Страницы

01.01.2012

Yeni ədəbi hadisələr

İbrahim Sel

 İNSANLAR NECƏ YAZIÇI OLURLAR? Bizim hamımız bu dünyaya təcrübə qazanmağa və onu bölüşməyə gəlmişik: təcrübənin işarəsi, lazımlılığı dartışıla bilər. Bunu həyatıyla yanaşı əyani fəaliyyətə çevirənlər, dolayı yolla, bu işi iki dəfə görənlər yazıçılardır. Və bizim hamımız dəfələrlə hər bir yazıçının təkcə həyat və mütaliə təcrübəsinin bədii əsərdəki əksi ilə deyil, həm də yazıçılıq, yazı, “mətbəx təcrübəsini” bölüşən yazılarıyla da rastlaşmışıq. Nüfuza çevrilmış, təsdiqini tapmış bir çox yazıçı və şairlər olub ki, “kitabı necə oxumalı”, “gənc yazıçıya tövsiyyələr”, “düzgün oxu qaydaları”, “dünya ədəbiyyatı kitabxanası” və sair bu kimi esselər, məqalələr yazıblar. Belə yazıların praktik tərəfi bir yana, amma etiraf edək ki onlar ən azı sevdiyimiz yazarlarla daha yaxın tanış olmaq imkanı verib bizə.
 İnsanlar necə yazıçı olurlar? Bu mövzuda çox baş sındırmalar oldu. “Bir gün anam məsləhət gördü ki, bir dəftər ayır, oxuduğun kitablar haqqında öz fikirlərini yaz. Bu məşğuliyyət mənə o qədər maraqlı, cəlbedici göründü ki, o vaxtdan uzun illər keçməsinə baxmayaraq, hələ də bu vərdiş məni tərk etməyib və yəqin heç vaxt tərk etməyəcək”. Çox maraqlı düsturdur. Bu düsturu küləkli Bakı kəndində yaşayan, övladının potensial cinayətkara çevriləcəyindən qorxuyan düşən bir ana verib. Həll nəticəsində Kənan Hacı adlı bir cavab ortaya çıxıb. Sanballı cavabdır, qeyd-şərhsiz qəbul olunur, müzakirəyə əl yeri də qoymur. 
 Uzun illərdən bəri tanıdığım, imzasını böyük maraqla izlədiyim bu insan çox mükəmməl ədəbiyyatçıdır. Onun bir məqsədi var- Azərbaycan ədəbi mühitinin inkişafına çalışmaq. Hər şeydən hər formada yazır. Uğursuz alınan yazıları da olur, ancaq o səbirlə və cəsarətlə yazır. Kənan sənəti sənət üçün yaradanlardandır. Azərbaycan oxucusuna hesablanmayan müəyyən yazıları onun ədəbi-bədii təfəkkürünün zənginliyinin göstəricisidir. O qərbi də, şərqi də gözəl qavrayır. 
 Kənan Hacı istedadlı publisist, təmkinli ədəbiyyatşünas olmaqla yanaşı, səmimi bir yazıçıdır. Son illər ədəbi aləmdə iri həcmli əsərləri ilə görünməyə başlayıb. Rəvan və axıcı dildə yazılmış nəsrinin qəhrəmanları adi, hər gün bizimlə çiyin-çiyinə addımlayan insanlardır. Hekayə və povestlərindəki personajların sadəliyi, səmimiliyi və hər şeydən hədsiz həyatiliyi oxucunu mat qoyur. Öz dəsti-xətti var. Kənan həyatı, yaşadıqlarını yazır. “Ayağı yerdən üzülmək” onluq deyir. Qəhrəmanlarını bəziləri kimi idealizə də etmir, həyatda necə var elə də verir. Müəllif sanki hadisələrin üstündən ötəri keçir, lakin bu “ötəriliyin” arxasında qəribə bir hissi yaddaş dayanır. Oxucu onunla səyahət zamanı özünü qəhrəmanın vəziyyətində görə bilir, kitaba qapanaraq necə deyərlər, tərki-dünya olur. Məncə, yazıçının elə bir nömrəli vəzifəsi də oxucunu qəhrəmanın taleyini yaşamağa vadar etməkdir. Kənan bunu ustalıqla bacarır.
