Страницы

09.12.2011

Film, film, film…


İbrahim Sel
Professional Oxucu Liqası                   

İntiqam Hacılı (İntiş) və kinodan yazarlığı öyrənən digər dostlar üçün

“Siz televiziya tamaşaçıları heç vaxt dünyanı dərk edə bilməzsiniz”

IV hissə

7.MEL QİBSON. Bizim zarubezhom.com saytının admini Stoleşnikovun sevimli rejissorudur. Bu rejissoru növbəti dəfə rasizmdə günahlandırdılar. Maya dilinin yukatek dialektində çəkilmiş “Apokalipsis” filmində Amerikanın yerli tayfalarının nümayəndələri- qeyri-peşəkar aktyorlar oynayırlar. Bu film Qibsonu cəmiyyətin qınaq hədəfinə çevirmişdir. Rejissor işğalçı-konkisdatorlar (dəniz quldurları) tərəfindən məhv edilmiş əzəmətli sivilizasiya haqqında nəcib mifi bir an içində darmadağın etmişdir.

 Ümumiyyətlə, son zamanlar  rejissor və aktyor Mel Qibsonun “Apokalipsis” filminə aid olan hər yazıda Qibsonun başına gələnlər daim xatırlanır. Məsələn, Rolling Stone jurnalının məqaləsində  “Sərxoş Qibsonun antisemit fikirlərini müzakirə etmək əvəzinə, gəlin onun yeni filmindən danışaq”– cümləsi var.  Britaniyanın Total Film jurnalındakı yazıda “Apokalipsis”in  çəkiliş briqadasının gündəlik işindən bəhs edilməklə yanaşı, Qibsonun iyul ayında çıxardığı hoqqalardan da danışılır, hətta kinayəli irad var: “Yəqin rejissor filmin promo-kompaniyasında iştirak edə bilməyəcək, çünki o anonim alkoqoliklərin gündəlik iclaslarında iştirak etməyə göndərilmişdir”.
 Sədaqətli ər, yeddi uşaq atası, köhnə katolik, tamaşaçıların sevimlisi, ciddi rejissor Mel Qibson Peris Hilton səviyyəli bir insana çevrilmişdir. Məlumdur ki, Peris axmaq hərəkətləri və sözləri ilə daim qalmaqal yaratmaqdadır. Dünya sanki iki düşərgəyə ayrılıb- Qibsonun tərəfini saxlayanlar və ona qarşı çıxanlar. Qibsona qarşı cıxanlar tələb edir ki, onunla hər bir işgüzar əlaqələrə son qoyulsun, filmləri boykot edilsin. Digərləri isə “Mel Qibsona azadlıq” sözləri yazılmış köynəklər geyib gəzir. Tekila həvəskarı haqqında zarafatlar daim dillərdədir; məsələn, komik aktyor Rob Şnayder deyib ki, Qibson ona “İsa Məsih iztirabları” filmində baş rol təklif etsə də, Qibsonla işləməkdən imtina edər. Öz karyerası ərzində Qibson seksual azlıqları təhqir etmiş, Vatikanla dava salmış,  dünyanın bütün müharibələrində yəhudiləri günahlandırmışdır. İndi də zavallı mayalara növbə çatıb.  Müqəddəs mifləri, “Popol-Vuh” qədim kitabı oxuyan, ispanların tarixi sənədlərini öyrənən Qibson mayaların amansız insan ovçuları olduğu qənaətinə gəlmiş və öz filmində bu işğalçıların, quldarların, Şimali Amerika tayfalarını qırmış qaniçən bütpərəstlərin zalım obrazını yaratmışdır. Qibsonun bu fikirləri rəsmi məlumatlardan fərqlənmir. Tarixdən bilirik ki,  maya hinduları insan qurbanları kəsmiş, adam əti yemişlər. “Bir tərəfdən, maya hinduları savadlı olmuş, digər tərəfdən isə tam vəhşilik etmişlər”, - Qibson belə deyir. Möhtəşəm imperiyalar zəbt edilmiş xalqların sümükləri üzərində qurulur, piramidaların pillələrindın qan su kimi axır, qurban kəsilmiş qulların başları diyirlənib düşür... Bu rejissordan başqa nə gözləmək olardı? Onun əvvəlki üç layihəsi zorakılıq mövzusuna aid idi. “Sifətsiz adam” filmində eybəcərləşdirilmiş müəllim, Oskar mükafatlı “Qoçaq ürək” filmində şotlandiyaların müstəqillik uğrunda mübarizəsi, “İsa Məsihin iztirabları” filmində İsanın əziyyətləri göstərilir. Yeni filmdə isə maya hindularının amansız muzdlu qatilləri müdafiəsiz qurbanlarının qətlini damarlarda qanı donduran oyuna çevirirlər. Qibson əmindir: insan təbiətən qəddardır. Biri üçün vəhşiliyin təzahürü həyatda sağ qalmağın yeganə yoludur, digəri üçün isə həzzdir, kefdir. Sivilizasiya, təhsil, hakimiyyət maya hindularını vəhşiləşdirmişdi– onlar  qurban kəsdikləri insanların ürəklərini köksündən qopardır, kütləvi şəkildə başlarını kəsirdilər. Bununla onlar özlərini məhv edirdilər. Mədəniyyətin tənəzzülü, özü də çiçəklənən, lakin içindən çürüyən mədəniyyətin süqutu rejissorların diqqətini həmişə cəkib. Odur ki Qibson bu mövzuda təzə adam deyil. Frensis Ford Koppolanın “Apokalipsis bu gün” filmində zorakılıqdan vəhşiləşmiş əsgərləri xatırlamaq kifayətdir. Qibson Koppolanın filmi ilə oxşarlıqdan qaçmaq məqsədilə Koppoladan fərqli olaraq, öz filmində kütləvi kinotamaşaçının başa düşdüyü məişət dilində danışır.

