Страницы

26.10.2011

Quşca yeməkləri yoxdur

Rafiq Tağı. Hekayə

Dörd ilə keçir...
Şəhərin harasında hüquq məsləhətxanası gördümsə, yerini nişanlayıram. Biri Taqankadadır – metronun ağzında. Biri Operetta Teatrının beş addımlığında durur. Hələ qıraqlar – Yasenevo, Sviblovo. Bir sözlə, addımbaşıdılar. Ancaq azar tutub, gedib bircəsində üçcə kəlmə sözü soruşmağa ürək eləmirəm. Qorxuram deyələr yox; onda batdım.
Bayramqabağı, tanışlıq üçün, buruldum rastıma düşən yaşıl birisinə. İçəridə, sağda, “kassa” yazısının altında, üstü aypara şəkilli, adam sifəti boyda pəncərədən elə adam sifəti də görsənirdi. Göyçəklikdə - qadın üzü idi. Adama elə gəlirdi ki, “kassa” məhz bu üzün adıdır.


Solda işıqlı dəhliz uzanır. Dəhlizə işıq yanlardakı, içində iş (söhbət) gedən, qapıları açıq kabinetlərdən düşür. Qapısı bağlı statik bir kabinet düz qabağa perpendikulyar qaranlıq saçıb. Bu qaranlıq dəhlizdəki uzun işıq zolağını ikiyə bölmüşdü.
Qaranlıqda oturan kişi yerdə nəyəsə baxırmış kimi idi.
Kabinetlərdəki sual-cavab canıma üşütmə salır.
“Olarmı?”
“Olmaz”.
“Olmaz?”
“Olmazzz”.
Mənə də desələr olmaz, ayaq üstə ölləm.
Girişlə üzbəüz, türmədəkilər kimi bitişik stullarda elə stulların sayı qədər adam oturub.
Məsləhətə növbədir.
Atamla anamın ikisini birdən yanıma gətirməyə ixtiyarım çatır, ya çatmır? Çoxdan qəlbimi deşən əsas sual budur. İxtiyarım çatırsa, gətirərəm; özlərə gəlmək istəməsələr belə. Dilə tutaram – bağ belə, bostan belə. Dağlar vəd edərəm. Ata-ananı aldatmağa nə var. Buna ixtiyarım yoxsa, onlar məni dilə tutsalar da, lap ayağıma döşənələr, gətirmərəm. Olmazzz, qurtardı getdi, “nizzzya”.
Mənlik deyil bu, onlara deyərəm, axı, arzularımızın çoxu qanundan kənardır.
Allah insan varlığını qanunlara uyğun biçməyib. Birdən-birə iki qocanı sürüyüb öz yanına gətirmək dövlətçiliyə daban-dabana ziddir.
Moskva artıq yükü sevməz.
...Yeddi uşağın yeddisi də quş oldu, uçdu. Elə bil öz kəndləri, öz evləri pisdi. Bəyənməyib getdilər. Ya sanki bir-birini sevmirdilər; ayrı yaşamağı üstün tutdular. Kişiylə arvad evdə tək qaldı; guyamış təzə evləniblər.
Əvvəl tənhalıq onları tanımazdı, indi tanıyır.
Onları yanıma gətirsəm, pasport qaydalarını pozaram, ya yox? Poliklinika onlara baxar, ya baxmaz? Qarşıya bir-birindən qəliz suallar çıxırdı. Şər deməsən, xeyir gəlməz, birdən yıxılıb öldülər..., bu qeydiyyatsız adamların dəfni necə olar? Bir də, açığı, onları yarmaq istəsələr, bağrım çatlar. Yenə sual: oğulun-noğulun icazəsi olmadan ölmüş valideyni kəsib-doğramağa onların hüququ varmı?
Əcəb haçansa ata-anasını yanına gətirmək istəmiş bir məsləhətçiyə düşəsən: o hər şeyi bilər, səni də yaxşı başa salar.
Günlərin bir günü “stalinka” adlanan arxitektur “vısotka”nın başabaş alt mərtəbəsini tutan, formalı-naxışlı, çölü də pannolu bir hüquq məsləhətxanasını uzaqdan görüb, yan aldım ora. Növbə tutub gözümü zillədim qəzetə. Qarşıdakı adamı yadımdan çıxarmamaq, onu itirməmək üçün tez-tez başımı qaldırırdım. Qulağım da içəridə. İçəridəki həmin “olar-olmaz” fonunda öz qarşıdakı ixtilatım canlanırdı.
“Eşidirəm sizi”.
“Atamla anamı yanıma gətirsəm...”
 “Daimilik?”
“Haçan öldülər-öldülər...”
“İcazə yoxdur”.
 “Onsuz çox yaşayan deyillər”.
“Olmazzz”.
 “Niyə?”
“Moskvadır bura!”
“Moskvada ata-ana yasaqdır?”
“...Vətəndaş, qanunun niyəliyini soruşmazlar. Onda onun aliliyi pozular”.
“Axı, onların biri doğmaca atamdır, biri də doğmaca anam”.
“Dövlət intizamı ata-ana tanımır. ...Ey, sonrakı!”
Vay, burda adamı hələ içəri girməmişdən bayıra tullayırlar. Xəyalda belə amansızlıq görürəmsə, reallıqda bundan beşbetərini taparam. Üzüsulu küçəyə çıxdım. Metroda təzədən qapandım qəzetə. Orda öz fikrimdəkilərini oxuyurdum.
“Gərək indən belə az-az məktub yazam, onları buna vərdiş elətdirəm. Məndən ötrü darıxmamaları üçün məcburam özümü unutduram. Ata-ana borcundan ancaq bu yolla çıxa bilərəm. Düzdür, bu, düz deyil: onlara özümü unutdurmaq əvəzinə özüm onları unudaram”.
Qatar gah işığa girirdi, gah qaranlığa, vaqonda gah gündüz olurdu, gah gecə. Gündüz də, gecə də sürətlə sovuşur, geridə qalırdılar.
  Görəsən... Ola bilsin... Əcəb...
 “İkisindən ancaq birini gətirməyə ixtiyarın var. Qoy püşk atsınlar,” – hüquqşünas qulağımın içindəcə mənə deyir.
“Onların ikiciyəzi elə bir adamcadır, vallah. Quşca yeməkləri yoxdur”.
“Bir adamca olsalar da, təəssüf ki, sənəddə iki adam gedirlər”.
“Bə mən neyləyim?”
“Yeddi bacı-qardaşsınız: paylaşın öz aranızda”.
“İkini yeddiyə necə bölək?”
“Bax, bu olmadı. Yoxam daa belə şeyə. ...Orda kimdir, gəlsin!”
Allah betərindən saxlasın: xəyalımda hey qovuluram.
Evdə, poçtun gözlüyündə məktub görsənirdi...

                                    1985, yanvar;
                                    yenidən işlənib – 23-26 oktyabr 2011-ci il

Комментариев нет:

Отправить комментарий