Страницы

19.10.2011

“Paltarlarım adamsızdır” kitabı təqdim olundu – FOTOLENT


“Əli və Nino” kitab mağazasında AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri, Dünya Azərbaycanlı Yazarlar Qurumunun təsisçisi Sayman Aruzun “Paltarlarım adamsızdır” kitabının təqdimatı keçirilib. 

Lent.az-ın məlumatına görə, qonaqları salamlayan Sayman Aruz ilk olaraq Cənubi Azərbaycandakı ədəbi mühitin durumundan söz açıb. Qeyd edib ki, burda həmin ədəbiyyatla, onun nümayəndələri ilə tanışlıq yoxdur: “Təbrizdə olanda da düşünürdüm ki, Cənubda yaşayan soydaşlarımızı burda tanıtmaq üçün nəsə etmək lazımdır. Odur ki, Cənubi Azərbaycan ədəbiyyatını burada gücləndirmək üçün Cənubi Azərbaycan Fondu yaratmaq qərarına gəldik. Bu fond vasitəsilə soydaşlarımızın kitabları çap ediləcək, tərcümə olunacaq".

Millət vəkili Qənirə Paşayeva bu tədbirin 18 oktyabr – Müstəqillik Günündə keçirilməsinin təsadüfi olmadığını deyib. Xanım parlamentari yeni yaradılan fondun fəaliyyətinə dəstək verməyin önəmindən danışıb: “Bu yaxınlarda Sayman mənə bir kitab verdi. Mən cəmiyyətin bir ziyalısı olaraq ordakı şairlərin bir çoxundan xəbərsizdim, şeirlərini oxumamışdım. Sonradan bir neçə nəfərdən də soruşdum. Məlum oldu ki, onları burda həqiqətən də çoxları tanımır. Onları tanıtmaq üçün bu fond böyük işlər görə bilər. Hesab edirəm ki, bunu ictimailəşdirmək lazımdır. Ayda bir dəfə həmin yazarlardan birini bura dəvət edək, mətbuata çıxaraq, televiziya verilişləri hazırlayaq. Çünki bu, bizim ədəbiyyatımızdır. Azərbaycanın – cənubsuz, şimalsız...”

Q. Paşayeva bu kitabların satışının təbliğinin vacib olduğunu da vurğulayıb: “Hətta hansısa iş adamı bu kitabları alıb öz işçilərinə hədiyyə də verə bilər. Bununla insanlarda kitab hədiyyə vermək vərdişi də formalaşar”.

Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, bu fond barədə Milli Məclisdə məlumat verəcək. Hətta bəzi həmkarları tərəfindən fondun hesabına hər ay müəyyən məbləğdə pul vəsaiti köçürüləcək.

Qeyd edək ki, “Paltarlarım adamsızdır” kitabının redaktoru Sabir Nəbioğludur. Tədbirdə kitabın satışı da təşkil olunub.

Комментариев нет:

Отправить комментарий