Страницы

14.10.2011

Oyun


Aliq Nağıoğlu. Hekayə
               
          Yağışı sevirdi, çünki yağış yağanda daldalanmağa yer tapmayan ən etinasız uşaqlar onun yanına axışırdı. Basırıq olsa da, seyrçilər ədəb- ərkanla taxtadan hazırlanmış oturacaqlarda əyləşib oyun növbələrini gözləyirdilər. Bura təzə- təzə sığınanda yerli adamlara isnişəcəyinə, nəsə daimi məşğuliyyət tapacağına inanmırdı.

          O, bu kəndə üç il əvvəl gəlmişdi. Arıq, çəlimsiz birisi idi. Dünyasını çoxdan dəyişən qarının evinə düşdü; mərhum anasının uzaq qohumu idi, ev də yolun kənarında yerləşirdi. Bütün əşyaları iki iri çamadana qablaşdırılmışdı. Sol ayağını bərk çəkirdi, deyilənə görə, ali təhsilli olsa da, uzun müddət mebel fabrikində karaçı işləmişdi, vaqondan DSP boşaldarkən ehtiyatsızlıqdan ağır yükü ayaqlarına salmışdı, sol ayağı tamam xurd- xəşil olmuş, yeddi ay müalicə almışdı. Sağalandan sonra işləyə bilməmiş, təqaüdə çıxmışdı.
          PlayStation oyunları açılandan oxşar hallar bir heçə dəfə təkrarlanmışdı. Uşaqlar səbəbini soruşanda “xəstələnmişəm”, “vacib işim çıxıb”, “təmirə ehtiyac var” kimi qısa cavablar səsləndirirdi. Amma kənd uşaqları da o saatca əl çəkmirdi, görəndə ki, sözündə qətidir, qapı ağzına yığışırdılar, sonra hövsələsizlər ikibir, üçbir uzaqlaşırdılar. Ən sital oyunçular təkrar görüşmək üçün dil töksə də nə onu görə bilirdi, nə də zorakı hərəkətlər edirdi. Hər kəsə bəlliydi ki, burda bu vaxta kimi artıq, yersiz çığır- bağır olmayıb. Xəbər də ildırım sürəti ilə bütün kəndə, qonşu kəndlərin oyun həvəskarlarına çatırdı, cib telefonu kəşf ediləndən informasiyanı bir neçə anın içində çatdırmaq sadələşmişdi.
Ancaq bu dəfə özü, alçaq evin yağışdan- istidən rəngi çatlamış pəncərəsini açıb əl çəkməyən, ən inadcıl uşaqlarla dialoqa girirdi:
- Açmaram daha, bir yerdən hamısını sataram...
- Bəs biz nə edərik?.- ümidsiz uşaqlar dirəşirdilər.
      - Əvvəllər nə edirdiniz onu...- nisbətən iri yaşlıların içində pıqhapıq düşürdü.
Azyaşlılar çaş- baş qalırdılar. Onların soruşmağa cəsarətləri çatmazdı. Dodaqlarının əsdiyini, rənginin göyərdiyini görüb dayanırdılar.  Bu görkəmi də bura köçüb gələndən, oyun işinə baş qatandan sonra tapmışdı.
         Ona qədər çox olmuşdu belə hallar, çox təkrarlanmışdı, sonda yenə “daşı ətəyindən töküb” yumşalmışdı. Amma, deyəsən, bu həna o hənadan deyildi.
        - Dostlar, bu, iş deyil, əsəblərim dözmür, cavan adamçındır...- gəl ki, heç kəsin vecinə deyildi, hamı oyun marağında idi.
        - Bir yerdən istəyən olsa, ucuz verərəm, uşaqlar, siz də evdə deyin...
- Bu dəfə vəziyyət ümidsiz idi. Ancaq uşaqların heç cür asanlıqla əl çəkmək fikirləri yoxdu. Bir dəstə əliboş, kor- peşman qayıdandan sonra ikinci dəstəni təlimatlandırıb yollayırdı.
        - Bezdirdiniz məni, zalım uşaqları...- məcbur olub dəmir darvazanın bala qapısını arxadan bağlayırdı. Bu halda da yığışanlar dağılışmır, küçədə var- gəl edirdilər.
       Kəndin işıqları gün ərzində fasilələrlə verilirdi. İşini asanlaşdırmaq üçün qrafik tutmuşdu. Əslində işıqlar sönəndə ən çox sevinən o, özü olurdu; pozulmuş əsəblərini sakitləşdirmək üçün balaca otağına çəkilirdi, saata baxıb dərmanlardan qəbul edirdi.
        Günortadan sonra “Çita” ləqəbli kənd ağsaqqalı qapıda göründü:
       - Salam, nə var, nə yox, müəllim, necəsiniz?- hamı ona uşaqların dili ilə “müəllim” deyirdi.
        - Əleykümsalam, min şükür...- istər- istəməz çatılmış qara qaşlarının üstünə qatı bir kölgə düşdü.
        - Gedək bir sənin talvarının altına, ora sərin olar, söhbətim var...
- Etiraz etmədi, su kranının yanında, iki nar ağacının arasında yeganə kölgəlik yerə gəldilər. Üstü örtülü olduğundan küləyi yaxşı çəkirdi.
       - Təxmin edərsən gəlməyimin səbəbini...
       - Yoox, falabaxan deyiləm, nə bilim,- çiyinlərini çəkdi.- Deyərsən, bilərəm...-
       - Oyuna görə... Dayandırmısan, uşaqlar da iki gündür üzümüzün suyunu töküblər...
                 - İlk əvvəl bu işi quranda elliklə məni söyürdünüz...- suçlu- suçlu gülümsündü.
       - Boşla getsin, Allah ölənlərini rəhmət eləsin, indi- indi canımız rahatlanıb. Necə qıyırsan?! Bilirik ki, uşaqlar sənin yanındadır, qorxusuz- hürküsüz... özü də eşitmişik, bura siqaret çəkən, söyüş söyən, başqa nalayiq hərəkət edən buraxılmır.
       - Səhv eləmişəm...
