Mayis Gulaliyev
Sionizmi və “İsrail” dövlətini dəstəkləyən hər kəs başa düşməlidir ki, bununla onlar Yəhudiləri və ya İudaizmi dəstəkləmirlər, əksinə Yaxın Şərqdə gərginliyi və qan tökülməsini dəstəkləyirlər
Yaxın Şərq qan içindədir. Bu qanın yaxın illərdə yuyulacağı və yaxud unudulacağı inandırıcı görünmür.
21-ci əsr qeyri-humanist və zor əsri kimi tarixə daxil olur. Neçə min illər dövlətçilik tarixi olan Yaxın Şərq elə bil Allahın qarğışına tuş gəlib. Bəlkə Allah dünyanı sınağa çəkir, onun əsəblərini və mübarizliyini yoxlayır. Kim bilir. Lakin aydın olan odur ki, hər gün onlarla və hətta yüzlərlə günahsız insan kimlərinsə siyasi və iqtisadi ambisiyalarının qurbanı olur.
Yaxın Şərq od-alov içərisində yandıqca bu qırğınlarda sionizmin
günahkar kimi adı getdikcə daha çox hallanmağa başlayıb. Bəs sionizm nədir? Sionizm tərəfdarlarının təbliğinə görə sionizm yəhudilərin vaxtilə qovulduqları öz doğma torpaqlarına qayıdaraq öz müqəddəratlarını təyin etmək hüquqlarıdır. İlk baxışda adi hüquq kimi müəyyən edilən bu təyin, əslində 19-cu əsrin sonundan bu günə qədər ciddi tarixi sualların və qlobal qarşıdurmaların başlanğıcını
qoymuşdur. Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar. Lakin bütün bu yanaşmaları birləşdirən əsas xətt ondan ibarətdir ki, bu ideologiya yəhudi xalqının bütün nümayəndələri tərəfindən dəstəklənmir və yəhudi xalqının milli hərəkatı kimi xarakterizə edilə bilməz. Bu ideologiyanın təşəkkül tapdığı dövrdə, yəni 19-cu əsrin axırlarında, dünyada baş verən hadisələrin analizi də bunu deməyə əsas verir ki, yəhudilərin öz tarixi torpaqları kimi
qiymətləndirdikləri Fələstinə kütləvi şəkildə qayıdışları tarixi zərurət deyildi. İnkar edilməz faktdır ki, bu dövrdə nə Şərqi, nə də Qərbi Avropada insanların, məhz yəhudi olduqlarına görə, kütləvi təqib edilməsi faktları yox idi.
Müasir Sionizm formal olaraq 1897-ci
ildə Avstriya jurnalisti Teodor Herzl tərəfindən yaradılmışdır. O belə hesab edirdi ki, yəhudilər özgə ölkələrdə heç vaxt rahat yaşaya bilməyəcəklər və onların təhlükəsizliyinin təmin edilməsi üçün ən düzgün yol yəhudi dövlətinin yaradılmasıdır. Odur ki, rəsmi Sionizmin əsasında yəhudilərin Fələstinə qaytarılması və orada “Yəhudi dövlətinin” yaradılması ideyası dayanır. Əlbəttə, bu, yalnız “aysberqin görünən tərəfidir”. Görəsən, belə bir dövlətin yaradılması naminə milyonlarla yəhudinin qurban verilməsi nə dərəcədə tarixi zərurət idi və özünü doğrultdumu? 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində təşkilatlanmağa meylli və inqilabi ruhlu yəhudilərin İsrail dövlətini yaratmaq bəhanəsi ilə Avropadan uzaqlaşdırılması hansı dövlətlərin marağına xidmət edirdi? 20-ci əsrdəki iki Dünya müharibəsinin və 21-ci əsrdə Yaxın Şərqdə baş verən qanlı hadisələrin Sionizmlə hansı bağlılığı vardır? Və sair.
Qeyd etmək lazımdır ki, sionizm ideologiyası,
elə yaradılan vaxtdan, yəhudilərin özləri tərəfindən mübahisəli bir ideologiya olmuşdur. Bu ideologiyanın İudaizmlə eyniləşdirilməsi əleyhinə çıxış edən ortodoks yəhudi anti-sionistlər bildirirlər ki, Yerusəlimə qayıdışın belə təbliği əslində düzgün deyil. İslahatçı yəhidi anti-sionistlər isə yəhudilərin millət olmadıqlarını bildirərək ayrıca Yəhidi dövlətinin yaradılmasını da səhv addım hesab edirlər. Marksist anti-sionistlər isə Sionizmi yeni müstəmləkəçi siyasətin tərkib hissəsi hesab edərək, onu “millətçi ideologiya” adlandırırlar.
