Страницы

29.10.2011

Türkiyə yol ayrıcında


Mayis Güləliyev

Şərq ilə Qərb arasında “körpü” rolunu oynamağa hər hansı cəhd həm Türkiyəyə, həm də Azərbaycana ciddi uğursuzluqlar vəd edir

Yadınızdadırsa, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Türkiyəyə qarşı qəbul edilmiş qətnamə təkcə Türkiyəni yox, həm də Azərbaycan ictimaiyyətini silkələdi. ABŞ Konqresi “soyqırım oyununu” yenidən gündəmə gətirməklə Türkiyəyə “barmaq silkələdi”. Türkiyə ABŞ-dakı səfirini geri çağırdı. Türkiyə rəsmiləri ən yüksək səviyyədə bu qərarı pislədi. İnsalar ABŞ-ın işğalçı xarici siyasətini pisləyərək küçələrə axışdı.
Bəs görəsən ABŞ maraqları naminə öz qonşuları ilə neçə on illərdir soyuq münasibətdə olan, öz ərazisini ABŞ və NATO qoşunları üçün “peşkək” edən, Avropa və ABŞ-a xoş gəlmək üçün öz “əslini danmağa” belə məcbur olan Türkiyənin günahı nədir? Axı Türkiyə ABŞ-ın Əfqanıstanda və İraqda “demokratiya quruculuğuna” lazım olan dəstəyi vermişdi. Axı Türkiyə ona düşmən olmayan Əfqanıstanda və qonşu İraqda ABŞ maraqları naminə öz əsgərlərinin ölümünə belə razı olaraq “koalisiyaya” qoşulmuşdu. Axı Türkiyə ABŞ-ın hansı əmrini yerinə yetirməmişdir ki, ona bu gün “barmaq silkələnir”? Nədir Türkiyənin günahı?


