Страницы

18.11.2011

SÜLHMƏRAMLILAR


Həmid Herisçi

YƏHUDİ DİVARI. İşdi, əgər yəhudilərlə, daha doğrusu yəhudi tanrısıyla əlaqəyə girmək kimi xam xəyallara qapılmışsınızsa, neynək, Allah köməyiniz olsun, fəqət məndən sizə kiçicik bir məsləhət var- ehtiyatlı olun.
Birdən sizin aranızdakı pıçıldaşmaya, vaxsey, kimsə qulaq asar, eviniz yıxılar, məxfi söhbətinizi qəzet səhifələrinə, özü də lap zay bir qəzet səhifələrinə çıxararlar, özünüz təəccüb edərsiniz ki, bu nədir belə, mənmi danışmışam bu səfeh-səfeh sözləri?
Çox da uzağa getməyək.

Hərçənd ki, məsləhətlərimi isbatlamaqçün deyəsən bir az uzağa-Yerusəlimə, islamı dillə danışsaq Beytül-müqəddəsə, oradakı Süleyman peyğəmbərin tikdirdiyi məbədin salamat qalmış son divarı dibinə getməli olacağıq.
2008-ci ilin 25 iyul tarixində, gecənin xain vaxtında bu divarın dibinə kimsə gəlsə yaxşıdı, özünüz deyin, kim?
Amerika demokratlarının növbəti prezident seçkilərindəki namizədi Barak Obama!
Başına ağ yəhudi təsəyi, araxçını qoyduğu səbəbdən gecənin qatı zülməti onu öz təsiri altına ala bilməyib. Bu nədir belə, gözlərimə inanmıram, deyəsən onun qara dərisi də bu gün  bir azacıq öz tündlüyünü itirib!
Yəhudilərin bu müqəddəs dərgahına o, əliboş gəlməyib, «Çar David» otelinin öz müsafirlərinə ehsan etdiyi xüsusi nişanlı ağ kağız parçası üzərinə həkk etdiyi ürək sözlərini bu divara hədiyyə etmək istəyir.
Çopur daşlı divarda bir dəlik tapıb məktubunu ora dürtür.
Bakıdakı cuhud məhəlləsində olduğu kimi, Qüdsdəki yəhudi uşaqları da, sən demə, gecə vaxtı çox gec yuxulayırmış. Onlardan biri, lap dəcəli, Barak Obama yoxa çıxan kimi, tələm-tələsik qaçıb gəlir həmin divarın dibinə, Obamanın yəhudi tanrısına yazdığı məxfi məktubu qamarlayıb, -yallah!- özüylə harasa aparır.
Sabahısı gün Qüdsdə çap olunan «Maariv» qəzeti ( bizim təhsil nazirliyinin «Maarif» nəşriyyatı fikrinizi çaşdırmasın!) həmin məktubun fotosurətini bütün dünya ictimaiyyəti diqqətinə çatdırır.
Bir sözlə, bayaq demirdim ki, yəhudi tanrısıyla söhbətləşəndə bir az ehtiyatlı olun, ay yazıq biçarələr…
Baxın görün ətrafınızda azyaşlı bir uşaq gəzmir ki?
İndi, day iş işdən keçib, Amerika ictimaiyyəti Obamının yəhudi tanrısına yazdığı məktubdan qəzəblidir, nə var ki, orda ancaq özü, bir də ailəsi üçün təhlükəsizlik istəyib. Özü də kimdən?-yəhudi tanrısından! Lap axırda bizim müğənni Nazpəri kimi, «Yarəbim!» mahnısına oxşar bir-iki cümlə gətirib dilinin ucuna, deyib ki, «tanrı, sən məni öz silahına çevir»…
Deyəsən, Obamanın məktubunu yəhudi uşağı deyil, lap elə cuhud tanrısın özü götürüb yerli mətbuata ötürüb ki, baxın, bu da sizin qabaqda gedən zəncirliniz…
Qüdsün ən qədim «yəhudi divarı»na əlini basıb dua edən Obamanı ordan çəkilmiş fotoşəkildə görsəniz, hə, sizə bütün işlər aydın olar…
Əcaib bir divara gəlib dirənib o.
Hə, yəhudi tanrısıyla söhbətdə xeyli ehtiyatlı olasan gərək.

