Страницы

29.01.2012

Soyuqdəymə

Bextiyar Hidayet
Bəxtiyar Hidayət


Rayon mərkəzindəki bazarın qarşısında bu soyuq havada metlax döşəyirdilər. Üç nəfər idi bu briqadada -Səməd kişi, onun oğlu Əhməd və qonşuları Mel Kərim. Neçə gün idi ki Mel Kərimi də Səmədin yanına qatmışdılar evdən-bunu işlət, qoy ağlı başına gəlsin deyə. Əslində  Mel Kərimin özü yıxmışdı öz evini. Elə bu “Mel” ayamasını da təzəlikdə qazanmışdı. Hətta nə qədər çalışdı ki ona Mel yox, bə cəhənnəm Melo desinlər, alınmadı. Buna əsası da var idi öz aləmində. Felipo Meloya bir az oxşarlığı da vardı. Di gəl ki sonralar özü də daşındı bu fikirdən.  Elə bu Səməd kişinin oğlu Əhməd onu “Melo” olmaqdan çəkindirdi öz atmacalarıyla. Sən demə Əhmədin də bəzi zadlardan başı çıxırmış. Məsələn bilirmiş ki Felipo Melonun ayaması Pitbuldu. Həmçinin onu da bilirmiş ki Pitbul it cinsinin adıdı. Mel Kərimin bundan oncə bir neçə ay polis işləməsini də bura əlavə edib Əhməd ona Melo deyirdi. Amma arada Pitbul da deyirdi.

