Страницы

25.01.2012

Şəfa Cəbiyeva “Qarğa yuvası” haqqında

shefa-cebiyeva

Müstəqillik dövrünün romanları sırasında İlqar Fəhminin “Qarğa yuvası” yarımtarixi romanı ədəbi aləmdə maraqla qarşılandı. Romanda son illərin nəsr əsərlərində müşahidə olunan paralellik- tarixi şəxsiyyətlərin və onların həyatlarının fərqli şəkildə təqdim edilməsi vardır. Belə ki, yarımtarixi roman adlandırılan “Qarğa yuvası” Cəlalilər hərəkatı dövrundəki Koroğlu və şəxsiyyətindən bəhs edir. Əsərdə hadisələrin real təsvirindən daha çox, yazıçı təxəyyülündən yaranan məqamlara rast gəlinir. Əgər dastanda Koroğlunu qorxmaz, igid, cəsur bir qəhərman kimi təsvir olunursa, romanda onun xarakterində qorxu hissinin də olduğunu görürük.

Yəni dastanda qorxu nədir bilməyən Koroğlu çox güclü bir insan kimi təqdim olunur. Roman isə tarixi detektiv adlandırılsa da, burada tarixilikdən daha çox, mistik məqamlara üstünlük verilir. Üzərində işarələr həkk olunmuş təsbeh dənələri, ölü qarğalar, öldürülən insanların sinəsinə basılan damğa – əsərin mistik təsirini daha da artırır.
Əsərdə Keçəl Həmzə Koroğlunun ən yaxın silahdaşı kimi təqdim olunur. Koroğlu onu “Çənlibel tülküsü” adlandırır. Romanda Həmzə ağıllı, hiyləgər, qoçaq, igid bir “dəli” kimi təsvir olunur. Hətta demək olar ki, Çənlibeli Qara Mahmudun hücumlarından Həmzə xilas edir. Dastandan fərqli olaraq Nigar xanım romanda bir-iki dəfə danışır, bu obraz ümumiyyətlə yetərincə təsvir olunmayıb.
Romanda bir məqam da diqqəti cəlb edir. Koroğlu hər hansı bir məsələdə daxilən acizlik çəksə də, bunu xalqa, dəlilərə bildirməkdən çəkinir. Və bu da onun şişirdilmiş bir qəhrəman yox, igid, cəsur və eyni zamanda adi bir insan olduğunu göstərir.
Romanda hadisələrin təsviri həqiqətən də detektivlik təsiri bağışlayır. Əvvəlcə evlər yandırılır, sufi dərvişlərin quldurluq etmələri güman edilir, insanlar Xallı qayaya gedib bir daha qayıtmırlar, qayıdanlar isə dəli olurlar. Konfliktlərin düyünü əsərin sonunda Həmzənin və Dəli Həsənin dilindən nəql edilir.
N.Cabbarlı obrazların dili haqqında yazır: “Dəlilərin hər kəlməbaşı saray əyanları kimi “xub” deyərək danışması, “özlərini naqolay hiss etməsi”, bəzən isə müasir Bakı şivəsi ilə söyuş söyməsi ağlabatan deyil.” (8,75)
Qeyd olunanlarla razılaşaraq onu da əlavə edək ki, əsərdə fars sözlərindən istifadə çoxdur və dəlilərin dialoqları inandırıcı görunmur. Eyni zamanda Koroğlunun və dəlilərin namaz qılıb oruc tutması, cin-şeytana inanmaları onları ərəb döyuşçülərinə bənzədir.
Roman  27  fəsildən ibarətdir. Ümumiyyətlə, romanda Koroğlu şəxsiyyətini fərqli baxış, fərqli yanaşma vardır. Müəllif süjetə bəzi mifik və detektiv məqamlar əlavə etməklə oxucuda hadisələrin davamına maraq oyada bilir. Romana postmodernizm cərəyanının təsiri şübhəsizdir. Tarixi şəxsiyyətə müəllifin fərqli baxışı və əlavələri də romanı maraqlı və oxunaqlı edir.

Şəfa Cəbiyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı: “Müstəqillik dövrü Azərbaycan romanlarının sənətkarlıq xüsusiyytələri”

Комментариев нет:

Отправить комментарий