Страницы

07.11.2011

Sarını saraldan dərdlər

Bu gün Sarı adasının (Nərimanabad) dərd-sərinə biganə qalan rayon mərkəzindəkilər, tarixi unutmasınlar ki, XIX əsrdə Rus və İran hökumətləri Lənkərana hücum edəndə minlərlə insan sığınacaq kimi bu adaya pənah aparmışdı

Lənkəran rayonunda onlarla yaşayış məntəqəsi olsa da, onların əksəriyyəti bir-birinə bənzəyir. Bu rayonun mərkəzindən 17 kilometr məsafədə yerləşən Sarı adası isə bir sıra özünəməxsusluğu ilə fərqlənir. Bu adaya gedən yol 55 il əvvəl, 1956-cı ildə salınıb. Yerli sakinlərin “həyat yolu, nicat yolu” adlandırdıqları 6 kilometrlik bu yol ada sakinlərini “böyük torpaqla” birləşdirən yeganə çıxışdır.



Buranı küləklər məskəni aldıranları da qınamaq çətindir. Az qala bütün fəsillərdə buradan külək əskik olmur. Elə adaya getdiyimiz gün də külək burada cövlan edirdi. 
Adada yaşayanların sayı 6 minə yaxın olsa da, yolda, çığırda nə maşına rast gəlinirdi, nə də, necə deyərlər, bir bəni-insana...
...Ada Nərimanabad qəsəbəsi ilə başlayır. Bit qədər aradıqdan sonra qəsəbənin girəcəyində, yol kənarında duran bir nəfərlə tanış olub söhbətləşdik - Oqtay Əhmədoğlu ilə. O, Nərimanabad qəsəbə orta məktəbinin müəllimidir. Jurnalist olduğumuzu biləndə dedi ki, küləkli, yağışlı havada gəlişiniz sizə problem yaradacaq. O deyir ki, adanın sakinləri, əsasən, balıqçılıqla məşğul olur. Onlar belə yağışlı havada ya evdə istirahət edir, ya da rayon mərkəzinə gedirlər. Bayıra çıxıb nə edəcəklər ki. Belə havada həmsöhbət tapmaq da çətin olur. 

Sonra onunla söhbətdə adanın dərdlərini çözələməyə başladıq. Həmsöhbətim dedi ki, adanın ən az dərdlərindən biri maye qazın olmamasıdır. Bura qaz xətti sovet dövründə çəkilmişdir. Lakin həmin xətdən gələn qazı görmək kiməsə qismət olmadı. İndi bu xətti təmir etmək mümkün olsa da, kimsə əməli addım atmır.
Azərbaycan başqa ölkələrə qaz satır, lakin biz bu boş qaz borularına baxa-baxa qalmışıq. İmkanı olan bir maşın odun alıb tökür həyətinə ki, qışda ailəsi soyuqdan donmasın. Odunun bir metrini 10-12 manata alırıq.
Həmsöhbətim daha sonra bildirir ki, qəsəbədə işsizlik də baş alıb gedir. Camaat ev-eşiyini qıfıllayıb Bakıya və digər yerlərə köçür. Oğurluq da həddindən artıq çoxalıb. Adada əvvəllər 600 təsərrüfat var idi, 91-ci ildə buraları su basdı. Çoxu yurd-yuvasından didərgin düşdü.
Burada əhalinin rəsmi və qeyri-rəsmi bir işi var – balıqçılıq. Burada təkcə dolanışığı yox, xeyir-şəri də dənizdən tutulan balığın hesabına yola veririk.
Əhalinin dolanışığı balıqçılıqladır, hər işimizi onun hesabına edirik. Keçən il qoymadılar balıq ovlamağa, 2 mildən artıq dənizə girməyə icazə vermirdilər. Normal balıq da elə uzaqda və dərində olur. İndi dəniz də çəkilib, heç olmasa 2 mili 18 mil eləsələr, yaxşı olardı, camaat da gedib öz ailəsini saxlamaq üçün dənizçiliklə məşqul olardı. 

