Страницы

30.01.2012

Qəlbimin yuxusu


Pərvanə Əliyeva

Bəzən biz qəlbimizin, hətta beynimizin çözə bilmədiyi hər kəsin dilindən düşməyən duyğunu alova bənzədirlər. Yəqin hər kəs kənardan alovu seyr etməyi xoşlayır, fəqət onunla əylənməyə cəsarət etməz. Sevgidə qəlbdə alovlanan tonqal kimidi, bəzən xilasedici, bəzən dağıdıcı olur.
Şənbə günü idi. Bir neçə gün davam edən aramsız yağışdan sonra buludsuz səmanı sanki səylə yuyub silmişdilər. Ancaq hava hələ də xeyli soyuq idi. Səkilərin kənarıyla ucalan ağacların bəzisi yarğapını tökmüş, bəzisi qızıl payız libasını hələ soyunmamışdı. Bu payız axşamı il yuxusuna dalmış yatmış gözəli xatırladırdı.

Amma nədənsə solğun və soyuqdu. Elə bil uzaqdan, üfüqlərin ardına keçən qırmızı günəş hətta diləyinə çatmamış ümidsiz kimi üzgün boylanırdı. Birdən sahil tərəfdən dənizin dalğalarıyla qoşalaşan küləyin səsi qalxdı. Külək belə dəlisov tək yağışın çatdıra bilmədiyi işi bitirmək istəyirdi. Ağaclara qəzəblənmiş zəhmi ilə silkələyib yarpaqlarından ayırırdı. Tozu – çınqılı havaya sovururdu.
Dizlərimi daş məhəccərə söykəyib hər zaman şikayətlərimi səssizcə dinləyən dostuma tamaşa etdim. Bu gün o, həmişəkindən daha gözəl idi. Amma nədənsə üzünü mənə turşutmuşdu. Xəzərin göyə ucalan  dalğalarıyla rəqsi kənardan izləyə hər kəsi ovsunlamışdı. Parkın sonuna uzanan tərəfində lövbər salan iri gəmilər bu dalğalara qoşulmuş yırğalanan beşiklərə bənzəyirdilər. Dalğalar bir – birinin bəhsinə girmiş yarışçılar kimi göyə qıy vurub qalxmaq istəyirdilər. Boy – boy qalxan dalğalar bir – birinin boynuna atılaraq sahilin daş məhəccərlərinə, qara dirəklərə, sal daşlara dəyib qəlpələnirdilər. Gözlərimi dənizin bu çılğın halına zilləyib nigaran baxışlarla qəmginliyimi, qüssəmi bölüşürdüm.
Dəli  Xəzərim Mənim. Sahilində dolaşan neçə insanın kədərinin, sevincinin sığınacağısan.  Hər kəsin nisgilini dalğalarınla qəlblərdən qoparıb dərinliklərinə həbs edirəsən. Görən neçə insanın etirafına şahid olmusan?! Nə yaxşı ki, Sən varsan...
Sanki dodaqlarımın möhürlənib, baxışlarımdan fikirlərimi sezən Xəzərim xumar – xumar mənə gülümsündü. Dostum mənə küsgün idi. Ona çoxdan bəri yoluxmamışdım. Bu gün dəniz mənə dərinliklərində saxladığı, ğzümün unutduğun sandığım onlu günlərimin xatirələrini öz sularında ayna kimi mənə göstərirdi. Xatırladıqca bir yerində dodağım qaçır, bir yerində gözlərim nəmlənirdi. Elə bil həmin günlərin sehrinə tutulub keçmişə qayıtmışdım. Sahil gəzintiləri, ayaqlarımızın altında xırçıldayan balıqqulaqları, hər şey dənizin göy üzündə xəyaldan da canlı oldu. Külək suyu yırğaladıqca ilğım itirdi, yeni xatirə ilə təzələnirdi.
Dənizin məni ovsunlayan dalğaları yenidən məni həmin burulğanlı vaxtlarıma səyahətə apardı. Həmin anları yada salmaq həmin alovu əvvəlki tək odlandırmasa da közərtisi hələ də əvvəlki tək göynədirdi.  Bu hissə toxunmaqdan belə çəkinən mən, indi kənardan izləyən tamaşaçı kimi idim.  Bu yol öz nabələd yolçusunu daşlı – kəsəkli cığırla apardığından, hər yıxıldığında hissimi daha dərinliklərə itələmişdim. Nəinki yad gözdən, hətta öz gözlərimdən belə gizlətmək istəyirdim. Hər dəfə Xəzərin sailinə qonaq gələndə sərxoşu olduğum xatirələrimdə kilidlənib qalırdım. Bəlkə də bu səbəbdən Xəzərə gec – gec baş çəkirdim. Qəlbimə saxlanan,göz yaşımla islanan sözlərimi hıçqırıqlarımla yenidən köhnə yerinə yola salırdım.  
Dostumun bu axşam sanki bir nəçə rəngə boyanmışdı. Sanki hamar tək məxməri üzünü zolaq – zolaq doğramışdılar. Elə bil rənginə mürəkkəb qatmışdılar. Məni qarışdıran fikirlərim tək dəniz də sanki bu gün ötmüş günlərimin xatirəsi tək rəngbərəng idi. Bəzən mənə elə gəlirdi ki, sayıqlayıram. Məni tərk etmiş birinin səsini eşidirəm. Sanki xəzri məni unutmaq istədiyim xatirələrdən səsləri qovub gətirirdi. Bu gün Xəzərin sahilində xəzri mənə onun səsini eşitdirirdi. Bəlkə də dəniz dalğalarıyla dərinliklərinə gömdüyü həmin səsi indi xəzrinin köməyi ilə yenidən mənə tərəf qovalıyırdı. Həmin səs burulğan kimi sahildə dalğalara qoşulub cövlan edirdi.
Sahilin kənarıyla yeridikcə sanki həmin günlərin xatrələri tikan tək ayağıma dolaşıb, mənə batırdı. Mən yenədə həmin ötmüş gün kimi kədərli anlrımı xəzərə qoşub qovmaq, uzaqlaşdırmaq istəyirdim. Ömür zəncirimin bu halqalarından azad olub, qaçmaq istəyirdim.
Mənim tək çılğın sirdaşım bax...artıq mən də ağacdan köç edən xəzan yarpağına dönürəm...

Комментариев нет:

Отправить комментарий