 Sonda bir iki adam da ona qoşuldu və indi də Kərim Allahına yalvardı ki qoy ona “Mel” desinlər, nəinki “Melo”. Sonda bu camaat Melonu da, Pitbulu da buraxıb ona İt Kərim deyəcəklər. Yoxsa  cəhənnəm ki Mel deyirlər. Uzağı “Mel”i dəyişib “Təbaşır” deyərlər.
 Bundan əvvəl polsə düzəltmişdi onu atası Çoban Səfər. Beş-on  illk çobançılığının qarşılığında 50-60 qoyun artırmışdı ki, onları da xırıd elədi Kərimin yolunda. əvvəlcə əsgərliyinə xərclədi qoyunpulunu, sonra da polisliyinə. Sonda da belə
  O boyda qoyunusa göz önünə gətirmədi Kərim. Demədi ki dədəm yazıqdır. Halal işləyim. Və yqaxud da ata minincə bir eşşəyə minim də demədi heç. Istədi birdən-birə hörmət sahibi olsun. Zalım oğlu beş-onca gün səbr də edə bilmədi. Yoxsa elə o deiyi hörməti üzə durmaqla qazanacaqdı. Qarşıdan 2 aprel tutuqlularıın məhkəməsi gəlirdi və Kərim də boynuna almışdı ki iki nəfərin üzünə duracaq. Guya onu döyüblər və bununla da hakimiyyət nümayəndəsinə qarşı cinayət törədiblər. hətta o iki nəfərin şəklini də cibində saxlayırdı. Tez-tez baxmalıydı ki birdən məhkəmədə gedib başqasını göstərməsin.
Həmin gün 28 may metrosunda gəlib –gedənə göz qoyurdu Kərim. Gecı yuxusunda “Kulon” serialındakı Meli görmüşdü. Guya onunla sevişirmiş .
Səhər durub yuxuyozmalar kitabını ha əlləşdirdi, Mel sözünü tapa bilmədi. Axırda özü yozmağa qərar verdi. Həə, deməli Mel. Axı bu Mel narkomandı. Deməli bu gün metroda narkoman tutacaq. Yoxsa başqa nə ola bilərdi ki. Həm də öz yuxularına çox bel bağlayırdı Kərim. Dəfələrlə sınamışdı. Əsgərlikdə yaxşı yerə düşəndə də, polisə düzələndə də. Hələ maaşları gecikəndə də sınamışdı yuxusunu.
 Beləliklə gəlib-gedənin hansının üzdən narkomana oxşadığına göz qoymağa başladı Kərim. Və birdən adamını tapdı.  Gözləri dombalmış gözlərindən yuxu tökülən, üzünü- gözünü  saqqal basmış, cındırından cin hürkən 50-55 yaşlarında bir kişi . Hələ sən bir buna bax, iz azdırmaq üçün özünü elə aparır guya metroya birinci dəfə minir. Ona- buna yalvarır ki al bu 20 qəpiyi, məni də keçir aparatdan.  Guya bilmir ki kart almalıdır. Aha, aha , hərif lap üstümə gəlir ki. Affərin sənə. Lap qara məni basnca mən qaranı basım deyənlərdəndi.
-Qardaşoğlu, məni bu zəhrimardan keçirərsən? Tələsirəm vallah. Növbə də ki uzanıb Marsupilaminin quyruğu kimi.
 Ahha, deməli bunun parolu Marsupilamidir. Off, hələ burda bunlara işləyən qara qüvvələri də ələ keçirəcəyəm.
-Hələ bir sən otağa keç, sənədləri təqdim elə görüm
-Şübhələnirsən məndən? Ayıb olsun səni tərbiyə edənə
-Ayib sənə olsun, çərənləmə.
 Beləliklə otağa keçdilər
Bu Sədrəddin adlı bir adam idi. İndi sənədlərdən yadında qalan o olmuşdu. Daha soyadı, atasının adı nəydi yadında deyildi Mel Kərimin. Sədrəddin özünü müəlim kimi təqdim elədi. Cibindən də o şoğərib mel çıxdı. Kərim də məktəbmi oxuyub mel tanıya? Adı jurnalda gedib. Özü çöllərdə qoyun-quzu otarıb.
Elə sevindi ki. Axtardığını tapmşdı. Ürəyində Melə bir xeyli təşəkkür etdi. Hələ atası Lukasa da.
- Bu nədi müəllimm?
-Çörək ağacım.
Ahha, hərif lap bərkgedənlərdəndi sən öləsən. gör bir çəkinməyi zad varmı. Yəqin paqona nifrət edən türemşiklərdəndi. Sən öləsən uzaq olsun, türməyə bunun yanına düşsəm başıma yüz oyun açar. Elə indi mən buna göstərərəm lotu-lotu danışmağın axırı necə olur.
-Həə, Sədrəddin müəllim. Deməli belə. Məni axmaq sanırsan, əclaf? Mən mel zad tanımıram? Məktəb oxumamıam bəlkə. Bu geraindi. Hələ bir gözlərinə bax kopolunun.
-Ay bala axşamdan bəri yatmamışam, dəftər yoxlamışam. Sinif guşəsi düzəltmişəm. Səhər tula talvardan düşməmişdən də minmişəm avtobusa Bakı deyə. Uşaq əsgərlikdədi, onun yanına gəlmişəm.
Və  daha heç müəllimin ağzını açmağa imkan da vermədi. Tarapp-turapp, vəssalam. Müəllim döndü çoxdanın ölüsünə.
Sonra da sevincək zəng elədi rəisə:
-Burda bir narkoman tutmuşam. Deyəsən mafiya babası zaddı.
