Страницы

29.10.2011

SƏHƏRLƏR OYANMAQ İSTƏYİRƏM TEZ GÜNƏŞİ GÖRMƏYƏ...

Kanan Haci
KƏNAN HACI

Bu yazının yazılmasından 7 ildən çox vaxt keçib. O vaxt Oktayla münasibətlərimiz  “salam, sağ ol”dan o tərəf keçməmişdi. Ara-sıra tədbirlərdə rastlaşırdıq, vəssalam. Mətbuatda onun yazılarını oxumuşdum və bu yazılarda nə görmüşdümsə, günlərin bir günündə oturub bu qeydləri qələmə almışdım. Kasıb vaxtlarım idi, elə olurdu ki, kənddən şəhərə gəlməyə yol pulu tapa bilmirdim. Bu yazı o qalan qaldı.
İndi Oktayla aramızdan su keçmir. Bir gün ona sirrimi açdım, dostumu maraq bürüdü:- Sən canın, doğru deyirsən?!
İndi o yazını nöqtə-vergülünə belə toxunmadan (hətta yazının adını olduğu kimi saxladım) sizlərə təqdim edirəm.

Mən onun yazılarını oxuyanda tez-tez diksinirəm və bu diksinmələr məni tədricən özümə qaytarır. Elə bil illərin o tayında qalmış şıltaq uşaqlığımı, kövrək yeniyetməliyimi yenidən yaşayıram. Bu yaşantılar bütöv bir ömür qədər dəyərlidir.
Oktay Hacımusalının yaradıcılığında diqqəti cəlb edən fəlsəfi, sürrealistik məqamlar, insanların xarakterindəki mənəvi-psixoloji aləmin təzadları tamamilə fərli bir düşüncə tərzi ilə təqdim olunur.
Haçansa mistik, dini anlayış sayılan ezoteriya, ruhlar haqqında elm bu gün artıq reallıq kimi qəbul edilir. Bu tendensiya Oktayın da yaradıcılığında özünü büruzə verir. “Ruhlar dumana döndü”, “Sürgün”hekayələrində ruhun ölməzliyi olduqca inandırıcı şəkildə təsvir edilir.
“O axşam dağlara duman çökmüşdü. İnsanlar nə biləydi ki, bu duman adi dumanlardan deyildi. Bu duman illər əvvəl dünyadan köçüb getmiş insanların ruhu idi, gəlmişdi öz yer-yurduna.” (“Ruhlad dumana döndü” hekayəsindən)
Duman cildinə girmiş ruh vaxtilə öz sahibinin yaşadığı yerlərə üz tutur və görür ki, daha  “bu evlərdə bir Tanrı bəndəsi yaşamır.” Yurd xarabazara çevrilib. Oxucu bütün bunlara inanır, heyrətlənir. Hiss olunur ki, müəllif  ruhların təlimi, reinkarnasiya və s. Bu kimi anlayışlardan xəbərdardı.
 Oktay realist yazıçıdır. Lakin onun realizmi mifoloji, psixoloji, alleqorik  obrazlarla, simvollarla yaradılan bir realizmdir. İntuisiya, fəhm, dərin müşahidə bu hekayələrin mayasını təşkil edir.
“Bir insan dünyadan köçürdü. Onun ətrafına yığışanlar ağlayırdılar. Çünki onları da belə bir ölüm gözləyirdi. Qərib, nakam. Öləcəkdilər yaxınlarından nigaran. Gözləri açıq gedəcəkdilər bu dünyadan.” (“Sürgün” hekayəsindən)
Oktay üçün süjet bəlkə də önəmli deyil, hadisələrdən doğan səmimi hisslər daha əsasdır. Bu hekayələrin qəhrəmanları narahat insanlardır, ruhu nigaran qalan, toxtaq tapmayan, şad olmayan insanlardır. Əllbəttə, düşünməyi bacaran oxucuda həmin insanların taleyi böyük maraq doğurur, düşünürsən, anlayırsan, nəsə tapırsan və kədərlənirsən. Ayılırsan...
Bütün ömrü boyu övlad həsrətiylə yaşayan, əlli yaşında ilk övlad sevinci yaşayan qoca ölüm düşərgəsində can verərkən bilmir ki, o təkcə balası da aclıqdan tələf olub. Bilmir...
“Tər axırdı üzündən. Sürgündə olan mülkədar tanışlarından birini əlilə çağırdı yanına. Dili söz tutmurdu. Bir balaca kağız istədi, əlinin işarəsiylə. Gətirdilər. Cəmi iki söz yazdı: Yazıq balam. (“Sürgün” hekayəsindən)
Oktayın qəhrəmanları-qocası da, cavanı da- Tanrıdan nəsə gözləyirlər. O nəsə hələ də gələcəkdə dolaşır. “Qaçqın düşərgəsində bayram”, “Bəyazid meydanı”, “Bakı-İstanbul-Bakı” hekayələrində kövrək bir ümid dolaşır. Özünəməxsus, orijinal tərzdə qəhrəmanlarının daxili aləminə nüfuz edən yazıçı digər ziddiyyətləri də göstərməyə cəhd edir.
Onun şeirləri də ənənəvi şeir tipindən kəskin şəkildə fərqlənir. Xüsusən “Hərflər” silsiləsi. İlk baxışda adi həyat yaşantılarıdır, lakin içdən gələn və səmimi  şəkildə ifadə olunmuş yaşantılardır:

