Страницы

27.12.2011

İttiham


Rüfət Əhmədzadə

Yox, demə mənə “çox sevgilin olub”,
Çox qız qəlbi qırmaqda ittiham etmə məni.
“Aldatmısan, atmısan”... 
Daha nələr və nələr...
Lütfən əsəbləşdirmə
Deyib bilmədiyini.
Demə  “Neçə bakirənin gözü yaşlı qalıb”,
Neçəsinin əriylə sevişəndə,
Gözlərini yumub öz aləmində 
Məni xəyal etdiyini də vurma üzümə.

Demə itirdiyimi nə qədər “yenidən başlamaq” şansını...
Sən sadəcə,
Axtarıb tapmağa çalış...
Gələnlərin bir-bir sorub getdiyi
Gəncliyin mənasını.
Sən soruş, mən danışım
Sevgilimdən nələr gözlədiyimi...
Nazını çəkdiyimdən
Bircə şaqraq gülüş istədiyimi.
Bir də ara-bir üzümə toxunan nəfəsindən
Bu dünyanı bir anlıq tərk etmək diləyimi...
Sən soruşma,
Tələb et,
Lap qısa, konkret,
Bir neçə sözlə hesabını istə 
bütün “gəzintilər”in.
Mən isə  fağır-fağır
Və sadəcə pıçıltıyla dillənim:
Məni sevmək deyil də...
Sevdirmək lazım idi:
Həyatı, gəncliyi...
Gələcəyi!

Комментариев нет:

Отправить комментарий