Страницы

09.12.2011

Mərdi-mərdanə


Alı Vüsal
Professional Oxucu Liqası

Elə bilməyin bu sözlərlə hansı məmurunsa yatmış vicdanını oyada biləcəksiniz

 Dünyanın çox yerində adamlar bir-birini aldatmaqla məşğuldur, kimi demokratik yolla, kimi despotik yolla. Bizdə isə lap ağını-bozunu çıxardıblar. Burada məmurlar hökumətin verdiyi kabinetə öz dükanları kimi baxırlar. Hökumət idarəsinə gələndə ancaq onu fikirləşirlər ki, bu gün kimdən rüşvət alacağam, kimdən nə çırpışdıracağam, kimin qulağını kəsəcəyəm. Onsuz da nə etdilər, nə etmədilər, vicdanını dalına atan məddahlar harada gəldi onları tərifləyəcək, buna görə də qorxu-hürküləri yoxdur.

 Dünyanın bir çox yerlərində heyvanlara heykəl qoyurlar. Hindistanda inək, Çində kərtənkələ, Bolqarıstanda eşşək, İraqda qartal heykəlləri populyardır. Bizdə isə bir çox yerlərdə dəvəquşuya heykəli qoysaq, laaaap yerinə düşər! Çünki bizdə bəziləri elə həmin quş kimi başın salıb kolluğa, digər strateji yerləri yadından çıxıb. Özü də belə heykəl düzəltsələr, gərək onun başın kolluqda düzəldək. Deyəcəksiz ki, onda heykələ qənşərdən baxmaq müşkül olacaq ki. Yaddan çıxarmayın ki, özünü dəvəquşu kimi aparanlar, ona baxmağın da çəmini bilirlər. Bir də gərək bizim qəzetçilər bəzi-bəzi sözlər ki var- qeyrət, kişilik, vicdan... belə-belə sözləri az işlədin. Elə bilməyin ki, belə sözlərlə hansı məmurunsa yatmış vicdanını oyada biləcəksiniz. Təcrübəmdən bilirəm ki, burada düz söz danışanı az qala xalq düşməni sayırlar. Yalan-palan bir az ordan-burdan danışıb, xurcununuzu doldurub, çıxın aradan. İndi kim ürəyindəkini deyir ki? Çoxu arxada rəhbərləri söyürlər, üzdə isə ətəklərindən öpürlər.
 Lap qanınızi qaraltdım, bir anekdot deyim kefiniz açılsın. Dovşan, dovşan, a dovşan... Bir gün ağıllı dovşanlardan biri deyir ki, hamı bizi qorxaq, aciz bir məxluq kimi tanıyır. Birdəfəlik yığışıb gedək göl sahilinə, hamımız birdən suya tullanıb özümüzü məhv edək. Qorxa-qorxa yaşamaqdan canımız qurtarsın. Belə də edirlər. Minə yaxın dovşan göl sahilinə yaxınlaşanda onları görən qurbağalar qorxularından gölə tullanırlar. Qurbağaların onlardan qorxmasından təsəlli tapan dovşanlar “Aaa, bizdən də qorxan var imiş ki?”- deyib, gölə tullanıb intihar etmək fikrindən vaz keçirlər. İndi qəhrəman xalqımıza arzu edirəm ki, nə dovşan kimi qorxa-qorxa yaşasınlar, nə də qurbağalarla özlərinə təsəlli versinlər. Belə mərd olsunlar, kişi kimi yaşasınlar e, kişi kimi.

Комментариев нет:

Отправить комментарий