Страницы

23.11.2011

Əsas çempion olmaq deyilmi? Çal aşıq, çal!


Hafiz Mirzə

Nə qədər qəribə olsa da “Xəzər Lənkəran” bu il çempion olacaq!

   “Xəzər Lənkəran”  futbol klubu əvvəllər böyük qələbələrə imza atsa da, son vaxt­lar yeni-yeni qəribəliklərə imza atmaqa başlayıb. Qəribəliklər əvvəllər də  olur­­du. Amma Mirça Rednik komandaya  baş məşqçi təyin edildikdən sonra bu qə­ri­bəliklər artmış və serial lətifələr səviyyəsinə keçmişdir. “Çapayev” barəsində ol­du­ğu kimi. Amma o da qəribədir və o da gülməlidir ki, bu lətifələrə kimsə gülmür. Qəribə deyilmi? “Makkabi”yə acınacaqlı tərzdə məğlub olan komanda bunun gü­nahını əcnəbiləşməkdə gördü və komandanı azarbaycanlaşdıracağını, gəncləş­di­rə­cəyini bəyan etdi. Sanki əvvəllər bunu ondan kimsə tələb və ya xahiş etmişdi.

Amma klubdur da, ola bilsin ki, məzələnmək istəmişdilər. Bütün il boyu əsəbləri ilə oynadığı azarkeşlərlə hərdən bir məzələnə də bilməz yəni? Bundan ötrü mahir qapıçı, amma sadəlövh gənc olan sabiq kapitan Kamran Ağayev  irəli verildi. Amma eyni zamanda bu ideyaya qarşı azarkeşlər  arasında əleyhdarlar forma­laş­dı­rıl­dı. Əslində bir zarafata, məzələnməyə bənzəsə də, nəticə ciddi oldu: həm azər­bay­canlaşmanın çoxdan tərəfdarı olan Kam­ran ortada qaldı, həm də “Makkabi”yə rüsvayçı məğlubiyyət unutduruldu. Əsas o deyil ki, meydançada rəqibə məğlub olasan, əsas odur ki, hədəfdən yayınasan və hamıya da özünü sevdirə biləsən. Nə qədər gülməli olsa da zarafat-zarafata Mirça qağa bunu bacardı. Zatən “Xəzər Lənkəran”da  zarafatı çox sevirlər. Məsələn, az qala 7 yaş qrupu üzrə futbol məşqləri keçən komandanın yarandığı 7 il ərzində əsas heyət üçün bircə futbolçu da yetişdirə bilməməsi kimsənin vecinə gəlmir və kimsə də bunun haqq-hesabını soruşmur. Sanki elə bu cür də olmalı imiş! Bir Azərbaycan komandasında “Azər­baycanlaşma” iddiası ilə çıxış edilməsi qəribə olduğu qədər də gülməli idi. Amma kimsə buna gülmədi, heç dodaqları da qaşmadı. Belə geydirmə ideyaların sonu əvvəlindən görünər. Amma azarkeşlərə minnət  qoyaraq, guya ki, geriyə addım atıldı və sonra bu fikirdən vaz keçildi. Guya ki, bu halda komanda  “Neftçi”yə uduza bilərmiş, bu isə yolverilməzdir. Çempion olmasan səni çox qı­na­maz­lar, kimə uduzursan uduz, təkcə “Neftçi”yə məğlub olma. Niyə? “Neftçi”  han­sı düşmən ölkənin klubudur ki? Məntiqli cavab yoxdur. Ancaq bu bir gerçəklikdir. Bir qrup azarkeşin Kamrandan əl çəkməməsi də bir məntiqsizlik, qəribəlik və gülünc hərəkətdir. Amma kimsə buna da gülmədi. Otur fikirləş, başında saçının hər dənəsi burulub sual işarəsinə dönsün, amma cavab tapa bilməyəcəksən. Adam azarkeşlik etdiyi klubun qapıçısı və kapitanı olan oyunçuya qarşı necə düşmən kəsilə bilər axı?! Qəribə deyilmi? Bəs bir klubun “ştatlı” azarkeşləri ümumiyyətlə yerli fut­bolçulara necə qənim kəsilər? Dünyanın heç yerində, heç bir məmləkətdə yerli futbolçuya qarşı belə ögey münasibət görməzsən. Buna görə oralarda adamın bütün nəslinə gülərlər. Hətta bir-iki həpənd əcnəbilər gedəcəyi halda özünü yan­dıracağını bəyan etmişdi. Nə xoşbəxt kibrit olacaqdı o kibrit ki, iki dəyərsiz ömrü bitirəcəkdi.  