Страницы

29.10.2011

Gül dəstəsi ilə


Akif Abbasov. Hekayə

Muradla Əlyar Qədiri başlarından elədikdən sonra Valya ilə Nataşanı götürüb mehmanxanaya getdilər. Onlar üç gün olardı ki, Volqoqrada idilər. Bazarda nar satırdılar. Qədir utancaq, astagəl olduğundan, rus dilini yaxşı bilmədiyindən onlarınkı tutmurdu. Yarıtmırdı yoldaşlarını.
Muradla Əlyar bazara gələn rus qızlarını min bir dillə dindirir, nara müştəri tapır, arada bəzilərinə nar payı da verirdilər. Payla bərabər görüş də təyin edirdilər. Gələn gəlirdi, gəlməyən də o gedən olurdu.
Qədir bütün bunları görür, dostlarına paxıllığı tuturdu. Onun da ürəyindən əylənmək, şənlənmək keçirdi.

Amma Muradla Əlyar hərdən narı ona tapşırır, rus qızlarının arxasınca düşüb yoxa çıxırdılar. Axşam Qədir gələndə ona öz şücaətlərindən danışır, özləri də bilmədən yazığın kefinə soğan doğrayırdılar. Arada restoranda, ya da mehmanxanadakı nömrədə o da yoldaşları ilə birlikdə otururdu. Amma vaxt çatanda durub məclisi tərk edir, tək-tənha küçələri dolaşırdı. Dostları gəzməkdə olanda isə mehmanxanadakı yastığı qucaqlayıb yatırdı. Qədir öz-özünə gileylənirdi: «Heç insafları yoxdu bu uşaqların. Adlarını yoldaş qoyublar, amma məni saymırlar».  Axır bir dəfə dözə bilməyib dərdini açdı. Qədirin halına acıyan Muradla Əlyar onu Larisa ilə tanış etdilər. İndi Larisanı Qədirin ümidinə qoyub getmişdilər. Qədir Larisa ilə nə edəcəyini bilmirdi. Birdən yadına düşdü. Azərbaycan ləhcəsi ilə:
-Larisa, marojna xoçiş? – deyə soruşdu.
Onun rus sözlərini sındıra-sındıra deməsi Larisaya xoş gəldi. Gülərək eyni ləhcə ilə:
-Xaçu, Kadirçik, - dedi. – Xaçu.
Gülə-gülə dondurmanı yedilər. Sonra Qədir:
-Larisa, kino xoçiş? – deyə soruşdu.
Larisa başının işarəsi ilə «hə» dedi. Kino-teatra sarı gedib, bilet aldılar. Yenicə yerlərini tutmuşdular ki, işıqlar söndü. Film başlandı. Ekranda «Şirin qadın» filmi gedirdi. Qədirin yadına birdən Bakı kino-teatrları düşdü. Arxaya çəkilmiş bəzi cavan oğlanlar qızlarla qucaqlaşıb oturar, arada öpüşərdilər. Qədir belələrinə qibtə edər, hərdən həsrətlə və eyni zamanda oğrun-oğrun onlara baxardı.
İndi Larisa ilə yanaşı əyləşmişdi. Cəsarətə gəlib qolunu onun boynuna saldı. Qız dönüb baxdı. Qədir utandı. Bilmədi ki, qız onun hərəkətini təqdir edir, yoxsa xoşlamır. Odur ki, üsulluca qolunu bir az aşağı – oturacağın söykənəcəyinə saldı. Az sonra yenə qolunu qaldırdı. Larisanın boynunu qucaqladı. Onu özünə sarı çəkdi, başını əyib ağzını onun üzünə sarı apardı. Larisa dartındı:
-Kadirçik, şto s toboy? Sidi tixo.
Qədir tutuldu. Özünü yığışdırdı. Öz-özünə fikirləşdi: «Mən bacaran iş deyil. Muraddan, Əlyardan biri burada, mənim yerimdə olsaydı, çoxdan qızı basmarlamışdı…»
Bir müddət ötdü. Larisa bir də onda gördü ki, Qədiri yuxu aparıb. Yazıq bütün günü bazarda piştaxta arxasında olduğundan hara çatırdısa, yuxu onu aparırdı. Qədir başını aşağı salıb şirin-şirin yatırdı. Filmin sonu yaxınlaşırdı. Larisa yerindən qalxıb zalı tərk etdi. Nəhayət, film başa çatdı. Salonda işıqlar yandı. Qədir ayılanda yanındakı yeri boş gördü. Adamlar onun yanını kəsdirib Qədirə baxır, onun yol verməsini gözləyirdilər. Qədir ayağa qalxıb zaldan çıxdı. Ətrafına göz gəzdirdi. Bir daha boş zala qayıtdı. Larisa yox idi. Qədir kor-peşman mehmanxanaya gəldi. Otağa girəndə Muradı Valya ilə, Əlyarı Nataşa ilə qucaqlaşıb yatan gördü. İşığı yandırmadan çarpayısına uzanıb yastığı qucaqladı. Arada başını qaldırıb Nataşanın açıqda qalmış ağ qıçlarına baxır, ah çəkirdi: «Larisanı gətirə bilsəydi, bu gecə Qədir də başını onun ağ sinəsinə qoyub rahatca yatacaqdı…»
