Страницы

14.10.2011

A vam borş?


Akif Abbasov. Hekayə

           Qaçay kənd mağazasında işlərini sahmana salıb Bakıya yola düşdü. Bir az şəhəri gəzdikdən sonra bəzi şeyləri alıb Kislovodsk qatarına əyləşdi.
            Mağazanı oğlu Yadullaya tapşırmışdı. İstilər qəfil düşdüyündən dözə bilməmişdi. Sərin yerdən ötrü burnunun ucu göynəyirdi.


            Yaşıllıqlar qoynunda öz gözəl ömrünü yaşayan, adamlara rahatlıq, dinclik, sağlamlıq bəxş edən kurort şəhərində yenə də qələbəlik idi. Qaçay istirhət evində yerləşdikdən sonra birinci mərtəbəyə düşüb nahar etdi. Sonra həyətə çıxıb oturacaqlardan birində əyləşdi.
            Kəndin od ələyən istisindən sonra sanki cənnətə düşmüşdü. Sərin külək əsdikcə, neçə ayın yorğunluğu elə bil birdən-birə canından çıxır, xoş ovqat onu bürüyürdü. Qarşısından keçən cavan rus qızlarını, qadınları oğrun-oğrun süzürdü. Xoş havanın təsirindən, gül-çiçəyin, yaşıllığın ətrafa yaydığı ətir saçan rayihəsindən sanki bihuş olur, şirin xəyallara dalırdı. Eyni zamanda hiss edirdi ki, onu mürgü basır.
            Qaraşın çöhrəli adamlar yaxınlaşdıqca bir qədər diqqətli olur, bir çoxunun azərbaycanlı olduğunu görəndə başını dikəldir, yüngülcə təzim edir, salamlaşırdı. Yəqin bilirdi ki, gec-tez tanış adamlarla də rastlaşacaq. Elə bu fikirlər içərisində idi ki, qonşusu Əhliman kişinin gülümsəyərək, ona sarı gəldiyini gördü:
            -Səni xoş gördük, Qaçay.
            Qaçay əl uzadıb görüşdü:
            -Xoş günün olsun, Əhliman kişi. Çoxdan burdasan?
            -Bir həftə olar.
            -Əhliman kişi, əşi, bayaq, istirahət evinin yeməkxanasında nahar etdim. Yarım saat keçməyib, mədəm sıyrılır. Bunların yeməyindən, deyəsən, kar aşmayacaq. Arada gərək başımıza çarə qılaq.
            -Düz deyirsən, ay Qaçay, mən də onların yeməyindən yarımıram. Hiss edirəm ki, zəifləmişəm. Buraların yaxşı havası var, sərinlikdir. Burdan yeyirsən, ordan acırsan. Elə mən də özümü arada verirəm restoranların birinə. Qarnımı doyuzdururam.
            Qaçay ayağa qalxıb Əhliman kişiyə:
            -Elə isə, daha nə gözləyirik. Sən artıq buralara bələd olmusan. Yaxşı restoran-filan harada var?  Gedək, həm yaxşıca şam edək, həm də görüşümüzü qeyd edək. Özümüzçün yaşayaq biz az.
            Əhliman kişi:
            - Nə deyirəm ki, - deyə dilləndi. - Bir az aralıda yaxşı restoran var. Zəiflədiyimi hiss edəndən arada oraya gedirəm.
            Qonşular gəzə-gəzə restorana gəldilər. Pəncərəyə yaxın stolların birinin arxasına keçdilər. Qaçay menyunu götürüb baxdı. Nərmənazik, beli üzükdən keçən, sarışın bənizli xörəkpaylayan qız yaxın gəlib Qaçaya müracətlə:
            -Bizim restorana xoş gəlmisən. Nə buyuracaqsan? - deyə xəbər aldı.
            Qaçay menyuya baxa-baxa :
            - Deməli belə, qəşəng qız, soyuq yeməklərdən gətir. Sonra … iki lülə, iki tikə, iki ağ balıq, yağla kürü də olsun. Bir şüşə araq, iki şüşə pivə… hələlik bunları…
            Qaçay dedikcə qız dəftərçəsində yazırdı. Sonra Əhliman kişiyə sarı dönüb:
            -A vam borş? - deyə soruşdu.
            Qaçay duruxdu, bir qıza, bir də Əhliman kişiyə baxıb əvvəlcə bir şey başa düşmədi. Əhliman kişinin dinmədiyini, qızın isə dayanıb cavab gözlədiyini görüb hər şeyi anladı. Onu gülmək tutdu, öz-özünə: «Oyunun olsun, Əhliman kişi» deyə düşündü. «Zəifləmişəm» deyirsən, buraya da borş içməyə gəlirsənmiş. Zəifləyərsən də, taqətdən düşərsən də. İstirahət evində də borş, restoranda da borş… Daha şirə-pələngə dönməyəcəksən ki…»
            Sonra üzünü qıza tutub:
            -Krasavitsa, mı vmeste, - dedi. - İşində ol, get, sifarişləri gətirir.
            Sonra Əhliman kişiyə müraciətlə:
            -Amma yaman məzəli qıza oxşayır ha, - dedi.
            Sabirabaddan gələn avtobus Əli Bayramlıya çatıb dayandı. Əhliman kişi, ardınca Zahir maşından düşdülər. Yol gəldiklərindən, həm də səhər ertə yola çıxdıqlarından yorulmuşdular. Əhliman kişi bir-iki yerə dəyəsi idi. Nahar etməsəydi, üzülərdi. Ona görə də Zahirlə avtovağzaldakı yeməkxanaya girdi. Əyləşən kimi xörəkpaylayan oğlanı səslədi:
            -A bala, bir bura zəhmət çək.
            Oğlan cəld yaxınlaşdı:
            -Eşidirəm, dayı.
            Əhliman kişi çirkli dəsmalı ilə alnının puçurlanmış tərini silib:
            -Oğul, bir pay borş gətir, - dedi, - suyunu da bol elə, iki dənə də qaşıq gətir. Zahir də yanımdadır.
            Demə, Qaçay də yeməkxanada imiş. Bir nəfərlə oturub çay içirmiş. Əhliman kişinin sifarişini eşidib qəh-qəhə çəkdi. Üzünü ona sarı çevirib ucadan dedi:
            -A vam borş, Axliman kişi? 


                                     Akif Abbasov,                      

                        pedaqoji elmlər doktoru, professor, Pusiya Pedaqoji
                             və Sosial Elmlər Akademiyasının həqiqi üzvü 

Комментариев нет:

Отправить комментарий