Lakin bir kibrit çöpünü də xoşbəxt edə bilmədilər. Əsas olan komandanın kubok qa­zan­ması və ya çempion olmasıdır, qalan hər şey boş şeydir. Tutaq ki, “Makkabi” səd­dini keçdilər. Bəs sonra? Gedib “Realı”, “Barselona”nı da udma­ya­caqdılar ki! Zə­rərin yarısından qayıtmaq da xeyirdir. Həm də ki, ona kimi gör nə qədər əcnəbini məyus etmək lazım gələcəkdi. Bu isə humanizm prinsiplərinə zidd olan şeydir. “Qarabağ” komandası hər ilə bir neçə rəqibini gözüyaşlı qoyur, amma axırı nə olur? Sonda özü daha çox kədərlənmirmi? Çempionatın əvvəlində bəyan edildi ki, baxımlı futbol göstərməsələr də uğurlu nəticə əldə edəcəklər və çempion olacaqlar. Ancaq baxımsız futbol ilə necə çempion olmağın resepti hələ ki, heç bir komandaya məlum deyil. Buna baxmayaraq, “Xəzər Lənkəran” baxımsız oyunu ilə  1-ci yeri zəbt elədi və hətta bir ara rəqiblərindən xeyli aralandı da. Qəribə deyil­dimi?  Ümumiyyətlə, daha  qəribə olan o idi, əsas heyətində bircə lənkəranlı çıxış etməyən bir klub  Lənkəranı təmsil edir. Baş məşqçisi  rumın olduğu üçün  koman­dada kifayət qədər ru­mınıyalı futbolçunun  oynaması sabah onun adının dəyişə biləcəyinə də ehti­mallar yaradır. Məsələn, “Xəzər- Buxarest”! Buna da kimsənin gülməyəcəyinə əminəm. O da qəribədir ki, Rumıniya­dan gələnlər əsasən nimdaş futbolçulardır. Guya ki, “Xəzər Lən­kəran”  Rumınyanın  veteranlar klubu imiş. Dünyada cavan və perspektivli fut­bol­çuların olması da kimsəyə sirr olmaz. Amma “Xəzər Lənkəran”ın kolleksionerləri sanki bu  barədə heç nə eşitməyiblər. Bütün bunları deyən, məlum edən, tam obyektiv mövqedə dura bilən kimsənin olmaması da bir qəribəliyə oxşayırdı. Çünki mma kimsə soruşmaz ki, ay adam, sən özün əsil, yəni  zırpı "KQB"eşnik" olmasan bunu necə dəqiq edə bilərsən ki? Qəribədir ki, həpəndlərə bu sualı verən də yox idi. Əksər azarkeşlər ya qorxur,  ya da qorxudur.  Lənkə­randa nəhayət  ziyalıların təmsil olunduğu “Xan Lənkəran” fan klubu yarandı və bu fan klub bu cür qəribəliklərə gülməyə başladı.  Onun daha çox  "Xəzər Lənkəran"  klubuna faydalı olacağını  fut­­boldan bir şey anlayanlar bilərdi. Amma onunla əmək­daşlıq etmək əvəzinə ən kəskin münasibəti “Xəzər Lənkəran” –a ya­xınlığı ilə tanı­nan, ancaq özünü kasıb və müstəqil göstərməyə çalışan  bəzi geydirmə fan klublar göstərdi. Bu da bir qəribəlik idi! Gülünc qəribəliklər birdir, ikidir,.. Azər­baycanlı futbol­çuları nüfuzdan sal­maq məqsədilə  oyunların ən gərgin məqamında  aparıcı  futbol­çuların  öz oyu­nunu tamam itirmiş Alim Qurbanovla  əvəzlənməsi də  qəribəlik və gülüş hədə­fidir. Amma  onun adına xalq arasında məhəbbətlə "Xilaskar"  deyirlər. Hansı oyunu xilas etməsi isə hələ kimsəyə məlum deyil. Nəhayət komandanın “əbədi düşmən”i sayılan “Neftçi” ilə oyunda özünün indiyədək olmuş ən biabırçı  məğlubiyyətinə uğraması daha böyük qəribəlik hesab olunmalıdır və bu vəziyyətə gərək oturub qarnın cırı­la­na kimi güləsən. Amma yenə kimsə gülmədi! Gülmədi