Bu xəyallar içərisində nə vaxt yuxuya getdiyini bilmədi. Sübh tezdən, saat beşdə hamıdan erkən oyanıb nömrəni tərk etdi. Trolleybusa oturub bazara gəldi. Səhər yeməyini buradakı yeməkxanada eləyib piştaxtanın arxasına keçdi:
-Qranat yest, xaroşiy qranat, kak myod! – deyə müştəriləri səsləməyə başladı.
                       * * *
Nəhayət, gətirdikləri narı satıb qurtardılar. Dostlar yır-yığış elədilər. Sonuncu dəfə mehmanxanadakı üç nəfərlik nömrəyə yığışdılar. Araq, kolbasa, sosiska, pendir almışdılar. Narın yaxşılarından bir-iki dənə seçib saxlamışdılar. Valya ilə Nataşa da burada idilər. Qədir yenə də fağır-fağır oturub onlara baxırdı.
Yeyib-içdikdən, rəqs edib şənləndikdən sonra qızlarla əylənmək məqamı yetişəndə yadlarına Qədir düşdü. Əlyar tez Nataşaya:
-Nata, daraqaya, a Kadır izdes skuçat budet? – deyə göz vurdu.
Nataşa telefonun dəstəyini götürüb Larisaya zəng etdi. Qədirin adını çəkib bir az zarafatlaşandan sonra onu dilə tutdu. Sonra Qədirə müraciətlə:
-Kadır, ona jdet tebe okolo metro. İdi, vstreçay svoyu lybimuyu…
Bu sahədə Qədirin əlindən bir iş gəlməsə də, çörəyi qulağına yemirdi. Əlüstü anladı ki, yenə onu başdan eləyirlər. O, burada artıq adamdır.
Qədir paltosunu çiyninə salıb çıxdı. Larisa metro stansiyasının girəcəyində dayanıb onu gözləyirdi. Qar yağırdı. Hava çox da soyuq deyildi. Larisa onun qoluna girib mehmanxananın əks tərəfi ilə hərəkət etməyə başladı. Qədir düz tapmışdı. Nataşa telefonda onu inandırmışdı ki, Qədir burada onlara mane olur, bir-iki saat onun başını qatsın.
Larisa ondan xəbər aldı:
-Kuda poydyom?
Qədir çiyinlərini çəkdi. Larisa:
-Davay k nam zaydyom…
Qədir sevindi. Larisa onun sevincinin səbəbini başa düşsə də, özünü o yerə qoymadı. Liftə minib səkkizinci mərtəbəyə qalxdılar. Qədir, axır ki, bu gün arzusuna çatacaqdı. Larisanın ayaqlarına baxdı. Yun kalqotka, uzunboğaz çəkmə geyinmişdi. Gözünün qabağına Nataşanın ağ qıçları gəldi. Öz-özünə: «Bu rusların bədəni ağ olur. Şəksiz, Larisanın qıçları da Nataşanın qıçları kimi şümal və ağappaqdır».
Qapını yaşlı bir qadın açdı. «Xoş gəldin» eləyib onları içəri buraxdı. Larisa onu anası ilə tanış etdi. Atası stolun arxasında oturmuşdu. Ayağa qalxmadı. Qədir dilxor oldu. Larisa gödəkçəsini, uzunboğaz çəkmələrini çıxartdı. Yun kalqotkada qaldı. Qədir başa düşdü ki, nəinki bu gün, hətta bundan sonra da heç vaxt Larisanın qıçlarını görə bilməyəcək. Bu axşam Bakıya qayıdacaqdılar.
Stolun üstündə kolbasa, balıq konservi, yarımçıq araq şüşəsi vardı. Larisanın atası dördü üçün də araq süzdü. Qədir bir istədi desin içmir. Fikirləşdi yaxşı düşməz. Kişinin qapısını açıb. Xətrinə dəyər. İçdi, balıq konservindən bir tikə ağzına qoydu. Bir saat keçmişdi ki, telefon səsləndi. Larisanın anası dəstəyi qaldırıb cavab verdi. Larisanı istəyirdilər. O, dəstəyi qızına verdi. Larisa bir-iki kəlmə danışıb, «ladno» dedi və dəstəyi yerinə qoydu. Qədirə müraciətlə:
