəhrəmanları ilə görüşünü gözləyirik.Son

Комментариев нет:

Отправить комментарий