Bəli, bu gün həm Türkiyə, həm də Azərbaycan mətbuatında ABŞ əleyhinə kifayət qədər sərt fikirlər səslənməkdədir. Maraqlı olan budur ki, ABŞ-ın təcavüzkar xarici siyasəti haqqında o siyasilər və şərhçilər gündəmdədirlər ki, onlar Konqresin qərarına qədər ABŞ-ın regional təhlükəsizlik üçün vacib xidmətlərindən gen-bol danışırdılar. Məhz onlar Azərbaycanın həmişə ABŞ-ın yanında olmasını təbliğ edirdilər. Bütün
bunlara baxmayaraq, zaman-zaman Əfqanıstanda və İraqda ABŞ tərəfindən soyqırım törədilməsi, “demokratiya” və “İnsan hüquları” bəhanəsi ilə digər ölkələrin ABŞ tərəfindən iqtisadi əsarətə alınması və sair kimi fikirlərin
Azərbaycan mətbuatında geniş yer alması ictimai şüurda ciddi dəyişikliklərin olmasından xəbər verir.
Son on ildə ABŞ xarici siyasəti haqqında mənim yazdığım məqalələrə,  “Böyük Şeytan və ya sonun başlanğıcı” monoqrafiyasına görə mənə edilən təzyiqlərə normal yanaşaraq, cəmiyyətin, həmçinin KİV-lərin hələ ABŞ haqqında məlumatsız oluğunu güman edirdim. Düşünürdüm ki, ABŞ-ın sülhpərvər dünyanın başına gətirdiyi və gətirəcəyi fəlakətlərdən insanlar xəbərsiz olduqları üçün mənim tədqiqatlarıma şübhə ilə yanaşırlar. Düşünürdüm ki, KİV-lər, xüsusilə elektron KİV-lər, hələ ABŞ xarici siyasətinin təcavüzkar “anatomiyasından” xəbərsiz olduqları üçün mənim ABŞ haqqnda tənqidi fikirlərimə yer ayırmağa çəkinirlər. Elə güman edirdim ki, Milli Məclisin üzvləri də ABŞ-ın dünyada törətdiyi faciələrdən xəbərsizdirlər. Ona görə də Azərbaycan cəmiyyətində ABŞ xarici siyasətinə tənqidi yanaşanlar hər tərəfdən təzyiqlərə məruz qalırlar. Məhz bu səbəbdəndir ki, onlar iş yerlərini itirirlər, siyasi fəaliyyətləri məhdudlaşır, beynəlxalq əlaqələri zəifləyir və maddi cəhətdən sıxıntıya düşərək “zərərli ünsürlər kimi ictimaiyyətdən təcrid edilirlər”. Ancaq mən səhv edirəmmiş! Belə ki, Amerikanın aborogen hindu tayfalarına qarşı soyqırımdan tutmuş, İraqda və Əfqanıstanda törədilmiş cinayətlərə qədər ABŞ dövləti tərəfindən edilmiş qeyri-insani hərəkətlərdən Milli Məclis üzvlərinin də xəbəri varmış! “ABŞ tərəfindən İraqda və Əfqanıstanda törədilən soyqırıma görə kim hesabat verəcək” -deyən Milli Məclisin cədri müavini Z.Əsgərov yəqin ki, bu soyqırıma görə ABŞ-ın cavabdeh olduğunu nəzərdə tuturdu. Bəs bu bəyat nə üçün 2001-ci və ya 2003-cü ildə yox, məhz 2010-cu ildə- ABŞ-ın Türkiyəyə qarşı haqsız siyasətindən sonra verildi? Görəsən, Konqres “soyqırım oyununu” təxirə salarsa Milli Məclis üzvlərinin “qeyri-demokratik”, İraqda və Əfqanıstnda soyqırım törədən ABŞ-a münasibəti dəyişəcəkmi? Təəssüf ki, bəli! Türkiyədən istədiyini almağa müvəffəq olan ABŞ yenə də soyqırım məsələsini növbəti ilə saxlasa və “əfəndim, bu bir şaka idi” desə, Azərbaycan siyasiləri də “Biz bilirdik ki, “demokratiya carçısı” ABŞ belə şey etməz” deyərək, ABŞ səfirliyi ilə münasibətlərini normallaşdırmağa tələsəcəklər.
Bəzi siyasi şərhçilər “soyqırım oyununa” ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin türklərə qarşı fəaliyyəti kimi yanaşır. Belə yanaşma ABŞ xarici siyasətinin mahiyyətini gizlətmək deməkdir. Guya ki,
Konqresmenlər 1915-ci ildə baş verən hadisələrdən sadəcə olaraq xəbərsizdirlər və onların bəziləri erməni lobbisinin toruna düşərək, “soyqıım məsələsini” vaxtaşırı qaldırırlar.
Unutmaq olmaz ki, ABŞ-a “xırda” hissələrə paçalanmış, zəif, münaqışəli Yaxın Şərq lazımdır. EləYaxın Şərq ki, orada ABŞ-ın geniş köməyi və hərbi kontingenti olmadan hətta İsrail hakimlik edə bilsin. ABŞ son 60 ildə ona sadiq olan, ərəb dünyasına qənim kəsilmiş İsraili ilk tanıyan dövlətlərdən olan və ona yardımlar edən, İraqın və Əfqanıstanın işğalında ABŞ-a yardım göstərən Türkiyəni Ermənistanla sərhədlərinin açılması naminə itirə bilməz. Bəs ABŞ-Türkiyə münasiətlərinin, Türkiyə-İsrail münasibətlərinin soyumasının səbəbi nədir? Bəs hansı səbəbdən “soyqırım” adlı “Domokl qılıncı” yenidən Türkiyənin başı üstündə fırlanır? ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı” ilə
bağlı qətnamənin qəbuluna həm Azərbaycan, həm də Türkiyə siyasilərinin və ictimaiyyətinin müxtəlif rakurslardan yanaşmasına baxmayaraq, iki məqam çoxluq tərəfindən etiraf edilir. 1) ABŞ “soyqırım oyunu” vasitəsilə Türkiyəyə təzyiq edir; 2) “soyqırımın” Konqresdə də qəbul edilməsi regionda vəziyyəti gərginləşdirə bilər.
Bəzi siyasilər, hətta dövlət rəsmiləri “soyqırım” haqqında qərarın qəbulunun ABŞ-ın maraqlarına zidd olduğunu qeyd edirlər.
