Страницы

14.10.2011

Can sağlığına!


Ülvi Məmmədli      
Professional Oxucu Liqası

Aramızda sağlığının vacibliyini əsas sayanlar daha çoxdur və bu da sevindiricidir

 Bəzən adam seçim qarşısında qalır- vicdanla yaşamaq lazımdır, yoxsa qanunla? Olmur ey... Elə də olmur, belə də olmur. Ya bu vicdan deyilən şey amorf bir şeydi, ya da qanunun vicdanı yoxdur. 



Hamısını demirəm, amma çox vaxt vicdanla qanun bir yerə sığışmır. Özü də biri, qanun, elə şişib yeri tutur ki, vicdanı sığışdırır bir küncə, bir az da sıxsan canını tapşıracaq. Yox, bu haqda yazı yox, tədqiqat əsəri yazmaq lazımdır. 
 Bu yaxınlarda saytlardan biri maraqlı bir sorğu keçirmişdi. Sorğu çox maraqlı tərtib olunmuşdu. Sualın özü cəlbedici olmaqla bərabər, cavab variantları həm böyük seçim imkanı verir, həm də cavablandıranların maraqlarına əsasən geniş spektr dairəsini əhatə edirdi. Düzünü deyim ki, müəyyən gözlənilməzliklərlə üzləşdim. Sorğunun əsas sualı belə idi: Bu il hansı arzunuzun reallaşmasını istərdiniz? Səsvermədə iştirak eləyirdi 4443 nəfər (bir nəfəri də gözləsəydilər "bərkgedən" rəqəm alınardı ha!).
 Səsvermədə iştirak edən novruzəli və tükəzbanların 1072 nəfəri İli sağ-salamat başa vurum, sağlam yaşayım variantını seçib. Belə çıxır ki, rəyi soruşulanların 24,1 faizi tamadaların sözündəki "lazımdır insana canın sağlığı" fikrini əsas yerə qoyub. Mən elə düşünürdüm ki, cavabların içərisində "Çoxlu pulum olsun"a səs verənlər daha çox olacaq. Nə gizlədək ki, pulun hər şeyi həll elədiyi fikri çoxumuzun beyninə girib çıxmır axı! Amma nəticə göstərdi ki, can sağlığının vacibliyini əsas sayanlar daha çoxdur və bu da sevindiricidir. İrəliləyiş var! Demək vətən basılmayacaq. Bir "əmma"sı var ki, bizim səhiyyəmiz və dərman təchizatçılarımız bundan düz nəticə çıxarmaya bilər. Yəni ola bilsin ki sağlamlığından şikayətçi olanlar da çoxluq təşkil eləyir və bu variant da səhiyyə işçilərimizə bir mesajdır ki, ehtiyacımız sağlamlığadır. Bir qorxusu da odur ki, dərman təchizatçıları cavabdan tərs nəticə çıxarıb onsuz da ceyran belində olan dərman qiymətlərini qaldıralar raket belinə ki, ən çox can sağlığı lazımdırsa, dərmanı neçəyə sataq ki işlərimiz xod getsin? Əsas odur ki cəmiyyətdə can sağlığının ən əsas olması fikri üstünlük təşkil eləyir. Yaşasın!

Комментариев нет:

Отправить комментарий