Страницы

28.11.2011

Kitab dərdi və "Dirol"


Cavidan

Çox oldu ki, yayın beyin əridən istisində, payızın palçıq yağışında, qışın şaxtasında, hətta yazın da hamının aşiq olduğu zamanlarında evdən başılovlu çıxdım yollandım Mərkəzi Poçt Şöbəsinə, burada qaz pulu, işıq pulu ödəyənlərin, əsgər payları, şikayət məktybları yollayan insanların qarışıqlığında dəqiqə bilmədən, saat hiss etmədən gözlədim...
Gözlədim ki, nəhayət, məni çağırıb deyəcəklər ki, budur, sizin bağlamanız gəlib, imzanızla təstiqləyin və götürün, gedin, çıxın, rədd olun burdan, bir də gözümüz də Sizi görməsin, zəhləmizi tökməyin həftə bilmədən, ay hiss etmədən gəlib bu içində nə olduğunu bilmədiyimiz dördkünc bağlamaları soruşmaqla, istəməklə, gözləməklə...

Çox oldu ki, yanımdakı xanımlar kitab gözlədiyimi, kitab qəbul edib sonra pulunu ödəyəcəyimi görərək, dodaq büzdülər, belə boş və mənasız bir məsələyə görə burada onların arasında növbə tutmağımı, onların mənimkindən daha vacib olan işlərinin zaman payına düşməyimə küsdülər.
Anlamadılar!
Anlamadılar ki, mən orada qərib eldə doğmasından xəbər gözləyən illərin həsrətlisi kimiyəm, anlaya bilmədilər...
Nə etməli?
Anam mənə “səni kitab dərdi öldürəcək, bala” deyir.
O zarafatla deyir bunu və heç o da anlamır – vaxtilə bu rayonun ən böyük kitabxanalarından birinin direktorunun qızı olmasına baxmayaraq, gününün çoxunu o kitabxanada atasına kömək etməklə keçirən, gecələr boyu o dövrün ən böyük romanlarını oxuyan o da!
Zaman çoxmu dəyişib?
Bu insanları kitabdan ayrı salan nə oldu axı, kim oldu, necə, hansı vicdanla və yaxud hansı vicdansızlıqla etdi bunu?
Baxıram, Lənkəran bölgədə özünün mədəniyyətə, inkişafa, müasirliyə açıqlığı ilə o qədər fərqlənir ki!
Buradakı Dram Teatrının hələ də əsl sənət fədailəri olan aktyorlarını, bu aktyorları izləməyə gələn tamaşaçıları özündə saxlaması Lənkəranın bu teatrı sevməsinə, itirsə, kədərlənəcəyinə görədir.
Siz bir şəhərin necə böyük bir kədərə büründüyünü gördünüzmü heç?
Mən görmüşəm.
Yaşadığım evlə üzbəüz ölkənin ən gözəl kitab məkanlarından biri olan “Kitab evi” vardı əvvəllər. Bu “Kitab evi”nin xırda balaları kimi də az qala hər kənddə bir kitab mağazası da vardı.
İndi bunların heç birisi yoxdur.
“Kitab evi” də qapandı, kitab mağazaları da ya çayxanaya döndü, ya da ərzaq mağazalarına.
Mən anlayıram, əhali dövrün ağır sınaqlarından keçdiyi məqamlarda kitabı yox, çörəyi üstün tutmuşdu sadəcə və bu əhali o zaman haqlı idi.
Amma “əvvəl təam, sonra kəlam” deyildisə ta əvvəldən və təam öldürdüsə kəlamımızı, dərdi kimə söyləməli?
Kitab dərdindən gedir söhbət.
Bu gün Lənkəranda Universitet var, TV var, Dövlət Dram Teatrı var...
Bu gün Lənkəranda Ticarət mərkəzləri var, gözəl və müasir, keyfiyyətli geyim mağazaları var, Avropa standartlarına uyğun marketlər var...
Bu gün Lənkəranda insanların ailəsi, uşaqları, dostu-rəfiqəsi ilə, hətta tək də gedib rahatca otura bildiyi, xidmətindən yararlandığı kafelər var...
Bu gün Lənkəranda Ziyalılar evi var, Zabitlər evi var, Çay evi var, Məişət evi var...
Bu gün Lənkəranda KİTABın piştaxtaya qoyulub satıldığı bircə balaca evcik var, İlahi!
“Dirol” adlı məhşur hər cür xırdavat satılan balaca dükanın ikicə rəfində yer tutmuş kitablar üçün nə qədər təşəkkür düşür görəsən bu dükanın sahiblərinə?
Adama deyərlər, istəyirsən, özün aç!
İstəyirəm!
Və belə bir imkanım olsaydı, burada ədəbiyyatın ən gözəl mərkəzlərindən birini yaradacaqdım və əminəm ki, buradakı insanların əksəriyyətinin ürəyindən olacaqdı bu, çünki, Lənkəran insanı doğrudan da mahiyyət etibarilə mədəniyyətə, incəsənətə, ədəbiyyata açıq ruhlu birisidir.

P.S. Söhbət maddi imkandan gedir...

Комментариев нет:

Отправить комментарий