***
Obama Qüdsdəykən mən də təxminən eyni vaxtda səyahətə çıxmışdım, Tiflisdəydim, üç cənubi Qafqaz xalqını bir masa arxasında oturtmaq istəyən amerikalıların növbəti konfrasında özüm də bilmirdim nə edirəm.
Məktəbdə uşaqları bir masa arxasında oturmağı sovetlər bizə bir cür öyrədibsə, amerikalılar bunu bunu bir başqa cürə həyata keçirmək fikrindədirlər indi.
Tiflisin bir suyu elə Yerusəlimə bənzəyir, məbədlərinin daş divarları rəng baxımından Qüdsdəki qardaşlarından heç də geri qalan deyil. Mən də həmin divarların yaddaşına həsəd apardım, bir gürcü gözəlinin eşqiylə əlini haram donuz ətinə bulamış Şeyx Sənana dönüb bu şəhərin bütün künc-bucaqlarında gəzişdim. Gecələr Tiflis bir başqa cür işıqlandırılır- bu xoşbəxtlik qədim kilsələrə nəsib olub, yerdə qalanlar buraxılıb qatı zülmətin ixtiyarına. Həə, gecə vaxtı Tiflisə bizim otelin eyvanından baxsan, deyərsən, bura bir müqəddəs yerdir, əhalisi dindar, mömün.
Həə, gərək Tiflisin gecə mənzərələrinə çox da aldanmayasan-burda dindar bir mənəm, bir də siz. Lakin mən beləyəm dəə-aldandım!
Lap axırda Obama kimi lap yorulub qərara gəldim ki, gürcü tanrısıyla söhbətə mən də hazıram. Bircə qalır özümə münasib bir kilsə divarı tapmaq. Əlimi onun üzərinə basıb ürəyimdəkiləri bircə-bircə tarixin kar qulaqlarına pıçıldayacam, özü də elə pıçıldayacam ki, yaxınlıqdakı gürcü uşağı dediklərimi əsla eşitməsin.
Ay-hay!
Əfsus! Kilsə divalarına deyil, konfransımızın aparıcısı Maka Boqarta danışmalı oldum öz ürəyimdəkiləri.
AMERİKANIN HƏZRƏT ZEYNƏBİ. Bilirik ki, sən bərk islamçısan, ancaq bu dəfə, xahiş edirik, islamdan danışmayasan haa… Konfransımızın aparıcısı Maka Boqartın başına iş gəlib- qardaşını Əfqanistandakı mücahidlər dünən qətlə yetiriblər doqquz silahdaşıyla birgə, bildin? Razılaşdıqmı?
Seymur Baycan, Elmir Mirzoyev, «manıs» ləqəbli bəstəkar Firidunun dilindən eşitdiyim bu xəbər məni lap çaş-baş etdi, vallah, bilmədim cavabına nə deyim. Elə susaraq öz razılığımı izhar etdim:
-…
Tiflis musiqili-komediya tetrının qapısına təzəcə yetişmişdik ki, gördüm ki, bir xarici, okeanın o tayındangəlmə xanım bizə tərəf addımlayır. Qulaqlarıma inanmadım, yaxınlaşıb bizi azərbaycanca salamladı. Gözlərindəki qara eynək imkan vermirdi ki, onun cəzbedici sifətini tam aydınlığı ilə görüm.
Amerikanlılar qəribədirlər, özüm ölüm, qəribə-ola bilsin ki, Maka qardaşını ölüm xəbərini «Reyter» xəbər agentliyindən alıb. Yasa batmış olsa da, gözlərinin yaşını qara eynək arxasında gizləmək istəyir.
Amerika qadınının, bəli, göz yaşlırını kimsə görməməlidir, bəlkə?
Həə, onun göz yaşlırını görmürəm deyə, yasa batdığını titrək səsindən duyuram, o, dilimizdə səlis danışır, Amerika Sülh korpusunun üzvü olan xanım Boqart iki il Gəncədə yaşayaraq oradakı həmvətənlərimizə ingiliscəni təlim edib.
- Keçək içəri, yubanmışam, üzr istəyirəm gecikdiyimə görə.
Xanım amerikalı bizi Tiflis musiqili komediya tetrına dəvət edir ki, beşinci mərtəbəyə qalxıb orda konfransımıza davam edək.
