Amma neftin nələrə qadir ola biləcəyi onların yuxusuna da girmirdi...
"Neft kraliçadırsa, Bakı onun taxtıdır". U.Çörçil
-Neft fontan vurdu...
Bu kəlmə XIX əsrin ən “şirin”, bəlkə də o dövrün hər işbazının eşitmək istədiyi milyonlara aparan “xoşbəxtlik nəğməsi” olmuşdur. Sənayenin canlanmağa başladığı dövrdə neftə böyük ehtiyac var idi. Bu səbəbdən də, 1848-ci ildə qazma üsulu ilə ilk dəfə Bibi-Heybət mədənində fontan vuran neft quyusu (bu həm də dünyada ilkdir) nəzərləri Bakıya yönəltdi. Beləcə, bir-birinin ardınca fontan vuran quyular Bakını neft və milyonların səltənətinə çevirdi.
Ard-arda İsveç, Fransız və İngilis kapitalı Bakıya axdı. Hamı - istər Bakı sakinləri, istərsə də xarici vətəndaşlar ilk fürsətdə mədən sahibi olub “fontan”-ı gözləyirdilər. Tağıyev də onlardan biri. Böyük ümidlərlə Bibiheybətdə aldığı mədəndən “xəbər” gözləyirdi. O xoşbəxt gün yetdi və onun quyusu fontan vurdu (1878-ci il). Min-bir sevinc içində fontanı seyr edərkən heç ağlına da gəlməzdi ki, onun bu sevinci XXI əsrin bəlasına çevriləcəkdir...
Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, İsabəy Hacınski, Mövsümbəy Xanlarov, Fətullabəy Rüstəmbəyov, Nobel qardaşları, Dmitri Mendeleyev, Konon Lisenko, Konstantin Xariçkov, Lev Qurviç, Vladimir Şuxov, Semyon Kvitko – Bakının neft maqnatları. Düzü hamısının bəxtinə Şəmsi Əsədullayevin 56 gün fontan vuran quyusundan düşməmişdi... Amma neftin nələrə qadir ola biləcəyi onların yuxusuna da gəlmirdi...
Yaxşı, bəs görəsən bu neft nəyə gərəkdir? Niyə ona bu qədər maraq olub, var və deyəsən, hələ olacaq. “Qara qızıldan” həm yanacaq və yağların keyfiyyətini artırmaq, həm də sintetik lif və kauçuk, plastik kütlə, yuyucu vasitələr, plastifikatorlar, aşqarlar, boyalar və s. istehsalı üçün qiymətli xammal kimi istifadə olunur. Neftdən alınan ilkin məhsullar arasında ən məşhurları parafin karbohidrogenlər - metan, etan, propan, butan, pentan, heksan; naftenlər; aromatik karbohidrogenlər - benzol, toluol, ksilol, etilbenzol; olefin və diolefinlər- etilen, propilen, butadien; və asetilendir. Neftin üstünlüklərinə söz gəldikdə demək olar ki, yüksək enerji sıxlığına malikdir (ən keyfiyyətli kömürdən belə 30% yüksək), daşınması daha rahatdır (qaz və kömürlə müqayisədə) və ən nəhayət, neftdən asanlıqla yuxarıda sadalanan məhsulları almaq mümkündür.
Neft Bakısı
Göründüyü kimi, neft dünya yanacaq-energetika balansında aparıcı yeri tutur: enerqoresursların ümumi istifadəsində onun payı 48% -dir. Dünya neft hasilatı (2006-cı ilin rəqəmləri) ildə təxminən 3,8 mlrd t və ya 30 mlrd barel təşkil edir. 2009-cu ildə Azərbaycanda neft hasilatı quruda və dənizdə, cəmi 50 416 min tona bərabər olub. Deməli, Azərbaycan nefti dünya hasilatının təxminən 1/6 hissəsini təşkil edir. Bu səbəbdən də ekoloji məsələlərin gözönünə gəlməsi qaçılmazdır: ümumi sahəsi 222 min ha olan Abşeron yarımadasının yararsız torpaqları - 33,3 min ha, o cümlədən neftlə çirklənmiş torpaqları - 10 min ha təşkil edir; Sabunçu, Binəqədi, Suraxanı və Əzizbəyov rayonlarındakı neft mədəni əraziləri tam çirklənmiş torpaqlar sayılır.
