Страницы

26.10.2011

“Yaşlı nəsil istəsə də gənc nəsilin qarşısını ala bilməz”



Hafiz Mirzə
 Hafiz Mirzə: “Kitab reklamına görə dotasiya ayrılmalıdır”
Oktay Hacımusalının ədəbiyyat barədə açıq sualları
Sualları yazıçı-publisist Hafiz Mirzə cavablandırır
-Hafiz bəy, ədəbiyyatmı siyasətdən üstündür, yoxsa siyasətmi ədəbiyyatdan? Yazar cəmiyyətdə siyasi proseslərə qarışmalıdırmı, yoxsa yazarın işi – gücü oturub əsərini yazmaqdır?  
-Ədəbiyyat ifadəsinin sonunda bir “…yat” hecası var ki, bu daha çox “həyat” sözü ilə qafiyyələnir. Ədəbiyyatı “əbədi həyat” kimi də deşifrə edirlər. Bəs belə isə, deməli, ədəbiyyat həyatdan kənar deyil və o həyatdan aldığını düzüb-qoşaraq həyata qaytarmalıdır. Hətta fantastika da, tarixi və macəra ədəbiyyatı da müasir günümüzlə hansısa formada səsləşməlidir. Həyatımız müasir dövrdə çox siyasiləşmişdir. Amma təəssüf ki, ədəbiyyatımız siyasiləşmədiyi üçün həyatımızı dolğun əks etdirə bilmir. Ona görə də oxucu ədəbiyatdan uzaq düşür.
Məncə bunun ən böyük günahi püxtələşmiş, peşəkar, usta yazarlarımızın qorxaqlığındadır. Onlar ədəbiyyatın hesabına formalaşmış, gün-güzaran qurmuş, övladlarını yerbəyer eləmiş, ad-san qazanmışlar. İndi özlərini nə müxalifət, nə də iqtidarla pis eləmək istəmirlər. Çoxu ikibaşlı siyasət yürütməyə və özünü qorumağa çalışır. Yeni nəsil yazarlar isə o qədər problemin içindədirlər ki, ta boğazacan! Mükəmməl bədii əsər yazmağa təpərləri çatmır və ya onların da çoxu qorxur. Nəticədə həm siyasət, həm də ədəbiyyat itirir. Yazşıçı həm də publisist olmalı, istər ədəbi, istərsə də publisistik yazılarında xalqın bir ziyalısı, aydını olduğunu sübut eləməlidir. Təəssüf ki, yazarlarımızın çoxu ziyalı deyil. Xəlil Rza, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Eldar Baxış, Yunus Oğuz və daha bir neçə yazar əgər milli-azadlıq hərəkatı zamanı siyasətə qatılmasaydılar, onun önündə getməsəydilər, itkilərimiz daha çox, uğurlarımız daha az olardı və özləri də indi ədəbiyyatda qalmazdılar! Bəs onlardan əvvəlki və sonrakı nəsil nə edir? Sadəcə, siyasətdən qorxurlar! Halbuki, həmişə siyasət ədəbiyyatdan qorxmalı, çəkinməli, onunla hesablaşmalıdır.
- Azərbaycan ədəbiyyatında danışdığımız kimi yaza bilirikmi? Oturuşmuş ədəbi dil yazılı dildən fərqlənirmi sizcə? Adi danışıq dilimizlə ədəbi dilin yaxınlaşması üçün nələr edə bilərik?
- Düşünürəm ki, danışdığımız kimi yaza bilmərik. Danışıqda səsin tembri, mimika və jestlər, əhvalımız, hətta havanın vəziyyəti də müəyyən rol oynayır və qarşı tərəfə daha canlı təsir edə bilir. Yazıda isə… hətta söz ehtiyatı çox zəngin olsa belə eyni qədər dolğun və canlı təsir yaratmaq mümkün deyil. Amma yazılı nitqin də öz üstün cəhətləri var. Ən əsası odur ki, yazıda ədəbi dil bir qədər ibarəli və ya bədii cəhətdən zəngindir. Mən danışıqda işlədilən tərzdə ifadələrin ədəbiyyata gəlişini düzgün saymıram. Məsələn, Türkiyədə necə danışırlarsa, çox vaxt o cür də yazırlar və bu çox savadsız görünür. Bizim ədəbi dilimiz çox inkişaf edib və bu inkişaf yazılı ədəbiyyatın hesabına olub. Amma mən onun tərəfdarıyam ki, əsərdə obrazların dili onun mənsub olduğu zümrəyə, məşğul olduğu peşəyə və yaşa uyğun tərzdə olmalıdır. Yəni, çoban da alim kimi danışmamalıdır.