***
Başa düşürəm- Amerika sülh korpusu üzvü olan bu qadın bizim gözlərimiz qarşısında ağlasa, dünya dağılar, şiələrin Həzrət Zeynəbinə dönər o. Hə, şiə olmaqdan qorxaraq amerikalı qadınlar qardaşlarıyçün ağlamır bu gün.
Amerikalılar öz İmam Hüseynlərini görünür bir başqa cür ağlayırlar, səssiz-küysüz, mərsiyəsiz-filansız.
Bütün bunlar bizi bir-birimizdən ayıran şərtlərdir, lakin mənimçün maraqlıdır-neyçün Tiflisə gəlib amerikalılar ilə ilk görüşüm vaxtı bir şəhid bacısıyla üzləşməliyəm mən bədbəxt?
Hiss etməliyəm ki, nəinki əfqanlar, iraklılar, elə amerikalılar da ağlayır hərdən bu fani dünyada?
Özü də aradakı fərqlərin, bəli, xüsusi çəkisi var yaşadığımız həyatda…
Hə, bu qadın sülhməramlıdır, Ermənistan dissidenti, xalqımızın dostu Georgi Vanyan kimi, mən kimi, Seymur kimi.
Qəfildən, Elmir Mirzoyev fikirlərimin sükutunu pozur:
-İnternetdə Makanın qardaşı barədə oxudum, Amerika xususi təyinatlı hərbi dəstənin  üzvüymüş Qəndahar tərəflərdə, Sakit Okean sahilindəki Sietl şəhərində doğulub, 26 yaşındaymış, internetdəki dostlarına deyirmiş ki, canı sağ olsun Səddam Hüseynlə Ben Ladenin, mənə axır ki, bir iş tapdılar.
-Hə, yaxşı iş tapdı o, özünə, - deyərək, susuram, özü də istəyirəm ki, könlümdəki bu sükuta bütün ətrafım da qoşulsun.
***
Müsafiri olduğumuz otelin sahibi adına «batona» Dmitrii dediyimiz yaşlı bir gürcü kişisidir. 1500 metr dəniz səthindən yuxarılarda, dağların zirvəsində arı pətəkləri saxlayır, yaxşı gürcü çaxırı yetişdirir torpağa basdırdığı saxsı küplərdə. Bir sözlə, çaxırın, balın, qonaqpərvərliyin əsl sahibidir o, bizim gözümüzdə.
- «Dmitrii» nə deməkdir, batona?-sualımı söhbətimizin ən gur vaxtında ünvanlayıram bu çoxbilmiş gürcü ağsaqqalına.
-Yunanca «sülhməramlı» mənasını verir bu kəlmə.
- Rusiyanın indiki prezidenti Dmitrii Medvedyev də sülhməramlıdır bizim Maka xanım kimi, hə?-ağzımdakı dilim dinc durmur ki, durmur, söhbəti siyasətə çəkib aparır.
-Yox, o «Yalançı» Dmitridir, rus tarixində bir vaxt belə bir çar olub.
-Təzəsinə ehtiyacmı var idi görəsən?
Batona gülüb bizi öz çaxırına qonaq edir. Ona xeyli baxıb əsl «sülhməramlı»nın bu kişi olduğunu dərk edirəm. Hə, bu səbəbdən arılar, üzüm tənəkləri 1500 metr yüksəkliklərdə öz talelərini bu ağsaqqala həvalə ediblər gərək ki.
***
Bax belə sadəymiş dünyanın işi bütün işləri. Dünyanın əsl sühməramlısını deyəsən tapmışıq, elə öz otelimizdəymiş ki o…
Nə gec anladıq bunu.
Makanın qardaşı Yasona gəldikdə isə, içdiyimiz gürcü çaxırıyla yad etdik bu nakam zavallını. «Yason» yunan mifologiyasında yeniyetmə bir dəliqanlının adıdır, indiki Gürcüstan ərazisindəki qədim Kolxida ölkəsində əjdahanın saxladığı qızıl yunu axtarırmış uzaq keçmişlərdə. Lakin, Makanın qardaşı öz axtarışlarında bir qədər uzağa getdi deyəsən, qızıl yunu Gürcüstanda axtarmaqdansa Əfqanıstanda sınamaq istədi öz bəxtini.
