Страницы

23.11.2011

Sadə, səmimi, mehriban Rafiq Tağı

Rövşən Yerfi

Rafiq Tağını 1991-ci ilin ilk günlərindən – iyirmi ildən çoxdur tanıyıram. Səhiyyə Nazirliyinin orqanı “Tibb qəzet”inin başlanğıc nəşri olan “Şəfqət”in hazırlanmasında redaksiyadan yazılarını əsirgəmirdi.

O zaman Rafiqin Moskva xatirələri hələ soyumamışdı. Boş vaxtlarımızda onun maraqlı söhbətlərini dinlər, bəzən isə dini mövzularda mübahisələr edərdik.

Məndən on beş yaş böyük olsa da, onu çox vaxt öz yaşıdım hesab edərdim. Rafiqdə olan sadəlik, səmimilik, mehribanlıq sözlə ifadə ediləsi deyildi. Sözündə bütöv idi. Bir sifəti var idi.

Haqqı sevərdi, heş vaxt haqqı danmazdı. Bəlkə də elə buna görə idi ki, ötən illər ərzində “Şəfqət”dən sonra işlədiyim doqquz kollektiv içərisində nə qədər dostlarım çıxdaş olsa da Rafiq Tağı ürəyimdə öz yerini qorudu.

Yaşlaşmasına baxmayaraq Rafiq elə indi də xasiyyəti dəyişilmədən tanıdığım kimi qalır. Mən inanıram ki, o, ömründə heç vaxt kiməsə yaltaqlanmayıb. Kimsənin də nahaqdan qəlbinə dəyməyib. Amma, həmişə haqq sözünü deməkdən də qorxmayıb.

Mən inanıram ki, o, ömründə haramı özünə yaxın buraxmayıb. O insanda tamah, paxıllıq yox dərəcəsindədir.

Yazıçılar var əsərləri sevilsə də şəxsiyyətcə yazdıqlarına layiq deyillər. Rafiq isə bir hərtərəfli kamil insan kimi əsərlərindən də yüksəkdə duran yazıçıdır. Bu mənim qənaətimdir. Ola bilər hansısa hekayəsini oxucu kimi bəyənməyim, ancaq, ziyalı vətəndaş kimi Rafiq Tağı ilə bağlı irad tapmağa acizəm.
Allah da onu sevir.

Ağır bıçaq zəbələrindən sonra Rafiqi yaşatmaqla ona hücum edən ŞEYTANın tör-töküntülərinə yazıçıya olan sevgisini sübut etdi. Alçaqlığından qalmayan bu şərəfsizlərin isə qazancı minlərlə Rafiqsevərin nifrəti oldu.

Rafiq o qədər tərif xoşlayan da deyil. Onun mənim tərifimə və ya bu yazıma heç ehtiyacı da yoxdu. Görünən dağa nə bələdçi... Onsuz da hamı Rafiq Tağını yaxşı tanıyır. Mənim isə münasibətimi bildirməklə məqsədim yazıçı-vətəndaş, yazıçı-şəxsiyyət qarşısında sadəcə vicdanımın tələbini ödəməkdir...


kulis.az

Комментариев нет:

Отправить комментарий