-Kadirçik, pora domoy, -dedi və geyinməyə başladı.
Onlar mehmanxanaya gəldilər. Muradla Əlyar artıq yır-yığış eləmiş, taksi çağırmışdılar. Çamadanları aşağı düşürdülər. Altı nəfər olduqlarından əlavə bir taksi də tutub dəmiryol vağzalına gəldilər. Xudahafizləşmək məqamı gələndə Qədirin gözləri doldu. İş yerinin ünvanını Larisaya uzadıb:
-Məktub yaz, Larisa, - dedi. Sonra özünü saxlaya bilməyib ağladı. Bu neçə gündə Larisaya öyrəşmişdi. Sadəlövh və utancaq olsa da, həssas idi, uşaq qəlbi vardı. Tez kövrəlirdi. Vaqona minəndə: «Larisa, məktub yaz ha!» - deyə bir də xahiş etdi.
                               * * *
Qədir Larisanı unuda bilmirdi. Bir şey əlçatmaz olanda insan həmişə ona doğru can atır. Elə ki istədiyini əldə edirsən, ürəyin rahatlıq tapır, mənən dincəlirsən, maraq get-gedə azalır, hətta bəzən sönür. Qədirin fikri-zikri Larisa idi. Rus gözəli onun ağlını başından almışdı. Sevgi idi, istək idi – bilmirdi. Onu, Larisanı görmək istəyirdi. Arada öz-özünü qınayırdı ki, gör nə qədər avam, fərasətsizdir ki, qızın telefon nömrəsini də götürməyib. Əlyarla Murad da onun nömrəsini bilmirdi. Bir də nəylərinə lazım idi ki, maraqlanaydılar.
Aradan on beş gün keçmişdi ki, idarənin kitabxanaçısı Qədirə bir məktub verdi. Zərfin üzərində «Larisa Borisovna, Volqoqrad şəhəri» sözləri yazılmışdı. Qədirə elə bil dünyanı bağışladılar. O, cəld otağa çəkilib tələm-tələsik zərfi açdı: «Kadirçik, Volqoqrad torpaqlarından atəşin salamlar göndərirəm. Necəsən? Siz yola düşəndən sonra səninçin qəribsədiyimi hiss etdim. Mənə görə ağlamağın gözlərimin qabağından getmir. Sən həqiqi kişisən. Qadınları qiymətləndirməyi bacarırsan. Mən indi başa düşürəm ki, sənsiz yaşaya bilmirəm. Ailəli olduğundan xəbərim var. Qız atasısan, bunu da bilirəm. Sənin xoşbəxtliyinə mane olmaq fikrim yoxdur. Lakin səni görməkdən, səninlə birlikdə olmaqdan ötrü burnumun ucu göynəyir. Həyat belədir də, neyləmək olar?! Bilirəm, məndən xoşun gəlir. Səni bir neçə günlüyə xoşbəxt etmək üçün Bakıya gəlirəm. Dekabr ayının 10-na Volqoqrad-Bakı qatarına bilet götürmüşəm. Yeddinci vaqonda olacağam. Məni qarşıla. Səni öpürəm. Larisa…»
Qədir məktubu dönə-dönə öpdü. Larisa iki gündən sonra burada olacaqdı! Qədir başını qaldırıb baxışlarını məchul bir nöqtəyə zillədi. Gözlərinin önünə Nataşanın ağ qıçları gəldi və eyni zamanda Larisanı kalqotkasını soyunmuş vəziyyətdə qarşısında oturmuş gördü. Bu xəyallar içərisində «Bakı» mehmanxanasına gedib qohumu Qurbanın köməyilə bir nəfərlik nömrə bron etdi. Yer sarıdan arxayın olandan sonra səbirsizliklə Larisanın gəlişini gözləməyə başladı.
Qədir daha əvvəlki kimi qaşqabaqlı və qüssəli gəzmirdi. Eyni açılmışdı. Bu, təbii ki, iş yoldaşlarının, Əlyarla Muradın diqqətindən yayınmadı: «Nə olub sənə, kefin ala buludlarda gəzir?!» deyə ona sataşırdılar. O da öz növbəsində «Heç» deyə onlara cavab verirdi.