 Kənan Hacı öz yaradıcılıq potensialı ilə məmləkət hüdudlarını aşan, hal-hazırda Biləcəri sindromunu vurub dağıdan tək-tük yazıçılardandır. Aristokratizm, şarm, minillik fars mədəniyyətinin bizə verdiyi nəsnələr, Bakının səmum küləyi, şirinlik, yaxınlıq, tanış hisslər- bütün bunlar Kənan Hacı yaradıcılığına xas cəhətlərdir.
 Kənan tipik azərbaycanlı yazarın qatıldığı dar və mənasız çərçivəni yararaq dəyərli bir əsər yazıb: “Yaddaş kartı”. Azərbaycan tarixinin maraqlı detalları əks olunmuş bu əsər, mən deyərdim ki, dünya ədəbiyyatı səviyyəsində olan şedevrial bir əsərdir.
 Qoy Markes latınamerikoslarının başını isti nağıllarla qatsın, biz isə öz yolumuzla gedəcəyik. Sən heç fikirləşdinmi “niyə varlılar neft, kasıblar nöyüt deyir”? Uydurmalar artıq heç kəsə maraqlı deyil- bizə real Azərbaycan lazımdır!
 Kənanda olan musiqi Markesdə yoxdur: “Dənizin qolları üstündə bir ada yırğalanır, bu nənni adada yaşıl-yaşıl otların, buğum-buğum ləçəklərin, təsbeh dənələri kimi balaca cığırların ovcuna dağılmış qarışqaların dərdini-sərini bilən bir qarı yaşayır- Mora nənə. Bu xeyirxah qarı kimsəsiz ada ilə böyük şəhərləri birləşdirən canlı bir körpü kimi əbədi olaraq uşaq yaddaşıma hopub. Lovğa və dikbaş Barmaleyi udan timsah da yadımdadır, Barmaleyi büsbütün udmuşdu, təkcə ayaqları çöldə qalmışdı. Amma mənim o anda Barmaleyə yazığım gəlirdi...” Kənan Hacı hadisə nəql elədiyi yerdə arada dönüb belə nəğmələr də oxuyur. O, xeyirxahlıq missiyasını üzərinə götürmüş çox diqqətcil bir ozandır. Tolstoyun “Uşaqlığım, yeniyetməliyim, gəncliyim”i də məhz belə bir musiqi altında yazılıb. Kənanı təbrik edirəm. Alınıb.
 Kənanın “Çəhrayı qan” əsəri isə sentimentalizmə tipik bir nümunədir. Bu əsər qeyri-adi bir dildə və üslübda yazılmışdır. Latın Amerikası ədəbiyyatını xatırladır. “Çəhrayı qan” da dünya səviyyəsinə çıxarılacaq bir əsərdir, sadəcə Kənan onun üzərində bir az da işləməlidir. Bəzi məqamlarda vulqarlıq həddini aşır, dozadan yuxarı olur, bəzi məqamlarda isə yazar obrazı ilə alfons obrazı dolaşıq düşür, baş qəhrəmanın ali instinktləri ibtidai intstinktlərlə qarışır. Sonunu isə “göydən üç alma düşdü” tipində qurtarıb. Bir az ixtisarlar aparılsa, 20-30 faiz yığcamlıq yaradılsa, məncə ziyan etməz. Bu gözəl yazarımıza məsləhət görərdim ki, hadisələrə müdaxilə etmək, tipik azərbaycanlısayağı rəylər vermək, mülahizə yürütmək şakərindən kənar dursun, seyrçi kimi hadisələri müşahidə mövqeyi tutsun! Sadəcə nəql etsin.