Sionizmin əsil mahiyyətini düzgün anlamaq üçün bu
ideologiyanın təşəkkül tapmasında və inkişafında hansı qüvvələrin maraqlı olmasını analiz etmək daha düzgün yanaşmadır. Başqa sözlə desək, Sionizm ideologiyasının əsil mahiyyətini başa düşmək üçün bəzi sualların aydınlaşdırılmasına ehtiyac vardır. Məsələn, Avropa ölkələri Sionizmin inkişafına dəstək vermişlərmi? Bəli, tarixi faktlar sübut edir ki, müasir Sionizm ideologiyası təşəkkül tapdıqdan iyirmi il sonra, yəni 20-ci əsrin əvvəllərində, Yəhudilərin Böyük Britaniyaya miqrasiyasını məhdudlaşdıran qanunun əsas tərəfdarı olan Artur Balfor hökumətə təklif edir ki, Yəhudilər Fələstinə yerləşdirilsin. Lakin bu təklif Britaniya yəhudi icmasının özü tərəfindən “anti-semit təklif” kimi qiymətləndirilərək rədd edilmişdir.
Bəzən Sionizmi yəhudi millətinin statusunun bərpası və İsrail dövlətinin yaranması və inkişafı naminə hərəkat da adlandırırlar. Lakin nəzərə alsaq ki, “Uqanda planına” əsasən Yəhudi dövlətinin boş qalmış Şərqi Afrika ərazilərində də yaradılması təklif edilirdi və hətta 20-ci əsrin əvvəllərində bu ideyanı reallaşdırmaq tamamilə mümkün idi, onda başa düşmək çətin deyil ki, sionizm yəhudilərin Yaxın Şərqdə yerləşdirilməsi yolu ilə bu ərazilərin əslində nəzarətə götürülməsi məqsədini daşıyan siyasi ideologiyadır. Bu faktı Birləşmiş Millətlər Təşkilatının (BMT) 1947-ci ildə İsrail dövlətinin yaranması ilə bağlı birtərəfli qətnaməsi və BMT-İsrail əlaqələrinin sonrakı inkişafı da təsdiq edir.
Lakin BMT Baş Assambleyasının 3379-cu
Qətnaməsində Sionizmin irqçi ideologiya kimi qiymətləndirilməsi və İsraildəki irqi ayrı-seçkiliyin pislənməsi Yaxın Şərqdəki hadisələrin o qədər də sadə və tezliklə həll edilə bilən olmamasından xəbər verirdi. Sionizmin dünyada sülhə təhlükə olması, irqçi, millətçi və imperialist bir ideologiya kimi xarakterizə edilməsi əlbəttə onun inkişafında və möhkəmlənməsində xüsusi marağı olan ölkələri, xüsusilə də ABŞ-ı narahat etməyə bilməzdi. İsrailin BMT-dakı səfiri Çaim Herzoq bu qətnaməyə öz narazılığını bildirərək onu 1938-ci ildə Hitler Almaniyasının yəhudilərə qarşı soyqırımı ilə müqayisə edirdi. 1991-ci ildə ABŞ –ın ciddi təkidi ilə bu qətnamənin ləğv edilməsi Sionizmin mahiyyətini qətiyyən dəyişmədi və dəyişə də bilməzdi. Əksnə, 1991-ci ildən sonra Yaxın Şərqdə baş verən hadisələr dünya ictimai fikrində özünə yer almış narahatçiliqları bir daha artırdı. Sionizmin ABŞ xarici siyasəti ilə əlaqəsi onun əsil mahiyyətinin nədən ibarət olduğundan xəbər verirdi.