Nə üçün ən qədim yunan əfsanələri bu gün də öz mənasını saxlayır-sualımın cavabını batona Dmitriyə deyil, sizlərə ünvanlayıram bu dəfə.
Yunanlılar indiki insanlardan ağıllıymışlar, bilirdilər bu dünyada harayadək getmək lazımdır.
***
-Həmid, haralarda uçur sənin fikirlərin?-Maka xanım, otelimizin damındakı terrasada mənlə təkbətək qalıb fikirlərimin əzəl mübtədasını öyrənmək istərkən, əvvəlcə susdum. Azca istehzayla cavab verdim:
_Yaxın Şərqə gedib mücahidlərə qoşulmaq, bu savaşlar barədə kitab yazmaq istəyirəm.
-Sakın, ehtiyatlı ol. Qardaşım da belə fikirləşirdi.
- Onun taleyinə həsəd aparıram.
Tiflis üzərindəki günəş beş-on dəqiqə olmaz ki, qürüb edib- göy üzü hələ də qaranquşların həyəcanını yaşayır. Qarşımızdakı Şeytanbazarda, oradakı ulu öndərimizin heykəli tərəfdə həyatın isti nəfəsi hələ də soyumaq nədir bilmir, biz burda-otelin damında, tam sakitlik içindəyik.
- Sən İran azərilərindənsən, danış mənə bu ölkə barədə, bəlkə bir azdan oralara səyahət etməli oldum. Lakin ora mən kitab yazmağa getməyəcəm sənin kimi.- Makanın bütün diqqəti məndəydi, göydə uçuşan qaranquşlar daha onun fikrini məşğul etmirdi
- Onda gəl mən sənə sağ islamçılarla sol islamçıların fərqindən danışım,-deyərək, ağzımı büzdüm. – Hə, bilirəm siz niyə ora getməyə tələsirsiz. Qardaşının qanını almağamı, hə?
İRAN-SAĞ İSLAMDAN SOL İSLAMA. Vaxt varkən, gəlin İran haqda danışan politoloqların eyblərini açım-düzünü desəm, bu ölkə barədə, valah, politoloqlar deyil, tarixçilər danışsalar yaxşıdı. Neyçün? Cavabdan qaçmıram-politologiya elmi, daha çox müasirliklə sıx tellərlə bağlıdır, fəqət «İran» adı çəkilən vaxt, bax həmin bu politoloqlar, Şərq tarixinin ən azı son 30 illik təcrübəsini mükəmməl şəkildə qavradıqdan sonra, mətbuat səhifələrində söz demək haqqına malik olmalıdırlar. Yəni, İran hadisələri, böyük tarixi prosesin son məhsulu olduğu səbəbdən, müasirlikdə ilişib qalmış politologiya elmi vasitəsiylə izah olunmur, burda elmi-tarixi araşdırmalara ciddi ehtiyac var.
Bircə sual verirəm-«İndi İranda kimlər hakimiyyətdədir?», özü də, bilirəm ki, həmin sualıma hamınız tutuquşu kimi, bir ağızdan cavab verəcəksiz-«islamçılar!» Həmin sadə sualın cavabını bir başqa cür cavablandırsam, bəribaşdan deyirəm, inciməzsiniz ki, hə?
Alın gəldi, sualımın cavabını özüm verməli oluram –«islamçılar deyil, sağ müsəlmanlar!» Görürəm ki, lap çaşdınız, politologiya elminizin oturuşmuş qibləsi yerindən oynayıb öz müvazinətini itirdi.
Deyəsən, sizlərə sağ islamçılarla sol müsəlmanların tərifini aydınlaşdırmaqdaq ötrü, qəvvasa çevrilib yaxın-uzaq tarixin lap dərinliklərinə baş vurmalıyam.
***
Ötən əsrin 60-cı illərində İran, o cümlədən Güney Azərbaycan inqilabçıları, diqqət edin, dərin böhran içindəydilər- Bakıya sığınmış Pişəvəri tərəfdarları (ADP firqəsi), «Tudə» partiyası Kremlin ovcu içində çapalayaraq öz həqiqi varlığını, mənasını itirməkdəydilər.