cəhənnəm, buna heç əsəb­ləş­mədilər də! Dəyərli bir komanda derbi matçda belə biabırçı hesabla heç vaxt uduz­maz. Amma “Xəzər Lənkəran” uduzar, kimsə də bunun cavabını soruşmaz. Heç demə 0:5 he­sabı ilə məğlu­biy­yətin əsas günahkarı düzgün taktika seçə bil­mə­yən baş məşqçi və ciddi səhvlər edən bir sıra fərsiz legionerlər yox, zədə uc­ba­tından oyunda iştirak etməmiş qapıçı Kamran Ağayev  imiş! (?) Dünyanın heç bir yerində oyunda çıxış etməmiş futbolçunu məğlubiyyətə görə ittiham edə bilməzlər! Amma “Xəzər Lənkəran”da bu olur və bir çox çılğın azarkeşlər bu cür  “debazol” iynəsini məmuniyyətlə qəbul edirlər. “Xəzər Lənkəran”nın  “Rəvan” klubu ilə ev oyunu da gülüşə əsas verən nəticə ilə yadda qaldı.  Az qala 80 dəqiqə qol arayan “Xəzər Lənkəran”  qol vurduqdan sonra çox keç­mədi, yəni  hələ ayaq üstə qalxan­lar oturmağa macal tapmamış komanda öz qapı­sında eyni cür cavab topunu gördü. Bunun indicə baş verəcəyini bildirən tanınmış futbol mütəxəssisi İdris Quliyev  öz fikrinin gerçəkləşdiyini isbata  yetirmək  üçün geriyə çevrilən kimi “Sekurti”  ad­la­nan mühafizəçilər ona hücum etdilər və də­də­ləri yaşda kişini minlərlə azar­ke­şin gözləri qarşısında  döyməyə başladılar. Zara­fatsız! Özlərini dahi futbol mütəxəssisi sayan bir çox azarkeşlər isə, nə qədər qəribə olsa da, bu vəziyyətə qahmar çıxır­dı­lar. Deyiləsi qəribəlik deyil və buna artıq gülmək lazım gəlmir. Nəticədə həm İdris Quliyev qolundan, həm də “XL” qapısındakı qoldan sınıqlıq  gördü.
     Təkcə bu oyunun, ümumiyyətlə, həmin turun nəticələrinə  katalizatorda  xal verənlərdən qeyri kimsə qazanmadı. 
    Zəif bir rəqibə öz meydançasında xal verən komanda buna da bir günahkar tap­malı idi və tapdı da. Heç demə, bəzi azarkeşlər “İstefa” qışqırmasaydılar, ko­man­da qalib gələcəkdi. Guya ki, əksəriyyəti legioner olan bir komandada  “İs­tefa”nın nə demək olduğunu çox gözəl bilirmişlər.
    Bütün bu qədər qəribəliyə baxmayaraq, azarkeşlərin avanqard hissəsi baş məşqçini dəstəkləyir. Buna görə də artıq mağazalarda almağa qapı dəstəyi qal­ma­yıb. Əsas odur ki, hamı “Xəzər Lənkəran”ın bu qəribə və gülünc vəziyyətlə çem­pion olacağına inanır. Olsun! Ona görə də, əslində “Xəzər Lənkəran” udsa da, uduz­sa da, gülümsəmək daha məqsədəmüvafiqdir. Onsuz da baş məşqçidən hesab so­ruşan olmayacaq. Meydançada göstərilən yarıtmaz oyuna  hiddətlənənlərə    isə həkim məsləhəti verək: onlar tribunalarda otu­rub gülümsəsələr daha yaxşı olar. Necə deyərlər, “Gülümsəyin cənablar, gülüm­səyin!” Əslində bu da bir etiraz ak­si­yası sayıla bilər.  Nə qədər qəribə olsa da, dünyada hələ ki, bu formada etiraz  edən olmayıb. Baş məşqçi təkbaşına bu qədər qəribəlik nümayiş etdirə bilər, azarkeşlər onun cavabını təbəssümlə də olsa verə bilməzlər?!
     Bu minvalla futbolda olmasa da, “Şən və Hazırcavablar Klubu” komandalarının yarışında çempion olmaq mümkündür. 100 faiz mümkündür! Zarafatsız! İstər meydançada olsun, istərsə də səhnədə, nə fərqi, əsas çempion olmaq deyilmi?

Комментариев нет:

Отправить комментарий