Страницы

28.11.2011

Sevgipatoloq stomatoloqda

Rüfət Əhmədzadə

Təsvir edin ki, stomatoloq lazımdır sizə. Çox təcili lazımdır. Və günün günorta çağı diş ağrısı sizi öldürür. Bu arada, dişinizi düzəldən başqa həkimin yarımçıq qoyduğu işin ağrısını çəkirsiniz. Amma bu ağrıları işdə çəkməlisiniz. Yəni, səhər 9-dan axşam 6-yadək. Artıq icazə yoxdur. Bütün “kredit”lər fərsiz müalicəyə sərf edilib. Xülasə… Bir çarə var. Nədir o çarə? Növbəti abzasda.
Sizin sevdiyiniz bir insan var – vaxtilə sevdiyiniz… Lap, tutalım, indi də. İxtisası isə, dərdinizə uyğun-  Stomatoloq. İşlədiyiniz yerə yaxınlıqdadır iş yeri. Həm də çox savadlıdır. Amma sizdə də onun savadından min qat artıq qürur var. Nə edərdiniz? Müraciət edərdinizmi ona? Mən etdim. Bilməm qürursuzluqdanmı, ya kinsizlikdənmi.. Etdim.

İlk dəfə danışmışdıq ki, qəbuluna gedim. Amma mübahisə etdik. Çünki, “face”də oturur, ora-bura şərh yazır, amma əvvəlki kimi “agent”ə gəlib mənimlə danışmırdı. Qısaca “sms”yazıb fikrimi dəyişdirdiyimi bildirdim. Onun acığına gəldi. Nə isə…
İlk günün ağrısını dərmanla ötüşdürdüm. Növbəti gün yenə ağrı.. Yenə variant kimi o! Zəng etdim, işdən 1 saatlıq icazə aldım… Və getdim yanına. Düz 3 gün məni müalicə etdi. Sadəcə bir dişimi. Halbuki, kalsium qıtlığından “qəbristanlıq”a dönən bütün ağzımı müalicə edə bilərdi.
Bu üç gün ərzində onu hələ də unutmadığımı hiss etdim özümdə. Onda isə, həyəcan… Yaxınlaşmaq istədim, qaytarmaq istədim… Məlum oldu ki, sevgilisi var. Mən onun üçün sadəcə bir dostam.
Amma bu 3 gün ərzində, təsadüfən tanış olduğum birini düşünməkdən də qalmırdım. İkisi də yaxında olduğu halda, biri uzaqlaşır, digəri yaxınlaşırdı. Son gündə, yəni bu yazı yazılıb bloqa qoyulan gün, hər şey həll olundu.
Mən 4-cü dişimi müalicə etdirməyə getdim. O əsəbi, mən əsəbi. Qərarsızlıq, ya da həlledici bir qərar ərəfəsində olan bir əhvalda idim. Boğulurdum, boynuma arxaya qanıranda isə, Astmanın da həyasızlığı üstünə gəlirdi – ani boğulmalarla. Birtəhər fısıldaya-fısıldaya dözdüm. Sakitcə, heç nə demədən süni dostluq mərasimindəki rolumu şərəflə ifa etdim. Sonda isə… Nə olacaq?
Mən gülümsünüb “görüşərik” dedim… Və o klinikanı tərk etdim. Ürəyimdə isə, “kaş daha onunla görüşməyəydim, ehtiyac olmayaydı” düşünürdüm. Görəsən, mən onun yanına niyə getmişdim? Ən azından, bu müalicəni də yarımçıq saxlaya bilərdim, çünki dostlarım mənə 6-dan sonra işləyən yaxşı həkim tapmışdılar.
Səbəb isə məlumdur – mənim heç vaxt keçirmədiyim duyğuları yaşamağa, görmədiyim hadisənin mərkəzində durmağa ehtiyacım var idi. Zarafat deyil, BİRİ YAXINLAŞIRDI… BİRİ UZAQLAŞIRDI!

Комментариев нет:

Отправить комментарий