Böyük inqilab ənənəsinə, permanent devrimçilik təcrübəsinə malik nəhəng ölkə, ilk növbədə Təbriz fədai, mücahid məktəbi, tam başsız qalaraq suquta, sukuta yuvarlanırdı, Güneydə hərbi-səhra məhkəmələri tüğyan edir, inqilabçıların edam hökmünə cəmi 15 dəqiqə vaxt ayrılırdı-Təbrizdə day o ev qalmamışdı ki, şah cəlladları, SAVAK xəfiyyələri onun qapısını döyməsinlər. Şah görbagor oğlu gorbagor, 1960-70-ci illərdə Moskvayla bir sıra  müqavilələr imzaladıqdan sonra (bu müqavilənin bir sıra gizli, antiinqilabi maddələri də mövcud idi, Tehran, ölkəsində Amerika bazalarını yaratmayacağına təminat verir, Moskva isə, İrandakı marksistlərə yardımı azaltmağı boynuna götürürdü), Təbriz inqilabçılarına məsələ tam aydın olur-Kremlə daha inanmaq olmaz, Tudə, ADP daha xalqı inqilaba aparan mübariz qurumlar deyillər, milləti inqilaba doğru aparan yeni, Moskvadan asılı olmayan müstəqil «sol-marksist-islamçı» partiyaya bütün İranda dərin ehtayac yaranıb…Təbriz inqilabçıları bu barədə düşünərkən Leninin «İnqilabı gerçəkləşdirmək üçün, ilk növbədə onun siyasi partiyası yaradılmalıdır!» şüarını əllərində bayraq edirlər.
Məhəmməd Hənifnecat- Təbrizin mömün bir ailəsindən çıxmış bu mübariz insanı yadınızda saxlayın. 1965-ci ildə marksizmlə islamın, ilk növbədə şiəliyin qovuşması məsələsi 27 yaşlı bu gənc insanı dərindən düşündürməyə başlayır.1963-cü ildəki dini ixtişaşlarda iştirakına görə o,Tehranın adı lənətlənmiş Evin qazamatına salındığı vaxt, orda möcüzəli bir görüş baş tutur. Hənifnejat həmin zindanın nəm divarları arasında ayatollah Taleqaniylə görüşür. Onların biri marksist, digəri İmam Hüseyn aşiqidir, fəqət ikisiləri də eyni taleyi paylaşaraq məhbəsə atılıblar. Yaşlı ayatollah ilə gənc inqilabçının bir-birindən öyrəniləsi çox mövzular üzə çıxır həmin zindanda. Bəli, məhz bu iki insanın təmsil etdiyi qüvvələr, işə bax bir, Evində vahid halda cəmləşərək gələcək «Mücahidane-xəlq»təşkilatının ideoloji bünövrəsini yaratmalıymış. Düz buyurub başı boynuna ağırlıq edən bəzi inqilabçılar-ən ciddi universitetlərə, söz yox, inqilab aşiqləri elə cəza çəkdiyi məhbəslərdə yiyələnirlər. İranda da islamla marksizm-leninizmin ilk görüş yeri elə yalnız Evin məhbəsində mümkünmüş-onlar ilk dəfə məhz orada eyni taleli olduqlarını dərk etdilər, məhz orda birləşdilər, məhz orada  öz ilk cücərtilərini verdilər Güneyin yeni tarixinə.
Qazamatda əsası qoyulmuş inqilabi təşkilata, zindanda doğulmuş bu körpəyə «Mücahiddine-xəlq» adı verilir. Artıq Güney mübarizləri Moskvanın, Vaşinqtonun acığına tam müstəqil öz inqilabı təşkilatlarına malikdirlər.
Beləliklə, 60-ci illərin sonuna doğru İranda inqilabçı müsəlmanlar iki dəstə təşkil edirlər:1. Ayatollah Taleqani ətrafında sıx birləşmiş sol islamçılar. 2. Ayatollah Ruhulla Xomeyni tərəfdarlarını birləşdirən müsəlmanların sağ qanadı. Həmin dövrdə onlar hələ ki, eyni məqsəd-islam inqilabı uğrunda şah rejimiylə vuruşurdular.Tələsməyin bu birliyin qələbəsinə- İslam devrimindən sonra sol islamçılar yenidən kütləvi şəkildə elə həmin Evin qazamatına atılacaq xomeyniçilər tərəfindən. Lakin həmişə yaddaşlarında saxlayacaqlar bir həqiqəti- noolsun, üzv olduğu təşkilat, bəli, məhz bu soyuq zindan divarları arasında yaradılıb! Bax bu soyuq hücrə, Hənifnecatla Taleqaninin görüşdüyü tarixi yerdir, burda, onlar birgə çay içiblər, burda Həzrət Əlinin «Nəhcül-bəlağa» əsəriylə Leninin «Dövlət və inqilab» əsərini müqayisəli təhlil ediblər, Trotskinin «Permanent inqilab» əsərini oxuyub gələcək inqilab barədə düşünüblər.