Görəsən, bugünki gənc nəsil indi də əsas gəlir mənbəyimiz olan neft sənayesini bizə bəxş etdiyinə görə maqnatlarımıza minnətdar olmalı, yoxsa, bugün Bakı dünyanın ən çirkli şəhəri olduğu üçün onları günahlandırmalıdır? Niyəsi aşağıda...
“Forbes” jurnalı ən çirkli şəhərlərin reytinqini müəyyən edib. Bu cədvəldə Bakı 1-ci yerdədir: “İran, Gürcüstan, Ermənistan, Xəzər dənizi ilə əhatəli Azərbaycan neft sənayesi və gəmiçilik nəticəsində həyat üçün təhlükəli olan ekoloji çirklənmədən əziyyət çəkir” (forbes.com).
“Blacksmith Institute”-un keçirdiyi araşdırmaya əsasən 30 ən çirkli region siyahısında Azərbaycanın da adı keçir: “Sumqayıt neft-kimya və sənaye komplekslərinin fəaliyyəti nəticəsində üzvi kimya və civə çirklənməsinə məruz qalmışdır” (Blacksmith Institute , New York,September 2007).
Hava, su, torpaq...
Neftin çıxarılması və emalı prosesində ən çox zərər hansı mühitə dəyir: havaya, suya, yoxsa, torpağa? Bunu dəqiq demək çətindir. Amma çirklənməyə səbəb yalnız neft deyil. Məişət tullantıları, müxtəlif sənaye sahələrinin çirkləndiriciləri, avtomobil tüstüsü, tikintilər zamanı havaya qalxan toz-duman, yanğınlardan qalxan tüstü... Bu siyahını daha da uzatmaq mümkündür. İnsan fəaliyyəti olan yerdə çirklənmə labüddür. Amma biz neftdən danışacağıq.
Respublikamızdakı kimya və neft-kimya müəssisələrinin çoxu Bakı və Sumqayıtda cəmləşib. Həmin müəssisələrdə təmizləyici qurğuların çoxunun yararsız vəziyyətdə olması, qaz-toz uducu avadanlıqların sıradan çıxması ətrafa normadan artıq tullantı atılmasına səbəb olur. İstər sənaye sahələrinin sahibləri, istərsə də fərdi avtomobil, restoran, tikinti sahibləri, zibil yandıran hər kəs öz fəaliyyəti nəticəsində havaya bir sıra zəhərli qazlar atır və sonda atmosfer havasının çirklənməsinə görə məsuliyyət daşıyır.
Və çirklənmənin gedişinə baxaq...
Neftin yandırılması və emalı zamanı kükürd oksidi ayrılaraq havaya qarışır. Kimya sənayesinin çirkləndiricilərinin tərkibində əsasən karbon qazı (28%), kükürd anhidridi (16,3%), azot oksidi (6,8%) olur. Respublikamızın havasına atılan zərərli qazlar (mədənçıxarma sənayesi üzrə) 2009-cu il üçün 186,1 min t, ümumilikdə isə CO2-in (karbon di-oksid) miqdarı 15 293 min t təşkil edib.