Amerika-İsrail İctimai Əlaqələr təşkilatının rəsmi fəaliyyətinə qarşı mübarizə aparan Ortodoks Yəhudilər Sionist rejiminin qlobal təhlükə mənbəyi olduğunu qeyd edirlər. Yəhudilər Sionizm Əleyhinə təşkilatının məruzəçisi Rabbi Yisoel Dovid qeyd edir
ki, Sionizmi və “İsrail” dövlətini dəstəkləyən hər kəs başa düşməlidir ki, bununla onlar Yəhudiləri və ya İudaizmi dəstəkləmirlər, əksinə Yaxın Şərqdə gərginliyi və qan tökülməsini dəstəkləyirlər. Tarixən İslam ölkələrində yəhudilərin müsəlmanlarla dinc yanaşı yaşamasını və ictimai harmoniya təşkil etməsini yüksək qiymətləndirən Rəbbi, bu harmoniyanın və sülhün dağıdılmasında Sionizmin mənfi rolunu qeyd edir. O əmindir ki, ərəb və yəhudilər arasındakı din fərqi onlar arasında düşmən münasibətə səbəb ola bilməz. Əksinə, bu düşmənçiliyin əsasında Sionizm dayanır və Sionizm bütün hallarda anti-semitizmi doğuran səhv ideologiyadır.
Sionizmin yaranması tarixi göstərir ki, bu ideologiya Dünya Müharibəsinə qədər yəhudilərin böyük əksəriyyəti tərəfindən dəstəklənmirdi. Yəhudilərin ikinci Dünya Müharibəsi ərəfəsində faşist Almaniyası tərəfindən təqib edilməsi Sionizmin yayılmasını gücləndirdi. Bu dövrdə ortodoks yəhudilər sionistlər tərəfindən sosialist və millətçilik ideologiyasına xas olan bəzi elementlərin qəbul etməsinin qəti əleyhinə çıxırdılar. Onlar daha çox Rabbilərin ənənələrinin davam etdirilməsinin tərəfdarı idilər. Sionistlər isə ənənəvi dini dəyərlərin saxlanmasına təhlükə yaradırdılar.
Yaxın Şərq ölkələrində baş verən hadisələr bunu deməyə əsas verir ki, Sionizm qeyri-zorakılığı və qeyri-irqçiliyi təbliğ edən İudaizmdən kəskin fərqlənir. İudaizm tələb edir ki, hansı ölkədə yaşamağından asılı olmayaraq hər bir yəhudi bu ölkənin qanunlarına hörmət edərək sülh şəraitində yaşamalıdır. İudaizmə görə fəaliyyətdə olan qanunlara qarşı üsyan etmək və İsrail torpaqlarını güclə almaq olmaz. İudaizm yerli əhali olan fələstinlilərin əllərindən qanuni torpaqlarının tarixi bəhanə ilə alınmasını qadağan edir. Beləliklə, ortodoks Yəhudilər Fələstində İsrail dövlətinin yaranmasını İudaizm dininin əleyhinə olan addım kimi qiymətləndirərək Sionizmin rəsmi elan etdiyi məqsədlərin də əleyhinə çıxırlar.
Sionizmin yaranmasının və inkişafının tarixi analizi bir daha
sübut edir ki, bəyan edildiyinin əksinə olaraq, bu ideologiya heç də yəhudi xalqının mənafeyini əsas götürmür. Belə ki, təkcə fələstinlilərə qarşı deyil, həm də sionizm ideologiyasını sual altına alan hər bir yəhudiyə qarşı da amansız təqiblər baş verir. Əlbəttə, Sionizm ideologiyasının möhkəmlənməsi və inkişaf etdirilməsi məqsədilə onun İudaizmlə yaxın olması iddia edilir.
Sionizmi dəstəklənməyən hər bir kəsin isə anti-semit kimi adlandırılması, əslində yəhudilər ilə digərlər arasında fikir ayrılığının yaradılmasına və nəticədə sionizmin gücləndirilməsinə xidmət edir.
Tarixi faktlar göstərir ki, sionizm
ideologiyasını təbliğ edənlər onun
gücləndirilməsi üçün həm anti-semitizmdən, həm də gələcəkdə Yaxın Şərqdə sədaqətli müttəfiqlik
kartından müvəffəqiyyətlə istifadə etmişlər. İsrail
tarixçisi Avi Şalim qeyd edir ki, sionizmin yaradıcısı Herzl İsrail dövləti yaradılacağı halda
Türkiyə sultanına yəhudi kapitalını, Kayzer
Almaniyasına müttəfiqlik, Britaniyaya isə tam müstəmləkəçilik vəd edirdi.
O başa düşürdü ki, Sionizm bütün hallarda yalnız böyük dövlətlərin mənafeyi nəzərə alındığı
halda mövcud ola bilər. Nəticədə isə bu
ideologiya ABŞ-ın mənafeyinə xidmət etməli oldu.
Комментариев нет:
Отправить комментарий