80-ciillərdə minlərlə mücahid Evində bu ekskursiyanı keçdikdən sonra sağ islamçılar tərəfindən amansızcasına güllələnib.
***
70-ci illərdə İran artıq barıt çəlləyinə çevrilir- Moskvadan asılı olmayan, azca Pekinə bağlı sol radikal dəstələr («Fədayane-xəlq», «Tufan» partiyası), üstə gəl «Xalq mücahidləri» şah rejiminin pişiyini, daha doğrusu qızıl tacını divara dırmaşdırırlar. Moskvayla Vaşinqton İrandakı, ilk növbədə Güney Azərbaycandakı gərgin vəziyyətdən, solçularla islamçıların vahid cəbhəsindən əndişələnib, hadisələrin inkişafını əllərində saxlamaqdan ötrü sıx təmaslara keçirlər.
Moskva KQB-si həmin dövrdə İranda əcaib əməliyyatlar keçirirdi-öz xəfiyyələrini sol hərəkat iştirakçıları arasına yeridir, parçalanmalar yaradır, sonra həmin xəfiyyələr vasitəsiylə solçuları SAVAK-a təhvil verirdilər. Şah onları dəyərləndirir, SAVAK-a işə götürürdü-nəticədə Kreml bir güllə ilə iki dovşan vurmuş olurdu- həm, maoist solçulardan canını qurtarır, həm də şah rejimi içinə öz xəfiyyələrini soxuşdururdu. 1968-ci ildə «Xalq fədailəri» Sorxi, Cəzcani,Zərifi, Sürahi, Çobanzadəni satmış Nəsir Ağayan belələrindən yalnız biriydi. Satqınların uzun siyahısını, unutmayın, tudəçi Mürtəza Yəzdinin  oğulları Hüseynlə Firidun, habelə Abbasəli Şəhriyar qapayırdı.
Moskva aqenturası xalq mücahidləri arasında da parçalanma yaradır həmin vaxtlar-dəstənin bir bölüyü islamdan imtina edərək guya ki, maoist, əslində moskvapərəst mövqe tutur, sonralar «Peykar» adıyla məşhurlaşır( rəhbəri Təqi Şəhram). Məhz bu başıpozuq dəstənin adı İranda 80-ci illərdə törədilmiş bir çox terror aktlarında hallandırılır. İş ora çatır ki, «marksist mücahidlər» lap azğınlaşıb Şərif Vaqifi- islamçı marksistlərin rəhbərini, Tehranda qətlə yetirib bu cinayətin səbəbini şah üzərinə atırlar…
Bəli, ruslar min oyundan çıxırdılar ki, islamçılarla solçuların tandemi baş tutmasın, bu onların qorxunc röyası idi- gözlənilən birlik baş tutsa, bütün Yaxın Şərqdəki oyunları bitər, onlarca kommunist partiyası tam nəzarətdən çıxar, Moskva bu bölgədəki gücünü itirərək öz yerini Pekinə ötürmüş olardı axı. Həmin maraqlar çərçivəsində, diqqət edin, Kremlə Ağevin Təbriz solçularına qarşı uzun ömürlü vahid siyasəti də yaranır.
Mövzumuzu davam edək-İran islam inqilabının baş vermə səbəbləri içində kifayət qədər qədər sirlər var ki, bunların biri üzərində indi dayanmağa xüsusi ehtiyac var.
Bəhs edəcəyimiz məsələdə xalq mücahidlərinin də fəal iştirakı olub-tarixçilər içərisində biz ilk dəfə bu kriminal mövzuya toxunur, onu örtən qalın pərdəni aradan götürürük, bunu da biləsiniz.