Məncə ədəbi dili danışıq dilinə yox, danışıq dilini ədəbi dilə uyğunlaşdırmağımız nitq mədəniyyətimizi inkişaf etdirərdi.
-Kitabı necə oxuyursunuz? Nəşr olunmuş şəkildə, yoxsa elektron variantda?
- Son vaxtlar çoxlu kitab oxumağa vaxtım və macalım olmur. Amma haradasa 1-2 saat boş vaxtım ola bilərsə, boş-boşuna gözləməyim deyə özümlə nəşr məmulatı götürürəm. Xüsusən də yollarda. Kitab redaktələrini isə yalnız elektron variantda edir, düzəliş və əlavələrimi birbaşa kompüterdə aparıram. İnternet vasitəsilə isə yalnız məqalə və hekayə oxuyuram. İnternet nə qədər faydalı bir kəşf olsa da, bədii əsəri yalnız kitab şəklində oxumaq ləzzət verir. Elektron versiyaların internetdə nə qədər qorunacağı sual işarəsinin altındadır. Kitab isə daha uzun ömürlüdür. Elektron versiyanı raket –top atəşinə bənzətmək olar. Amma əskərin ayağı dəyməyincə ərazi azad edilmiş hesab olunmaz. Kitab məmulatı əskər kimidir.
- Hafiz bəy, ədəbiyyatda atalar – oğullar problemlərinə Siz necə baxırsınız? Bu problemin həlli cəmiyyətdə ədəbi fəallığın artırılmasında nə qədər rol oynaya bilər?
-Məncə təkcə ədəbiyyatda deyil, adi həyatın özündə də həmişə böyüklər- kiçiklər və ya atalar-oğullar problemi olub. Bu problem həyatın dialektikasıdır. Bu yoxdursa, demək həyat dayanıb, sürəti azalıb, inkişaf sönüb. Amma bunun ədavət həddinə qalxması cəmiyyətini mənəvi dəyərlərinə də ciddi zərbə vurardı. Bu işdə əsas sözü atalar deməli və həya-abır götürülmədən öz yerini yeni nəslə verməlidir. Bundan ötrü gərək yeni nəsil də özünü təsdiq etsin, inandırsın,.. Bu halda atalar öz yerlərini onlara etibar edər. Belə qarşıdurmalar çox vaxt məhz yeni nəslə inamın olmamasından doğur. Ədəbiyyatda isə bir azca fərqlidir. İstedadın varsa, buyur, yaz, dərc olun, tanın, məşhurlaş,.. Yaşlı nəsil bunu çox istəsə də indi gənc istedadın qarşısını kəsə bilməz. Yəni qarşısını kəsib nə edəcək ki? Qələmini və ya kompüterini əlindən alacaq? Dərc olunmağa da heç bir problem yoxdur. O qədər qəzet-jurnal, elektron KİV var ki! Amma ədəbiyyatdakı mövcud problem daha çox kreslo davasından qaynaqlanır. O adamlar ki, kreslo iddiasındadır, onların çoxunun təkcə səriştəsi deyil, şəxsi xarakteri də yüksək ədəbi vəzifələrə müvafiq gəlmir. Eləcə də yaşlı nəsil nə qədər mükəmməl olsa da, artıq çox yorğun görünür. Zamanında onlar öz ardıcıllarını yetişdirməli və yerlərini 70-cilərə, 80-cilərə verməli idilər. İndi artıq 90-cılar da onların qapısını döyür. Məncə cəmiyyətdə ədəbi fəallığın artmasına bu problemin həllindən daha çox, Dövlətin əməli işə birbaşa qayğısı daha yaxşı təkan ola bilər. Məsələn, paritet əsasda və 3 nəslin bərabər sayda seçimi ilə Ədəbiyyatın İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmalı, TV-lərə şou-biznes deyil ədəbiyyat təbliği tövsiyyə olunmalı, kitab reklamına görə dotasiya verilməlidir və sair. Təəssüf ki, “atalar” bu kimi xırda problemləri də həll etmədilər, yeni nəslə öz dövrünə görə gözəl əsərlərlə yanaşı həm də ağır ədəbi problem saxladılar. Üstəlik həm də, sanki oğulların daha böyəldiyini nəzərə almadan, onları qayış açıb döyməklə başa salmaq istədilər. Məncə ədəbiyyatda qayğını Dövlət öz üzərinə götürərsə, bu, tərəflərdən hansısnınsa qələbəsi və ya məğlubiyyəti ilə deyil, problemin tədricən həll edilməsi ilə nəticələnərdi.