Həmin qazlar yağış damlaları ilə həll olaraq azot və kükürd turşularını əmələ gətirir. Turşulu yağışın əsas komponenti məhz bu turşular - azot və kükürd oksidlərinin (SO2 və NO) aerozolları sayılır. Sözü gedən yağışların (pH-ı 5,6-dan aşağı olan yağışlardır bunlar) mənbəyi qazıntı yanacaqlarının, xüsusilə daş kömürün İES-də, qazanxanalarda, metallurgiyada, neft-kimya sənayesində, nəqaliyyatda və s. yandırılması prosesi sayılır. Bu yağışlar, çay və göllərin turşuluğunu artırır, binaların (xüsusi ilə də, əhəng və bürünc örtüklü bina və tikililərin) üst örtüyünün aşınmasına səbəb olur. Tək bu deyil, 2002-ci ildə kükürd turşusu buxarının havaya atılması nəticəsində Riçard Bey şəhərində (CAR) 200 insan zərər çəkib.
Atmosferdə bəzi qazlar, xüsusən su buxarı istixana effekti yaratmaqla fərqlənir. Son 200 ildə və hazırda da davam edən insan fəaliyyəti atmosferdə istixana effekti qazların konsentrasiyasının artmasına səbəbdir və Yerin iqliminə ciddi təsir edir.
Havanın atmosferə atılan zəhərli tullantılarla çirkləndirilməsi xərçəngin, anadangəlmə patologiyaların yaranmasına, immun sistemin pozulmasına səbəb olur. Bu, hər il 3 mln. insanı öldürür.
Çirklənmə bircə hava ilə kifayətlənsə idi... Torpaq da çirklənir və ondakı zəhərli maddələr qida və su ilə insan bədəninə hopur. Neft mədənlərinin istismarı, neftin və duzlu lay süxurlarının ətrafa axıdılması tez bir vaxtda torpağın məhsuldarlığının itirilməsinə, landşaftın tam deqradasiyasına səbəb olur. Və statistika: Azərbaycanda torpağa atılan təhlükəli istehsalat tullantıları (neftayırma sahəsində) 2008-ci il üçün 20 826 min t təşkil edib.
Su da çirklənir. Necə? Biz sənaye tullantılarını dənizlərə, çaylara, göllərə atırıq. Bundan əlavə havada, torpaqda toplanan zəhərli maddələr, tullantılar bilavasitə suya qarışır. Və infeksion xəstəliklərin 80%-i su ilə yayılır. Bəzi misallara göz gəzdirək ...
Təbii suyun əsas çirklənmə mənbələri qara və əlvan metallurgiya müəssisələri, kimya, neft, qaz, daş kömür, sellüloz-kağız sənayeləri, kənd təsərrüfatı və kommunal təsərrüfat hesab olunur. İnkişaf etməkdə olan ölkələrdə hər il 25 mln. insan içməli suyun tərkibindəki patogen və çirkləndiricilərin təsirindən və 3mln. beş yaşa qədər uşaq ishaldan (diareya) vəfat edir.
Tankerlərlə daşınma zamanı baş verən qəzalar tonlarla neftin dənizə axmasına səbəb olur. Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan vurur. Yalnız 1 t neft dənizin 12 km2 sahəsini örtür. Suyun səthində neft təbəqəsi bütün fiziki-kimyəvi prosesləri dəyişir: suyun səthinin temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir, balıqlar köçür və ya məhv olur. Suyun dibinə çökən neft uzun müddət bütün canlılara ziyan verir. Neft qatı suya işığın düşmə intensivliyini və spektrini dəyişir. Son 50 ildə dünya Okeanının tropik zonalarında oksigenin faizi 15% azalıb. Bunu, əsasən atmosferdə azotun miqdarının artması (texnogen fəaliyyətlə əlaqədar), ən öncə isə, sənaye və kənd təsərrüfatı tullantıları ilə əlaqələndirməyə çalışırlar.
1970-82-ci illər ərzində dünyada 169 böyük tanker qəzası baş verib. 1978-ci ildə “Amoko-Kadis” tankerinin Fransa sahillərində batması 220 min t neftin okeana axmasına səbəb olub. 1989-cu ildə “Ekson-Valdes” tankeri yolundan çıxaraq Alyaskadakı Prins Uilyam körfəzində deşilib. Nəticədə 39 min t neft axaraq 550 km sahilyanı ərazini çirkləndirib.
