Страницы

30.01.2012

Oxucu və yazar


Sevda Məhəmmədi: Səlim Babullaoğlu haqqında

Ədəbiyyata çox bağlı olmasam da, maraqlı şairlərin, yazıçıların yazıları məni həmişə özünə çəkir. Yaradıcılığının vurğunu olduğum şair isə Səlim Babullaoğludur. Onun yaradıcılığı çox geniş, dərin mənaya malikdir. Onun əsərlərini oxuduqca mən özümü tapıram, şeirləri həmişə məni öz dünyama səyahət etdirib. Mənə elə gəlir Səlim Babullaoğlu fərqli biridir, çünki indiyə qədər məni öz həyatımı əks etdirən cümlələrlə üz-üzə qoyan ikinci bir şair olmayıb. Onun şeirlərini oxuduqca mən öz içimdəki suallara cavab tapıram. Sözün həqiqi mənasında onun şeirləri əvəzedilməzdir.

Adətən hər hansı bir əsəri oxuduqda onu başa düşmək üçün bir də oxuyursan, amma mən Səlim Babullaoğlunun əsərlərini sadəcə oxuyuram, çünki o insanın daxili aləminə birbaşa nüfuz edir. Fikrimcə əksər şairlər oxucuya nəyisə başa salmağa çalışır, amma Səlim Babullaoğlu onlardan fərqli olaraq insana özünü tanıdır.Əgər mən güzgüdə öz xaricimi görürəmsə, sevimli şairimin əsərlərində öz daxili aləmimin yazıldığını görürəm.Ola bilər ki, Səlim Babullaoğlunu şair edən həyat olub. Çünki şeirləri standart şeirlər deyil. Elə misal üçün onun «Absurd» şeirini götürək. Orada belə bir bənd var:«Elə evdə oturub dinləsən içini,heç hara çıxmasan,kədəri,qədərivecinə almasan,için üçüniçin-içinağlasan,görəcəksən ki, sən daha maraqlısan.»Bir tərəfdən də onun fikirləri ilə fikirlərim üst-üstə düşür.Onun yazılarında qeyri-adilik çoxdur. O da mənim kimi humanist insandır. Bunu mən onun şəkillər əsasında yazdığı şeirlərini oxuyarkən hiss etdim.Dövrümüzdə vətənə, Azərbaycanın dilbər guşələrinə yazılan standart şeirlər, yaltaqlıq və nəyinsə xətrinə yazılmış yazılar o qədər çoxdur ki, bu cür mübəligələr məni bezdirir. Mən sadə, özümə yaxın şeirlər və yazılar oxumaq istəyirəm. Səlim Babullaoğlunun yaradıcılığı bunun üçün ən ideal seçimdir, deyərdim. Ona görə idealdır ki, onun yaradıcılığı elə onun özüdür, bu yaradıcılıq mənəvi aləmin ən gözəl təsviridir və yazıda həyatın təsvirinin ən gözəlidir.Səlim Babullaoğlunun şeirlərinin hər misrası fəlsəfi məna daşıyır. Bu cəhəti də çox bəyənirəm. Məsələn, «Rejissorun nitqindən» şeirinə baxaq:«Yalnız öz çətri boyunca qorunur adamlar yağışda,Yalnız öz boyu qədəri uzaqla tanışdır adamlar…»Bu misralar elə nəyə desən dəyər.Mən Səlim Babullaoğlunun yaradıcılığını güllü-çiçəkli bir bağa bənzədirəm. Bu bağın bağbanı Səlim müəllimdir və onun hər çiçəyə, gülə verdiyi diqqət o qədər xüsusidir ki,bu bağı sevməmək olmur. İnanıram ki, bu bağ ədədidir.Onun öz oğlu ilə olan söhbətində isə o bu dünyada indiyədək cavabı axtarılan, lakin tapıla bilməyən sualları düşünür, digərlərindən fərqli olaraq Səlim müəllim dünyanın insanla birbaşa əlaqəli sirrləri ilə maraqlanır, cavablar axtarır.Mən Səlim Babullaoğluna bu yolda sonsuz müvəffəqiyyət, uğur arzulayıram.

13 fevral, 2010-cu il
——————————

Səlim Babullaoğlunun cavabı

Salim BabullaogluƏziz Sevda xanım!
Ay yarım əvvəl dostum, çox dəyərli şərqşünas alim və tərcüməçi Məsihağa Məhəmmədi dama-dama riyaziyyat dəftərinin vərəqlərinə yazılmış, adresatı olduğum məktub-qfpsysps mənə verəndə həmən oxudum, kövrəldim.Əvvəllər də yazılarımı dönə-dönə oxuduğunuzu bilirdim, deyilmişdi, düzü, burda bir xüsusi dost təbligatının olduğunu düşünmüşdüm, birbaşa baş verməsə də bunu indi də istisna eləmirəm.Bəli, adamlar tərifdən xoşlanırlar, bundan qorunmağın yollarını da bilmirlər və mən bu mənada qətiyyən istisna deyiləm, necə ki, tərsi də doğrudur. Və məni kövrəldən o deyildi ki, Siz mənə təkcə mənim deyil, bəlkə heç bütün ədəbiyyatın belə layiq olmadığı qiyməti verirsiz. Məsələ yazılarıma sizin sevginizin təmənnasız birbaşalığı, bunu ifadə edən duruluğudur. O şey ki, təəssüf, cəmiyyətimizdə yüksək əmsalla kəsirlidir. O şey ki, sən demə ,onu belə asan biruzə vermək olarmış.Bu yazını, məktubunuzu sayta təklif eləməyimin səbəbi daha çox mənimlə bağlı olduğundan deyil, buna kim inanmasa da siz və dünən təsadüfən rastlaşıb maraqlı bir-neçə saatı birlikdə keçirdiyiniz atanız bilir. Bunu əvvəl də eləyə bilərdim. Bəs niyə indi? Bu sualın çoxlu cavabları var. Bəlkə sizin içinizdə gələcəyin böyük bir ədəbiyyatşünası gizlənir, o təkan almalıdı? Bəlkə əksinə, siz yazısı dərc olunmaq həzzinin puçluğunu elə indi hiss eləyib, daha vacib bir istiqamət götürəcəksiz? Hər halda mən cəmiyyətmizdə əskik olan təmənnasız sevgi örnəyini bir az tirajlamaq və bunun adınızla bağlı olduğunu «sənədləşdirmək» istədim, çünki gələcək haqqında heç nə bilmirəm.Sizə dərin təşəkkür edirəm, bildiyimə görə doqquzuncu sinifdə oxuyursuz, demək inşAllah, xoşbəxtlik dolu gələcək günlər qabaqdadı. Gələcək isə o şeydi ki, biz onun haqqında yalnız keçmişə baxıb danışmalıyıq. Keçmiş isə bizim əməllərmiz, ötürdüyümüz enerjidir. Və o hər hansı şəkildə mütləq qayıdır. Sizin həyatınızda onun ən gözəl şəkildə qayıdacağına, qarşınıza çıxacağına isə ürəkdən inanıram. Sağ olun, Sevda xanım.Sizin S.B.

2 aprel, 2010-cu il.

Комментариев нет:

Отправить комментарий