Страницы

18.11.2011

Biz nə istəyirdik?

Samir Əsədli


17 noyabr: Milli Dirçəliş Günü – millət olaraq bizim nicat və birlik günümüzdür 

Biz toplum olaraq Azadlıq və Azad yaşamaq eşqi ilə 1988-ci ildən meydanlara və küçələrə axışdıq və Alovlanan bu arzular bizi birləşdirdi, Ulus olaraq Azadlığımıza qovuşduq. Müstəqilliyimizi və bərpa olunan dövlətimizi Milli Dirçəliş gününün fədaisi olan xalqımıza və onun meydan liderlərinə borcluyuq. Əgər Azərbaycan xalqı o vaxt meydanlara çıxıb haqqını tələb etməsəydi, «xalqlar həbsxanası» sayılan SSRİ imperiyasının zəifliyi üzə çıxmaz, Sovet rejimi dağılmazdı. Təqvimin bu tarixinin əhəmiyyəti millətimizin üçün çox böyükdür…

Təəssüf ki, hazırkı hakimiyyət haqqı və payı olmadığı bu böyük günü tariximizin səhifəsindən silməyə, yaddan çıxarmağa çalışır. Hansı ki, Meydan Hərəkatı Azərbaycan mənəviyyatının zirvəsidir.

Milyonlar Azərbaycanın birliyi, bütövlüyü və azadlığı üçün meydanlara axışdı həmin vaxt.

1988-ci ildə Meydanlara toplaşan xalq 3 ildən sonra dövlət müstəqilliyini əldə etdi və bizə xəyal kimi görünən Azadlıq gerçək oldu. 1918-ci ildə babalarımızın qurduğu dövləti 1991-ci ilin 18 oktyabrında yenidən bərpa etdik.

Azərbaycanın quzeyində müstəqil dövlətin qurulması millət olaraq çox böyük uğurumuzdur. Amma bu millət öz qanını daşıyan şəxslərin zorakı bir hakimiyyət qurması üçün yadelli işğalçılardan azad olmamışdı. Biz ona görə müstəqillik əldə etmədik ki, bir qrup şəxs ölkənin var-dövlətini yağı malı kimi daşıyıb satsın, xalqı səfil günə qoysun və Sovet rejiminin mənfi ənənələrini, totalitar xarakterini «milli müstəvidə» daha amansız şəkildə davam etdirsin.

Biz tam azad və demokratik şəkildə yaşamaq istəyirdik. Cümhuriyyətimizi gücləndirsək, demokratik idarəçilik üsuluna keçdikdən sonra güneydə yaşayan xalqımız üçün də örnək olarıq. Demokratik idarəçilik üsuluna keçməyimiz bizim 50 milyonluq xalqın gələcəyinin müəyyənləşməsi baxımından son dərəcə əhəmiyyətli bir amildir.
Biz, müstəqil dövləti daha ideal bir səviyyədə təsəvvür edirdik. Ancaq millət olaraq tam arzumuza çatmamışıq. Əgər bu hakimiyyət 37-ci il repressiyalarını, sovet idarəçilik sistemini hələ də davam etdirirsə, biz də 1988-ci ildən başlayan Hərəkatı davam etdirməliyik. Həm də daha əzmkarlıqla, daha mətin olaraq. Çünki hakimiyyəti ələ keçirmiş Sovetlər dövrünün kommunist psixologiyasını yaşadan insanlar Azərbaycanda milli dövlətçiliyin inkişafı prosesinə əngəldirlər.

Onlar hətta Dirçəliş gününü yaddaşdan çıxarmaqda da məqsəd güdürlər. İstəkləri millətə böyüklüyünü xatırladan hər şeyi beyinlərdən təmizləməkdir. Amma bu kommunistlər hələ də anlamayıblar ki, millətin qanına hopmuş azadlıq eşqini tarixi hadisəni yada salmamaqla yaddaşdan silmək olmaz.

Biz yenə meydanlara doluşub demokratiyanı da quracağıq və O Müqəddəs Gün də uzaqda deyil…

Комментариев нет:

Отправить комментарий