...Nə çayxanada, nə də qəsəbənin özündə başqa heç kəslə rastlaşmadıq. Sanki burda insan yaşamırdı. Daha sonra adanın sonunda yerləşən balıqçılar qəsəbəsinə üz tuturam. Çalışıram ki, yolda rast gəldiyim adamlarla söhbətləşək. Arzumuz reallaşır. Balıqçı Rakif Fəttayevlə yolda həmsöhbət oluruq. Rakif deyir:
- Birtəhər edib dolanırıq. Havasata baxır da. Qazanc ayda 200 manat da olur, 300 manat da, 100 manat da. Qiymət balığa görə dəyişir. Qayığı hökumət verib qanunu sənədlə. Sənədə görə əvvəl narazılıq var idi, yuxarıdan gəlib məsələni yoluna qoydular.
Getdiyimiz yolun bir tərəfi dəniz, digər tərəfi isə üzüm bağlarıdır. Bizə bildirdilər ki, vaxtı ilə bu üzüm bağları sovxozun olub. Burada min nəfərdən yuxarı ada sakini işləyib. Sovxoz ləğv olunandan sonra sahələri müxtəlif işbazlar ələ keçirib. İndi bu bağlar bir nəfərə məxsusdur. Bu ərazilər də Sovxoz adlanır. Həmin ərazidə yaşayan, adının çəkilməsini istəməyən yaşlı bir qadın isə yaşayışdan xeyli giley-güzar etdi:
“Nə qazımız var, nə də normal işimiz. Düzdür işıq yaxşıdır, əvvəllər pis idi, indi bir az düzəlib. Qaz da verilsə, yaxşı olardı. Bura dənizin qırağıdır. Çox işə şərait, imkan yoxdur. Nəmişlik, rütubət olan yerdir. Bura daha çox diqqət lazımdır ki, insanlar buradan qaçmasın. Əsas dərdimiz qaz dərdidir. Qaz versələr, necə ki, işığın pulun veririk, onun da pulunu vaxtında verərik. Yoxsa odun almaqdan müflis olmuşuq . Meşə də xarabalığa qalıb. Qısası, zülmlə yaşayırıq, bir dəstə uşağı dolandırmaq olmur.
...Sahilboyu tikilmiş balaca daxmaların həyətlərində olan ağacları nəzərə almasaq, adada yaşılıq yoxdur. Sarı adasını balığın vətəni adlandırsalar da, nə yol kənarında, nə də balaca dükanlarda balıq satan görmədik.Sakinlər deyir ki, əvvəlki illərə nisbətən dənizdə də balıq azalıb.

Adanın digər sakini, balıqçı Hikmət Vəliyevin sözləri: “İlin çox vaxtı dənizə düşməyə imkan vermirlər. Balıqçıları uzağa getməyə qoymurlar, yaxında da balıq yoxdur. 
Gözümü açandan dənizi görmüşəm, 6 yaşından dənizə çıxıram. İndi balıq çıxmır, fevralda, martda çıxır. Dənizə çıxanda günə 5-10 manat olur”.
... Hikmət Vəliyevin 27 yaşı var, hərbi xidmətini Füzuli bölgəsində çəkib. O da işsizlikdən şikayətlənir. Deyir ki, ümid balığadır, o da yoxa çıxıb. Köpük-köpük pul yığır, onu da oduna veririk. Şəraitsizlikdən xəstələnənlərin sayı günbəgün artır
Evlənmək də burada problemdir. Özümüzü saxlaya bilmirik, arvad-uşağı necə saxlayacağıq. 
Hikmət daha sonra deyir:
- Balıq üçün bir tikə çörəyə görə risqə gedərək bəzən icazə verməsələr də, uzağa, dənizin lap dərinliyinə gedirik. Ya bəxt, qayıtdın, ya qayıtmadın. Dənizdə həyatla vidalaşanlar da az deyil. Bu gün də bərk küləkdir. Dənizə gedə bilməyəcəyik. Yoxsa, 3-4 manat qazanardıq. Alverçilər balığı bizdən 1 manata alıb, 2-3 manata satırlar.
- Hikmət nisgillə dedi ki, balıqçı olsa da, hələ qara kürü - “ikra” yeməyib. Qiyməti elə qaldırıblar ki, yaxın düşməli deyil.
...Nərimanabad qəsəbə icra nümayəndəliyinə də baş çəkməyə vaxt tapdıq. .Nümayəndəliyin qapısı bağlı olduğundan geri qayıtmalı olduq. 
Yolda yenə də Oqtay Əhmədoğlu ilə görüşdük. Onun deməsinə görə, Lənkəran şəhərinə getmək üçün bir neçə dəfə yola çıxıb. Lakin şəhərə getmək üçün nəqliyyat olmayıb. Buranın yeganə həyat yolu da bərbad hala düşüb. 
Sonda Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini Möhübbət Babayevlə əlaqə saxladıq. O bildirdi ki, Nərimanabad qəsəbəsinə təbii qazın verilməsi ilə bağlı Nazirlər kabinetinə və “Azəriqaz”a müraciət etmişik. Lakin hələ ki, cavab alınmayıb.
Sarıda yaşayanlar isə qışı həyəcanla gözləyir. Onlara verilən vədlərin reallaşmasını - hansısa rəhbərin gəlib dərdlərinə çarə edəcəklərini səbirsizliklə gözləyirlər.


http://cenubxeberleri.com/

Комментариев нет:

Отправить комментарий