       - Yoox, nə danışırsan, savab iş görürsən. Mənə bax, onsuz da o pulları biz uşaqlara veririk, hara xərcləmələri onlarlıqdır. Sən deyilənə görə saatını rayon qiymətindən də ucuz eləmisən. Ölənlərin behiştlik...
       - Mən bunu pul qazanmaq üçün açmamışdım, ağsaqqal. Aldığım təqaüd mənə bəs edir,- yersiz söz ürəyinin bir cingənə simini dilləndirdi, kövrəldiyini gizlətmək üçün üzünü yana çevirdi. 
       - Hər nəsə... Səndən qabaq uşaqlar çaya gedirdi, ya boğulurdu, ya da  xəstələnirdi. Stadiona gedirdi, qol- qıçını əzirdi. Klubda da bir az yekə uşaqlar at oynadırlar. Eşidərsən, başqa işlər də olurdu... O hadisədən sonra oğlan uşaqlarını mal- qoyun otarmağa yollamağı yadırğadıq. Evdə də yay uzunu nə qədər oturmaq olar.
       - Canım əl vermir...
       - Can deyəndə ki, indi sənin işini işıqçılar tənzimləyiblər. Sutkada beş saat sönür fasilələrlə, dincəl də...
       - Müvəqqətidir... Əsəblərim tamam pozulub...
       - Səbrini bas, dərman at, qurdun, qulaqlarını tıxa, dur kənardan tamaşa elə...
       - Ağsaqqal, bütün incəlikləri bilirsən, gəl razılaşaq avadanlıqları bir yerdən satım sənə, həyətində yerin də var, məşğul ol.
       - Başına at təpib, nədir, məndə savad deyilən şey var? Səbr var?
       - Öyrədərəm, sənə görə bir müddət yubanaram, bu yaşda “yasin”i necə öyrəndin, burda da çətin bir şey yoxdur.
       - Canın haqqı mənlik deyil, evdə üç nəfər dolanammırıq, keyvəni də xəstədir, başı səs- küy götürmür. Məni diri gözlü öldürmək istəyirsən?
       - Nə üçün?- dedi və dərhal tutqunlaşdı.- Mən də ölməli deyiləm.
       - Kəjdiyin tutmasın, müəllim, məktəb vaxtına bir ay qalır, daşı tök ətəyindən. Uşaqlar yenə pis yola düşər... Bunun əvvəlini görmüşük axı... Dördü hələ də türmədədir.
       - Hər kəs evdə öz uşağıynan ciddi məşğul olsun, burda nə var axı...
       - Kənd camaatı əkinnən, mal- qaraynan dolanır. Bir tikə çörək daşdan çıxır. Adamlar səhər evdən çıxır, gün batanda evə qayıdır. Bilirsən, indiki uşaqlar bizim dövrün uşaqları deyil, zəmanə uşaqlarıdır. Bizi çəkindiyimiz şeylərlə hədələyirlər...
       - Elə olanda kəndin ağsaqqalısan, məsləhətləşib bir adam tapın, ya da hər kəs alsın, uşaq evdə məşgul olsun. Mənimki daha bitdi...
       - Sən lap ciddi deyirsən?..
       - Əlbəttə... Başa düşün, mən üç ildir onlarla bir yerədəyəm, oyun oynayanda da, növbəyə durub seyr edəndə də oxuduqlarımdan, başıma gələnlərdən, ibrətamiz şeylərdən danışdım, amma təəccübləndim: hər şey onlara bayağı, qeyri- ciddi təsir bağışladı, özümə qaranlıqdı, necə olacaq bunların axırı... Hər yerdə çatışmazlığın yeni nüsxəsini görürsən, amma yüzdə bir faiz başqa cür düşünən yoxdur. Bütün günü beynimdə uğultu gəzir. Son günlər nə dərman, nə təmiz hava baş ağrısını götürür. Niyə indiki uşaqlar belədir, beynin deşilsə də, cavabını tapa bilmirsən. Düzdür, deyəcəksən bu suallar mənasızdır. Bu suallara nəinki cavab vermək olmaz, hətta sual kimi səsləndirmək də yaramaz. Sualların da sərhəddi olur.
      - Bizdən nə tələb olunur, onu da edərik,- “Çita” çaş- baş danışırdı.
      - Nə tələb olunur ki?!.- Sol əlinin arxasını son günlər tükləşmiş üzündə  gəzdirdi.- Hərdən səhər yuxudan durursan, tam və sağlam, amma yaşamağa həvəsin yox. Normal adamlarda belə şeylər olmur. Kəndə gəldim ki, burda dinclik olacaq, son illər pozulmuş əsəblərimi bərpa edə biləcəm. O hadisəni eşidib, bunu bildiyimi birinci dəfə sizə etiraf edirəm, uşaqlara kompüter dərsləri keçmək istədim. İşlədə bilmədim, bütün qışı ikisi də nəmli otaqda qalıb xarab oldu, gələn olmadı. Sonra uşaqların təkidi ilə indiki aparatları aldım. İlk vaxtlar onların sevincinin həddi- hüdudu yoxdu. Mən də sevinirdim ki, hələ hər şeyi itirməmişəm, nəyəsə yarayıram. Tezliklə bayquş yerinə çevriləcək fabrik çoxlarını məhv elədi, məni də yarımçıq. Ordan uzaqlaşandan bir dəfə də olsun taleyimlə maraqlanmayıblar.- Dərindən ah çəkdi, əlləri ilə ağarmış saçlarına dartışdırdı.- Ona görə təzədən şəhərə qayıdıram. Evim var, ailəm var, xanımım var, düzdür ki, uşağım yoxdur. Gözləyirik! Buna görə də üz vurmayın, deyir;”Allah bir tərəfdən bağlayanda, bir tərəfdən açar”, görərsiz yaxşı olacaq.
        “Çita” kor- peşman durdu. Amma evinə getmədi, kəndin içərisindən keçən çayın üstündən salınmış torpaq yola düzəldi.
       