 Debütant yazarlar bu əsərdən çox şey öyrənə bilərlər; süjet qurmağın, yazıçı ilə oxucu arasında distansiya yaratmağın bəzi məqamlarını Kənandan əxz etmək olar. Kənan oxucu qarşısında hesabat verirmiş kimi hər sözə, hər sətrə yazıçı məsuliyyəti ilə yanaşır. Təbii ki bu onun yaradıcılığının elitarlığına, orijinallığına təminat verən başlıca amillərdəndir. Yəqin bu səbəbdəndir ki, Kənan Hacı da İlqar Fəhmi kimi sevə-sevə oxuduğum yazıçılardan biridir.
 MƏN YAPMA BİR ƏJDAHA. Yafəs Türksəsdə şairlik, mə deyərdim ki Allah vergisidir! Həyatda mırt, yazılarında isə orator kimi görünən bu şairin maraqlı kitabı çapdan çıxıb- “Baycanın simfoniyası”. Yafəs bir növ bizim ədəbiyyatın Mayakovskisidir. Onun qədər gur, onun qədər bol, onun qədər əzəmətli! Yafəsin daxilində iki tip yatır: biri ari, biri şudra tipi. Ari tipi işə düşəndə Yafəs əsl simfoniya yaradır, nəinki baycan, dünya səviyyəsində nəsnələr ortaya qoyur. “Mən yapma bir əjdaha” qalaktik şeirdir! Şudra qanı işə düşəndə isə Yafəs ortamənzilli nəsnələr ortaya çıxar, kortəbii və bayağı yazır. Kitabının əvvəli bu cür şeirlərlə doludur, özünün dediyi kimi bənövşə janrındadır. Bir də axır-axırda, səh. 59-dan sonra ibtidai hisslər baş qaldırır. Qalan orta hissə isə hamısı əladır, ideal nəzm nümunələridir. “Bir gecənin nağılı” onun çox sevdiyim, misralarını arada pıçıldadığım şeiridir: “Şərab ver, şərab, səni kayb edəcəyəm...” “Hardasan, ay ev yiyəsi?”, “Daşını sevdim” şeirləri də ədəbiyyatımız üçün nadir nümunələrdir. “Şəhər etüdləri”, “Etüd” şeirlərini də Yafəs ari qanının işə düşdüyü məqamlarda qələmə alıb- energetik şeirlərdir. “Feyziyab olun” da həmin qəbildəndir.
 Yafəs Türksəs müasir şeiri tam dolğunluğu ilə başa düşən tək-tük şairlərdəndir. 
 Türksəsin ən uğurlu layihəsi bəlkə də “Solaxay xəbərlər”idir. Onun adını mətbuat tarixinə həkk edən də məhz “solaxay”lar olacaq. Eşitdiyimə görə bu yaxınlarda həmin atmacaları kitab halında çap etdirmək istəyir. Belə olsa oxucular duzlu-məzli bir toplu ilə tanış ola biləcəklər, həm də müasir əbəbi-mədəni, ictimai-siyasi həyatla bağlı bol-bol informasiya alacaqlar. “Solaxay xəbərlər” satirik-publisistik silsiləsindən danışarkən Yafəsin “Son xəbərlər” şeirini qeyd etmək yerinə düşür:

Duydunuzmu rəsmi masaların üstündə
Sapından qaçan bayraqları?
Məmur papağında gerbin
Tənhalığını necə?
Sevgisiz dodaqlarda üşüyən
Himnimizi bürümək istədinizmi?
Gördünüzmü əsgər nəğmələrinə 
Düşən bitləri?
Eşitdinizmi necə guruldayır
Hərbi marşlar?
“Koroğlu” üverturasının
Sürüşən notunu görən olmadı amma
Məndən savayı!

 Bax budur simfoniya! Yafəsdə alınır.
 CƏSARƏT SİMVOLU. İran Azərbaycanından şairə Nigar Xiyavlının diqqəti cəlb etməyinə başlıca səbəblərdən biri onun cəsarətidir desəm, yəqin ki çoxları mənimlə razılaşarlar. Bu xanımın cənublu mətinliyi, konkretliyi, absurd bir zamanda reallığa bu qədər yaxın olması onu paytaxt ədəbi elitasının sevimlisinə, gənc yazarların isə cəsarət simvoluna çevirmişdir. Bizimkilərin boz cızmaqaraları içərisində seçilən, ürəyə yatan, maraqla qarşılanan imzalardandır. Öz üslubu və dəsti-xətti var. Ədəbi qəzetlərdə və saytlarda dərc olunan “Qarabağ qurbağası” şeiri də təqdirəlayiqdir. Azad Yazarlar Ocağının saytında gərgin polemikaya səbəb oldu! Belə bir neytral şeirin kiminsə əsəblərinə təsir etməsi qəribə görünür. Hərənin bir zövqü var, sizin xoşunuza gəlmirsə, başqaları bəyənir. Axı biz yalançı patriotizmdən necə zinhara gəlmişik! Sadə, rəvan, axıcı, oynaq bir şeirdir. Müəllifə bir afərin düşür.
 “AYRILIQ DURAĞI”. Dünya Azərbaycanlı Yazarlar Qurumunun “Dayaq” seriyasından buraxdığı kitablardan biri də Cənubi Azərbaycan şairəsi Səkinə Pur Həsənin “Ayrılıq durağı” nəzm toplusudur. “Ölsən də aşiq öl/ Ölsən də aşıq öl”. Səkinə Pur Həsən qələmini misralara toxundurduqca hər bir sözün səsi pianino dilləri kimi səslənir, oxucunun beynində çoxistiqamətli yağış və külək, müxtəlif güllərin çələngi, qadın psixozluğu, hisslərin çarpışması, sayrışan düyğular, bəzən az qala nevroza çevriləcək həyəcan ritmləri bitişik bir şəkildə öz-özlüyündə bir harmoniya yaradır. Bu harmoniyanı vahid bir kökdə saxlamaq bacarığı Səkinə xanımın müdrikləşmiş təsəvvür sıçrayışlarının bəhrəsidir. Onun poeziyası ənənəvi şeirin texnikasına yox, daha çox mənbələrinə köklü şəkildə bağlı olur və ona görə də müəllifin müasir şeirimzdə yerini təyin edir.  

Mən də küsürəm tanrı boyu
Ulduz-ulduz batıram.
Yenə də gecə
Körpə-körpə qaranlıq doğur.

 Bu, heç də gənc şairənin söz mülkünə sahiblik etmək iddiası deyil. Bu, onun özünə inamıdır. Vətən üçün, haqq-ədalət üçün döyünən bir ürəyin sözə məhəbbətidir, sözü uca tutmasıdır. O yaxşı bilir ki, yalan sözlərlə, yalançı vətən sevgisiylə söz mülkündə addım da atmaq olmaz. Gərək sözün başına ip salıb ucuzluğa aparmayasan. Gərək söz ürəklə qoşa addımlaya. Çünki ürəksiz hər bir söz ölüdür. Necə ki indi Şimali Azərbaycan şeirində böyük bir qəbiristanlıq yaranıb. Başa düşmürlər ki, sözü deyəndə gərək “palaza bürün elnən sürün”ü bir tərəfə qoyub, ürəyə də qulaq asasan. Bu fikirləri dəfələrlə bildirmişəm, Səkinə Pur Həsənin “Ayrılıq durağı” kitabını oxuyanda bir kərə də ürəyimdən keçdi. “Bir kərə türkülərini duysaydım!/ Bir kərə adını dəlicəsinə içsəydim!/ Bir kərə... “ Yəni onun hər kərə şeiri ürəkdən od alır. Elə ona görə də bu şeirləri oxuduqca təsirlənirsən. 