 “Apoklipsis”– ilk növbədə əyləncəli filmdir. 18 yaşlı tələbələr bu filmə baxmağa gələndə, nəfəskəsici qaçdı-qovdunun şahidi olurlar”,- Qibson deyir.  Həqiqətən, filmin yarısı cəngəlliklərdəki qanlı qovhaqovdur: qəddar mayalar hindu Yaquarı tutmağa çalışırlar. Burda qanlı döyüş səhnələri, hiyləgər tələlər, epik görüntülər, güclü drayv var. Məgər hər rejissor qeyri-peşəkar aktyorlar dəstəsinin öhdəsindən gələ bilərmi? İstedadlı və əməksevər Qibson isə bunu bacarıb. “Apokalipsis”-  ustalıqla çəkilmiş macəra filmidir, qəhrəmanların danışdığı ölü dil isə məzhəkədən başqa bir şey deyil. Qibson məna dərinliklərinə varmır, onun demək istədiyi səthdə, göz önündədir. İstedadı aşıb-daşanlar üçün Qibson filmdə belə bir başlanğıc titri verir: “Əzəmətli sivilizasiyaları xaricdən dağıtmaq olmur, onlar özləri özünü içdən dağıdır”. Aydındır ki heç kim kulturoloji paralellər axtarmayacaq. Axı ekranda görünən alicənab qəhrəman sevgilisini ölümdən xilas etmək istəyir, hiyləgərcəsinə və çox gözəl şəkildə zalım əclafların öhdəsindən gəlir.
8.ALEKS CONS. “Obamanın yalanı” sənədli filmi 12 mart 2009-cu ildə istehsal olunub. Filmin rejissoru və prodüseri aktyor, radio aparıcısı və rejissor Aleks Consdur. O bundan başqa və buna oxşar bir neçə sənədli filmin yaradıcısıdır.
 Film ABŞ prezidenti Obama haqqındadır, lakin ondan başqa Con Kennedi, Corc Buş və oğlu Corc Buşun da fəaliyyətləri müzakirə edilir. Obama və prezidentlərin hamısı, Linkoln və Kennedidən başqa bu filmdə çox sərt bir şəkildə yalançı adlandırılırlar. Filmin ilk cümlələri odur ki, bu filmə baxmazdan əvvəl 2007-ci ildə çəkilmiş “Endgame: Blueprint For Global Enslavement” filminə baxmaq tövsiyyə olunur. Çünki “Obamanın yalanı” bu filmin məntiqi ardıdır.
 “Zamanın ruhu” və “Obamanın yalanı”- hər iki filmdə demək olar ki, söhbət eyni mövzudan gedir. “Obamanın yalanı” filmi daha konkret bir mövzunu əhatə edir. “Zamanın ruhu” filmində dünyanı idarə edən gizli qüvvələr haqqında ümumilikdə danışılırdısa, bu filmdə Obamanın planın növbəti bir hissəsi və Corc Buşun davamçısı olduğunu sübut etməyə çalışırlar. Obamanın verdiyi vədlər bir-bir sadalanır və onun verdiyi vədlərin heç birini yerinə yetirmədiyi ortaya çıxır.
 Hər iki filmdə Amerikanın tarixçisi, Anqlo-Amerikan hegemonluğunun ən kəskin tənqidçisi Vesbter Trapley kəskin çıxış edir. Vebster burada: “Obama- cəmiyyətə sırınan növbəti kukla rolunu oynayır. Elə bir kukla ki indiyə qədər onun kimisi olmayıb. Onun yeritdiyi siyasət hər gün daha çox Corc Buşun yolunu davam etdirdiyini göstərir”. Ona ən çox məşhurluq gətirən 1992-ci ildə yazdığı “Corc Buş- İcazəsiz bioqrafiya” kitabıdır.