 “- Təhlükə odur ki, böyük bir qrafomanlıq başlayır. Hər əli qələm tutan, hər klaviaturanın düyməsini döyəcləyən, üç cümləni dal-dala qoşanlar özlərini şair və ya yazıçı adlandırırlar. Bu, məncə, əsl ədəbi dəyərin harada olduğuna kölgə salır.” –Bu fikirlər Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə aiddir. Doğurdanmı Azərbaycanda internet ortamında yaranan ədəbiyyat problemli ədəbiyyatdır?
- Rəşad bəyin qaldırdığı məsələnin təbii ki, problem tərəfi var. Belə ki, adətən naşılarda təxəyyül istedadı olmasa da, fərasətləri artıq olur və fərasətləri hesabına onlar əsil istedadların yerini qapayar, tuturlar. İstedadlı şəxslərin bir çoxu eyni qədər helmli olmurlar deyə bəzən parlamadan sönənləri də az olmur. Amma mən onun tərəfdarıyam ki, qoy kim bacarırsa yazsın. Bu bolluqda yalnız daha keyfiyyətlilər irəli gedə biləcək və bunlar inkişafa müəyyən qədər müsbət təsir də göstərəcək. Yoxsa ki, ayrı-ayrı qəzet və jurnallar daha öz yerliləri, dost və qohumları ilə ədəbiyyatda əvvəlki kimi monopoliya yarada bilmirlər. Və onları narahat edən də budur ki, bazara onların bığının altından keçməyən kənar qüvvələr də gəlir.Bunlar internet məkanının üstünlükləridir. Son vaxtlart ədəbi sayt və portalların artması da gənclərə əlavə dərc olunma imkanları yaradır. Təəssüf doğuran bu bolluq deyil, səviyyəli, obyektiv ədəbi tənqidin olmamasıdır. Mən onu da bildirməliyəm ki, müasir dünya yalnız güclüləri sevir. Qoy bizdə də hərtərəfli fərasəti və istedadı olanlar önə çıxsınlar. Təkcə istedadın olması ilə hər şey bitmir. İnsan özü də özünə yol, cığır açmalıdır. Bu heç də təhlükəli deyil və bundan qorxmaqa dəyməz. Əksinə, buna əlavə təkan verilməlidir.
-Şamo Arif – Anar qarşıdurmasından bir şey başa düşürsünüzmü? Sizcə Şamo Arif nə istəyir? Hər AYB qurultayı öncəsində bu adamın ortaya atılıb nəsə deməsindən nə anlayırsınız?
- Mən daha çox Şamo Arifin yerinə utanıram. Adam hər dəfə qurultayqabağı işə düşür, Anara və onun valideynlərinə qarşı hücuma keçir. Hər dəfə də Anarın dostları onun atası Süleyman Rəhimovun yeni-yeni zibillərini ortaya çıxardırlar. Həm də Anara yaltaqlananlar daha çoxdur axı. Əgər AYB-nin sədri Şamo Arif olsaydı, əks mənzərə yaranacaqdı. Mən belə qonşu davalarında uçastkovının şahid kimi məntəqəyə çağıracağı qonşulardan olmaq istəməzdim. Təkcə onu deyə bilərəm ki, bunlar bir-birlərini rüsvay etdikcə tarix bir o qədər saflaşır. Heç nə unudulmur, heç kəs heç vaxt yaddan çıxmır. Hər kəs öz layiq olduğu cavabı gec-tez alır – hətta həyatdan köçmüşsə də. Nizamilər, füzulilər yetirmiş Azərbaycan Ədəbiyyatı belə cılız intriqalara, paxıllığa, xəbisliyə görə 70 ildə Mixail Şoloxov, Nodar Dumbadze, Çingiz Aytmatov səviyyəsində də dahi yetişdirə bilmədi.
- Yazıçıların növbəti qurultayından sonra ədəbiyyatdan nə gözləyirsiniz?
- Yazarlarımızın özündə milliliyi saxlayaraq dünyaya düzgün inteqrasiya oluna bilmək məharəti olmasa, qurultay nə edə bilər ki? Yazarın özündə ciddi təpər, zəngin təxəyyül, təfəkkür və cəsarət olmadıqda qurultayın çıxarda biləcəyi ən gözəl, ən faydalı qərar da kağız üzərində qalacaq. Ədəbiyyata marağı artırmaq naminə yazarın sosial-məişət və dolanışıq problemlərini dövlət həll etməlidir. Heç olmasa bir 5 il belə olmalıdır. Sonrasına zaval yoxdur!

Комментариев нет:

Отправить комментарий