Страницы

27.12.2011

Qənirə Paşayeva Fransaya səsləndi


Qənirə Paşayeva: “Fransa belə bir qərarı qəbul edərsə, Türkiyə ilə bərabər Azərbaycanı da itirəcəyini anlamalıdır”

Super dövlətlər silahlanmaya və müharibələrə milyardlarla dollar pul xərclədikləri halda, Afrikada Somali nümunəsində olduğu kimi altı ayda 30 mindən çox azyaşlı uşağın acından və susuzluqdan ölməsinə laqeyd qalırlar.
Bunu Gün.Az-a açıqlamasında millət vəkli Qənirə Paşayeva dilə gətirib.
Onun dediyinə görə,  bu mütənasibsizlik sadəcə, humanitar sahədə özünü göstərmir, siyasi həyatda da bu cür siyasi əxlaqsızlıqlar yaşanır.
Millət vəkili deyib ki, bunun ən bariz nümunəsi son zamanlarda Fransada cərəyan edir, yəni bu ölkənin parlamenti 12 oktyabr 2006-cı ildə qondarma erməni soyqırımını rəsmən tanıyıb:

“Bir neçə gün bundan əvvəl isə Fransa Prezidenti Nikola Sarkozinin partiyası “Xalq Hərəkatı Birliyi” və “Yeni Mərkəz” Partiyasının 40 deputatının təşəbbüsü ilə parlament kommisiyası qondarma erməni soyqırımını inkar edənlərin 1 il həbs cəzası və 45 min avro cərimə edilməsi haqqında qanun layihəsini qəbul etdi. Bu layihə 22 dekabrda parlamentdə müzakirəyə çıxarılacaq. Növbəti böyük saxtakarlıq, ikiüzlülük, ədalətsizlik! 
Düşünə bilirsinizmi? Allahı inkar edənlərin cəzalandırılmadığı ölkədə qondarma erməni soyqırımını inkar edənlər cəzalandırılacaq! Paradoks bir vəziyyətdir, deyilmi? Görəsən bu təşəbbüsü dəstəkləyən Fransa parlamentariləri kənardan nə qədər məntiqsiz, riyakar və ədalətsiz göründüklərinin fərqindədirlərmi?”
Q.Paşayevanın qeyd etdiyinə görə, bu saxtakarlıq və riyakarlıq demokratiyanın beşiyi olaraq bilinən ölkədə-Fransada baş verir:
“Söz və ifadə azadlığından dəm vurub, hər kəsə bu dəyərlərlə bağlı dərs keçmək arzu və iddiasında olan Fransa parlamenti bu rəzalətə imza atmaq ərəfəsindədir! Bir anlıq bu qanun layihəsi qəbul olarsa nə baş verəcəyini düşünək: Qanun layihəsi qəbul edilərsə qondarma erməni soyqırımını inkar edənlər-tarixçilər, jurnalistlər, tədqiqatçılar, sadə vətəndaşlar haqqında cinayət işi açılacaq. Bəs Fransanın dəm vurduğu demokratiya, ifadə azadlığı obyektiv tarix yazmaq etikası necə olacaq? Fransa vətəndaşı olan və millətinin tarixdə heç bir zaman soyqırım törətmədiyini çox yaxsı bilən türklər də qondarma erməni soyqırımını inkar edərlərsə, onların haqqında da cinayət işi açılacaq. Bu o deməkdir ki, bu ölkədə yaşayan 450 min türk ya bu qərara dəstək verən Fransız parlamentarilərin türk millətinə atdığı iftira və böhtanla razılaşaraq bu ölkədə əzablar içində yaşamalı, ya da Fransanı tərk etməlidirlər... Fransanın insan haqlarına verdiyi qiymət və göstərdiyi münasibət budurmu?”
Millət vəkili sual edib ki,  qanun layihəsi qəbul edilərsə Fransa və fransız parlamentarilər hansı haqla söz, fikir azadlığından, insan haqlarından danışacaq, görəsən?
“Amma danışacaqlar. Bu Xocalı soyqırımı deyil ki, səslərini çıxarmasınlar...Fransa Parlamentində baş verənləri ən yumşaq dillə desək, saxtakarlıq, ikiüzlülük, ədalətsizlik və ikili standartlar adlandırmaq olar. Hər şeydən əvvəl parlament tarix institutu deyil. Bu kimi iddiaları parlament deyil, tarixçilər tədqiq edib qiymət verməlidir. Amma Fransada və bəzi ölkələrdə qondarma erməni soyqırımını tarixçilər yox, siyasətçilər tədqiq edərək qiymət verir. Çünki bilirər ki, iddialarını tarixçilər tədqiq etsə, həqiqətlər üzə çıxacaq. 
Mən hələ Fransanın 1915-ci il hadisələrindəki iştirakını xatırlatmaq istəmirəm. Birinci Dünya müharibəsində Türkiyə qarşısında biabırçı məğlubiyyətə uğrayan Fransa qondarma erməni soyqırımını siyasi səbəblərə görə qəbul edib. İndi də “soyqırımı” inkar edənləri cəzalandırmaq istəyərək tamamilə fərqli tarix yazmaq niyyətinə düşüb. 
Görəsən, hətta atalarının da şahidi olmadıqları 100 il bundan əvvəl baş verdiyini iddia etdikləri hadisəni təftiş edən fransız parlamentarilər niyə 19 il bundan əvvəl Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımını görmək istəmirlər? Niyə Xocalı soyqırımının video süjetləri olmasına rəğmən bu soyqırım barədə danışmaq, onu törədənləri qınamaq, lənətləmək istəmirlər?”-deyə,o, bildirib.