Elə bu il oktyabrın 5-də “Rena” yük gəmisinin Yeni Zellandiyanın Tauranqa limanı yaxınlığında riflərə çırpılması nəticəsində okeana 130-350 t neft axdı. Nəticədə okeanda böyük neft ləkəsi əmələ gəlib. Dəniz heyvanları və quşlar kütləvi şəkildə tələf olur. Limanda təmizləmə işləri gedir. Buna görə də vətəndaşlar və gəmiçilərə o əraziyə giriş qadağan edilib. Gəmi riflərdən qaldırılarkən ciddi zədələnib. Nəticədə indi də neft okeana axmaqda davam edir. Əgər bunun qarşısı alınmazsa, okeana 1500 t neft axar və bu da ekoloji fəlakətə səbəb olar. Ümumiyyətlə gəminin qalıqlarının okeandan təmizlənməsi prosesi bir il vaxt apara bilər. Bu bir il ərzində radiasiyanın nələr törədə biləcəyini heç düşünmək mümkün deyil...
İnsanı insan eyləyən sağlamlıqdır!
Elə bilməyək ki, biz insanlar kənarda qalırıq. Planetimizin bir milyarddan çox sakini təmiz su çatmazlığından əziyyət çəkir. Dünyada 40% insan ətraf mühitin, xüsusilə də su, torpaq və havanın çirklənməsindən dünyasını dəyişir. Bu ekoloji problemlər sürətli əhali artımı sonucu xəstəliklərin çoxalmasına gətirib çıxarır. Bütün insanlığın demək olar, yarısı şəhərlərdə yaşayır. Elə həmin şəhərlərdə çox zaman sanitar qaydalara riayət olunmur, əhali həddən artıq sıxdır ki, bu da qızılca və zökəm kimi xəstəliklərin “partlayışına” səbəb ola bilər.
Zəncirvari olaraq bütün mühit çirklənir... Hava suyu, su torpağı, sonra havanı, heyvanları, insanları və onlar da öz növbəsində hər yeri ÇİRKLƏNDİRİRLƏR. Və biz hamımız ətraf mühitin çirklənməsindən əziyyət çəkirik.
Təbiət bunları cavabsız qoyarmı? Yox, təbii ki. Baş verən zəlzələ, sunami, vulkan püskürmələri, tornado, sellər, turşu yağışları, sürüşmələr, tozlu küləklər, toz dumanları və s. təbiətin ona qarşı olan haqsızlıqlara sanki, bir cavabı, başqa sözlə “intiqamıdır”. Dünya bizim evimizdir. Amma biz onun qeydinə qalmırıq. Öz istiqbalımız üçün onu istismar edirik. Halbuki, istehsalat zamanı lazımi qaydalara riayət etsək, gündəlik yaşayışımızda bir qədər diqqətli olsaq və bir qədər də rəhmdil olub bütün dünya canlılarını düşünsək, çox şey dəyişər.
Yenə də bir sual rahatlıq vermir: görəsən, bugünki gənc nəsil indi də əsas gəlir mənbəyimiz olan neft sənayesini bizə bəxş etdiyinə görə maqnatlarımıza minnətdar olmalı, yoxsa, bugün Bakı dünyanın ən çirkli şəhəri olduğu üçün onları günahlandırmalıdır?
P.S. ...Beləcə, bir-birinin ardınca fontan vuran quyular Bakını neft və milyonların səltənətinə çevirdi. Amma neftin nələrə qadir ola biləcəyi onların yuxusuna da gəlmirdi... Min-bir sevinc içində fontanı seyr edərkən heç ağlına da gəlməzdi ki, onun bu sevinci XXI əsrin bəlasına çevriləcəkdir...
Aysel MƏMMƏDOVA kulis.az
Комментариев нет:
Отправить комментарий