        Ancaq gün qüruba əyiləndə evinə qayıtdı. Qapıdan ayağını içəri basan kimi nəvəsi üstünə atıldı. Uşaq göz yaşlarını saxlaya bilmirdi:
       - Bərkgedən kənddən “Lexsus”la gəlmişdilər, öz gözlərimlə gördüm, hamısını maşına daşıyırdılar. Müəllim də yanlarında durmuşdu, sağ əli başında idi, vurhay tüklərini dartışdırırdı... xasiyyətinə bələdik, əsəbiləşəndə həmişə belə edirdi.
       - Ağlama, mənim balam, səhər rayon mərkəzindən sənə alaram... lap yaxşısını,- onu sakitləşdirməyə çalışırdı.
       - Neynirəm, - ağlamağa davam edirdi,- hamı bir yerdə olanda yaxşı idi. Müəllimdən də yoxdu, hər şeydən məlumatlıydı, ürəyimizə elə girmişdi ki... indi biz nə edərik? Deyirdi: uşaqlar sata bilsəm, düz bir ay müalicəyə gedəcəm. Qapıya yekə qıfıl vurulub,- əllərini ayaqlarına çırpa- çırpa evə götürüldü.
        Axşama yaxın göyün üzü qara buludlarla örtülmüşdü: yağış da yağmaq üçün hazırlanmışdı və gözlənilirdi. Bir azdan yağış yağdı, ağappaq, iri damcılar tozlu, quru dam örtüyünü döyəclədi.  Yayda yağan qəfil yağış uzun çəkmir, amma dayanandan sonra bürküsünə dözmək olmur.
       Bəlkə bu, ona işarədir ki, payız köçünü erkən salacaq. 

Комментариев нет:

Отправить комментарий