Yağışların mahnısına
cumculuq islanıb
duyğularımın obası altında
adını çobanların tütəklərinin
isti səsi tək
könlümün vərnəsinə toxuyuram.
Gözlərimdən lam-lam adının Arazı axıb 
dodaqlarımdan
yam-yaşıl Muğan tək göyərirsən
dişlərimin zirvəsindən
dəniz papaqlı Savalan tək ucalıb
dilimin pinarından
türk-türk axıb
qanımda dalğalanırsan
Az
Ər
Bay
Canım...

 Səkinənin sevgi şeirləri də həyatidir. Lirik misralarda həyatın nəfəsi duyulur. “Sevgi”, “Barışan nəfəslər” kimi şeirləri həqiqi sevə bilən gəncin söhbətlərini xatırladır. “Gəlin saçlar” şeirinə fikir verək:

Daha əllərin 
saçlarıma mahnı oxumayır.
Uzun qaranlığa
zağlı günəşin nağılını hörməyir.
Qarasına görürsən
gedirsən...
Daha dönməyirsən.
Günəş doğur
ölür yasında.
Uşaq saçlarım gəlin çıxır!..
  “Ayrılıq durağı”ndakı şeirləri oxuyanda bəzi naşı oxucular misraların həm adi, həm də sadə olmağından fikirləşə bilərlər ki, bunları yazmağa nə var? Amma professional oxucu üçün hər şey aydındır. “Damar-damar/ qat-qat ətini soysalar da/ ağ içi/ başını ucaldır”. Səkinə xanımınn şeir stixiyasını anlamayanlar ədəbiyyatın başqa elmlərlə əlaqəsini,- tutaq ki ən çox riyaziyyatla, psixologiya ilə- qavrayış, yadda saxlama, unutma, təfəkkür və şüurla sıx bağlılığını yaddan çıxaranlardır. “Sevgi”, “Sarı ay” şeirləri ədəbiyyatımızda öz yeri, çəkisi görünən ideal sənət nümunələridir. 

Yalnız əlləriylə əllərim öpüşəndə
barmaqlarım 
nisgillərini barmaqlarımla bölüşəndə
dil açıb gözlərin, 
baxışların tamsınardı.
Sonra calanıb tellərim çiyninə
birər-birər yazıqlığını hörərdi.
Bir an saçlarının dalğasında
bir özləm boğulardı
və biz 
yenidən sevişərdik...

“Susqun araba” şeiri isə hazır tablodur:

bir araba
sükutunu bölmüş
iki adamla.
adamın biri
bir sarı saçlı qızla
birisi də
kömür baxışlı yol ilə...

 “Toxunma sazına,/ toxunma sözünə/ Yolun sonunda bəlkə...” Əziz Səkinə xanım! Şimal oxucuları ilə ilk görüşünüz olan bu kitabınızı oxuyarkən daxilən qürur hissi duydum. Problemli dünyamız, burulğanlı zəmanəmiz bizim çox sabahlarımızı dünəndə qoyub, zamanla ayaqlaşa bilməmişik, uduzmuşuq, çox şeylər itirmişik. Buna baxmayaraq, şükürlər olsun, uduzduqlarımızın, itirdiklərimizin qeyrətini çəkən Nüşabə ismətli, Həcər qeyrətli Sizlər tək əzmkar qızları olan, sözə fəlsəfi baxımdan yanaşmağı bacaran, kövrək poetik duyğularla insanı, insan qəlbini ehtizaza gətirə bilən övladları varkən xalqın, millətin nə dərdi?!.. “Yenə də Təbriz/ gözlərimdən daşır/ yağmur boyalı qızları”.
 Kitabınızdakı müxtəlif səpkili şeirlərinizi oxuyarkən Sizin bu günkü və gələcək uğurlarınıza inandım. “Böyüyəcək dünyamız/ böyüyəcək için/ ürəyimiz”. Axı uğurunuzun bir qanadı xəlqilikdən, bir qolu qismətimizdəki tale payından və dünya sivilizasiyasına giriş qapısı olan kiçik mədəniyyətinizdən irəli gəlir. 

