Страницы

25.01.2012

Bakıda “Traviata”: Verdinin ilahi musuqisi və ailə haqqında arzular


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası olub.
İnsan qəlbinin bilicisi L.N.Tolstoyun “”musiqi – hislərin stenoqrafiyasıdır” sözlərinə inansaq, o zaman Verdinin operası bir hissin – sevginin ondan doğan bütün nüanslar – ehtiras, qısqanclıq, anlaşılmazlıq, ayrılıq, barışıqla birgə – stenoqrafiyasıdır.
Süjet iki başlanğıcın – ailə institutunun rəhbəri Jorj Jermonun və azad sevginin tərəfdarı olan Violettanın dramaturji konflikti üzərində qurulub. “Traviata”da – italyancadan tərcümədə “əxlaqsız qadın” (başqa varianta görə, bu söz “alaqotu” kimi tərcümə olunmalıdır) elə Violettanın özüdür.
Yeri gəlmişkən, Opera və Balet Teatrının səhnəsində yeni quruluşda operanın uğuru gözlənilən idi. Əvvəla, bu, tamaşaçının həmişə gözlədiyi opera hitidir. İkincisi, tamaşa oğul Dümanın məşhur kurtizan qadının əhvalatından, onun zəngin gənc Alfred Jermona məhəbbətindən bəhs edən  “Kameliyalı qadın” avtobioqrafik pyesinin süjeti əsasında qurulub. Alfredin ailəsi bu sevgiyə qarşı çıxır və sonda qadın vərəm xəstəliyindən dünyasını dəyişir. Üçüncüsü, C.Verdinin gözəl, bəzənsə ilahi musiqisi ifaçıdan səsinin gur yerinə salıb çığırmağı deyil,  dəqiq, səlis və virtuoz olmağı tələb edir. Və nəhayət, ilk dəfə səhnədə ifaçıların – milli səhnəmizin gənc və istedadlı solisti İlahə Əfəndiyeva, məşhur italiyalı tenor Rikardo Mirabelli, gürcü baritonu Besik Qabitaşvili və belarus dirijoru Vyaçeslav Voliçin gözəl kvarteti yarandı.
Nə qədər qəribə olsa da, gecənin əsl sensasiyası tanınmış italiyalı ifaçı R.Mirabellinin çıxış deyil, Belarusdan olan dirijor V.Voliçin ustalığı oldu. Qeyri-adi dirijorluq üslubu, hər jestin ifadəliliyi – özü də bu ifadəlilik teatrallıq səviyyəsi – öz canlılığı və tempramenti ilə heyran edir və bütün zalı tamaşa boyu həyəcan və heyrət içərisində saxlayırdı. Voliçin musiqili ifadəsində çoxlu sərbəstlik və bol hislərlə müşayiət olunan sakitlik vardı. Operanın lirik məqamlarında orkestrin ifası çox zaman, demək olar ki, balet plastikasının vasitəsilə – həyata keçirilirdi. Operanın traktovkasına gəlincə, Voliçin interpretasiyası yeniliyi və qeyri-ordinarlığı ilə seçilmirdi: təmiz klassik opera. Digər əcnəbi dirijorlardan fərqli olaraq, Voliç auftaktları (ifanın başlanğıcını müəyyən edən jestlər) “yemirdi”, ritmik “setkanı” gözləyə bilirdi, onun ansambl nömrələrini məharətlə idarə etməsi isə ayrıca bir məqalənin mövzusu ola bilər.
Alfred partiyasını ifa edən R.Mirabellinin ifasında qəhrəman sevgili birinci aktda az görünür. Texniki cəhətdən dəqiq və səlis ifa etsə də, zil məqamları ehtiyatla “götürürdü”, gözü gözəl tərəf müqabilindən daha çox dirijorda idi. Amma ikinci aktdan başlayaraq, yad səhnədə özünü ələ alan ifaçının səsi tədricəm mehribanlaşdı. İtaliyalının zövqlə seçilmiş kostyumu isə bəstəboy ifaçının heç də romantik olmayan görünüşünü unutmağa imkan verirdi.
“Traviata” – qadın barədə tamaşadır və təbiidir ki, bu tamaşanın əsas bəzəyi də baş rolun ifaçısı İlahə Əfəndiyeva idi. Onun ifasında Violetta həm gözəl, həm də zərif təsir bağışlayırdı. Güclü səsi olan bu ifaçı zil məqamları da asanlıqla “götürürdü”.
Violettanın Alferdin atası (B.Qabitaşvili) ilə ürəkparçalayan dialoquna gəlincə, bu zaman İlahənin ifasında məhv olmuş qadın obrazı dramaturji baxımdan inandırcı görünürdü. Vokal bəmləri orkestrin simli alətləri müşayiət edirdi, iki sevgilinin ölüm səhnəsində isə, pianonun müşayiəti diqqəti çəkirdi. Musiqi də, finalın səhnə və rəng həlli də işıqla dolu idi, bu, parlaq işıq deyildi, amma insanın xoşbəxtlik barədə arzuları kimi çox ilıq idi.

P.S. Tamaşadan sonra foyedə gənc və fövqaladə dərəcədə istedadlı tenorumuz Azər Rzazadə göründü. Adamın ağlından keçir ki, yaxın gələcəkdə bu müğənnidən əla Alfred çıxar. Səs var, görünüş var, bir azca cəhd və istək lazımdır, qalanı özü alınacaq.
Ülkər Əliyeva                    ann.az

Комментариев нет:

Отправить комментарий