Dekabr ayının 10 idi. Qədir üzünü qırxıb, ətirləndi. Təzə kostyumunu, paltosunu geyib gül mağazasına getdi. Qızılgül dəstəsi bağlatdırıb dəmiryolu vağzalına gəldi. Vaxta az qalırdı. O, perronda gəzişməyə başladı. Tez-tez saatına baxırdı. Vaxt daraldıqca narahatçılığı artır, həyəcanlanırdı. Daha Əlyarla Murad ona mane ola bilməyəcəkdilər. Bu gündən etibarən o, «Bakı» mehmanxanasının altıncı mərtəbəsindəki tək adamlıq nömrədə Larisa ilə olacaqdı. Bir həftəlik bülleten açdırmışdı. Gündüzlər qaş qaralanadək burada oturacaq, dincələcək, axşamlar evə gedəcəkdi. Ona da Qədir deyərlər! Adamınkını gərək Allah özü yetirə. Paxıllıq etməklə deyil ha…
Artıq gözləmə zalındakı adamlar da perrona çıxmışdılar. Növbətçi qadın Volqoqraddan gələn qatarın vağzala qəbul olunduğunu xəbər verirdi. Qədir əlində gül dəstəsi yeddinci vaqonun qarşısını kəsdirib durdu. Adamlar əllərində çamadan, bağlama, çanta vaqondan düşürdülər. Qədirin gözləri axtarırdı. Larisa görünmürdü. «Yəqin yükü ağırdır, mənim vaqona qalxacağını gözləyir» deyə fikirləşən Qədir vaqona çıxdı. İçərini başdan-başa dolaşdı. Bələdçi qadın:
-Ay oğul, hamı düşüb getdi. Boş vaqonda kimi axtarırsan? – deyə soruşdu.
Qədir qeyri-ixtiyari dedi:
-Larisanı… Burada sarı saçlı bir qız görmədiniz ki?..
Bələdçi qadın gülümsədi:
-A bala, burada nə qədər desən sarı saç qız vardı. Nə bilim hansını deyirsən…
Qədir əlində gül vaqondan düşdü. Bayaqdan gül dəstəsini yuxarı tutmuşdu, indi isə onu başı aşağı sallayırdı. O, perronda dəlicəsinə o baş-bu başa yüyürüb Larisanı axtarmağa başladı. Çamadanını yerə qoyub dincini alan sarı saçlı rus qızını görüb ona sarı qaçdı. Çatıb dayandı. Larisaya oxşayırdı da, oxşamırdı da. Onunla nə barədəsə danışdı. Qız tərs-tərs Qədirə baxıb üzünü çevirdi, çamadanını götürüb yoluna düzəldi.
Qədir bir əlindəki gülə baxdı, bir də Volqoqraddan gələn qatara, bitlmədi ki, nə etsin. Çaşıb perronun ortasında qalmışdı. Birdən:
- Qədir, xoş gördük! – sözləri onu diksindirdi.
Əlyarla Murad idi.
-Xeyir ola, Qədir? Kimi gözləyirsən? Hələ bir gülünə bax. O xoşbəxt kimdir?
Özünü itirən Qədir: «Bu yaramazlar haradan çıxdılar?» deyə fikirləşib tez:
-Heç bir tanış var, onu qarşılayırdım. İşin tərsliyindən gəlib çıxmadı.
Murad bic-bic:
- Qədir, birdən gözləmən Larisa olar ha? – deyə atmaca atdı.
Qədir çaşdı: «Ola bilməz. Onların xəbəri yoxdur axı. Yəqin məndən söz almaq istəyirlər» - deyə düşünüb tez:
-Nə Larisa? Larisa burada nə gəzir? – dedi.
Əlyar əlini bir-birinə vurub qəh-qəhə çəkdi:
-Bizə yox da, Qədir. Məgər Larisa sənə məktub yazmayıb? Volqoqrad torpağından atəşin salamlar göndərməyib. Yazmayıb ki, sənsiz yaşaya bilmir, səni görməkdən, səninlə birlikdə olmaqdan ötrü burnunun ucu göynəyir???
Sən demə, Əlyarla Murad bayaqdan bir tərəfdə gizlənib Qədirin hərəkətlərini izləyirlərmiş.
Qədir yalnız indi hər şeyi başa düşdü. Anladı ki, məktub məsələsi Əlyarla Muradın işidi. Qədirin elə bil içində nəsə qırıldı. Əli boşaldı, gül dəstəsi yerə düşdü. Başını qamarlayıb yerə çökdü…
…Qış ayları davam edirdi. Bakıya da qar yağmışdı. Larisa yenə də uzunboğaz çəkmələrdə və yun kalqotkada gəzirdi.

                             Akif Abbasov,
                         pedaqoji elmlər doktoru, professor, Pusiya Pedaqoji
                             və Sosial Elmlər Akademiyasının həqiqi üzvü 

Комментариев нет:

Отправить комментарий