Sarı ay
gecənin saçlarını hörəndə
xəyalıma
bir qız cığır salır.
At ayaqları
şeirimi çapır.
Balabanların qara mahnısı
sətirlərimdə oyanır.
İçimdən bir yaş
gözlərimi salamlayır.
Toydur!
Qaranlığın bağrı
çatlayan gün
daha lil baxışlarım
şaqqıldayan sellərinə də
aslan bir qızı boğmayır.
O yenə də
sarı ay tək
aydın göyün
gəlinidir...

 “Eh... nədən gözlərimi yumdum/ bütün balıqlar öldülər?” Sənətdən doğulanların, sənəti yaşadanların yazar əli qoy həmişə var olsun!
 Fəsillərlə assosiasiya eləsək, Səkinə şeirləri ən çox yazdır. Yaz xarekter və yaddaşdır, çılğınlığın oyanmasıdır. Yazarın şair xarakteri olmalıdır. Səkinənin şair (şairə) xarakterindən doğan bir şeirini də bu yazının sonuna qoşmaqla məncə, çoxsəsli melodiyada çatmayan bir səsin də eşidilməsini yerinə yetirmiş oluram. 

Masa üstündə dişlənmiş alma
birdən üzümə hırıldayır
dadsız bir anı çeynədir ağzımda.
Mürgülü yaşam
kipriklərimdən asılır.
Qab-qacaq
yanıq zaman qoxuyur.
Acı bir şeylər
fincanımda tiliflənir
qadınlığım
ocaq üstündə tüstüləyir...

 SƏHNƏMİZDƏ YAŞANMAMIŞ İNQİLAB. “Dayaq” seriyasından çıxan daha bir maraqlı və yaddaqalan kitab Rəsul Yunanın “Duel” pyeslər toplusudur. Onu deyim ki, ideya müəllifi Rasim Qaraca, təşkilatçısı Sayman Aruz olan “DAYAQ” layihəsi ədəbiyyatımıza yeni nəfəs gətirdi, oxuculara böyük şadyanlıq qismət etdi. Çoxdandır Azərbaycan ədəbiyyatında dünya səviyyəsində belə bir pyesə rast gəlinmirdi. Axırıncı oxuduğum və bəyəndiyim dram əsəri Natiq Rəsulzadənin “Ostrovok” adlı pyesi olmuşdu. Uzun fasilədən sonra normal (sivil) bir səhnə əsərinin meydana çıxdığını gördüm ki, bu Rəsul Yunanın “Duel” pyesidir. Tanınmış rejissor Əflatun Quliyevin də xoşuna gəlmişdi, Rəsulun həmin kitabını bizdən oxumaqçün aldı. Bir müddət sonra görüşdük, bizimlə razılaşdı, dedi təbliğ ediləsi, tamaşaya qoyulası bir sənət əsəridi. Şedevr! Sırf biz istəyən- Qərb məhsulu, həm də şərqli üçün. Üslubistika cırır. 
 “Duel”- mədəni bir hadisədir. Rəsul Yunan İlyas Əfəndiyevin çürük pyeslərindən sonra aydın səmada bir top atəşidir. “Məni dalğalar bəyənməz, gəmiçilər sevməz!” Əsl Rus Dram Teatrının malıdır. Alqışlayaq! “Əski ziyafətlər haradadırlar? Haradadırlar o qızıl güllər? O sehrli şərablar! Eşq haqqında açılan tapança qurşunları!” Bravo! Necə də aristokratcasınadır! Cahanşümuldur!

Комментариев нет:

Отправить комментарий