Doğrudan da, yuxarıda qeyd etdiyimiz kimi, son 60 ildə ABŞ-ın regionda maraqlarını ən yüksək səviyyədə qoruyan Türkiyənin itirilməsi, Avropanın enerji təmiatının zərbə altına alınması ABŞ maraqlarına uyğun deyil. Heç şübhəsiz ki, “soyqırımın” uydurulması ABŞ maraqlarına uyğundur. Məhz belə “Domokl qılıncı” Türkiyəni ABŞ-a hər hansı güzəştlərə getməyə məcbur edə bilərdi.
Bəs bu uydurmanın qəbulu ABŞ maraqlarına uyğundurmu? Qətiyyən yox! “Soyqırımın” qəbulu Türkiyə ilə ABŞ arasında bütün körpülərin yandırılması demək olardı. Lakin aydındır ki, ABŞ tərəfindən “soyqırım” məsələsinin vaxtaşırı gündəmə gəlməsi sadəcə olaraq Türkiyə ictimaiyyətinin “nəbzinin” yoxlanması da deyil. Digər tərəfdən, ABŞ-ın Türkiyəyə “soyqırımdan” başqa hələ digər təyiq vasitələri də var. Bu, etnik azlıqların problemləri və Şimali Kipr məsələsi ilə bağlıdır.
Bəs Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı müəyyən razılaşmanın əldə edildiyi bir məqamda “soyqırımın “ gündəmə gəlməsi nə ilə bağlıdır? Əlbəttə bu, Türkiyənin son illərdə apardığı siyasətlə bağlıdır. Son illərdə Türkiyənin Yaxın Şərq siyasəti, xüsusilə İsraillə münasbətlərin kəskinləşməsi, İslam dünyası ilə münasibətlərin “istiləşməsi” ABŞ-ın diqqətindən qətiyyən yayınmır. Heç şübhəsiz ki, Yaxın Şərqdə güclü Türkiyə ABŞ-ın və İsrailin Yaxın Şərq siyasətinə ciddi əngəl törədə bilər. Xüsusilə, ABŞ-ın İraq və Əfqanıstanda hərbi əməliyyatlarının getdikcə uzanması, İsrailin regionda sürətli silahlanması Türkiyəni də getdikcə narahat edir. Türkiyə ilə İranın iqtisadi, siyasi və mədəni sahələrdə yaxınlaşması isə ABŞ-ın Yaxın Şərq siyasətinə uyğun deyil. Əlbəttə, öz təhlükəsizliyini və dövlət maraqlarını ABŞ maraqlarına qurban verməkdən getdikcə imtina edən Türkiyə “soyqırım” hədələrinə tuş gəlməli idi. Lakin bütün bunlara baxmayaraq inandırıcı deyil ki, hələ də ABŞ-a qarşı açıq çıxış etməyən və onun strateji müttəfiqi rolunu “can-başla” oynayan Türkiyəni ABŞ “soyqırım” uydurması ilə itirməyə tələssin. Bu halda ABŞ-ın itirdiyi qazancından xeyli çox olur.
Bəli cənablar! Dünyada “yeni müstəmləkəçlik” siyasəti yürüdən, Yaxın Şərqdə təcavüzlə məşğul olan və “soyqırımlar” törədən ABŞ-la əməkdaşlıq nə qədər perspektivlidir? “Soyqırımla” bağlı qərarın Konqresdə qəbul edilməsi az ehtimallı olsa da, həm Türkiyə, həm də Azərbaycanın ABŞ-la münasibətinə yenidən baxması zamanı gəlib çatmamışdırmı?
Bu gün dünyada və regionda baş verən hadisələr kontekstində hər iki dövlət üç yol ayrıcında dayanıb: 1) ABŞ-ın Türkiyəyə təzyiqlərinə “yumşaq müqavimət” göstərmək. Başqa sözlə desək, ABŞ-ın xarici siyasətini sadəcə tənqid etmək yox, ABŞ təzyiqlərinə adekvat təzyiqlərlə cavab vermək. Məsələn, NATO və ABŞ hərbi qüvvələrinin Türkiyədən çıxarılmasını tələb etmək, ABŞ şirkətləri üçün yaradılmış
əlverişli iqtiadi və hüquqi şəraiti sərtləşdırmək, ABŞ-ın Əqanıstan və İraqda təcavüzkar siyasətiə “ortaq” olmaqdan imtina etmək və sair. 2) ABŞ-ın Türkiyəyə təzyiqlərinə “ciddi müqavimət” göstərmək. Başqa sözlə desək, ABŞ-ın “soyqırımla” bağlı necə qərar qəbul etməsindən asılı olmayaraq “yumşaq müqaviməti” reallaşdırmaq. ABŞ-ın növbəti təzyiqlərinə tuş gəlməmək və Yaxın Şərdən ABŞ-ı sıxışdırmaq üşün Yaxın Şərqdə siyasi, iqtisadi və hərbi alyansın yaradılmasına cəhd göstərmək. 3) ABŞ-ın Türkiyəyə təzyiqlərinə ABŞ-ın arzuladlğı güzəştlərlə cavab vermək. Başqa sözlə desək, ABŞ-ın Yaxın Şərqdə “çaldığı mahnılarla oynamaqda” davam etmək. Nəzərə almaq lazımdır ki, son 60 ildə Türkiyənin seçdiyi üçüncü yol Türkiyəni getdikcə zəiflətməklə yanaşı , həm də ABŞ-dan və İsraildən daha çox asılı edəcəkdir. Türkiyə bir dövlət kimi yol ayrıcında daha gözləməməlidir və nəhayət öz yolunu seçməlidir. Şərq ilə
Qərb arasında “körpü” rolunu oynamağa hər hansı cəhd həm Türkiyəyə, həm də Azərbaycana ciddi uğursuzluqlar vəd edir. Unutmayaq ki, “körpü” müvəqqəti keçid üçün nəzərdə tutulur və sahil deyil.
Türkiyənin “Sahil” olmasının zamanı çoxdan yetişib. Bu “sahil” ya Şərqdə, ya da Qərbdə olmalıdır. Türkiyə cəmiyyəti öz seçimini etməlidir: ya Aİ üzvü olmaq üçün alçalmaqda və istismar edilməkdə davam etmək, ya da öz tarixi özünəməxsusluğunu qoruyaraq, qonşu dövlətlərlə birgə iqtisadi, siyasi və mədən inteqrasiya şəraitində inkişaf etmək.

mayis_gulaliyev@yandex.ru

Комментариев нет:

Отправить комментарий