 Kris (ONE) Parker- Amerikanın hip-hop əfsanəsi, Amerikada insan hüquqları uğrunda mübarizə aparan və yeniyetmələrin pis vərdişlərinə qarşı böyük işlər görən biri kimi tanınır. Filmdə öz fikrini çox emosional şəkildə bildirib: “Bir qaradərilini Amerikanın prezidenti etdiniz və guya ki indi hər kəs xoşbəxtdir. Mən belə şeylərə aldanmıram. O burgerkingin administratoru kimidir”. Obamanı seçkilər vaxtı çoxları qaradərili olduğuna görə dəstəkləyirdilər. Filmdə onun növbəti yalançı sima olduğu göstərilir və əslində yəhudi mafiyası tərəfindən idarə olunan “kukla” mahiyyəti üzə çıxır.
 Yəqin ki bu filmə Amerikada az adam baxmayıb, lakin bu filmlərdə insanların “gözünü açmaq cəhdləri” boşa çıxmış sayılır. Amerikalıların bir xüsusiyyəti var ki, onların siyasətdə öz kumirləri olur. Onların beyinləri elə yuyulub ki, öz kumirlərini hər zaman müdafiə etməyə hazırdırlar və hər deyilənə inanmırlar. Bu filmə baxanda ümidsizliyə qapılırsan. Qaniçən bankirlər şəbəkəsindən o qədər qorxulu danışırlar ki, adama elə gəlir, elə onlara qul olub yaşasam yaxşıdır, əks halda özüm də, ailəm də məhv olar. Hadisələrin belə təqdimatı insanları qorxudur, onları bir daha əmin edir ki, pul dünyada ən güclü şeydir və pula görə milyonlarla insanın həyatı qurban verilə bilər... Əslində verilir də. Hadisələrin belə təqdimatı insanları inandırır ki, onların təslim olmaqdan başqa şansları yoxdur, lakin inadla hamıya mübarizə aparmalı olduqları söylənilir.
 Filmdə Aleks Consun Obama və Hillari Klintonla birlikdə iştirak etdiyini iddia edərək, Üçtərəfli Komissiyanın və Bilderberq Qrupu üzvlərinin görüşlərini gizli kameraya çəkməsi, insanların onların olduğu oteldən çıxarılmaları, etirazları, Obamanın verdiyi vədlər və onların yalan çıxmasını görəcəksiz. Bu görüşlər 1954-cü ildən bəri gizli keçirilən Bilderberq qrupunun mərasimlərindən biridir. Həmin görüşlərdə Amerikanın və dünyanın taleyi, yeni krizislərin və müharibələrin planlaşdırılması, 6 milyardlıq dünya əhalinin məhv edilərək 1 milyarda endirilməsi ilə bağlı danışıqlar gedir və məkrli qərarlar qəbul edilir.
Mən sənədli filmlərin doğruluğuna hər zaman inanmadığım üçün internetdə filmdə göstərilən bəzi faktların doğruluğunu araşdırmaq qərarına gəldim. Məlum oldu ki, filmdə adları çəkilən və vəzifələri sadalanan bəzi adamlar haqqında yanlış məlumatlar var. Məsələn, ABŞ Xəzinə Başçısı, Nyu York Federal Rezerv Bankının keçmiş prezidenti Timoti Geytner Üçtərəfli Komissiyanın üzvü kimi göstərilir, lakin o bu komissiyanın keçmişdə üzvü olub, hal-hazırda isə Bilderberq qrupunun üzvü və Xarici Əlaqələr Konsuldur. Hillari Klinton filmdə deyildiyi kimi nə Xarici Əlaqələr Konsulu, nə Üçtərəfli Komissiyanın üzvüdür. Həm də o heç vaxt Bilderberq qrupunun görüşündə olmayıb. Bilderberq görüşündə olanların siyahısında onun yox, həyat yoldaşı Bill Klintonun adı var. Lakin nədənsə filmin rejissoru Bill Klintonun adını belə çəkməyib.
 Mən bu məlumatları Skeptik Sorğu Konsorsiumu adlı internetdə məşhur olan nəzəri faktlar, filmlər, elmi mövzular və s. haqqında məlumatların doğruluğunu yoxlayan bir saytdan tapdım. Lakin lap dəqiq olsun deyə Üçtərəfli Komissiyanın saytından onların üzvlərinin siyahısını çıxardım. Bu siyahıda nə indiki, nə də keçmiş üzvlər arasında heç bir Klintonun adı yoxdur, lakin keçmiş üzvlər arasında Timoti Geytnerin adı vardı. “Obamanın yalanı” filminə baxdıqdan sonra siz də bütün düzgün və yalan məlumatları araşdıra bilərsiz. İnternetdə dünyanı idarə edən Gizli Ümumdünya Hökuməti haqda çox maraqlı faktlar var.

(Ardı var)

Комментариев нет:

Отправить комментарий