***
70-ci illərdə Sovetlərin Tehrandakı QRU aqenturasına öz işinin zərgəri olan general-mayor Serqey Kraxmalov rəhbərlik edirdi. QRU, kiçik qardaşı KQB-dən fərqli olaraq, öz şəbəkəsinə solçuları, vaxtilə SSRİ-dən İrana sürgün edilmiş erməni, azərbaycanlı mühacirləri deyil, yüksək vəzifəli şah məmurlarını cəlb etdiyindən, işində daha böyük nailiyyətlər qazanmışdı. Ancaq 1977-ci ildə vəziyyət QRU-nun nəzarətindən çıxır, it də gedir, ip də - kəşfiyyat şəbəkəsinə daxil olan dövlət məmuru Rəbbani, general Derəxşani, ən vacibi- İran «Qenştab»ının generalı Əhməd Moqarrebi həbs edilirlər. O vaxtlar şah rejimi Amerikadan ildə 10 milyard dollar həcmində silah alırdı, Əhməd Moqarrebi bu silahların alınmasına cavabdeh bir zabit idi, vəssəlam, arxasını day özünüz fikirləşin, görün bir bu xətt ilə QRU hansı sirlərə bələd olub! İstədiyi yeni silah növünü, -biabırçılıq!- şah Qenştabının əliylə Pentaqondan satın alıb, aradakı rüşvətləri də-əhsən!- elə şah xəzinəsindən ödəyəb, nəticədə bir sıra Pentaqon genarılını da ləkələyərək onları öz tələsinə salıb, keçib şantaja!
Bu rəzalətdə ən yüksək vəzifəli İran, Pentaqon genarallarının, hətta şahın özünün(!), saray əyanlarının da adı vardı… Cinayəti tətdiq edən SAVAK, Amerika xəfiyyələri işə bələd olunca lap ağıllarını itirirlər. Dərk edirlər ki, vaxsey, şah sarayı lap çürüyərək tam şəkildə QRU-nun ovcuna düşüb!
«Nəyə lazımdır bütün bu biabırçılıqlardan sonra şah sarayı, elə lap şahənşahın özü?» sualı, Amerika diplomatiyası üçün həllolunmaz bir məsələyə çevrilir.
Şahın, silah almaq işində, Vaşinqton rəsmilərinə verdiyi rüşvətlərin həcmi, səviyyəsi çoxlarını düşündürür…
İlk növbədə elə Vaşinqton şahinlərini…
Şah, izi azdırmaqçün hərəkətə keçir- rusların İsfəhanda tikdiyi metallurqiya karxanasının domna sobasında general Moqarrebini diri-diri yandırır!
Bu qara xəbər min bir dona bürünərək tezliklə bəzi dairələrin qulağına çatır-ilk növbədə İran inqilabçılarının. Bütün ölkə şaha ikrah hissiylə dolur.
İranda islam inqilabı başlayır.
***
 1979-cu ilin fevralında SAVAK qərərgahını ələ keçirən xalq mücahidləri imkandan istifadə edərək ilk növbədə nə edirlər, hə? SAVAK-ın arxivlərini ələ keçirirlər! O cümlədən, general Əhməd Moqərrebinin işini!
Sovet səfirliyi həmin sənədləri mücahidlərdən almaq istəyərək bu işi Tehrandakı KQB aqenturasının rəhbəri Leonid Şabarşinə tapşırır. Müsəlman marksistlərin rəhbəri, Evin qazamatını təzəcə tərk etmiş Məhəmməd Rza Səadəti, əyətullah Taleqaninin oğluyla məsləhətləşdikdən sonra, həmin görüşə razılıq verir. Fəqət, eyvay!-görüş zamanı xomeyniçilər qəfildən peyda olub hamını- sovet agentləri ilə birgə Səadətini də həbs edirlər. Bədbəxt yenidən Evinə qaytarılıraraq orda tələm-tələsik dar ağacından asılır, sovet agentləri ölkədən çıxarılır, sənədləri ələ keçirmiş islam keşikçilərinin başçısı Kəşani də müəmmalı şəkildə öldürülür. Sonra növbə gəlib yetişir mücahidlərin mərcəül-təqlidi Taleqaniyə. Sovet səfiri Vinoqradovla görüşdən az sonra o, yatağında ölür. Tehran mətbutı aləmə car çəkir ki, qocaman ayətullahı rus səfiri özü zəhərləyib!