Rəis gəlincə müəllim də özünə gəldi:
-Sənin başına bir oyun açım ki. Sən bilirsən mən kimin oğluna dərs deyirəm? Rayonumuzun rəisinin oğluna dərs deyirəm mən.
Kərim sevindi ki indi açıqlayacaq müəllim- şefi kimdi.
-Kimə dərs deyirsən de vecimə deyil. İndi bizim də rəis gələcək. Pah qorxdum bunu rəisindən. Mənim də daydayım bizim rəisdi. Görərik kimin daydayısı güclüdü.
 Müəllim götürüb harasa zəng elədi. Təxminən belə bir məlumat ötürdü  zəng etdiyi şəxsə:
-Rəis məni metroda melnən tutublar. Deyirlər ki guya geraindi. Hə, 28-də. Qorxuram cibimə həqiqətən də atalar geraindən zaddan. Mən müxalifət deyiləm, elə də pulum yoxdu, yəqin öyrəniblər beş-on uşaq hazırlayıram. Ona görə tora salırlar məni.  Bəlkə də prokurorun quramasıdır. Axı onun mal kimi bir uşağı vardı. Hazırlığa götürmədim.
 Kərim bu danışıqdan belə nəticə çıxartdı ki müəllim yəqin o prokuror deyilənin malını satmaqdan imtina edib.
  Nəhayət rəis gəldi və çatan kimi  Kərimə yağlı bir kəllə ilişdirdi. Müəllimdən dönə-dönə üzr istədi sonrasında da. Demə elə “müəllimin rəisi” bu rəisin ən yaxın adamı imiş.
-Belələrini necə hazırlayırlar məktəbdə görəsən müəllim?
-Yazıq məktəb görüb ki, amma gör gəlib haralara çıxıb.
-Nə bilim, biz kimik, gətirib dürtüblər yanımıza.
Sonra Kərimin atası müəllimə minnətçi düşdü. Müəllim də “öz rəisi”nin xətrini qırmadı. Sən demə Kərimin rəisi yalvarıb ki müəllim şikayəti geri götürsün.
Amma Kərim bir daha sistemə qayıdası olmadı. Dədəsi də acıqlanıb onu göndərdi metlax ustasının yanında fəhləlik etməyə.
 **
Əhməd bazardan boş “karobka” yığmağa getmişdi. Artıq yemək zamanı gəlmişdi. Ocağı qalayıb bir az əllərini isitməli idilər. Bu arada Səməd kişi ona təskinlik verməyində idi.
-Bala, burda da pis qazanmırsan. Bax, Allah hökumətimizə bəxt versin. Az qala bütün ölkə yenidən tikilir. Düüz pensiyaya qədər sənin işin var mən ölüm. Təki bircə İcra Hakimləri tez-tez dəyişsin. Görürsən, bu təzə İcra gələn kimi köhnədən nə qalmışdı, hamısını sökdürüb yenidən tikdirir. Gələn il bunun yerinə bir başqası gəlsə o da elə edəcək. Özü də bura bax, indi də lap gəlməsin təzəsi. Bunlarda ki bu ağıl var, mən ölüm gələn il də işimiz var. Təki işi bizə qışda gördürsünlər.
-Necə yəni.
-Bax, sənin dədən niyə hasarı yarımçıq buraxdı, hördürmədi həə?
-Dedi qoy soyuqlar ötüşsün, yoxsa hörüyü ayaz vuracaq.
-Ay sağ ol. Onsuz da bu qışın oğlan çağında nə tikllirsə gecə hamısını ayaz vurur eləyir zay. Gördüyümüz işi bir də görəcəyik. Guya hökumətdə sənin dədən qədər ağıl var?
-Nə bilim vallah. Bəs bunu hökumət bilmirmi?
-Nə biləcək, guya Haci Zeynalabdin zaddılarmı ki onlar palçıq işini, hörük işini bilsinlər.
-Elə özümüz də soyuqdan donuruq.
-Bala daş da donur, ağac da donur bu soyuqda. Bax keçən il karalyoklar, narlar necə qurudu. Camaat da donur soyuqdan. Bircə iribuynuzlu məmurlardan başqa hər şey donub burda.
-Nə iribuynuzl məmur?
-Sözməsəli dedim.
-Bilmirəm vallah. Təki Allah prezidentin canını saxlasın. O gün deyirdi Qarabağı da alacaq.
Səməd kişi Əhmədin gəlişini bəhanə edib söhbəti kəsdi.
Ocaq qalyıb Allah verəndən yavanlıq etdilər. Bu arada Mel Kərim möhkəm- möhkəm asqırmağa başladı. Sonra da öskürtü başladı. Yazığı sözü də ağzında qaldı. Başlamışdı yenə prezidentin tərifinə.
**
Səhərisi gün Mel Kərim işə çıxmadı. Axşam Əhməd də, Səməd də onu yoluxmağa getdilər. möhkəm soyuq dəymişdi Mel Kərimə. Uzanıb xəbərləri izləyirdi televiziyadan. Televiziyada prezidenti göstərirdilər. Hansısa  uzaq bir ölkəyə xizək sürməyə getmişdi prezident. Mel Kərim ağzını ayırıb onun məharətinə tamaşa edirdi. Sonra da ekranda 2 aprel məhbusları peyda oldu. Dəmir barmaqlıqların iki tanış sifət göründü Mel Kərimə. Tezcə cibindən iki şəkil çıxarıb köksünü ötürə- ötürə baxdı.
Daha sonra asqırıqlar, öskürüklər başladı.

Комментариев нет:

Отправить комментарий