Страницы

26.10.2011

QAN TURALIDAN MUS-MUS-MUSTAFA


ŞƏMS İLALLAH


İlahi, bu uzunluqda da qəzet olar?! Elə bil 2 hekayə, 2 fəlsəfi esse, 11 köşə yazısını ardıcıllıqla oxudum, amma roman görmədim. “Roman gəlir!” deyə salınan haray-həşirin kökündə bir “fıss” yatırmış demə, xəbərimiz yox. Mən də roman çıxan günün səhərisi özümü atdım kitab mağazasına, istisi soyumamış nəşrdən birini aldım, sevinə-sevinə gəldim evə ki, “roman” oxuyacam.  Kitabın üz qabığı belə plagiat çıxdı, Elif Şafak-ın “Iskəndər” kitabının üz qabığının kiçik düzəlişlərlə olan forması. Içində maraqlı nəsə olar dedim, amma çifayda.

Yazı bir sevgi həkayəsi ilə başlayır, bütün əksər bədii əsərlərdə olduğu kimi. Bu sevgi hekayesi AYB-nin ən istedadsız üzvünün yazdığı ən maraqsız sevgi hekayəsinə bənzəyir. Yeni və maraqlı heç nə yoxdur. Salam Qədirzadədən nə təsir ala bilərsənsə, bundan da bir o qədər təsirlənərsən, vəssalam. Daha sonra köşə yazıları gəlir, bu sahədə müəllif uğurludur. Amma bu yazıları roman adlandırdığı kitaba “soxuşdurmaqla” nə əldə etmək istəyirdi, onu bilmirəm. Amma yox bilirəm deyəsən. Kitabın bir yerinde müəllif deyir ki, Dostoyevskinin 500 səhifəlik “Cinayət və cəza” romanını kiçik esse şəklində deyil, məhz roman şəklində yazmasına səbəb qonorar almaq istəyi olub, axı o, qumarbaz idi. Indi məncə də Qan Turalın “Mustafa”nı köşə yazıları ilə uzadıb romana oxşatmaq cəhdləri məhz “roman” dəbi ilə ayaqlaşmaq istəyi olub.


Daha sonra kitabın böyük hissəsini fəlsəfi esselər tutur. Müəllif ixtisasca fəlsəfəni bitirib. Uzun universitet illərində məcburi olaraq oxuduğu kitablardan aldığı məlumatları bir yere sırımalı idi. Burada da müəyyən yerləşdirilmələr aparılır. Bu məqamda Allaha şükür elədim ki, nə yaxşı Tural mənim kimi fizik deyil. Yoxsa romanı Eynşteyn, Om, Nyuton qanunlarının köməyi ilə bəzəmək və uzatmaq mümkünsüz və maraqsız olardı.
Sonluqdakı hekayə isə bir kənd müəllimindən bəhs edir. Bu müəllimin “müasirliyi” və “postmodernliyi” ondan ibarətdir ki, ən sevimli şagirdini içirdib rayon mərkəzinə fahişə yanına aparır. Ay bərəkallah! Lap gözlərim yaşardı.
Kitab bitdi, mən isə uzun müddət özümə gələ bilmədim. Ədəbiyyat adına bu qədər haray-həşir salan bir insanın ilk roman adlandırdığı kitabı bu gündə olmamalıydı. 8 ildir Anar Rzanın valideynləri, maaşı, idarəetməsi, romanları və kitabları, Çingiz Abdullayevin kimliyi, AYB-dəki yeri, status, roman və povestləri, kitablarının tirajı, Elçinin AYB-dəki yeri, onu gənc yazarlara münasibəti, sinirlə verdiyi müsahibələri, Kamil Vəli Nərimanoğlunun kimliyi, mövqeyi, ailəsi, əskərlik etməyən oğlanları, hətta adının inisialının KVN olması, Zahirin kimin puluna şalvar alması, kimin puluna sayt açması, Taleh Şahsuvarlının yazıları, mövqeyi, Rəşad Məcidin bir hekayəsinin olması, AYB-dəki postu və gənclər ədiblər siyasəti və sair və ilaxır üzərində illərlə ajiotaj qaldıran, əlinə qılınc alıb ora-bura hücum edən Tural qan eləməliydi. Amma etmədi, edə bilmədi, istedadı bura qədərmiş.
Indi isə bu kitabı oxuyan oxumayan, alan almayan ondan danışır, facebook şəbəkəsi üzərində təbliğat kompaniyası qururlar. Düzünü desəm, mən də bu reklamın güdazına gedib almışam kitabı. Oxudum da, sonuna qədər, nəsə gözləyərək, NƏSƏ… Nəsəni isə tapa bilmədim. Təəssüf.

Комментариев нет:

Отправить комментарий