Tehrandakı diplomatik korpus zarafat başlayır: «Səfir Vinoqradov, noolar, gərək imkan tapıb bir, Xomeyni ilə də görüşsün»…Deyilənə görə bu zarafat sovet səfirini əməlli-başlı cin atına mindiribmiş…
Zarafatı buraxıb keçək həmin sənədlərin sonrakı taleyinə. Xomeyni anında dərk edir ki, əlindəki sənədlər, imkan verir ki, həm rusları, həm amerikalıları lazımı qədər şantaj etsin.
Həmin sənədlərlə birgə, bəzi xarici ölkə rəsmilərinin gələcək taleyi də, qocaman Xomeyninin iti caynaqlarına keçir. Elə İrandakı hakimiyyətin özü də. Şahın Amerikadakı dostlarını bir-bir yadınıza salın, onda bilərsiz söhbət kimlərdən gedir.
Marksist müsəlmanlar uduzurlar. Onlar nəinki həmin sənədlərdən, həm də öz mərcəül-təqlidlərindən məhrum olaraq, şiə nəzəriyyəsi baxımdan tam başsız qalırlar.
İndi onlara havadarlıq edən yüksək rütbəli bir başqa ayətullah yoxdur.
***
 Sol müsəlmanların sonrakı taleyinə bütün bunlar çox mənfi təsir edir. Onların sonrakı işləri barədə indi heç nə danışmaq istəmirik.
Bəli, xalq mücahidləri indi də vardılar, ər-arvad Məsud Məryəm Rəcəvilər onlara başçılıq edir. Sayları çoxdur, İranda əməlli-başlı nəhəng məxfi şəbəkə qurublar, çox vaxt öz adlarıyla deyil, azərbaycan millətçiləri pərdəsi altında çıxış edirlər, Güneydəki «tarakan» əməliyyatını düzüb qoşanlar, Babək qalasına qalxanların çoxu da bəlkə yenə elə onlardır-millətçi pərdəsinə bürünmək mücahidləri sağ islamıların qəzəbindən qoruyur. Əlbət də ki, DAK rəhbərliyi bütün bu siyasi oyunlardan hələ ki, xəbərsizdir.
Xalq mücahidlərinin böyük qismi indi İraqda, «Əşrəfiyyə» düşərgəsində amerikalıların nəzarəti altında saxlanılır. Bu ilin 28 iyununda 70 min nəfərlik nəhəng insan kütləsini Parisdə mitinqə yığmış mücahidlər İrana tezliklə qayıdacaqlarını bütün dünya ictimaiyyətinə bəyan ediblər.
Qərb dərk edir ki, indiki İranda sol müsəlmanlar xomeyniçilərə-yəni sağ müsəlmanlara qarşı çıxış edə biləcək yeganə mütəşəkkil qüvvədir. Bu səbəbdən onları yenidən siyasi oyunlara dəvət edirlər.
Lakin bir az ehtiyatlı olub general Əhməd Moqərrebinin sənədləri ətrafında başlarına gələn məcaraları unutmasınlar.
SON. Maka, bu da mənim Güney Azərbaycan haqda bildiklərim.
Sənin qardaşını Yaxın Şərqdə dünən öldürüblərsə, bizimkiləri 70 ildir orda qətlə yetirirlər. Sən protestantsan, mən İmam Hüseyn aşiqi, biz dərdimizi gizləmədən qurbanlarımıza mərsiyə deyirik, sən, gözlərinə qara eynək taxıb qardaşınçün axıtdığın göz yaşlarını hamıdan gizləyirsən.
Hərə bir cür çəkir öz dərdini.
Bağışla, bizim bacılarımızın qara eynəyi yox idi.
P.S. Maka Boqartla söhbətləşdiyim yerdən bir addım o tərəfdəki xudmani oteldə kim qalsa yaxşıydı həmin an?- Amerika dövlət katibi Kondaliza Rays!
Eyni dəqiqələrdə Kondaliza xanım gürcü prezidenti Saakaşviliylə söhbətləşirmiş orda-otelin eyvanından Tiflisə baxa-baxa.
Bir ay aradan keçməmiş Qafqazda gürcü-rus müharibəsi alovlandı.
Kondalizayla Saakaşvilinin kar qulaqları, heyif, bizim söhbətləri eşitmədi.

Комментариев нет:

Отправить комментарий