Q.Paşayevanın sonra bildirdiyinə görə,1988-1990-ci illərdə Ermənistandan zorla qovulan 300 min, ermənilər tərəfindən öldürülən 200-dən çox azərbaycanlının taleyi, insan haqları onları narahat etmir.
 “Fransa ədalət görmək istəyirsə düşmənçiliyini bir kənara qoyaraq bundan dərs almalıdır! Əsl ikiüzlülük, ədalətsizlik və ikili standart elə budur! Fransa parlamentarilərinə heç kəs Türkiyə tarixini tədqiq etmək və qiymətləndirmək səlahiyyəti verməyib. Fransa Daglıq Qarabağ münaqişəsini tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. 15 ildən artıq vaxt keçməsinə baxmayaraq Fransa bu istiqamətdə heç bir iş görməyib. 
Fransız parlamentarilər nə üçün hələ bir dəfə də olsun ölkələrinin rəsmilərindən “1 milyon azərbaycanlı 20 ilə yaxındır ki, evlərinə dönə bilmir, onların insan haqları Ermənistan tərəfindən tapdalanmaqda davam edir” deyə hesabat tələb etmirlər? Özünü ədalət məhkəsi kimi görən Fransa parlamenti niyə Xocalı Soyqırımı barədə müzakirələr aparmır...”
Millət vəkili eyni zamanda deyib ki,  Fransa parlamentində baş verənlər təkcə qardaş Türkiyəni deyil, Azərbaycanı və azərbaycanlıları da ciddi narahat edir, hiddətləndirir:
“Təbii ki, Azərbaycanda hamı Fransa parlamentində baş verənlərə etiraz edir və biz səsimizi daha da yüksəltməliyik. Tək ona görə yox ki, azərbaycanlılar Fransanın Daglıq Qarabağ münaqişəsinin tənsimlənməsində ciddi rol oynamamasından, ermənipərəst siyasətindən, Ermənistanın işğalçılığına verdiyi dəstəyindən artıq çox yorulub. Həm də ona görə ki, demokratiyaya, insan haqlarına, ədalətə qiymət verən türk milləti olaraq biz millətimizə atılan bu böhtan və iftiralara dözə bilmərik! 
Fransa parlamentariləri qəbul edəcəkləri bu qanun layihəsi ilə təkcə Türkiyəni deyil, Azərbaycanı və ümumiyyətlə özünü türk sayan və milli kimliyini dərk edən heç kimin dostu olmayacaq. Bunu birlikdə etiraz səsimizi yüksəldərək göstərməliyik! Dünyanın hər yerində yaşayan türk insanı Fransa parlamentinə öz etirazlarını bildirməlidir. 
Baş verənlər bir sualı da cavabsız qoyur. Doğurdanmı, Fransa elə bir vəziyyətdədir ki, erməni diasporu onun siyasətini istədiyi kimi dəyişərək parlamentdə bu ölkənin maraqlarını təhdid edən qanunlar belə qəbul etdirmək gücündədir? Yoxsa, iqtidar uğrunda gedən mübarizədə Fransada yaşayan 380 min erməninin səsini qazanmaq üçündür bu saxtakarlıq və riyakarlıq oyunları..Yoxsa , Nikola Sarkozi ermənilərə “bacı” dediyi üçün onların “namusunu” qorumağa çalışır?
Görünən odur ki, Fransa,  Serj Sərkisyanın son zamanlarda Türkiyənin şərq əyalətlərini “Qərbi Ermənistan” kimi dəyərləndirərək, erməni gənclərini yalan iddialara təşviqini və Türkiyə rəsmilərindən üzr istəmə tələbini dəstəkləyərək bu ölkənin son zamanlarda regionda və beynəlxalq aləmdə iqtisadi, siyasi və hərbi yüksəlişini məhdudlaşdırmağı azulayır.
Türk milləti tarixdə heç bir millətə qarşı soyqırım tətbiq etməyib. Əksinə, Faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi soyqırımdan qaçan insanları qəbul edərək onların həyatını xilas etmişdir. Avropadan fərqli olaraq Türklərin tarixində utanc duyacaqları bir səhifə yoxdur”-deyə, millət vəkili  vurğulayıb.
Q.Paşayeva sonda Fransada yaşayan bütün türk kökənli insanları ayağa qalxmağa çağırıb:
“Mən  Fransada yaşayan bütün türk kökənli insanlarımızı ayağa qalxmağa, öz haqq səslərini ucaltmağa  və kəskin etirazlarını bildirməyə çağırıram. Eyni zamanda harada yaşamasından asılı olmayaraq, bütün Azərbaycan türkləri, türk insanları Fransanın bu yanlış hərəkətinə qarşı öz etiraz səslərini ucaltmalıdırlar. Son olaraq bildirmək istəyirəm ki, əgər Fransa belə bir qanunu, qərarı qəbul edərsə, Türkiyə ilə bərabər Azərbaycanı da itirəcəyini anlamalıdır”.

Комментариев нет:

Отправить комментарий