                damar damcı-damcı
                damı-daşı
                dağılmışın.
                Dadlı-duzlu dolular
                dondurar damarlarımı.
              Danüzü dənizlərdə durular,
              dalğalar durub dəstəmazlanar
              dayanar dərgaha doğru.

 Buradakı assosiasiya axını çox gözəldir. Mən deyərdim ki, “Hərflər” silsiləsi onun ən uğurlu şeir silsiləsidir. Oktay sözlər vasitəsilə az qala gözlə görünə bilən bir peysaj yaradır.

             Könlüm talan, ağlım yalan,
             Baxan mənə dəli deyir,
             Ruhum da məni izləyir,
             Göyü saxlamağım gəlir-
             Ana, ağlamağım gəlir!
             Ağlamağım gəlir, ana!

 Oktayın şairliyi darıxan bir ruhun predmetləşməsində, obrazın əyaniləşməsində üzə çıxır. Oktay həmişə ürəyi dolu gəzir, içində ifadə eləyə bilmədiyi fikirlərlə baş-başa bir ömür sürür. Bəlkə də buna görə zahirən çox narahat bir insan təsiri bağışlayır.
Bu qeydlər mənim Oktay haqqında, onun yaradıcılığı haqqında adda-budda düşündüklərimdir. Pərakəndə şəkildə səpələnmiş bu fikirlər bəlkə də gələcəkdə yazılacaq hansısa bir yazının eskizləridir. Mən Oktay Hacımusalıdan daha böyük əsərlər gözləyirəm və ona yaradıcılıq uğurları arzulayıram.
Bu yazını da onun bir şeiri ilə tamamlayıram.

              Səhərlər oyanmaq istəyirəm tez
              Günəşi görüm deyə.
               Əvvəllər belə deyildim heç.
               Gecələr dayanmaq istəyirəm hey
               Zülmət gecədə
               Ay doğduğu an,
               Ayı görüm deyə.
               Əvvəllər belə deyildim heç.
               Bəxtəvər başına Bakının
               Sən Bakıdasan deyə.
               Bakı səhər-axşam nura qərq olur.
               Mən burdayam,
               Burda- Siyəzəndə isə
               Nə Gün çıxır, nə Ay doğur.
               Darıxıram sənsiz,
                Günəşim, Ayım...

                            09 fevral, 2004-cü il.               

Комментариев нет:

Отправить комментарий