Страницы

07.11.2011

Cənubdan xəbərlər

“Xəzər” mehmanxanası qara siyahıda

Mədəniyyət və Turizm nazirliyi Qəbələdəki “Sahil” istirahət mərkəzi ilə yanaşı Lənkəran şəhərinin mərkəzindəki “Xəzər” mehmanxanasına verilmiş icazəni, lisenziyanı ləğv edib. Bu barədə mətbuata sızan məlumatda bildirilir ki, obyektin Rusiyada bizneslə məşğul olan 2 sahibi olub. Onlardan biri bir neçə il öncə dünyasını dəyişib. Digəri, Əliməmməd adlı şəxs isə obyekti təkbaşına idarə edib. Bir neçə il öncə isə Lənkəranın sabiq, Qaradağ rayonunun indiki icra başçısı Süleyman Mikayılovun həmin obyektə gözü düşüb. Hətta bu iş üçün obyekt sahibinə 150 min manat pul da təklif edib. Lakin obyektin sahibi razılaşmayıb. Süleyman Mikayılov Lənkəranı tərk edəndən sonra da obyekti yaddan çıxartmayıb. Sonra isə obyektin sağ qalan sahibi narkotik ittihamı ilə həbs edilib. Güman edilir ki, hazırda “Xəzər”ə verilmiş lisenziyanın ləğv edilməsi həmin əməliyyatın bir hissəsidir.


Cənub bölgəsində 180 yanğın hadisəsi baş verib

Cari ilin 9 ayı ərzində cənub bölgəsində 180 yanğın hadisəsi baş verib. 
Bu barədə Gün.Az-ın bölgə müxbirinə Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin yanğına nəzarət şöbəsinin rəisi Əşrəf Rəfiyev məlumat verib.
Onun sözlərinə görə, ən çox yanğın Lənkəran rayonunda qeydə alınıb. vBu da rayonda həm fərdi yaşayış evlərinin, həm də kommersiya və digər məqsədlər üçün istifadə olunan məntəqələrin çoxluğu ilə izah edilir. Belə ki, bölgənin 6 rayonunda 6297 ticarət iaşə və başqa məqsədlər üçün istifadə olunan obyekt, 136 min 270 yaşayış evi və 407 yaşayış binasının əksəriyyəti Lənkəranın payına düşür. 
Qaz İstismar İdarəsi əməkdaşları ilə birgə keçirilən reyd zamanı 407 nasaz qaz xətti aşkar edilərək kəsilib. Yanğın təhlükəsizliyinin pozulması hallarına görə 19-u fiziki, 16-sı hüquqi və 115-i vəzifəli şəxs olmaqla 157 obyekt sahibi cərimələnib.

Lənkəranda qadın zorakılığına qarşı hökumət zorakılığı


Lənkəranda QHT-nin daha bir tədbiri dağıdılıb.

Lənkəran rayonu folklor mərkəzi olandan sonra orada bəzi humanitar tədbirlərə lap nağıllarda, dastanlarda olduğu kimi münasibət bəslənilir. Bir neçə ay öncə Milli Araşdırma Mərkəzi Lənkərandakı “Dalğa” restoranında da tədbir keçirərkən Lənkəran icra hakimiyyəti başçısının şöbə müdiri Əlimərdan müəllim qəfildən zala daxil olub, və tədbirin təşkilatçısı Leyla xanım Əliyevanı barmaq işarəsi ilə bayıra çağırıb tədbirin onlardan xəbərsiz keçirilməsinə görə xeyli giley-guzar etmişdi. Bu günlərdə isə Bakıdakı QHT-lərdən birinin ailə zorakılığı ilə bağlı Lənkəran Gənclər Evində keçirtdiyi tədbir zorakılığa məruz qalıb. Tədbirin başa çatmasına bir qədər qalmış Lənkəran İcra hakimiyyətinin rəsmiləri yenə də iclas zalına daxil olub, əksəriyyəti gənclər olan qadınları tədbirdən kənarlaşdırıblar..
Məlumat üçün bildirək ki, bir neçə il öncə Lənkəranda hər QHT bir tədbir keçirərdi,gənclər bu tədbirlərdə yüksək fəallıqla iştirak edərdi və heç bir faciə də baş verməzdi. Son illər Lənkəran daha da güclənib, daha da varlanıb. Görəsən, onları qorxudan nədir?. Yəni bir qrup gənc qadın hansı fəsadlar törədə bilərdi ki, onlar qadın zorakılığına aid tədbiri iqtidar zorakılığı ilə dağıdıblar.

Lerik rayonunun 12 kəndində işıq yoxdur

Hər yağın yağış,hər əsən külək Lerikdə bir fəlakət törədir. Son həftə yağan yağışlar və Lerikə yağan ilk qar rayonun elektrik təsərrüfatında ciddi problemlər yaradıb. 
Gün.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qar yağan ilk gün rayonun 50 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb.

Buna 25-dən çox elektrik dirəyinin, 1500 m. naqilin sıradan çıxması səbəb olub.

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, həmin gün aparılan təmir-bərpa işlərindən sonra rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilsə də, hazırda rayonun 12 kəndində işıq yoxdur. Son məlumata görə bütün kəndlərə elektrik enerjisi verilməsi təmin edilib.
Qeyd: Yerli sakinlərə hələ də bəlli deyil ki, hər il yüzlərlə elektrik dirəyi dəyişilsə də, yenə də adi bir yağış və külək Lerikdə niyə problem yaradır.

Rayon Elektrik Şəbəkəsindən bildiriblər ki, günün sonuna kimi rayonun bütün yaşayış massivlərinə elektrik enerjisinin verilişinin tam bərpa edilməsi istiqamətində iş aparılır.

Xatırladaq ki, fasiləsiz yağan yağışlar ötən gün Lerik-Lənkəran yolunda torpaq sürüşməsində də səbəb olmuşdu. Artıq bu gün səhər saatlarından fəsadlar tam aradan qaldırılıb və yol avtomobillərin hərəkəti üçün tam açıqdır.

Onu da bildirək ki, Lerik rayonunun ucqar dağ kəndləri olan Pirasora, Kəlaxan, Sori və Mistanda qarın hündürlüyü 60 sm, dağətəyi kəndlərdə isə 10-11 sm təşkil edir.



http://cenubxeberleri.com/

Комментариев нет:

Отправить комментарий